14.05.2022

Aşkarlanan insan qalıqları: Onların kimliyinin müəyyənləşdirilməsindəki çətinliklər - ARAŞDIRMA

Qarabağ müharibəsinin aktiv fazası yekunlaşıb.

Qarabağ müharibəsinin aktiv fazasının yekunlaşması, işğal altındakı torpaqların 70 faizdən çoxunun azad olunması ilə Birinci Qarabağ Müharibəsi, onun nəticələri, itkin düşmüşlər və əsir götürülənlərin taleyi gündəmə gəlir.

Müharibə davam edən zaman bir neçə şayiələr yayılmışdı. Bunlardan biri guya zəncirə bağlanmış halda bir nəfərin aşkar olunması və sonradan onun zamanında əsir düşmüş şəxs olması ilə bağlı idi. Bu, təbii ki, yalan olması ilə yanaşı, həm də, məntiqə sığmayan bir informasiya idi.

Müharibə bitdiyinə görə bəzi məsələlərlə bağlı danışmaq, yazmaq artıq mümkündür.

Müharibədən əvvəl çoxlu sayda araşdırmalar, iddialar ortaya atılırdı ki, ermənilər azərbaycanlı əsirləri işlədirlər.

Məsələ ondadır ki, bu tip informasiyaların, demək olar, heç birinin arxasını dolduracaq şahid, foto və videofakt yox idi. Bəli, ermənilər azərbaycanlı əsirləri işlədib. Müharibədən sonrakı məqamda əsirləri evlərin sökülməsində, tikilməsində, qəbiristanlıqlarda işlədiblər. Bunlar hamısı şahidlərin ifadələri ilə öz təsdiqini tapıb. Ancaq bu nəinki Azərbaycana, beynəlxalq qurumlara belə məlum idi.

Məsələni araşdırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə danışdıq. İlahə Hüseynova bildirdi ki, BQXK silahlı münaqişə nəticəsində saxlanılanlara baş çəkir:

“Hal hazırda bu konteksdə BQXK münaqişə nəticəsində saxlanılan Azərbaycan vətəndaşına baş çəkmir”.

Bu açıqlamadan anlaşılan odur ki, əslində, nə komitədə 90-cı illərdə saxlanılan şəxslərdən kiminsə qalması barədə informasiya var, nə də Azərbaycan dövlətində.

Birinci Qarabağ Müharibəsi nəticəsində regionda itkin düşmüş şəxslərin sayı təqribən 4500 nəfər təşkil edib. Bu şəxslərdən təxminən 3800 nəfəri BQXK-nın Bakı və Bərdə ofislərində qeydiyyata alınıb.

Şəxsləri komitədə itkin düşmüş kimi qeydiyyatdan keçirmək üçün ilk növbədə ailənin müraciəti lazımdır.

Bu barədə isə İlahə Hüseynova bunları deyib:

“Hər bir şəxs haqqında ətraflı və son məlumatı bilən ailə olur. Dövlət komissiyasında isə müxtəlif mənbələrə istinad edərək itkin düşmüş şəxsləri siyahıya sala bilirlər. BQXK ailənin məlumatına istinad edir. Ailə dedikdə ata, ana, həyat yoldaşı, övladlar, onlar yoxdursa, başqa qohumlar nəzərdə tutulur.

Ona görə də, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da dövlət qurumlarında olan itkin düşmüş şəxslərin siyahısı ilə BQXK-nın siyahısında fərq olur. Əgər ailə istəmirsə, BQXK sorğunu açmır. Ona görə də BQXK-nın siyahısı tamamilə ailələrdən aslıdır”.

“İtkin düşən şəxslərlə bağlı BQXK hansı işləri görüb?” sualını İlahə Hüseynova belə cavablandırıb:

“Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərin ailə üzvlərindən ətraflı məlumatların toplanılması sorğusu var. Dövlət komissiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə ailə üzvlərindən o sorğunu toplamışıq. O sorğu həmin şəxsin fiziki durumunu, geyimini, sonuncu dəfə harada görüldüyünü və bu kimi bütün məlumatları özündə əks etdirir. O sorğu hamısı elektron data bazaya salınır. Növbəti addım isə hər bir itkin düşmüş şəxsin ailə üzvlərindən bioloji nümunələrin götürülməsidir. Hər bir itkin düşmüş şəxsə görə təqribən dörd nəfərdən bioloji nümunə götürülür. Bu layihə, demək olar ki, bitmək üzrədir. Bioloji nümunələrin əsasında DNT profili çıxarıla bilər. DNT profili və ətraflı məlumatlarla birlikdə insan qalıqlarının ekshumasiyası, kimliyinin müəyyənləşdirməsi üçün əsas mənbədir. Bu layihə 2005-ci ildən həyata keçirilməyə başlanıb. Layihəyə başladıqda əsas məqsəd məlumatın qorunması idi. Çünki vaxt keçdikcə məlumat itir. Bioloji nümunələr verən insanlar var ki, onlar artıq həyatda yoxdurlar. Onların nümunələri isə qorunur və lazım gəldikdə identifikasiya məqsədilə istifadə oluna bilər”.

Müharibə bitdikdən sonra bəzi bölgələrdə insan qalıqları üzə çıxdı. Bunlardan biri Xocavənd rayonu ərazisində Edilli kəndindəki məzarlıqdır. Bundan əlavə, digər istiqamətlərdə əsgərlər səngər qazarkan tam təsadüfi insan qalıqları üzə çıxıb.

Bəzi insanlar elə düşünür ki, əsas məsələ insan qalığıdır. Qalıqlar varsa, kimliyi dərhal üzə çıxacaq. Məsələ ondadır ki, bu çox çətin və bəzən nəticə verməyəcək bir prosesdir. Bir neçə foto və videodan görünür ki, insan qalıqları çıxdığı kimi yox, başların bir yerə, onurğaların bir yerə, paltarların bir yerə yığılması ilə qablaşdırılır. Əslində, peşəkarların ekshumasiya etməməsi nəticəsində cəsəd haqqında informasiya, demək olar, məhv olur. Misal üçün, uşaqların oynadığı konstruktorlar var. Oyun üçün bir konstruktoru bir araya yığmaq vaxt alır. Bir də düşünün, uzun illərdir torpaq altında qalmış cəsəd və onun skeleti. Mütəxəssislər ekshumasiyanı həyata keçirsə, skeleti olduğu kimi çıxaracaqlar və bir xeyli informasiyanı qorumuş olacaqlar. Məsələn, şəxsin boynu, qolunda, ayağında qırıq olubsa, onu, qalıbsa geyimini. Təsəvvür edin, bir neçə şəxsə məxsus qalıqlar bir torbada baş, bir torbada ayaq sümükləri, bir torbada isə qol sümükləri mütəxəssisə təhvil verilsə, hər bir insan skeletinin olduğu kimi yaradılması nə qədər vaxt almış olacaq…

İlahə Hüseynova da insan qalıqlarının identifikasiyasının çətin proses olduğunu bildirib:

“İdentifikasiya çox mürəkkəb və vaxt alan prosesdir. Proses uzun illər davam edə bilər. İkinci Dünya Müharibəsi zamanı itkin düşən insanların identifikasiyası hələ də davam edir. İran-İraq müharibəsi zamanı itkin düşmüş şəxslər var ki, onların identifikasiyası yaxınlarda olub”.

Bu baxımdan, insan qalıqları aşkar olunan zaman ona toxunmaq, əslində, itkin düşmüş şəxsin tapılmasını bir qədər də uzatmış olur. Buna görə də ərazidə xidmət aparan, işləyən şəxslərin bu məsələdə diqqətli olması son dərəcə vacibdir.

İtkin düşmüş şəxslərin hələ də əsirlikdə olduqlarını deyənlər, bu yöndə iddialar səsləndirənlər var. Bunun reallıq dərəcəsi nə qədər ola bilər? Ermənistan o şəxsləri harada saxlaya bilər? Ən əsası, niyə saxlamalıdır? Deyirlər, onları işlədirlər. O şəxslərin böyük hissəsi itkin düşən vaxt gənc olublar. Gənc insanı işlətmək olar. Müharibədən artıq 30 ilə yaxın müddət keçib. Müharibə vaxtı yaşı 20 olan gəncin artıq 50 yaşı olmalıdır. 50 yaşlı əsir qoca hansı işi görmək qabiliyyətində ola bilər? Ermənistan özünə qarşı işlənə biləcək belə kartı əlində niyə saxlamalıdır? Düşünməkdə fayda var. Ermənistanın ərazisi nə qədər böyükdür ki, bir neçə min nəfəri gizlədə bilsin? Hesab edək ki, lap gizlədir. Azərbaycan xüsusi xidmət orqanları heçmi məlumat ala bilmir? Azərbaycanın iki peyki mövcuddur. Heçmi bir kadr tuta bilinmədi? Bu baxımdan, hansısa iddianı səsləndirmədən öncə reallıqları da nəzərə almaq lazımdır. Bir də ailələri düşünün. Hər bir yanlış iddia ailələrə ümid verir, onların yarasının qaysağını qoparmış olur. İllərlə ümid və ümidsizlik arasında yaşayan ailələrə daha bir zərbə vurmağa ehtiyac yoxdur.

Düşünürəm ki, itkin düşən şəxslərin bir çoxu elə məhz müharibə vaxtı həyatlarını itiriblər. Birinci müharibəni araşdıran zaman bir neçə halla rastlaşmışam. Misal üçün, ailə var ki, oğlunu itkin düşmüş bilir. Onu sonuncu görən şəxs ailəsinə oğlunun necə öldüyünü deyə bilmir, onlara sonuncu dəfə yaralı gördüyünü deyir. Ancaq reallıqda deyir ki, mərmi düşdü, uşaqların tikəsi belə ələ gəlmədi…

Bundan əlavə, bəzi xüsusi əməliyyatlar olub ki, düşmən arxasında olan hərbçilərdən biri şəhid olub. Onu gətirmək mümkün olmur. Dəfn olunur. Sonra ailəsinə ya olduğu kimi məlumat verilir, bəzən isə ölüm xəbərini vermək istəməyənlər itkin düşdüklərini deyirlər. İnsanlıq halıdır.

Beynəlxalq humanitar hüquqa görə, hər bir münaqişə tərəfinin öhdəlikləri var. Tərəflər o öhdəliklərə riayət etməlidir. Bu barədə də İlahə Hüseynovanın fikrini aldıq:

“Tərəflər tibbi personala, mülki şəxslərə, xəstələr, yaralılara qayğı ilə yanaşmalıdır. Onlara hücum etməməlidir. Bunlar hamısı öhdəlikdir. Bunlara riayət etməli olan münaqişə tərəfləridir. BQXK saxlanılan şəxslərə baş çəkərək onlarla rəftarı, saxlanma şəraitini qiymətləndirir və ailə əlaqələrinin bərpası üçün şərait yaradır. Başçəkmələr zamanı şahidi olduğu və ya əldə etdiklərini ictimailəşdirməmək şərti ilə saxlayan tərəflə ikitərəfli və konfidensial surətdə müzakirə edilir. Ancaq addımı atmalı olan tərəf saxlayan tərəfdir. BQXK cəza tədbiri görmür, belə səlahiyyəti yoxdur. Saxladığı şəxsə görə məsuliyyət onu saxlayan tərəfdir”.

Müharibənin aktiv fazası bitsə də, nəticələr, xüsusilə insan itkiləri ilə bağlı uzun illər iş aparılmalı olacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics