26.11.2022

Nə üçün Fransa Senatının məlum qərarının qəbulunu əngəlləyə bilmədik? - Səxavət Məmməd yazır

Ermənistan Qarabağdakı ermənilərin “müstəqilliyini” tanımır, ancaq Fransa Senatı tanıyır. Qarabağ münaqişəsinin əsasını qoyub onu idarə edən və hələ də orada sülhməramlı adı altında ordu saxlayan Rusiya belə Qarabağdakı ermənilərin “müstəqilliyini” tanımır, ancaq Fransa tanıyır.

Bunu yazmaqla Fransanı məzəmmət etmək niyyətində deyiləm.

Azərbaycan uzun illərdir, bəlkə də, Fransaya milyonlarla avro pul xərcləyib. Kilsə təmirindən tutmuş, muzey bərpasına qədər hər iş görülüb. Əslində, dövlətlər bu işi görəndə maddi qarşılıq gözləməsə də, qərarlarda buna diqqət etməsini düşünür və buna görə həmin addımları atır.

Təsəvvür edin, 332 senatorun təmsil olunduğu Senatda səsvermədə 296 nəfər iştirak edib. Qətnamənin lehinə 295, əleyhinə isə cəmi 1 nəfər səs verib. Yəni Azərbaycana bir nəfər dəstək verib. Azərbaycanı qoyaq bir kənara, uzun illərdir Türkiyə ilə Fransa arasında da sözdə “soyqırımı” məsələsi üzərindən çəkişmə var. Türkiyə kimi iddialı bir dövlətin belə Fransa Senatında bir neçə nəfəri öz tərəfinə çəkə bilməməsi qəribə görünmür?

Fransa imperialist dövlətdir. Elə bir dövləti hansısa təmirlə ələ almaq mümkünsüzdür. Çünki 48 koloniyaya malik olmuş dövlət kiçik dövlətlərin onlara etdiyi yaxşılığı heç vaxt dəyərləndirə bilməz. Fransanın Əlcəzairdə soyqırımı törətməsi heç kimə sirr deyil. Məsələ ondadır ki, həmin Fransa indiki Türkiyənin ermənilərə qarşı “soyqırımı” törətməsini tanıyıb. Yaxşı, sual olunur, Türkiyə Fransanın Əlcəzairdə soyqırımı törətməsini rəsmi tanıyıb? Yox!

Fransa nəinki müharibədən sonra, müharibədən əvvəl də Qarabağla bağlı eyni mövqedə idi. ATƏT-in Minsk qrupunun tərkibindəki fransız nümayəndələr hər zaman erməni tərəfə dəstək veriblər. Ancaq yenə gəliblər, yenə isti qarşılanıblar, yenə gedib bildiklərini oxuyublar.

Müharibədən sonra Qarabağdakı alay komandirlərinin bir çoxunun Fransa erməniləri olduğunu yazmışdım. Hətta Arayik Arutunyanı belə devirib ora Fransa ermənisi gətirmək istədiklərini qeyd etmişdim. Düzdür, bu məsələdə fransızlar Rusiyaya diş keçirə bilmədilər, ancaq hər halda belə bir niyyətləri var idi.

Başqa bir şey. 10 noyabr bəyanatında Ermənistan ərazisindən keçəcək yollara Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət edəcəyi açıq yazılıb. Məsələ ondadır ki, fransızlar həmin yolda onların da nəzarət etməli olduqlarını dilə gətirirdilər. Bu məsələdə ruslarla fransızların maraqları üst-üstə düşmürdü. Ancaq Qarabağ məsələsində nədənsə başqa yerdə yola getməyən ölkələr eyni yerə vururlar.

Məsələyə başqa yöndən də baxmaq lazımdır. Qarabağla bağlı rusların planları başqadır. Onlar daha çox sahədə iş görürlər. Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi adlandırıb sahədə isə milyarder etdiklərini əraziyə gətirirlər, ermənilərin yaşaması üçün evlər tikirlər, adını “qanunsuz silahlı dəstə” qoyduqlarımıza təlimlər keçirib nizami ordu halına salırlar.

Sanki Rusiya ilə Fransa ortaq hərəkət edir bu işdə. Biri sahədə möhkəmlənməni təmin edir, digəri isə hüquqi baza yaratmağa çalışır.

Bəziləri deyir ki, fransız mallarını boykot etmək lazımdır. Gülməlidir. Azərbaycanda fransız markalarının dövriyyəsi nə qədərdir ki, boykot etsək, hansı nəticəni verəcək? Bu, kiçiklik sindromu bitmədi də…

Faktiki olaraq Fransa Senatının atdığı addım Moskva Bəyannaməsinə ziddir. Rəsmi Moskva bir səs çıxardı mı? Yox.

Hansı sualı veririk, hamısına cavabımız “Yox” olacaq.

Oturub Fransanın törətdiyi qətliamlardan, qanunsuzluqlardan, beynəlxalq hüquqa zidd davranışlardan danışmaq olar. Sözdə asıb-kəsmək də olar. Nə fayda?

Oturub “Nəyi səhv edirik?” sualı ətrafında düşünməliyik. Hansı addımları atsaq, bu vəziyyət dəyişə bilər? Məsələ təkcə Fransa da deyil. Dünyada nə çox Fransa kimi dövlət.

Başa düşdük, lobbiçilik yoxdur, bu günə qədər bacarmamışıq, dövlətin ayırdığı pullar havaya sovrulub. Bundan sonra nə etmək olar? Guya fransız senatlar rüşvət almır?

Milyonlar xərclə cəmi bir senat qazan.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics