Ermənistanla Azərbaycan arasındakı münaqişə hər an yeni mərhələyə qədəm qoya bilər. Əslində bunda maraqlı olan tərəflər də var. Artıq bir neçə aydır ki, Qarabağ, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgə ilə bağlı demək olar, bir cümləyə belə rast gəlmirik. Hesab edirəm ki, Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan bölgəsi ilə bağlı müvəqqəti də olsa status-kvo əldə edilib.
Məsələ ondadır ki, müvəqqəti də olsa, Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan ortaq bir qərara gəliblər. Ancaq bölgədə maraqlı olan ölkələr bu üçlünün əldə etdiyi status-kvo ilə razılaşmırlar. Onların maraqlarının da təmin edildiyi yeni status-kvoya ehtiyacları var.
Bunun Qarabağda baş verəcəyini gözləmirəm. Maraqların təmin olunması üçün hətta yeni münaqişə ocağının yaradılması ehtimalı da var. Təbii ki, bunun üçün ən münbit yer Ermənistan ərazisidir.
Rəsmi Bakının açıq şəkildə xəritələrdən bəhs etməsi və Paşinyanın da xəritələr haqqında dedikləri onu deməyə əsas verir ki, əgər xəritələr üzərindən böyük güclər – Rusiya, Türkiyə, Çin və İsrail razılaşsa, bunun praktikada həyata keçirilməsi üçün addımlar atıla bilər. Hesab edirəm ki, xəritələr üzərində Azərbaycan tərəfinin əli erməni tərəfindən xeyli güclüdür.
Təkcə region yox, dünyada gərginlik hər keçən gün artır, ancaq hələki pik həddi görməyib. Pik hədd böyük müharibələrə gətirib çıxaracaq və bu illərlə davam edə bilər. Təbii ki, bizim region da bundan öz nəsibini alacaq. Regionda İran hər keçən gün daha da təhlükəli hala gəlir. İran daxilindəki gərginliyi xaricdə görəcəyi işlərlə basdırmaq istəyir. Azərbaycana diş qıcamağın nəticəsiz olduğu açıq şəkildə göründü, ardından İran İraq ərazisinə raket zərbələri endirdi, hətta bir Pilotsuz Uçan Aparatını ABŞ-nin ərazidəki qüvvələri vurduğunu açıqladı. İranda baş verən proseslər sıradan, bu ölkə üçün adiləşmiş bir hal kimi başladı. Ancaq İran üçün planları olan ölkələr bu fürsəti əldən verməzdilər. Heç şübhəsiz ki, son günlər daha çox müzakirə olunan Kürdüstan məsələsi təsadüfi ola bilməz. İran bunun fərqindədir. Ona görə də əlindən gəldiyi qədər müdafiə olunmağa çalışacaq. Özünü qoruma instinkti İranın daha aqressiv siyasət yeritməsinə gətirib çıxara bilər.
Ukrayna Rusiya müharibəsi bundan sonra daha şiddətli mərhələyə qədəm qoyacaq. Rusiyanın nüvə təhdidi blef olmaqdan çıxıb. Rusiya taktiki nüvə bombalarından istifadə etsə bu sürpriz olmayacaq. Təbii ki, bunun da qarşılığı olacaq.
Dünya yeni mərhələyə keçmək üçün mütləq şəkildə ağır böhran yaşayacaq. Bu təbii ki, böyük insan təlafatlarına səbəb olacaq. Məsələ təkcə Rusiya və Ukrayna üzərindən də getmir. Bu iki fərqli dünya görüşünün qarşıdurmasıdır. Tarix boyu belə müharibələr olub və olacaq da.
Dünyanın dəyişməsi təkcə müharibələrlə də bağlı deyil. Qlobal istiləşmələr, su qıtlığı, buzlaqların əriməsi ilə də əlaqədardır.
Dünyanın ərazicə ən böyük ölkəsi daha cazibədar olacaq. Bu gün orduya getməmək üçün qaçan rusiyalıları milyonlarla başqa ölkələrin vətəndaşları da əvəz edə bilər. Belə yerdə Hitlerin “Mənim Mübarizəm” əsəri yadıma düşür. Hitlerin də tezislərindən biri şərqə doğru irəliləmək, əkin sahələri, ərzaq təhlükəsizliyinin təminatı idi.
Hazırkı vəziyyətdə həm ən gərgin, həm də nisbətən təhlükəsiz ərazi Azərbaycanın da daxil olduğu coğrafiya sayıla bilər. Çünki bu region bu dəfə başqa xəritələrə baxdıqda iki fərqli dünya görüşün kəsişməsində yerləşir. Türkiyənin rolu daha da artacaq. Çünki iki qütb üçün də tək vasitəçilik rolunu Türkiyə üzərinə götürə bilər. Əslində, indiki məqamda da bunun işartılarını görə bilirik. Tək ölkə Türkiyədir ki, tərəflər arasında vasitəçilik edə bilir. Hesab edirəm ki, böyük güclər özləri də bu missiyanı Türkiyəyə verməyə meyillidir.
Azərbaycanın hər iki planı hazır olmalıdır. İstər yaxın vədəli taktiki, istərsə də uzaq vədəli strateji planlarını indidən hazır vəziyyətdə saxlamalıdır. Maraqların kəsişməsi Azərbaycanın həm də xilası ola bilər. Dünyanın siyasi xəritəsi dəyişsə, hesab edirəm ki, Azərbaycanın ərazisi bir neçə yüz il sonra ilk dəfə genişlənə bilər.
Uzun illərdir bir çoxlarını düşündürən suallardan biri də heç bir münaqişəsi olmayan ölkələrin belə çoxlu sayda silah almasının səbəbi idi. Artıq nəticələr görünməyə başladıqca, səbəblər də üzə çıxır.
Böhran nə qədər də arzuolunmaz bir şey olsa da, hər zaman ən optimal çıxış yolunun tapılması üsuludur.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder