17.12.2016

Ceniffer Lopez və Şakiraya yemək bişirən baş aşpaz — "Vasif Talıbov da bişirdiyim yeməkləri bəyənir"

Müsahibədə göstərilən diqqət və dəstək üçün "Mado" restoranlar şəbəkəsinin rəhbərliyinə təşəkkürlərimizi bildiririk.
Ölkə.Az-ın müsahibi sərhədsiz, elit aşpaz, "Mado" restoranlar şəbəkəsinin qida koordinatoru Mübariz Vəliyevdir.

Vəliyev Mübariz Əkbər oğlu - 1978-ci ildə Naxçıvan MR Culfa rayon Göydərə kəndində anadan olub. Uşaq yaşlarından anası ilə toylara yemək bişirməyə gedib. Hazırda isə dünyanın elit, sərhədsiz aşpazıdır.
- Özünüz haqqında oxucularımıza bir az məlumat verərdiniz.
- Ziyalı ailəsində anadan olmuşam. Mən dünyaya gələndə atam 15 il idi ki kənd sovetinin sədri işləyirdi. Sonra isə məktəb direktoru olub. Orta məktəbi Göydərə kəndində bitirmişəm. Anam o bölgədə toy, yas, mərasimlərində yemək bişirərdi və mən də həmişə ona kömək edərdim. Uşaqlıqdan bizim ailədə hamı yemək bişirməyi bacarırdı. Anamın 66 yaşı var, o, çox güclü aşpaz olub. Çox şeyi, əsasən də milli yeməkləri bişirməyi anamdan öyrənmişəm.
14 yaşımda həyatımda ilk dəfə olaraq Türkiyəyə getdim. İstanbulda böyük bir fabrikdə qabyuyan olaraq işə başladım. Ailəmizdə problemlər çox idi. Dolanmaq çox çətin idi. Məcburən bu addımı atdım. Məktəbdən istəməyərək imtina etməli olurdum. Yay tətillərində isə İstanbulda qabyuyan işləyirdim. O zaman 100 dollar bizim pulla 48000 manat edirdi, atam isə 7000 manat maaş alırdı. Buna görə də, işləmək məcburiyyətində idim. Seçim olaraq aşpazlığı daha üstün tutdum.
- Necə oldu ki, bu işin peşəkarı oldunuz?
- Öncə anamın yanında başlamışam. Sonra isə Türkiyədə qab yuya-yuya aşpazların əlinə baxırdım. Orada 250 nəfərin qabını yuyurdum. Boyum çatmadığı üçün ayağımın altına stul qoyub, qabları yuyurdum. Qab yuyanda su bədənimə axırdı. Hər axşam ağlayırdım. Həm valideynlərim üçün darıxırdım, həm də ailədə problemlərimiz çox idi.
Söhbətin bu yerində Mübariz kövrəlir. Yəqin ki, ötən günləri yadına düşmüşdü. Gözlərini silir, fikrə gedir və qaldığımız yerdən söhbətə davam edir.
Bir gün aşpaz olacağımı anladım. 15 yaşımda Türkiyədə böyük bir fabrikin işçiləri üçün yemək bişirirdim. Sonra yenidən Vətənə qayıtdım. Hərbi xidmətə getdim. Hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət etdim. 4 ayın əsgəri olanda "09" nömrəli əmrə əsasən çavuş oldum. 6 ayın əsgəri olanda kəşfiyyat tağım komandiri vəzifəsini icra edirdim. Füzulidə xidmət etmişəm, korpus komandirimiz genaral Yaşar Aydəmirov idi.
Sonradan məni təlim mərkəzində yeməkxana rəisi təyin etdilər.

- Dönüb-dolanıb yenə mətbəxə gəldiniz.
- İstəyim olmadan yenə mətbəxə keçdim. Orada yemək reseptləri yazırdım. Ordudan təxris olduqdan sonra yenidən Türkiyəyə yollandım. Türkiyədə "Albatros" restoranında baş aşpaz olaraq işləməyə başladım.
Atam vəfat etdi. Ailədə çoxlu problemlərimiz var idi. Heç kim işləmirdi. Yenidən Türkiyəyə getdim. Oraya gedərkən şalvar almağa pulum yox idi deyə əynimdə hərbi şalvar var idi. Əvvəl gecə növbəsində işləməyə başladım, gündüzlər isə fabriklərdə işləyirdim. Gün ərzində 20-22 saat işləyirdim. Bir qədər işlədikdən sonra Azərbaycana döndüm və 2002-ci ildə evləndim. Toydan əvvəl peşə məktəbində aşpazlıq fakultəsini oxudum. Kim desə ki, yaxşı təhsil almışam, yalan deyir. Kəndli pendir gətirərdi, şəhərli pulun verib qiymət alardı. Güclü təhsil vermirdilər. 2003-cü ildə Bakı şəhərinə gəldim. Bakı şəhərində milli yeməklərin ustası Tahirə bibi var idi, onun yanında işləməyə başladım. Milli yeməkləri, daha çox da Naxçıvan mətbəxinə aid yeməkləri bilirdim. Tahirə bibinin yanında milli yeməkləri mükəmməl öyrəndim. Tahirə bibi çox güclü aşpaz idi. Onun yanına nazirlər, deputatlar, tanınmış şəxslər yeməyə gəlirdi. Bir müddət sonra öz hesabıma Azərbaycan bölgələrini gəzməyə başladım və yerli yeməklərin hamısını öyrəndim. Tam öyrəndikdən sonra yenidən Türkiyəyə qayıtdım.
- Artıq peşəkar aşpaz kimi Türkiyəyə qayıtdınız.
- Artıq baş aşpaz idim. Çox intizamlı idim. 2010-cu ildə medallarım var idi. "Qızıl çömçə" yarışında mükafatına layiq görülmüşdüm.
- Ailənizi aşpazlıqla dolandırmağa necə qərar verdiniz?
- 2001-ci ildə yenidən ordu sıralarına qayıtdım. Naxçıvanda korpusda yeməkxana rəisi oldum. 11 minlik əsgərin yemək rasionunu özüm yazırdım. Türkiyədə 9-cu korpusda qida üzrə təlim keçdim. 2 il sonra ordudan ayrıldım. Özümü aşpaz sənətində gördüm və mənim üçün ən uyğun peşə bu idi. Aşpazlığa dair çoxlu kitab oxudum, filmlər izlədim. Güclü baş aşpazları izləyirdim, dünyanın ən bahalı baş aşpazlarının niyə bu qədər çox maaş aldığını dəqiqləşdirirdim. Gözləmədiyim halda "Areqala"dan təklif gəldi. "Areqala" sırf restoran, otelçilik və qida sahələri üzrə birlikdir. Təklifi qəbul etdim və imtahana getdim. İmtahanın nəticələrinə əsasən servis, yeməklərin ilkin emalı, yeməklərin hazırlanması və təqdimatı üzrə yüksək dərəcə ilə qəbul oldum. Seçim oldu və 95% səs çoxluğu ilə orada Azərbaycan üzrə prezident seçildim. Ümumiyyətlə gümüş medal almamışam. Ancaq qızıl medal almışam. Milli yeməklərimizi daha modern, daha fərqli, ancaq ləzzətini pozmadan təqdim edərək tədbirlərdə çox uğurlar qazandım. Yenidən Azərbaycana gəldim. Naxçıvanda Duzdağ oteldə milli mətbəx baş aşpazı olaraq fəaliyyətə başladım. İl yarım orada işlədim. Bu müddətdə türkdilli prezidentlər Azərbaycana gəldi və şəxsən mən iki gün ərzində 5 prezidentin və nazirlərin yeməyini verdim.
- Hansı ölkələrin prezidentləri idi?
- Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan prezidentlərinin yeməklərini iki gün ərzində bişirib vermişəm. Türkiyənin və başqa ölkələrin yüksək səviyyəli nümayəndələri gələndə milli mətbəxi mən təqdim edirdim. Vasif Talıbov bişirdiyim yeməkləri bəyəndiyi üçün böyük tədbirlərdə milli mətbəxi mənə həvalə edilirdi. Bir müddət sonra Bakıya gəlmək barədə qərar aldım.
5 il bundan öncə Bakıya gələndə 13 manat pulum var idi. "Cestbon" şirkətində işə başladım. Böyük şirkətlərin yeməklərini bişirirdim. Orada çox yaxşı performans göstərdim. Azərbaycanda ən böyük tədbirləri "Cestbon" hazırlayırdı. Ölkəyə gələn məşhurların, Ceniffer Lopez, Şakira, Tarkan kimi ulduzların yeməklərinə özüm nəzərət edirdim. Sonradan "Cestbon"dan ayrıldım. Lider TV-də Xuraman Əlizadə ilə "Bizim aşpazdan dadlar" verilişi var idi, onunla birlikdə verilişdə işlədim. Sadəcə veriliş aşpazlıq konseptinin xaricinə çıxdığı üçün oradan da ayrıldım. Bundan sonra "Mado" restoranlar şəbəkəsində baş aşpaz olaraq fəaliyyətə başladım. Daha sonra özümü yetəri qədər göstərdiyimə görə "Mado" restoranlar şəbəkəsinin qida koordinatoru olaraq təyin edildim. Eyni zamanda, Space TV-də "Möcüzə ləzzətlər" verilişinin aparıcısı oldum. Bir müddət sonra verilişə fasilə verdim. Xüsusi təhsil almaq üçün Londona getdim. Aldığım təhsilin 1 aylıq dəyəri 5 min dollar idi. İl ərzində 60 min dollar ödəməli idim. Bu təhsili başa vurub "Mişel ulduz"u almaq olardı.
- Niyə "Mişel ulduz"u ala bilmədiniz?
- Aşpazlıqda belə bir şey var, irq, milliyət, din qəbul olunmur. Orada hər kəs eynidir. Spirtli içki qəbul etmədiyim üçün, donuz əti istifadə etmədiyim üçün "Mişel ulduz"u ala bilmədim. Mişel almaq üçün bunlardan istifadə etmək lazım idi. Orada mənə "Sərhəd tanımayan şef" və "Elit şef" adı verdilər. Mişel almağın da tərəfdarı deyildim. Çünki ildə 2-3 dəfə onlar dəvət edirdi və şərab zavodlarına dequstasiyaya getməli idim. Şərab hədiyyə verirlər, qəbul etmirəm. Hər şeydən böyük Allahdır. Heç kəsi, arxa-dayağı olmayan bir adam idim. O məni nə ilə mükafatlandırdı, gördüm.
Dövlətimə, millətimə bağlı bir adamam. Əsgərdə olarkən komandir belə bir sual verdi ki, vətən üçün nə edə bilərsiniz? Hamı dedi, canımı verərəm. Dedim, düşmənin canınını qurban edərəm. Canımı qurban versəm, bəs vətən necə olacaq?
Türkiyədə işləyirdim, pulu oradan qazanırdım, ancaq yarışa gedəndə Azərbaycan bayrağını qaldırırdım. Azərbaycandan mənə iradlar tutulurdu ki, sənin ixtiyarın yoxdur bayraq qaldırasan.
- İradı kim tuturdu?
- Tahir Əmiraslanov. Sonucu dəfə görüşdə ona bildirdim ki, Vətənin bayrağını yüksəklərdə tutmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Doğru addımlarla yüksəkdə tutsun, yanlışlarla deyil. Daim bayrağımızı doğru addımlarla yüksəkdə tutmuşam.
- Milli Kulinariya Mərkəzinin üzvüsünüz?
- Xeyr. Milli Kulinariya Mərkəzinin üzvü deyiləm. Olmaq da niyyətində deyiləm. Üzv olmaq üçün təkliflər olub, ancaq istəmirəm.
- Səbəb nədir?
- Səbəbləri sıralamağa ehtiyac duymuram. Azərbaycanda İtaliyadan, Türkiyədən, Səudiyyə Ərəbistanından "Mübarizlə işləmək istəyirik" deyən çox tələbə var. Azərbaycanda Texnologiya Universitetində iki dəfə, Qafqaz Universitetində və Türkiyədə Muğla Turizm Universitetində seminar vermişəm. Xarici seminarlar ödənişlidir, ancaq Azərbaycanda pul almıram. Bu gün ölkənin ən məşhur otellərində mənim tələbələrim işləyir. Bir çox otel restoranının baş aşpazı tələbəmdir. Özüm hələ də bu işi öyrənirəm, öyrənməyə həvəsim var. Bu yaxınlarda ABŞ-da Azərbaycanı təmsil edəcək bir şəbəkə üzərində çalışıram. Artıq yarışlara getmirəm, heç münsif kimi də yarışlara qatılmıram. Tədbirlərə aşpaz-şoumen kimi çağırsalar təklifi qəbul edərəm. 2014-cü ildə Avropanın aşpaz-şoumeni adına layiq görülmüşəm. Təkəbbürlü deyiləm, ancaq yarışlara qatılmıram. Onsuz da sertfikatımın, medalımın sayını bilmirəm.
Bu il dost ölkələrdən birindən qidaların hazırlanması və iaşə üzrə universitetə dəvət ediblər. Fəxri tələbə olacam. Heç bir illik ödəniş ödəmədən təhsil alacam və mənim qalmağım üçün üçün otel də tutublar. Tək bir şərtləri var: bütün yarışlarda bizim universitetin loqosunu vursun və bu universitetin tələbəsi olmuşam desin. Memar Sinanın, Üzeyir Hacıbəyovun diplomu var idimi? İnsanın həyatda yaşamağı üçün diplom, yoxsa təcrübə vacibdir? Azərbaycanda heç bir diplomum yoxdur. Bir universitetdə İqtisadi hüququn tənzimlənməsi üzrə təhsil alıram. Gördüm ki, bu mənə aid deyil, təhsilimi yarımçıq qoydum. Boş-boşuna gedib gəlirdim. Mətbəximdə olan qayda-qanun universitetdə yox idi. Bizim iş peşəkarlıq tələb edir.
Tahir Əmiraslanov və müavini Ceyran xanım texnoloqdur, ancaq adlarının qabağına yazırlar baş aşpaz. Baş aşpazın oxumağa 40 yaşından sonra vaxtı olur. Bir mətbəx aşpazının 40 yaşından sonra oxumağa vaxtı olar. 40 yaşına qədər o, təcrübə toplamalıdır. 13 yaşımdan bu işin içində olmuşam. Evdə deyil, toylarda, yas yerlərində yüzlərlə adamın yeməyini bişirirdik. 26 yaşımda usta aşpaz idim. 40-dan çox sertifikatım var. Heç biri də yalançı deyil. Bu iş əmək, tər istəyir. Bu gün yanıma peşə məktəbini bitirən aşpazlar gəlir. Baxıram ki, 5, 6-cı dərəcəli aşpazdır. 6-dan yuxarı aşpazlıq dərəcəsi yoxdur. Adamın 23 yaşı var. Aşpazlıqla bağlı heç nəyi bilmir. Sual verirəm, bu dərəcəni kim verib onlara? Mənim heç 1-ci dərəcəm yoxdur. Sadəcə Azərbaycanda dərəcəm yoxdur.
- Niyə yoxdur?
- Azərbaycanda yüzlərlə adama ustalıq dərəcəsi diplomu verilib. Bir komissiya təşkil olunsun və o dərəcə alanlar da, mənim tələbələrim də imtahan versin. Mənim tələbələrimin niyə önünü kəsirlər? Mənim də qabağımı kəsirlər. Bilmədiyim nə varsa, öyrətsinlər. Öyrənməyə hər zaman hazıram. Kim nə edir özü bilsin, Allahı bilsin.
- Deyirlər, aşpazlar öz bişirdikləri yeməkləri yeyə bilmirlər. Sizdə də belə bir xasiyyət var?
- Öz bişirdiyim yeməkləri hamı çox bəyənir, ancaq mən bəyənmirəm.
- Səbəb nədir?
- Bəlkə də bəyənmədiyim üçün bu yerlərə gəlmişəm. Yeməyi hazırlayıram, aşpazlar çox bəyənirlər. Özüm bəyənmirəm. Mütləq bir nöqsan tapıram. Ən sevdiyim yemək pendir-çörəkdir. Bəlkə də yeməyin içindəyəm deyə pendir-çörəyi sevirəm. Bir də anamın bişirdiyi yeməkləri əvəzsiz hesab edirəm.
- Evdə aşpaz kimdir?
- Yeməkləri həyat yoldaşım hazırlayır. 13 ildir evliyik. 3 övladım var. Ayda 1-2 dəfə özüm yemək hazırlayaram. Qonaq gələndə bəzən yeməkləri özüm hazırlayıram.
- Əl dadı sözü nə dərəcədə düzgündür?
- Əl dadı deyilən bir şey yoxdur. Sadəcə bişirmək texnologiyası var. Soğan 3 dəfə dad dəyişir. Analarımızın cehizlik, əyri-üyrü bir qazanı var, o qazanda yemək bişirəndə dadlı olur. Çünki uzun illər onun üzərində təcrübə qazanıblar. Bu qazanda bişirməyi öyrəniblər. Bişirmə qaydası var.
- Qadınlar yaxşı aşpazdır, yoxsa kişilər?
- Evdə yaxşı aşpaz təbii ki, analarımızdır. Bunu qoyuruq bir kənara. Peşəkar tərəfdən baxdıqda dünyanın ən güclü 100 baş aşpazı arasında 1 və ya 2 qadın var. Əsasən ən yaxşı aşpazlar kişilər sayılır. Kişilər daha dözümlü və intizamlı olurlar. Mətbəxdə hər kəs dözümlü olmur. Mətbəx şəraiti çox sərt olur. Daim adrenalin yaşanır. 8-10 saat mətbəxdə işləmək çətindir. Oksigen qıtlığı olur. Mənə görə yaxşı baş aşpaz cənnətlə müjdələnib. Çünki, aşpaz kəfən kimi ağ geyinir, cəhənnəmdəki kimi alovlu mətbəxdə işləyir. Aşpazın qeybət etməyə də vaxtı olmur. İnsanlara müntəzəm xidmət göstərirlər. Pul ödəmək haqq ödəmək demək deyil. Biz əməyin haqqını ödəyirik.
- İşçiləri hansı əsaslarla işə qəbul edirsiniz?
- İşçi götürəndə onun diplomuna baxmıram. Onun şəxsiyyəti, güclü aşpaz olub-olmaması da maraqlı deyil. Birinci növbədə əxlaqı maraqlıdır. Əxlaqlıdırsa, işi bilməsə də, onu öyrədəcəm. Ancaq işçi namizədi əxlaqsızdırsa, ona əxlaq öyrədə bilməyəcəm.
Bizim ölkənin birliyə, bərabərliyə ehtiyacı var. Diplomlu-diplomsuz, kəndli-şəhərli, fəhlə-deputat hamımız birlik olmalıyıq. Ölkəmizin bayrağını ucaltmaq hər bir vətəndaşın borcudur.
Sonda baş aşpaz Mübariz bildirdi ki, bundan sonra Ölkə.Az-ın qida üzrə müxbirliyini də edəcək. Oxucularımıza fərqli yemək reseptləri təqdim edəcək.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics