26.05.2022

Qarabağ məsələsində unudulan məqamlar və ya biz nədən danışırıq? - Səxavət Məmməd yazır

Çırmanarıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş.

Brüssel görüşündən sonra yenə insanlara ümid paylayırlar. Zəngəzur dəhlizini açırlar, sərhəddi bərpa edirlər, Avropa İttifaqını və ABŞ-nı hakim təyin edirlər, Rusiyanı qovub ərazidən çıxarırlar.

Brüssel görüşü nəticə baxımından ümidvericidir, ancaq sadəcə olaraq ümidvericidir. Nəticənin nə olacağına isə heç kim qarant verə bilmir.

Ötən görüşdə qərar verilmişdi ki, tərəflər – Azərbaycan və Ermənistan delimitasiya komissiyası yaratmalıdır. Azərbaycan bunu etsə də, Paşinyan Putinin qəbuluna gedəndən sonra heç bir addım atmamışdı. Daha sonra ikinci görüş baş tutdu. Bu dəfə isə nəticə var. Tərəflər komissiyanı yaratdı. Qaldı fəaliyyətə başlamaq.

Uzun zamandır ki, Ermənistan və Rusiya Azərbaycana qarşı psixoloji müharibə aparır. Əslində, o müharibənin izlərini elə komissiya yaranan kimi də gördük. Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Artıq bütün erməni mətbuatı Şahin Mustafayevin uşaqlıq və gəncliyi ilə bağlı yazılar yazır. Onun haqqında ermənilərin çəkdiyi “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film tirajlanır. Dolayısı ilə ermənilər öz cəmiyyətinin beyninə “narahat olmayın, bizdən biridir” fikrini yeridir, Azərbaycan cəmiyyətinin gözündə isə etibarsızlaşdırır.

Azərbaycanın informasiya müharibəsində sinifdə qaldığı danılmaz faktdır. Qarşı tərəfin apardığı informasiya müharibəsinin qarşılığında, demək olar ki, çarəsiz qalınır.

Psixoloji müharibəni o qədər dəqiq aparırlar ki, Azərbaycan cəmiyyəti müharibədəki hərbi qələbənin dadını ala bilmir. Müharibə bitdikdən sonra ən çox nələrdən yazılıb, qısa göz atmaqda fayda var: Ruslar qaçan ermənilərə ev tikir, ruslar qaçqınları geri qaytarır, ruslar ermənilərə su daşıyır, ruslar dahilərinə büst qoyur, 10 noyabr bəyanatının 4-cü bəndinə əməl edilmir, ruslarla birlikdə separatçı rejimin “polis”ləri maşın karvanını yoxlayır, atəşkəs pozulur, təxribatlar, diversiya cəhdləri və s…

Elə bilirsiniz, təkcə bununla bitir?

Gələk münaqişə zonasından kənara – qazilərin aksiyaları, şəhid məzarlarının su basması və yerlərinin dəyişdirilməməsi, veteranlıq problemləri, əlillik dərəcəsinin verilməməsi və ya kəsilməsi, hərbçilərin maaşları üzərindəki oyunlar, döyüşçülərin intiharları…

Həm daxildən, həm xaricdən sanki bir əl cəmiyyətin gününü qara edib. Bunlara reaksiya? Sıfır!

Bütün bunların fonunda bir qrup var ki, böyük oyunların içərisindən müsbət şeyləri cımbızla çəkib cəmiyyətə sırımağa çalışır. Cımbızla çəkilənlər isə böyük işlərlə müqayisədə çox kiçik, görünməyəcək qədər mənasızdır, ovutmur da.

Eh, Brüssel! Biz Lissabon Sammiti görmüş adamlarıq. Hələ bu harasıdır, səhv etmirəmsə, Lerikdə bir ailə uşaqlarından birinin adını Lissabon, birinin adını isə Sammit qoymuşdu. Nəticədə nə oldu? Azərbaycan istəyinə hərb meydanında nail oldu. Yeri gəlmişkən, indi hər çıxışında, açıqlamasında “antiterror əməliyyatlarına başlamaq lazımdır” fikrini bəyan edənlər müharibəyə qədər “problem yalnız sülh yolu ilə həll olunacaq” tezisini müdafiə edirdilər. Hələ bu harasıdır. “Qarabağ müharibəsiz geri qayıtmayacaq”, – deyənləri cəmiyyətdə ajiotaj yaratdığı üçün danlayırdılar, qurumlara dəvət edib profilaktik söhbətlər də aparırdılar.

Zəngəzur dəhlizinin açılması ilə bağlı da müəmma var. Azərbaycan tərəfi razılaşma əldə etdiyini dediyi halda, erməni tərəfi bunu təkzib edir.

Brüsseldə bütün müsbətlər fonunda Ermənistandakı mitinqləri nəzərdən qaçırmaq olmaz. Çünki gərginlik hər keçən gün artır, mitinq iştirakçılarının sayında da ciddi artım görünür. Paşinyanın Brüsseldə nə deyib, hansı sözü verməsindən asılı olmayaraq, Moskvaya çağırıldıqdan sonrakı mövqeyi önəmli olacaq.

Bütün danışıqlar, proseslər yalnız iki dövlət arasındakı münasibətlərin yoluna qoyulması istiqamətində aparılır. Qarabağın işağldan azad edilməmiş hissəsi ilə bağlı isə tuta biləcəyimiz sağlam budaq yoxdur. 10 noyabr bəyanatını düzgün formada oxuyanda görürük ki, Laçın dəhlizinə alternativ yoldan bəhs edilir və o yol bu il tamamlanacaq. Yəni bu o deməkdir ki, Qarabağın işğaldan azad edilməmiş hissəsi ilə birbaşa Ermənistan arasında əlaqənin daimiliyinə razılıq verilib.

Azərbaycanda daha çox Avropa və ABŞ-nin Rusiyanı ərazidən sıxışdırıb çıxaracağına ümid bəslənilir. Hətta güvənənlər də var. Ərazidə Rusiya qoşunu var. Adının sülhməramlı olması onun qoşun olmasını dəyişdirmir. Qərb Rusiyanı necə sıradan çıxaracaq? Hərbi müdaxilə mümkün deyil. Əraziyə hansısa gücün gəlməsi İranı da aktivləşdirəcək. Əslində, baş verənlərdə təhlükəli məqamlar da var. Qərblə Rusiya iki ölkənin münasibətlərinin normallaşması üzərində razılaşsa, ehtimal ki, bu razılaşma olacaq. Belə olan halda, Qarabağın işğaldan azad edilməmiş hissənin taleyi necə olacaq?

Maraqlı tərəfləri düşündürən nə insanlardır, nə onların sosial vəziyyəti, nə siyasi sistem. Maraqlı tərəflərin hamısı qazanc dərdindədir.

Sonda Ermənistanla Azərbaycan dövlət sərhədi bərpa edilir, bütün kommunikasiyalar açılır, ancaq sülhməramlılar ərazidə qalır. Buna qoynunda ilan bəsləmək deyilir. Qoynunda ilan bəsləməyin başqa adı olur?

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics