Azərbaycan tərəfinin əlini güclü edəcək nüanslardan biri demarkasiya prosesini təktərəfli şəkildə həll etməsi oldu. Son sərhəd toqquşmasından sonra Azərbaycan dövlət sərhədi istiqamətində, demək olar, bufer zona yarada bilib. Əsas məsələlərdən biri də Azərbaycanın masada yaratdığı bufer zonanı əlində saxlaması olacaq. Azərbaycan tərəfi o əraziləri böyük itiklər hesabına əldə edib, ona görə də oradan geri çəkilməsi mümkün görünmür.
Bufer zona demişkən, Rusiyanın tez-tez taktiki nüvə silahından istifadə edəcəyi ilə bağlı fikirlərin də, bufer zona yaratmaq istəyindən qaynaqlandığını hesab edirəm. Yəni Rusiya hansısa böyük şəhərə taktiki nüvə raketi ataraq prosesi öz xeyrinə dəyişməyi yox, işğal etdiyi və dünyanın tanımadığı referendumla öz tərkibinə qatdığı sərhədlər boyu müəyyən nöqtələrə taktiki nüvə raketi ata bilər. Beləliklə, Rusiya radiasiyadan təbii sərhəd çəkmiş olacaq. Bununla da həm Ukrayna dövlətinin, həm də ora getmək istəyən insanların yolu bağlanacaq. Dolayısı ilə Rusiya sərhədinin də təhlükəsizliyini qorumuş olacaq.
Məsələ ondadır ki, Azərbaycan tərəfinin şərtləri var, o şərtlərin birmənalı qəbul olunacağı da inandırıcı deyil. Bu, Ermənistanın daxili siyasətinin yekcins olmamasından qaynaqlanır. Ermənistan siyasətində Rusiya ilə yanaşı, ABŞ, Fransa və maraqlı olan ölkələrin qrupları var və bunların hamısını eyni vaxtda məmnun etmək mümkün deyil. Sürətli sülh sazişi Ermənistanda çaxnaşma ilə nəticələnə bilər, hətta hakimiyyət dəyişikliyi də gündəmdə olacaq. Sonuncu onsuz da gündəmdən düşməyib.
Ermənistanın son durumuna baxdıqda keçmişə boylanmamaq olmur. İllər öncə Rusiyaya güvənərək Türkiyədən torpaq iddiası edirdi, ABŞ və Fransadakı lobbilərinə güvənərək qondarma “soyqırımı” iddiası ilə rəsmi Ankaraya təzyiq edirdi. Həmin Rusiyanın dəstəyi ilə Qarabağı işğal edib, üstəgəl, yeni ərazi iddiaları səsləndirirdi.
İndi vəziyyət 180 dərəcə dəyişib. Rəsmi İrəvan Türkiyə ilə normallaşma üçün dəridən-qabıqdan çıxır. Azərbaycanı işğalçılıqda və hərbi cinayətdə suçlayır.
Əsas məsələ: Rusiya Ermənistanın əli ilə təzyiq etdiyi ölkələrdən indi İrəvana təzyiq vasitəsi kimi istifadə edir.
Əslində, doğru zamandır. Nə qədər ki Rusiyanın Ermənistandan istəkləri var və erməni tərəfi buna razı deyil, bundan maksimum yararlanmaq lazımdır. Bölgədə vəziyyət o qədər gərgin və kövrəkdir ki, hadisələri proqnozlaşdırmaq mümkün deyil. Elə proqnozlaşdırmanın olmaması, məntiqi ardıcıllığın qurulmaması prosesin arxasında Rusiyanın olduğunu açıq şəkildə göstərir.
Zəngəzur dəhlizi hər kəsdən və hər şeydən əvvəl Rusiyaya hava-su kimi lazımdır. Rusiya, təbii ki, yol statusu ilə razı deyil, əraziyə nəzarət etmək istəyir. Çünki yol statusu ABŞ və Fransaya və bölgədə maraqlı olan ölkələrə imkan verəcək ki, Rusiyaya müdaxilə etsin. Rusiya da bunu görür və ona görə məsələni kökündən həll etməkdə maraqlıdır.
Ortada bir də Çin faktoru var. Məsələ Çinin mal satması, ixrac etdiyi məhsulların dünya bazarına asan, qısa və təhlükəsiz yollardan getməsi də deyil. Rusiya ağır sanksiyalar altındadır və bu, uzun illər davam edəcək. Rusiya da məhsul ixrac etməlidir. Ölkənin ərazisinin genişliyini və təbii sərvətlərini nəzərə alsaq, Çin təkcə satmağa yox, həm də ucuz qiymətə almağa maraqlıdır. Bu səbəbdən də Çin açıq şəkildə deməsə də, mütəxəssislərinin zamanında əraziyə baxış keçirməsi və dolayısı ilə verdiyi dəstəklər onu deməyə əsas verir ki, Rusiya ilə Çinin mövqeyi bu məsələdə üst-üstə düşür. Ermənistana açıq şəkildə ən böyük təzyiq edə biləcək güclər isə Azərbaycan və Türkiyədir.
Ermənistanla Türkiyə arasında normallaşma bölgə üçün inkişafa yol açacaq. Bir neçə il ərzində Ermənistanın iqtisadi baxımdan Türkiyədən asılı vəziyyətə düşmə ehtimalı da var. Buna sevinib alqışlamağa tələsmək olmaz. Azərbaycan ictimaiyyətinin unutduğu və heç vaxt ciddiyə almadığı bir məsələ də Türkiyədəki erməni diasporunun gücüdür. Bəzən erməni diasporunun ABŞ və Fransada daha güclü olduğu deyilir. Bəli, bu, həqiqətdir. Ancaq erməni lobbisi Türkiyədə, bəlkə də, onlardan da güclü şəkildə mövcuddur. Ona görə də Azərbaycan Türkiyə ilə münasibətləri təkcə qardaşlıq yox, bütün sahələrdə müttəfiqlik, müqavilələr və sazişlər əsasında qurmalıdır.
Gözləmədiyimiz yerdən zərbə almağa öyrəşmişik. Heç olmasa, bundan sonra belə olmasın…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder