14.05.2022

Qarabağda gözlənilən hərbi əməliyyatlar: Bəs Rusiya sülhməramlıları? - Səxavət Məmməd yazır

Ukraynda baş verən müharibə Qarabağda baş verən və verəcək prosesləri bir qədər arxa fonda qoyub.

Düşünürəm ki, Qarabağda baş verənlərin arxa fonda qalması özü də yaxşı əlamətdir. Çünki görülən və görüləcək işlərə cəmiyyətin münasibəti o qədər qeyri-adi olur ki, bəzən bu, prosesin zərərinə də işləyir. Artıq heç kimə sirr deyil ki, Azərbaycan tərəfi Qarabağın işağldan azad edilməmiş ərazilərində psixoloji müharibə aparır. Yüksək səslə qarşı tərəfə Azan, himn və uvertüra dinlədilir. Bu, əslində, o analama gəlir ki, yaxın gələcəkdə bu səslərə qulaq asmalı olacaqsınız. Ya indidən öyrənin, yaşayın, eşitmək istəmirsinizsə, mülklərinizi satıb gedə bilərsiniz.

Burada bəzi suallar meydana gəlir. Azərbaycan tərəfi əvvəldən bu addımı niyə atmırdı? Yaxud 2 ay əvvəl belə bir addım atılsaydı, Rusiya buna razı olardı? Düşünürəm ki, proseslərin başlanğıcı Moskva Bəyannaməsindən sonra qoyuldu. Hiss olunur ki, Azərbaycan tərəfi rəsmi Moskva qarşısında tələb qoyub ki, əgər müttəfiq oluramsa və bir-birimizin ərazi bütövlüyünü tanıyırıqsa, Qarabağa tam nəzarət məsələsi də həll olunmalıdır.

Azərbaycan tərəfi psixolji müharibə apara bilirsə, bu həm də o anlama gələ bilər ki, Rusiya köçüb getmək istəyən ermənilərin qarşısını artıq kəsməyəcək. Yəni gələcəkdə Azərbaycan vətəndaşı olmaq istəyənlər sərbəst şəkildə yaşaya biləcəklər. Məcburiyyət olmayacaq. Çünki müharibədən dərhal sonra Rusiya tərəfi evlər tikir, erməniləri geri qaytarmaq üçün əlindən gələni edirdilər.

Fikrimcə, bu məsələ təkcə Rusiya ilə yox, Ermənistanla da razılaşdırılıb.

Ermənistanın dövlət büdcəsindən “Dağlıq Qarabağ”a müəyyən miqdarda vəsait ayrılırdı. Bundan sonra Ermənistan tərəfinin ayırdığı o vəsait dayandırılacaq və Azərbaycan tərəfi öz vətəndaşlarının xərclərini qarşılayacaq. Kənar maliyyənin kəsilməsi bu tip məsələlərdə krtik önəm daşıyır.

Son vaxtlar Ermənistan siyasi hakimiyyəti sülhlə bağlı tez-tez çağırışlar edir. Bu onu göstərir ki, Ermənistan tərəfi də reallıqlarla razılaşıb. Əslində, Ermənistan məsələnin qısa zamanda həll edilməsində də maraqlı görsənir. Bunun səbəblərindən biri həm də Rusiya-Ukrayna müharibəsidir. Çünki məhz bu müharibə ilə “tarixi torpaqlar” tezisi gündəmə gəlib. Artıq bir neçə ölkə bu müharibə ilə birgə tarixi torpaqlarını gündəmə gətirib. Tarixi torpaqlarla bağlı isə, bəlkə də, ən çox iddialı danışacaq dövlət Azərbaycandır. Ermənistan bu baxımdan ən qısa zamanda məsələni rəsmiləşdirməyə maraqlıdır.

Proseslər düşündüyüm və göründüyü kimi getsə, bir gün “Xankəndiyə icra başçısı təyin olundu” sərəncamını eşitsək, təəccüblənməməliyik.

Sual oluna bilər, bütün bunlar baş versə, Rusiya sülhməramlılarının taleyi necə olacaq?

Düşünürəm ki, Rusiya sülhməramlıları olduqları ərazidə qalmaqda davam edəcək. Bunun nə qədər davam edəcəyi isə proseslərin və erməni əhalisinin Azərbaycana adaptasiyasının sürətindən asılı olacaq.

Sual oluna bilər: Əgər razılaşma varsa, təmas xəttində gərginliyin səbəbi nədir və Azərbaycanın ordusunun bəzi bölmələri niyə hazır vəziyyətə gətirilib? Bunun da çox sadə cavabı var. Qarabağdakı ermənilərin, xüsusilə silahlıların bir hissəsi bununla barışmaya bilər. Çünki araşdırmalar zamanı məlum olmuşdu ki, Qarabağdakı qanunsuz hərbi birləşmələrin 7 alayının komandiri Fransa erməniləridir. Hiss olunan odur ki, reallıqlarla barışmayanlar atəşkəsi pozmaqda maraqlıdır. Təbii ki, reallıqlarla barışmayanlara qarşı hərbi güc tətbiq etmək lazım gələcək. Bu isə müharibə yox, məhz lokal əməliyyatlar şəklində həyata keçiriləcək. Hətta artilleriyanın istifadəsinə belə gərək qalmaya bilər. Bunun dəyişməsi dirənişin həcmindən asılı olacaq. Yəni olacaqlar böyük çaplı müharibə anlamına gəlmir.

Rusiya sülhməramlıları lokal döyüşlər olarsa, kənara çəkilərək prosesin bitməsini gözləməli olacaqlar. Yəni Azərbaycan tərəfi nə rus əsgərinə, nə də rus əsgərinin başının üstündən dirəniş edəcəklərə güllə atacaq.

Azərbaycanda bəziləri elə ab-hava yaradıb ki, sanki yeni müharibə olacaq, Azərbaycan güc yolu ilə məsələni həll edəcək. Məhz bu düşüncəyə görə də bəziləri düşünür ki, Azərbaycan Rusiyaya ikinci cəbhə açır. Əvvəla, Azərbaycanın Rusiyaya ikinci cəbhə açmaq kimi nə niyyəti var, nə də elə bir gücü. Elə insanlar var ki, eşitdiyi, qulağına çatdığı informasiyanın üzərinə pafos yükləyir, fındıq boyda beyni ilə cəmiyyəti cuşa gətirdiyini düşünür və bundan həzz alırlar. Bu məsələlər pafosla həll olunacaq cinsdən deyil. Bəzən deyirlər, atmosfer çirklənib, ozon qatı deşilib. Əslində, ozon qatının deşilməsinin günahkarları bizim pafoslu “hərşeyşünas”lardır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics