26.11.2022

Çətiraltı, yoxsa sətiraltı? - Bağlı qapı ardından gələn səslər - Səxavət Məmməd yazır

Maraqla gözlənilən Soçi görüşü arxada qaldı. Soçi görüşündən geridə qalanlar nə oldu?

Brüssel görüşündə bədən dili mütəxəssisi olduğu aşkara çıxan Azərbaycan ictimaiyyətinin Soçi görüşündən sonra da çətirşünas ixtiasına yiyələndiyi aydınlaşdırıldı.

Bədəni, çətiri, qoyaq bir kənara, görüşün sətiraltılarına baxaq. Niyə sətiraltı? Çünki açıq şəkildə görüş barədə informasiya yoxdur. Görüşün nəticəsi ilə bağlı imzalanmış bəyanat o qədər bəsit idi ki, bir çox media qurumu onu heç manşetinə belə daşımadı.

Bəyanat sülhməramlıların mədhi, Rusiyanın məsləhətlərindən başqa bir şey deyildi.

Maraqlı məqam Putinin çıxışı idi. Hesab etmirəm ki, Putin sadə, xüsusi olmayan bir məsələ ucbatından açıq şəkildə desin ki, hər şeyi razılaşdırmaq mümkün olmadı. Demək ki, Putin daha böyük bir şey istəyib və buna etirazlar olub. Ancaq bu etirazı hansı ölkənin etməsini bilmədiyimiz üçün fərziyyələr irəli sürə bilərik.

Rusiyanın Qarabağda, daha dəqiq desək, Xankəndidə qalması və möhkəmlənməsi üçün hərəkətliliyi vardı. Rusiya sülhməramlılardan əlavə, hətta Xankəndidə hərbi baza yerləşdirmək istəyində olmasını da mətbuatdakı sözçüləri tərəfindən dilə gətirmişdi. Ehtimal ki, Xankəndinin qeyri-müəyyənliyi, Azərbaycanın əlindən alınması ilə bağlı təklifləri olub və buna “yox” cavabı verilib. Çünki Ruben Vardanyanı Qarabağa yerləşdirən Rusiya onun əl-qolunu açmaq üçün də şərait, hüquqi baza yaratmaq niyyətindədir.

Görüşdən çıxan nəticələrdən biri də prosesin Rusiyanın əlində qalmaması oldu. Rusiya prosesi Qərbin, Avropa İttifaqının əlindən almaq niyyətində idi, ancaq nəticə onu deməyə əsas verir ki, bu baş tutmayıb. Bu baxımdan, nəticəsizliyi də nəticə saymaq olar. Çünki Rusiyadan fərqli olaraq, Aİ Azərbaycanın suverenliyinə hörmətlə yanaşır. Rusiya isə ərazidən çıxmamaq üçün əlindən gələni edir, edəcək də.

Görüş ərəfəsində Xankəndidə keçirilən mitinq də Rusiyanın oyunun bir parçasıdır. Qarabağda yaşayan erməni əhalisinin sayı ilə mitinqdə iştirak edənlərin sayı bir-birinə tərs mütanasibdir. Ehtimal ki, mitinqə Ermənistandan əhali gətirilib. Ancaq Azərbaycanın əlində çoxlu sayda imkanlar olmasına baxmayaraq, bunu öz xeyrinə istifadə edə bilmədi.

Görüşdən sonra üçtərəfli bəyanat imzalandı və həmin bəyanatda 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətindən danışılıb. Məsələ ondadır ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanata Azərbaycandan başqa heç bir tərəf əhəmiyyət vermir. Rusiya qarant durduğu bəyanatı onsuz da ilk gündən özü pozub. Bəyanatın 4-cü bəndindəki “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir” hissəsinə qətiyyən əməl edilməyib. Digər bəndi isə Ermənistan pozmaq üzrədir. Ən azı bəyanatlarından belə anlaşılır. Bəyanatın sonuncu bəndində deyilir: “Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Paşinyan bəyan edib ki, Ermənistan ərzisindən keçən nəqliyyat yollarına ancaq özləri nəzarət edəcək və başqa ölkənin bunu etməsinə icazə verməyəcəklər. Bu bənd də belə getdi…

Bu qədər oynaq, çiynənilən bəyanata Azərbaycan niyə əməl etsin?

Maraqlıdır ki, Soçi görüşündə ancaq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsindən bəhs edilib, Qarabağla bağlı isə ən azı açıq mənbələrdə bir cümləyə belə rast gələ bilmirik. Demək ki, bağlı qapılar arxasındakı əsas müzakirə Qarabağ, onun taleyi ilə bağlı olub.

Rusiya indidən sülhməramlıların gələcəyini düşünməkdədir. Məlum bəyanatda sülhməramlıların ərazidə qalması üçün şərt bu şəkildədir: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda, qalma müddəti avtomatik beş illik müddətə artırılır”. Bu həm də o anlama gəlir ki, tərəflər sussa belə, sülhməramlılar ərazidə qalacaq.

Soçi görüşü üzdə olmasa da, sətiraltı çox mətləblərdən xəbər verdi. Ancaq Azərbaycan xalqı daha çox çətrin altına baxdı.

Bəziləri də deyir, Azərbaycanın taleyi müzakirə olunur, neqativ olmaq lazım deyil. Hər halda, Azərbaycanın taleyi sətrin altında müzakirə edilir, çətir altında yox.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics