26.11.2022

Mümkün müharibə ssenarisi: Strateji güc Azərbaycandadır - Səxavət Məmməd yazır

Ermənistanla Azərbaycan arasındakı münasibət kövrək olduğu qədər iddialar da müxtəlifdir. Bir gün qısa zamanda sülh müqaviləsinin imzalanacağı deyilsə də, sabah sülh müqaviləsi imzalanmayacağı təqdirdə, qısa zamanda müharibə ehtimalı da iddia olunur.

Erməni tərəfinin informasiya maşını artıq hər iki istiqamətdə də işlər aparır. Yəni dünya və cəmiyyətlər hər iki versiyaya da hazırlanırlar.

 Məsələ ondadır ki, Azərbaycan tərəfi bu məsələdə son dərəcə geridə qalır. Yaxud elə qeyri-ciddi, cəmiyyətdə zərrə qədər də hörməti olmayanların dili ilə dedirdir ki, bunu nəinki beynəlxalq aləm, heç öz ictimaiyyəti də ciddiyə almır.

Erməni tərəfi elan edilməmiş səfərbərlik edir, ehtiyatda olanları, qadınları belə hərbi təlimlərə cəlb edir. Erməni tərəfi bu dəfə arxasına Fransanı alaraq addımlar atmaq niyyətindədir. Rusiyanın başının Ukraynaya qarışdığı bir məqamda Fransa özünü meydan sahibi kimi aparmaq istəyir. Makronun dili ilə bunu gizlətmir də.

Azərbaycan tərəfi sahədə işini görməkdədir. Artıq yeni götürülmüş mövqelərdə gücləndirmə işləri aparılır, təminat və təxliyə yolları çəkilir, mühəndis istehkam işləri görülür. Sərt qışın gələcəyini nəzərə alsaq, Azərbaycan tərəfi bu işi sürətlə həyata keçirir. Görülən işlərin həcmi və sürətinə baxdıqda noyabr ayı üçün tamamlanmanın olacağını düşünürəm.

Ordunun hazırlığına gəldikdə isə bəzi neqativ halları nəzərə almasaq, o barədə də problem görünmür. Yalnız son sərhəd toqquşmasında medal üçün bəlli bir kəsmin adlarının göndərilməsi əhval-ruhiyyəyə təsir edə bilər…

Əgər Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün yox, həm də Rusiya və digər ölkələr üçün əhəmiyyəti olmasaydı, rahat şəkildə demək olardı ki, ikinci dəfə ardıcıl olaraq Azərbaycanın qalib gəlməsinə icazə verməyəcəklər. Azərbaycan ordusu məğlub olacaqdı demirəm, böyük güclər proyektlərini ikinci dəfə məğlub olmağa qoymayacaqdılar. İndiki məqamda ən kiçik hərbi əməliyyat belə yeni münaqişə ocağına gətirib çıxara bilər. Çünki Azərbaycan ordusu elə mövqelərdə yerləşib ki, qarşı tərəfin hücumunu dəf edib əks-hücuma keçsə, mütləq şəkildə erməni yaşayış məntəqələri tapdaq altında qalmış olacaq. Bu da o demək olur ki, yeni münaqişə ocağı yaradılır və bu dəfə ocaq Ermənistan ərazisi olur.

Hesab edirəm ki, erməni tərəfi də, Ermənistanı Rusiyanın for-postluğundan çıxarıb Fransanın çömçəsinə çevirmək istəyənlər də bunun fərqindədir. Azərbaycan tərəfini sıxışdırıb yeni mövqelərdən çıxarmaq imkanları, demək olar ki, yoxdur. Lap hesab edək ki, bu baş verdi. Azərbaycan tərəfi heç cür bununla barışmayacaq. Birincisi – əslində, bu, sonuncusudur çünki ictimaiyyətin fikrini nəzərə almaq ənənəsi yoxdur – ona görə də ikincisi, Azərbaycanın qalib ədası var və o ədanın zədələnməməsi üçün geri addım atmayacaq. Əksinə, ərazidə olan bütün korpuslarını, bütün hazırlıqlı bölmələrini hərəkətə keçirəcək. Bu isə genişmiqyaslı müharibə anlamı verəcək. İctimaiyyətə gəldikdə isə Azərbaycan toplumi son sərhəd toqquşmasında verilən şəhid sayına görə ələ keçirilən mövqelərin həcmini həzm edə bilmir. Ona görə də Azərbaycan tərəfinin başqa şansı qalmır.

Sual oluna bilər ki, münaqişə Ermənistan ərazisinə keçərsə, Rusiyanın, KTMT-nin mövqeyi nə olacaq? Hesab edirəm ki, buna ən çox sevinən ölkə elə Rusiya olacaq. KTMT-dəki dövlətlərə gəldikdə isə türk dövlətləri arasındakı xüsusi yaxınlaşma, hətta dünya çoxqütblü istiqamətə gedəcəyi təqdirdə, qütblərdən biri halına gələcək qrupun nümayəndələri heç vaxt Ermənistana görə bu qrupun formalaşması üçün əsas vasitəçilərdən olan ölkəyə hər hansısa zidd addım atmaz. Belarusa gəldikdə isə Lukaşenkonun əli dara düşəndə borca gəldiyi ölkəyə hər nəsə demə ehtimalı yoxdur.

Qərbin Azərbaycana sanksiya tətbiq etmə ehtimalı da mükünsüzdür. Rusiya ilə Qərb arasında hazırkı münasibət olmasaydı, bəli, edərdi. Ancaq indiki məqamda Rusiya üçün Zəngəzur dəhlizi necə nəfəslik rolu oynayacaqsa, Qərb üçün də Azərbaycan elə nəfəslik olacaq. Dünənə qədər coğrafi mövqeyi bəlası olan Azərbaycan indiki məqamda coğrafi mövqeyinə şükür edəcək vəziyyətə gəlib çıxır. Kiminin əvvəli, kiminin axırı.

Hesab edirəm ki, Fransanın Azərbaycana edə biləcəyi xüsusi bir təsir gücü olmayacaq. Hərbi gücə gəldikdə Fransa bu coğrfiyaya ordu gətirə bilməz. Ən azı Ermənistanda Rusiya hərbi bazaları var. Silah məsələsinə gəldikdə isə bu da mümkün görünümür. Təkcə NATO-nun Baş katibinin son toplantıda silah və sursat anbarlarının boşaldığını və bunu doldurmağın yollarını düşündüklərini deməsi kifayət edir ki, yalnız Rusiya tükənmir, həm də Qərbin silahı tükənir. Fransa yalnız öz təsir dairəsində olan terror qruplarını əraziyə cəlb edə bilər.

Bütün bunların üzərinə Türkiyə faktorunu gəldikdə bütün daşlar yerinə oturur.

Ona görə də erməni tərəfinin istər sülh, sülh olmasa da, müharibə ritorikası inandırıcı deyil. Ancaq hər iki ehtimala da dünyanı və cəmiyyətlərini hazırlayırlar. İndi top Azərbaycan tərəfdədir…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics