Səfərbərlik xətti ilə döyüşlərə qatılanların böyük hissəsinin adları qeyd edilən qoşun növlərində döyüş əmrinə salınmayıb. Buna görə də eyni yerdə, eyni hərbi hissədə xidmət etmiş bir qrup veteranlıq ala bildi, bir qrup isə yox.
Ən ciddi problem isə həkimlərlə bağlıdır. Həkimlərin böyük hissəsinin veteranlıq məsələsi ciddi problem olaraq qalır. Çünki veteranlıq xidmətə görə yox, məhz saya görə verilib. Hərbi hissələr və korpuslar adların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) göndərildiyini bildirir. Ancaq ƏƏSMN sənədləri yenidən araşdırılması üçün Müdafiə Nazirliyinə təqdim edir. Səbəb? Məlum deyil. Müharibə vaxtı ciddi xidmətləri keçən həkimlər qurumların ötür-ötür oyunu arasında qalıb.
Problemi araşdıran zaman daha bir məsələ ortaya çıxdı. Xüsusi Təyinatlı Qüvvələrin 2 taboru veteranlıq statusu ala bilmir. XTQ mənsubları bu məsələ ilə bağlı şikayət etmir. Səbəbləri də var. Komandanları Hikmət Mirzəyevin adına söz gəlməsin, haqlarında “XTQ mənsubları 80 manatın davasını edir” kimi fikirlər səslənməsin. Yəni müharibədə can qoyanlar, torpaqların işğaldan azad edilməsində əvəzsiz xidməti olan qoşun növünün mənsubları abır-həyalarını qoruyurlar. Özlərindən daha çox adlarını və komandanlarının imicini düşünürlər. Bu, xüsusi təyinatlıların abır-həyaları. Aşağıda yazdıqlarım isə digər qurumların həyasızlığı…
Məsləni araşdıran zaman məlum olur ki, XTQ-nin iki taboru müxtəlif istiqamətlərdə digər bölmələrə kömək üçün göndərilib. Həmin iki tabor Murov, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Laçın dəhlizində döyüşüb.
Ezam olunmuş taborların siyahısı Müdafiə Nazirliyinə təqdim edilib, nazirlik isə, öz növbəsində, ƏƏSMN-ə göndərib. ƏƏSMN araşdırılması üçün siyahını yenidən Müdafiə Nazirliyinə təqdim edib. Çox maraqlıdır: Nə və niyə araşdırılır? Deyək ki, ƏƏSMN işi guya kitabına görə görür. Müdafiə Nazirliyinin ağzının, sözünün kəsəri hanı? Müdafiə Nazirliyinin Kadrlar idarəsi bilmir ki, həmin taborlar harada və necə döyüşüb?
Müdafiə Nazirliyində kabinet zabitlərinin bir çoxu veteranlıq ala bilib. Müharibənin bitməsinə az qalmış özlərinin, yaxınlarının adını döyüş bölgəsinə ezam kimi yazdıraraq bu igidliyi göstəriblər. Medal məsələsində də belə oldu. DTX-nin Müdafiə Nazirliyindəki yoxlamalarında saxlanılan şəxslərin adlarını internet üzərindən axtarışa verin, hamısının yaxası medalla doludur. Lakin 5 rayonda döyüşən iki medal ala bilmir. Kabinetdən çıxmayanlar, az qalsın, hər rayona görə adlarını siyahıya saldırıblar.
Müharibədə hər saniyən ölüm olsun, can qoy, vətən üçün, dövlət üçün qan tök, düşmən gülləsindən qorxma, qaçma, gəl “kabinet “canavarları”nın ötür-ötür oyunu arasında veteranlıq gözlə… Nə deyəsən?!
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder