14.05.2022

Ədəbiyyatı, yazmağı qapazaltı edənlərə bir neçə söz və nöqtə - Səxavət Məmməd yazır

Yazıçı olmasam da…

44 günlük müharibə ilə bağlı niyə ədəbi nümunələr yazılmır, niyə filmlər çəkilmir deyə müxtəlif çaplı suallar ünvanlanır. Qeyri-ciddi ittihamlar, iradlar, boşboğazlıq.

Sadalananlar dəqiq ünvanına yönəlsəydi, heç bir problem olmazdı. Ancaq “çapsız” adamların kitab çapının hansı qiymətə olduğundan xəbəri yoxdur. Ümumiyyətlə, bəzi adamlar “çapı” qədər danışsa, daha yaxşı olardı.

Əslində, Azərbaycanda nəinki 44 günlük müharibə ilə bağlı, hər hadisə ilə bağlı kitab yazılmalıdır. Bizim “çapsızlar” elə bilir ki, ancaq qələbə ilə bağlı kitab yazılmalıdır. Türkiyədə “Gəzi olayları” adlı hadisələrin ili tamam olmamış 100-dən çox kitab çap olunmuşdu. Hələ də o mövzuya müraciət edənlər var. Azərbaycanda oxucu probleminin olduğunu əsas gətirirlər. Bəzən deyirlər, uzun yazılar, təhlil və analizlər oxunmur. İnsanlar ancaq qısa yazıları oxuyur. Boş və mənasızdır. Şəxsən yazdığım yazının ən qısası minumum 6-7 min işarə olur. Oxucu problemi də yaşamıram. Bu illər ərzində anladığım bir şey oldu. Azərbaycan oxucusu pafos, tərifnamə oxumur!

Müharibə təkcə ədəbiyyat mövzusu deyil. Müharibədə ərazidə olan jurnalistlər də kitab yazmalıdır. Ancaq necə, nə cür? Şəxsən mənə az qala hər gün bu mövzuda sual verirlər. Hamısına da eyni cavabı verirəm: “Yazıram”. “Nə vaxta hazır olar?” sualına isə “inşallah”lı, “maşallah”lı cavablar verirəm.

Əslində, kitabın strukturu, mövzuları, hekayələri, demək olar ki, hazırdır. Ara-sıra yadıma düşənləri də əlavə edirəm. Yaxşı. Kitab yazmaq, əslində, pul deməkdir. Bunun redaktoru var, korrektoru var, əlavə bir hərbi ekspertə, bir ədəbiyyatçıya göstərib, ona əl gəzdirilməsi var. Bunlar öpücüyə həll olunur? YOX! Bəs çap? O ayrı həngamədir.

44 günlük müharibənin hər günü müxtəlif hadisələr, müxtəlif hekayələrlə doludur. Bəzi hekayələri bilirsən, ancaq detal çatışmazlığı var. Bunu necə həll etmək lazımdır? Ən azı, ərazidəki cavabdeh zabitlə görüşməlisən. Hadisənin baş verdiyi ərazi var. Nə etməlisən? Ora getməlisən. Bunlar necə həll olunur? Müxtəlif qurumların ya qapısında yatmalısan, ya da telefonlarından asılı qalmalısan. Hələ bunların xərclərini demirəm.

Jurnalist bir media qurumunda işləyir. “Kitab yazıram”, – deyib gündəlik yazı yazmamalıdır? Yazı yazmaq o qədər asandır? Açıqlama almaq üçün bəzən 20 şəxsə zəng etməlisən, prosesləri izləməlisən. Bunlar hamısı vaxt alır və insanı yorur. Dünən bir yazı yazmaq üçün bir nəfərlə telefonla danışdım. Bir mövzu ətrafında 39 dəqiqə danışdıq və sonda bundan bir məqalə çıxdı. Bəziləri çox ərkyanə deyir ki, millət, vətən üçün yazmaq lazımdır. Qardaşım, evin kirayəsini, boş mədəni və ayağındakı ayaqqabını nə millət həll edir, nə də vətən. Bunun hamısının qarşılığı olmalıdır. Bəzən vəzifəli şəxslər belə deyir ki, yazın da! Yaxşı görək! Bəlkə mayallaq da aşaq?!

Birinci müharibənin, demək olar, 70 faizini araşdırmışam. Birinci müharibədəki uğurlu əməliyyatların, döyüşlərin tamamına yaxın bir hissəsini yazmışam. 70 faizini də müxtəlif saytlarda yayımlamışam. Əslində, o yazılar yayımlananda tanıyanlar deyirdi ki, serial çəkirsən elə bil. Planım serial çəkmək yox, detallı işləməklə onların hamısını genişləndirib, kitab etmək idi. Nə ilə, necə? Kimsə deyəcək ki, kitabın xərcini çəkirik. Kitabı sırf kitab çıxsın deyə yazmalıyam? Biri maşın satır, biri pomidor, biri 5 saniyəyə ev, o biri şərəfini satır, oğurlayaraq qazanır. Mən niyə beynimin məhsulundan qazanmamalıyam?

Reklam bazarı var? YOX! Nazirliklər milyonlarla vəsait xərcləyib guya film çəkdirirlər, kitab yazdırırlar. Opera yazdırıb pulunu verməyən qurumlar var bu ölkədə. Nəyi qoyub, nəyi axtarırsınız?! Bir döyüş, bir əməliyyat barədə kimsə kamera qarşısına keçib danışır, bir az kompüter qrafikası, bir neçə dəqiqəlik də əsgərlərin təlim görüntüsü əlavə edilir və bunun adına film deyilir? Kimi aldadırsınız?!

Bir nəfər aylar öncə mənimlə görüşdü. Dedi, gördüklərini yaz, ancaq bizim dediklərimizi də yaz. Dedim, sizin dediklərinizi görməmişəm axı. Gözünü döydü.

Çox eşitdiyim şeylərdən biri də, “vətənpərvərsiniz, yazın”dır. Ən iyrəndiyim, nifrət etdiyim söz “vətənpərvər” sözüdür. O söz altında o qədər alçaqlıq, murdarlıq görmüşəm ki. Xalqın faciəsindən qrant yeyən də vətənpərvər adlandırılsın, qarşılıqsız iş görən də?

44 günlük müharibə zamanı elə bir qurum, onun rəhbər vəzifəsində olan şəxs olmadı ki, zəng edib vəziyyəti öyrənməsin. Müharibə bitdi, medal, mükafat öz dildöyənlərinə “getdi”. Düzdür, mənə çox təklif oldu, hamısını əlimin ardı ilə geri itələdim. Çünki şəxsən mənim üçün təmiz ad hər şeydən önəmlidir. Müharibə vaxtı nə gecəm oldu, nə gündüzüm!

Yaxşı, deyək ki, bunu etmək borcum idi, qarabağlıyam axı. Yaxşı, sonra niyə qarşılıqsız iş görməliyəm?!

Bunları yazmaqda məqsədim pul almaq, “Pul verin yazım” demək deyil. Demək istədiyim odur ki, vəziyyəti bilə-bilə üç meymunu oynayıb, ancaq banan almaq üçün oyun qurmağın adı da meymunluqdur.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics