17.12.2016

İtkin düşən neftçilərin ailələrindən - REPORTAJ + Fotolar

Xəzər yenə 10 can aldı...
Dünən kükrəyən Xəzərdən bu gün əsər-əlamət yox idi. Ələtə gedərkən yol boyu Xəzəri izləyirəm. Sakit, təmiz, özünü ağıllı uşaqlar kimi aparırdı. Dəcəllik edib, etdiyi yaramazlığa görə cəzalandırılmaq istəməyən uşaqlar kimi sakit və kirimişcə durmuşdu. Ancaq özünü ağıllı uşaq kimi göstərən o Xəzər 10 ailəni başsız, neçə uşağı atasız, neçə qadını arxa-dayaqsız qoydu.

Ələt qəsəbəsindəyik. İlk gedəcəyimiz qapı Zülfüqarovlar ailəsinin həyətidir. Məlum hadisə zamanı bu ailədən iki qardaş dənizdə itkin düşüb.
Ailənin böyük oğlu, Zülfüqarov Pərvin Güloğlan oğlu danışır: "Hadisə barədə dünən səhər saat səkkiz radələrində xəbər tutduq. Qardaşım zəng edib dedi ki, dənizdə estakada aşıb. Atamgil də orada olub".

Zülfüqarovlar ailəsi dənizdə batan qardaşların cəsədini gözləyir.
Estakadanın aşması nəticəsində 10 nəfər sulara qərq olub. 10 nəfərdən 5-i Ələt qəsəbəsinin sakinidir.
Qəza nəticəsində itkin düşən Güloğlanın 8 övladı var. Onlardan 5-i oğlan, 3-ü isə qızdır. Güloğlan kişi övladlarından yalnız Pərvinin toyunu görüb.
Güloğlan kişinin yaxın qohumu Cəbrayılov Mikayıl Əlibala oğlu bildirdi ki, çox gözəl, sadə insanlar idi. Başlarını aşağı salıb ailələrini dolandırırdılar. Dövlət heç olmasa bu ailəyə yardım etməlidir.

Yenidən Güloğlan Zülfüqarovun böyük oğlu Pərvinlə danışırıq. Pərvin deyir ki, atam evdə işi barədə danışmırdı. Ona görə də, estakadanın qəzalı vəziyyətdə olub-olmamasını bilmirdik. Sonradan məlum oldu ki, estakada qəzalı olub.
Güloğlan və Azay Zülfüqarovlar 1 aydır ki məzuniyyətdə imişlər. 3 gün öncə məzuniyyətləri bitib, işə çıxıblar. İlk iş günləri isə qara gəlib.
Pərvin deyir ki, ayın 15-i evə gəlməli idilər. Atalarını evdə gözləyən ailə dənizdə baş verən faciə xəbəri ilə yıxılır.
Güloğlanın qardaşı oğlu Akim bildirir ki, küləyin olacağı bəlli idi. Estakadanın vəziyyəti də bəlli idi. Bu qədər insanı niyə ölümün cənginə atırdılar?
Gəl, indi bu suala cavab ver. Nə isə...
Zülfüqarovlar ailəsinin yaxın qonşusu Qayıbov Hacıağa deyir ki, dünən SOCAR və FHN rəhbərliyi hadisə ilə bağlı qərar çıxarıb. Qərara əsasən, dənizə aşan estakada 1996-cı ildən istismar müddətini başa vurub. Bundan başqa da belə hadisələr olub...
"Burada gördüyünüz camaatın əksəriyyəti işsizdir. Arxan və pulun yoxdursa, Allah ümidinə yaşamağa məhkumsan", qonşu bildirir.
Həyətdə qonşularla söhbət vaxtı Azay Zülfüqarovun körpə uşaqları yanımıza gəlir. Amin və Süleyman dünyadan xəbərsiz, bu insanların həyətlərinə niyə gəldiyini anlamırlar.
Azay Zülfüqarovun həyat yoldaşı Çimnaz xanımla söhbət edirik. Çimnaz xanım deyir ki, hadisə barədə səhər tezdən xəbər tutduq. Çimnaz xanım yoldaşı ilə sonuncu dəfə axşam saat 20:00 radələrində danışıb:
"Həmişəki kimi danışdıq. Uşaqları soruşdu, məni soruşdu, sağollaşdıq. Səhər isə telefonuna zəng çatmadı".
Çimnaz xanım işləmir. Ağdam sakini olduğunu deyən Çimnaz xanım evlərinin olmadığını da bildirdi. Çimnaz xanım deyir ki, hələ onlarla heç kim maraqlanmayıb.
“Hökumədən xahiş edirəm, köməklik göstərsin. Yalvarıram, mənə yox, bu körpələrə köməklik göstərsinlər”, - deyə Çimnaz xanım ağlayaraq yardım istədi.
Ayazın körpələrinin birinin 4 yaşı var, digəri isə dekabrın 30-da 2 yaşını tamamlayacaq.
Güloğlan Zülfüqarovun həyat yoldaşı danışmaq istədi, ancaq halı pisləşdi və üzünə su vurdular. Ağlamaqdan başqa heç nə deyə bilmədi...
Zülfüqarovların həyətində 30-a yaxın adam var. Onlar da Zülfüqarovlar kimi dənizdə itkin düşən yaxınlarından xəbər gözləyirlər...
Zülfüqarovlar ailəsindən çıxıb Əsədovlar ailəsinə gəlirik.
Evin qarşısına toplaşanların sayı çoxdur. Hamının qulağı telefondadır. Dənizdə itkin düşmüş Samir barədə xəbər gözləyirlər.
Samirin 76 yaşlı atası danışa bilmir. Əlləri əsir, səsi titrəyir. Ata oğul dərdi çəkir...
Samir Əsədovun qardaşı Cəfər Əsədovla danışırıq.
Cəfər bildirir ki, dünən saat 10:00 radələrində faciə barədə xəbər tutduq. İş yoldaşları zəng edib, xəbər verdi ki, Samirgil qəza nəticəsində dənizə düşüb.
Cəfər dedi ki, Samir özünə qapalı oğlan idi. İşdə olanlarla bağlı heç nə danışmırdı. Başına bir iş gəlsə də, bu barədə danışmazdı.
Samir Əsədov ailəli olub. 3 övladı var. Kiçik övladının 4 yaşı var, böyük qızı 6-cı, ortancıl qızı isə 4-cü sinifdə oxuyur.
Rəsmilər hələ də dənizdə itkin düşənlərin ailəsi ilə maraqlanmır.
Rəsmilərin gəlib-gəlməməsi ilə bağlı sualımıza cavab olaraq Cəfər heç kimin gəlmədiyini və maraqlanmadığını bildirdi. Yalnız yerli qəsəbə nümayəndəsi dənizdə itkin düşənlərin ailələrinə baş çəkib.
Samirgilin həyətində olarkən bildirdilər ki, cəsədlər tapıldıqdan sonra SOCAR rəhbərliyi yas xərclərini öz üzərinə götürəcək. Mərhumların həyətlərində mağar qurduracaqlar.
Cəfər dedi ki, indi məlumat gəldi ki, dənizə düşən konteyner tapılıb. Konteynerin içində 5 nəfər adam var. Çalışırlar o konteyneri çıxarsınlar. Bilmirəm, qardaşım o konteynerin içindədir, yoxsa yox.
Cəfər kövrəlir. Susur...
Cəfər deyir ki, dənizdə itkin düşən digər qəsəbə sakini Güloğlan Zülfüqarovla ailəvi dost idilər. İkisi də getdi. Ailələri başsız, uşaqları atasız qaldı. Getdilər...
Cəfər, “Ümid edirəm ki, dövlətimiz bu ailələrə kömək edər. Samirin 3 övladı var. Balaca bir evi var idi. O ev də tam hazır deyil. Yarımtikili idi. Dövlətimiz yəqin ki, kömək əlini bu ailələrə uzadar”, deyir.
Cəfər yenə susur. Fikrə gedir, gözləri dolur. Sonra qəmli-qəmli deyir: "Dənizə getməmişdən əvvəl gecə bizə gəldi. Oturduq, çoxlu söhbət etdik. Yemək yedik. Sağollaşdıq. Elə sağollaşdı ki, elə bil əlvida deyirdi. O an adam heç nə başa düşmür. İndi düşünürəm, mənə elə gəlir ki, sanki onun ürəyinə dammışdı".
Cəfər bu sözləri deyərək ağlayır. Gözlərini silə-silə dedi: "Samir mənə dedi, qardaş, sabah işə gedirəm". Sağollaşıb, evinə getdi.
Cəfərin sözlərinə görə, hadisə baş verən gün mərhum neftçi ailəsi ilə danışıb. Həyat yoldaşı zəng edib. Ancaq Samir telefona cavab verməyib. Sonra zəng edib yoldaşına deyib ki, məni niyə axtarmısınız? Mən özüm zəng edəcəm, mənə zəng etməyin.
Bundan sonra Samir dediyi kimi də olacaq, ona heç kim zəng edə bilməyəcək. Heç o da zəng edə bilməyəcək. İstədiyi vaxt yuxulara gələcək...
Əsədovların evindən çıxıb, Qafarovlar ailəsinə gəlirik.
Ələtdə beşmərtəbəli binalarda yaşayan Qafarov İlhamgilin həyətinə çatanda gördük ki, SOCAR-a məxsus maşınlar, avtobuslar binanın qarşısında dayanıb. Məlum oldu ki, Qafarov İlhamın cəsədi tapılıb və dəfn edilib. Olduğumuz digər evlərdən fərqli olaraq burada rəsmi şəxslər də var idi.
İlhamın bacısı oğlu Elvin Hətəmov hadisə barədə bizə danışır: “Səhər saat 07:00 radələrində zəng gəldi ki, dənizdə estakada uçub. Dayıma zəng etdik. Telefon sönülü idi. Orada işləyən digər dayım Davuda zəng etdik. Davud dayım dedi ki, estakada uçub, İlham da dənizə düşüb”.
Elvin bildirdi ki, dayısının cansız bədəni 15 dekabr gecə saat 03:00 radələrində tapılıb və bu gün dəfn edilib.
Qafarov İlham ailəli idi, 3 övladı var.
İlham Qafarovun iş yoldaşı Nəcəfov Ramil Əliş oğlu ilə söhbət edirik. Ramil bildirir ki, hadisə günü evdə idim. Xəbər gəldi ki, Qorxmazgil suya düşüb. Elə bildim ki, bir Qorxmaz suya düşüb. Sonradan xəbər gəldi ki, 10 nəfər qəzaya uğrayıb.

Ramil deyir ki, həmin gün iş günüm deyildi. İş günüm olsaydı indi mən də dənizdə batmışdım. Söz tapa bilmirəm...
Qafarov İlham qardaşı Davudla həm də iş yoldaşı olub. Hadisə olan gecə Davud da növbədə olub.
Qafarov Davud danışır: “27 ildir ki mən, 25 il idi də qardaşım İlham neftçi işləyir. İlham estakadaya çıxırdı, mən isə arxada işləyirdim. Axşam saat 23:30 radələrində İlham mənə zəng vurdu. Dedi, ehtiyatlı ol, külək əsir, külək daha da güclənəcək.

Mən də ona dedim ki, qardaş, sən də ehtiyatlı ol. Son danışığımız bu oldu. Səhər saat 04:30 olardı. İlhamın işlədiyi estakadanın işığı həmişə görünürdü, ancaq gördüm ki, işıq yoxdur. Şübhələndim. Hava işıqlaşandan sonra bir nəfər mənə zəng edib dedi ki, qardaşın olduğu estakada uçub. İlhama zəng etdim, gördüm telefon söndürülüb. Xilasedicilər gəldilər, axtarışa başladılar. Bir müddət sonra qardaşımı sudan tapdılar. Məni apardılar ki, görüm həqiqətən həlak olan qardaşımdırmı. Getdim gördüm ki, qardaşım ölüb...”
Davud bir qədər fikrə gedir. Sonra əlavə edir ki, əynində jileti, ayağında çəkmə olub, kaska da başından düşüb.
Davud deyir ki, estakada təmir edilirdi: "Hər tərəf təmir edilmişdi, qardaşım işləyən tərəf də təmir ediləcəkdi".
“Qardaşımı dəfn etdik. SOCAR rəhbərliyi, işlədiyimiz şirkətin rəhbərliyi köməklik edirlər. Mənim başım qarışıq idi, gəlib gördüm ki, yas mərasimi ilə bağlı hər şeyi təşkil ediblər”, - deyə Davud Qafarov dedi.
Sonda Davud Qafarov bildirdi ki, itkin düşənlərin də tapılmasını arzu edirəm. Heç kimin gözü yolda qalmasın.
Ələt qəsəbəsindən ayrılıb Hacıqabul rayon Atbulaq kəndinə yola düşürük.
Kənd sakini Rüstəmov Qorxmaz da Xəzərdə batanlar arasındadır. Qorxmazın atası Rüstəmov İsbat Qara oğlu deyir ki, Qorxmaz dekabrın 11-də işə getmişdi.
“Bala, heç nə bilmirəm, heç nə demirəm. Bir onu bilirəm mənim başıma daş düşdü”, deyib, siqareti siqaretə calayır.
“Bu hadisədən bir neçə il əvvəl 7 nəfəri qəbrə qoymuşam, mənim də alnıma bu yazılıb”, deyərək yenidən siqaret yandırır. Sanki siqaretdən heyif çıxır.
Qonşular bildirir ki, İsbat kişi bir neçə il əvvəl qızını, oğlunu, nəvəsini avtoqəzada itirib. İsbat kişinin bir tək övladı Qorxmaz qalmışdı, o da dənizdə batıb. Rəhmətə gedən oğlunun evinin qapısı bağlıdır. Bir ata üçün bundan ağır dərd nə ola bilər, bilmirəm.
Qonşuların sözlərinə görə, heç bir rəsmi şəxs gəlib maraqlanmayıb.
İsbat kişi əsəbləşib kənara çəkilir. Qonşulardan biri deyir ki, görəsən sağ qalan olar orada? Bunu eşidən İsbat kişi deyir ki, ola bilməz, ölüb. Mümkün deyil sağ qalsın...
İsbat kişi deyir ki, heç kimdən də heç nə istəmirəm. Guya mənə bir şey versələr yaram sağalacaq? Mənim üçün artıq həyat bitib...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics