Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissə olub. Hərbi hissə Laçın dəhlizindən tutmuş Xocavənd, Ağdam, Füzuli, Ağcabədi istiqamətində çoxlu döyüş əməliyyatı həyata keçirib.
Bu dəfəki müsahibimiz 704 saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri Tofiq Qasımovdur.
Ölkə.Az Tofiq Qasımovla müsahibəni sizə təqdim edir:
Qısa arayış:
Qasımov Tofiq Naib oğlu. 1958-ci il 3 noyabr tarixində Masallı rayon Mahmudavar kəndində anadan olub. Sovet ordusunda xidmət edən Tofiq Qasımov Almaniyada hərbi xidmət keçib. Bir müddət Rusiyada milis sistemində işləyib. 1986-cı ildə Rusiyanı tərk edərək Azərbaycana yaşamağa gəlib. 1988-ci ildə Ukraynada gizirlik məktəbinə oxumağa gedir. Oxuyub geri qayıdan Tofiq Sovet Ordusunun Mahmudavar təlim mərkəzində atış məntəqəsinin rəisi olur. 4 il orada işləyir. 1992-ci il avqust ayının 27-də Sovet Ordusu Azərbaycandan çıxanda təxris olunur. 1 sentyabr 1992-ci ildə Azərbaycan silahlı qüvvələrinə könüllü surətdə yazılır. 2004-cü il 4 yanvarında Azərbaycan silahlı qüvvələrindən təxris olunub.
- Təlim mərkəzində texnikalar var idi. Onların taleyi necə oldu?
- O dövrdə rus komandirləri istəyirdilər ki, təlim mərkəzindəki texnikanın hamısını satıb, bununla bağlı silinmə aktı versinlər. Bunu eşidən kimi hərbi prokurora şikayət ərizəsi yazdım. Bundan xəbər tutan diviziyanın komandiri məni yanına çağırdı və həbslə hədələdi. Komandir dedi ki, sən kimsən axı bizim işimizə mane olursan? Dedim, siz sabah buradan gedəcəksiniz, ancaq burada mən cavab verməli olacağam. Məndən soruşacaqlar ki, niyə yol verdin təlim məntəqəsində bu qədər texnika satılsın? Həm də bu texnika Azərbaycan xalqına məxsusdur. Onlara texnikanı satmağa imkan vermədim. Həmin texnika Mahmudavar təlim mərkəzində hələ də durur.
1992-ci ilin yay aylarında rus qoşunları Azərbaycanı tərk etməyə başlamışdı. Bu zaman yeni yaranmış əlahiddə kəşfiyyat bölüyü komandir Nəhmətov Yaqubun başçılığı ilə Mahmudavar təlim mərkəzinə yerləşdi. Onlar burada 3 yüksək çinli rus zabitinin də iştirakı ilə təlim keçirdilər. Mən də bu təlimlərə böyük maraq göstərib onlara bu işdə yardımçı olurdum. Bu müddət ərzində Yaqubla və digər əsgərlərlə çox isti münasibətlərim yarandı. Onların təlimləri 2 aydan çox davam etdi. Kəşfiyyat bölüyünün şəxsi heyəti qruplarla döyüş bölgələrinə: Ağdərə, Fizuli və Xocavəndə göndərilirdi.
1 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinə gəldim. 23 sentyabr 1992-ci ildə hərbi hissəmiz Xocavənd rayonu istiqamətində olduğundan rayona gəlib kəşfiyyat bölüyünə komandir müavini təyin olundum. Bu vaxta qədər kəşfiyat qrupumuz artıq bu istiqamətdə 2 döyüşdə iştirak etmişdi. Mənim də bura gəlməyim lap yerinə düşdü. O vaxtdan təxris olana qədər döyüş bölgəsində xidmət etdim.
- Döyüş yolunuzdan danışın.
- Xocavənd istiqamətində kəşfiyyat bölüyünə təyin olunandan 1 gün sonra Laçına getmək barədə əmr aldıq. Biz 24 sentyabr tarixində Qubadlının Xanlıq kəndində məskən saldıq. Briqada yerləşəndən sonra biz kəşfiyyata getdik.
- İlk əməliyyatınız hansı olub?
- İlk əməliyyata Qubadlı rayonundan başladıq. Orada demək olar ki, 20 gün ərzində hər gün döyüşdə olduq. Uğurlu əməliyyatlarımız oldu. Orada Qızqəbiri deyilən yer var idi. Ermənilər bizim meyitlərimizi eybəcər hala salmışdılar. 25 sentyabrdan 2 oktyabra qədər hücum əməliyyatlarımız davam etdi. Laçın dəhlizini nəzarətə götürdük. Azərbaycan bayrağını ən yüksək zirvə olan Susuzdağa sancdıq. Erməniləri Gorusa qədər qovub aparmışdıq. Əmr versəydilər Gorus rayonunu da ala bilərdik. Sonra atəşkəs elan edildi. Biz görürdük ki, Gorus tərəfinə ermənilər texnika yığır. Bu barədə qərargaha xəbər verdik. Ancaq bizə atəş açmamaq barədə əmr verdilər. Biz yolları minalamaq istəyirdik. Bizə deyirdilər ki, siz səhv görürsünüz, biz buradan (qərargahdan, Bakıdan) yaxşı görürük. Ermənilər 3 gün, 3 gecə bizim qarşımızda möhkəmləndilər, qüvvə yığdılar. 3 gün sonra gecə ermənilər hücuma keçdilər. Biz çoxlu itki verərək 1-2 gün ərzində Qubadlı rayonunun Muradxanlı kəndinə qədər geri çəkildik. Dəhlizi alana qədər xeyli sayda itki vermişdik, ona görə də qüvvələr nisbəti düşmənin xeyrinə idi. Məcburən geri çəkilməli olduq. Hərbi hissə komandiri Bakıdan kömək istəsə də heç bir kömək olmadı.
- Əliyar Əliyevin ölümü barədə nə deyə bilərsiniz?
- Biz döyüşçüyük. Əliyar Əliyev Qubadlının özünümüdafiə taborunun komandiri idi. Biz isə 820 saylı hərbi hissənin əsgərləri idik. Hərənin özünə görə tapşırığı var idi. Əliyar Əliyevin taboru Ermənistanla sərhəddə dəhlizi qoruyurdu, biz ortada idik. Qaradağ tərəfdən isə dəhlizi Vaqif Cabbarovun taboru qoruyurdu. Oktyabr ayının 3-ü eşitdik ki, Əliyarı vurublar. Onu bilirəm çox güclü, mərd döyüşçü olub. Düşmənin çoxlu sayda hərbi texnikasını ələ keçirib, canlı qüvvəsini məhv edib.
- Qubadlıdan hara getdiniz?
- 1992-ci ilin oktyabrında bizim briqadamızı döyüş bölgəsindən çıxardılar. Açığı biriqadada canlı qüvvə qalmamışdı. Demək olar ki, briqadanın şəxsi heyətinin çoxu yaralanmış və həlak olmuşdu. Biz yenidən Lənkərana qayıtdıq. Bu zaman 820 saylı hərbi hissənin bazasında 704 saylı briqada yaradıldı. 1992-ci il dekabrın 27-də məni bölük komandirinin müavini olaraq yenidən Ağcabədi rayonu Meşə İdarəsinə göndərdilər. Kəşfiyyat bölüyümüz orada bir neçə gün qalandan sonra Ağcabədinin Afşar kəndinə gəldik. Bundan sonra Ağcabədi, Beyləqan və Xocavənd istiqamətində döyüşlərimiz başladı.
- Siz orada olduğunuz zaman 704 saylı hərbi hissə hansı ərazilərə cavabdeh idi?
- Fizuli rayonunun Aşağı Veysəlli kəndindən Ağcabədi rayonunun Qiyaməddinli kəndi də daxil olmaqla geniş bir əraziyə biz cavabdehlik daşıyırdıq.
Hərbi hissəmizin şəxsi heyətindən başqa bu ərazidə yerləşən özünümüdafiə qüvvələri də bizim briqadanın tabeçiliyinə verilmişdi: Beyləqan, Xocavənd taborları, Afşar bölüyü. Bu qüvvələrin tərkibində olan kəşfiyyat bölmələri də mənə tabe idi.
- 704 saylı hərbi hissə nə zamandan cəbhə bölgəsinə tam yerləşdi?
- Bizim briqada 1993-cü ilin yanvar-fevral aylarından başlayaraq cəbhə bölgəsində yerləşməyə başladı. Və bu proses bir neçə ay davam etdi.
- Gəlin, iştirak etdiyiniz əməliyyatlardan danışaq.
- 1992-ci ilin fevral ayının 9-da bizə məlumat çatdı ki, ermənilər Xocavənd istiqamətindən hücuma keçiblər. Dərhal köməyə getdik. Nərgiztəpənin üstündə Xonaşen çayı yaxınlarında ermənilərin qarşısını aldıq. O zaman Nərgiztəpə ermənilərdə qaldı. Həmin ərazidə Avşar kəndinin özünümüdafiə bölüyü dururdu. Ermənilər hücum edən zaman həmin bölükdən bir neçə nəfər şəhid olmuşdu, meyitləri də orada qalmışdı. Heç kəs oraya gedib düşmənin gözü qabağında meyitləri çıxarmağa cürət etmirdi. Avşar kəndinin sakinləri yanımıza gəlib dedilər ki, uşaqlarımızın heç olmasa meyidini gətirin. 3-4 gün ərzində 6 meyit çıxardıq. Çıxardıq deyəndə biraz bəsit səslənir. Bir gecə ərzində 4 meyit tapdıq. Əvvəlcə tapdığımız 2 meyiti Avşar kəndinə göndərmək üçün 8 əsgər ayırdım. Onlar getdilər, 4 əsgərlə axtarışlara davam etdik. Bir qədər sonra əlavə 2 meyit də tapdıq. Əsgərlər yorulmuşdular və ac-susuz idilər. Hər tərəf qar idi və şaxtadan hərəkət etmək olmurdu. Gördüm əsgərlərdə taqət yoxdur. Meyitləri bir yerə çəkib, üzərinə də nişan qoyduq, getdik ki, növbəti gecə gəlib meyitləri çıxardarıq. Gecə Avşar kəndinə yaxın fermaya gəldik. Gördük ki, Avşar camaatı hamısı çöldədir. Camaatın yanına düşdük. Əsgərlərə dedim ki, meyitləri tapdığımızı deməyək. Sonra gedib çıxararıq. Avşar kəndindən Tufan adlı birini batalyona tibb xidmət köməkçisi götürmüşdük. Tufan şəhidlərdən birinin atası Vahid kişi ilə mənə yaxınlaşdı. Vahid kişi mənə dedi ki, komandir, eşitmişik meyitləri digər yerlərdə 2 milyona (o zamankı pulla) çıxarırlar. Bu camaat deyir ki, sən neçə milyon istəyirsən de, kənd camaatı verməyə hazırdır. Mən onun üzünə tüpürüb dedim ki, o uşaqlar döyüşə girib, orada şəhid olublar, mən onların meyidini pulla çıxaracam? Onlar da bizim balalarımızdır. Tufan isə həmin kişiyə dedi ki, sənə demişdim axı bu sözü demə.
Həmin gecə əsgərlərlə qərargaha qayıtmadıq, orada yemək yedik, paltarlarımızı qurutduq, səhərə yaxın təzədən gedib, meyitləri çıxardıq. Çıxardığımız meyitlərdən biri Milli Qəhrəman Abdullayev Namiqin nəşidir.
- 1993-cü il 12 iyulda ermənilər Xocavənddən çıxıb Ağdamın Mərzili, Yusifcanlı, Qiyaməddinli kəndlərinə hücum etmişdilər. O ərazilərin bir hissəsinə sizin briqada cavabdeh idi. Bu barədə nə deyə bilərsiniz?
- Xəbər gəldi ki, ermənilər Qiyaməddinli kəndi istiqamətində hücuma keçiblər. BRDM-lə o istiqamətdə getdik. Dedilər ki, ermənilər hücum etmişdi, sonra Mərzili istiqamətinə getdilər.
- Həmin gün ermənilər Mərzili, Yusifcanlı, Qiyaməddinli kəndinə girib. Yusifcanlı kəndindən Ənnağı, Mirzə və Kəklik adlı 3 nəfəri əsir aparıb.
- Amma biz Qiyaməddinliyə çatanda bu istiqamətdə döyüşün şahidi olmamışdıq.
- Binəqədi batalyonunun qırılmasından danışın.
- 1993-cü ilin dekabr ayı idi. Neçə gün idi ki çimmirdik. Mən komandir idim. Mənim ayağımdan neçə həftə idi ki çəkmə çıxmırdısa, görün, əsgərlərim nə gündə idi. Briqada komandirinin sərəncamı ilə hamama gedirdik. Təzəkənd yolunda UAZ bizim qarşımızı kəsdi. Məlumat verildi ki, ermənilər Binəqədi batalyonunun mövqelərinə hücum edib, çoxlu itki var. Yoldan geri qayıtdıq. Bölük komandiri Şükürov Yaşar, mən, taqım komandiri Vəliyev Ramiz və 13 əsgər o istiqamətə yollandıq. Yolda Binəqədi batalyonunun əsgərlərinə rast gəldik. Lakin onlardan heç kim bizimlə geri qayıtmadı. Biz tərk edilmiş mövqelərə çatanda orada ermənilər yox idi. Tanklar səngərlərin üstündən fırlanıb qayıtmışdılar. Binəqədi batalyonu çoxlu sayda itki vermişdi. Əsgərləri səngərlərə yerləşdirdik. Bölük komandiri, mən və bir neçə əsgər irəli getdik. Bir qədər irəlidə düşmən texnikalarının cəmləşdiyini gördük, yanacaq doldururdular. Rabitə ilə artilleriyamıza koordinatları verdik, həmin istiqaməti atəşə tutdular. Hər tərəfi qara tüstü bürüdü. Düşmən texnikası pərən-pərən düşdü. Bu zaman bir BMP 2 bizi gördü və bizə tərəf gəlməyə başladı. Heç kimin başını qaldırmamasını əmr etdim. BMP bizi nişan ala bilmədi və yerimizdən tərpənməyib geri dönmədiyimizi görüb daha yaxına da gəlmədi. Çox güman ki, minaatanla vurulmasından qorxub geri döndü. Artıq hava qaralırdı, səngərlərə qayıtdıq. Biz səhərə qədər oranı qoruduq. Səhər bizə kömək gəldi.
- Ağdaş əməliyyatı haqqında danışın.
- 1993-cü il 11 dekabrda əmr verildi ki, mühəndis istehkam və kəşfiyyat bölüyü Ağdaş yüksəkliyi istiqamətinddə hücüma keçsin. Hansı qanunda, hansı hərbi kitabda var ki, mühəndis istehkam bölüyü və kəşfiyyat bölüyü döyüşə girsin? Mühəndis istehkam və kəşfiyyat bölüyü açıq döyüşə girdi. Həmin hücumda mühəndis istehkam bölüyünün komandiri Milli Qəhrəman, baş leytenant Elşad Əhədov şəhid oldu, bizim əsgərimiz Həsənov Zülfüqar yaralandı. Biz Ağdaş yüksəkliyini aldıq.
- 1-ci Üçtəpə əməliyyatı.
- 28.01.1994-cü il tarixində rabitəçi əsgər qaçaraq yanıma gəldi və hərbi hissə komandirinin mənimlə danışmaq istədiyini dedi. Hərbi hissə komandiri bir kəlmə dedi ki, təcili yanıma gəl. Getdim. Mənə dedi, bu bölüyü götürüb Üçtəpə istiqamətində hücum keçirsən. Əsgərləri tanımıram. O əsgərlər də məni tanımır. Əsgərləri götürüb hücuma keçdik. Ermənilər yaxşı müdafiə qurmuşdu. İmkan vermədilər başımızı qaldıraq. Həmin gün əməliyyat baş tutmadı. Onun səhərisi günü hərbi hissə komandirinin sərəncamı ilə Prişib taborunun komandir müavini Güloğlan Bağırov bizə 2 BMP, 2 ədəd də tank verdi. Texnikanın da köməyi ilə həmin dağı günün günorta çağı aldıq. Bir dənə də olsun əsgərimin burnu qanamadı. Hərbi hissə komandiri mənə demişdi ki, o yüksəklikləri al, həmin saatda piyada taboru ora gələcək. Yüksəkliyi aldıq, nəinki tabor, bir dənə də olsun əsgər köməyə gəlmədi. Hava qaraldı. Ermənilər elə havanın qaralmağını gözləyirmiş. Gecənin qaranlığı olduğu üçün də tank və BMP-lərimiz işləyə bilmədi. Ermənilər xəritəyə baxıb asanlıqla bizim olduğumuz yeri top və minaatanlardan atəşə tutdu. BMP-2 və tank isə xəritə ilə işləmir ki, yer deyəsən oranı vursun, dəqiq atəş açmaq üçün görmək lazımdır. Bir nəfər belə itki vermədən aldığımız yerdən artıq meyitlərimizi daşıya bilmirdik. Yüksəkliyi alanda bir əsgərimin də burnu qanamamışdı, amma gecə ilə ermənilər çox böyük bir qüvvə ilə hücuma keçdiyindən itki verərək geri çəkilməyə məcbur olduq. Bizi müdafiə edən yox idi. Artilleriya işləmədi bizdə.
- Qaraqantəpə döyüşü barədə danışaq.
- 1993-cü ilin dekabrın 29-da xüsusi tapşırıq verildi. Kimin haradan girəcəyi bildirildi. Sübh tezdən kəşfiyyat bölüyü olaraq Qarasu çayının sol tərəfindən 2 zabit, 13 əsgər və 1 ədəd BMP-1, 1 ədəd də BMP-2 ilə hücuma keçdik. Hava dumanlı idi və göz gözü görmürdü. Əməliyyata başlasaq da sağ və sol cinahdan xəbərimiz yox idi. Birdən BMP-1-də nasazlıq yarandı, onu geri göndərdik. Hücumu davam etdirdik. Ermənilərin iki postunu almışıq, ermənilər it kimi qaçırdı. Düşmənin qaçmağı adama ləzzət edir. Onlar qaçır, biz qovuruq. Saat 12-ə işləmiş duman çəkildi. Sağ və sol cinahla əlaqə saxlamaq istəyirik, heç kim cavab vermir. Duman çəkiləndə gördük ki, sağ və sol cinah irəliləməyib, biz iki post alıb getmişik qabağa. Tam ermənilərin içərisinə girmişdik. Bir bəxtimiz onda gətirdi ki, biz BMP-2 ilə getmişik. Bizdən sol tərəfdə təxminən 1 km məsafədə iki tank gördük. Bir də gördüm, tanklar lüləsini bizim istiqamətə çevirdi. Lülədən alov çıxan kimi özümü atdım səngərə. Sol tərəfdən də geri çəkilmiş ermənilər artıq 2 tank və çoxlu sayda canlı qüvvə ilə əks hücuma keçmişdilər. BMP-də mərmi tükənmək üzrə idi. Əsgərlərə komanda verdim ki, səngərlə geriyə qayıdaq. Biz geri çəkilməyə başlayanda tankdan ikinci mərmi çıxdı. Həmin mərmi yaxınlıqda düşdü və qəlpələr 2 əsgərimizə dəydi. Lerikdən olan Yaqubov İsmayıl elə oradaca şəhid oldu. Mərminin qəlpələri Balakəndən olan əsgər Orucov Əşrəfin qoluna və qarın boşluğuna dəymişdi, bağırsaqları görünürdü. Yarası isti olduğu üçün yaralı əsgər qaçırdı. Şəhidimizi və yaralımızı götürüb BMP-2-yə qoyduq. Tanklar atəş açaraq gəlirdi, düzünü deyim, sürətlə gəlmirdi. O an heç kim ölmək istəmir. Ermənilər elə bilirdi, bizdə texnika yoxdu, BMP-2-ni görəndə, tanklar daha sürətlə üstümüzə gəlməyə başladı. Sürətlə oradan geri çəkildik. Mexanikimiz ustalıq göstərdi. Tanklardan açılan mərmilər gah sağımıza, gah da solumuza düşürdü. Öz mövqelərimizə qayıtdıq. Yaralı əsgəri göndərdik hospitala, sonra o da orada şəhid oldu.
- Ən yadda qalan döyüşlərinizdən biri?
- Adımız kəşfiyyat bölüyü olub. Gedib məlumat gətirmək yerinə bizi döyüşə verirdilər. 1994-cü ilin aprel ayının 23-də kəşfiyyat bölüyünə döyüşə girməklə bağlı sərəncam gəldi. Maraqlısı onda idi ki, kəşfiyyat bölüyündə əsgər qalmamışdı, ölən ölüb, çoxlu sayda yaralımız var idi. Bizə 24 əsgər verdilər. O əsgərlər məni tanımırdılar. Komandirlərin şəxsi heyətlə müxtəlif davranışı var. Komandirdən çox şey asılıdır. Elə komandirlər var, özü arxada gedir, əsgəri önə verir. Mənim xarakterimdə əsgəri özümdən bir addım irəli buraxmaq yox idi. Nə qədər əsgərim olub, bunu hamısı təsdiq edə bilər.
Əsgərləri gətirdilər, dedilər, bunları hazırlaşdır, sabah hücuma gedirsiniz. Əsgərlərdən 8 qumbaraatan, 8 pulemyotçu seçdim. Yerdə qalan əsgərləri isə onlara köməkçi verdim. Axşam saat 10, 11 arasında hücum mövqeyimizə getdik. Orada Şahin Əkbərov adlı bir tabor komandiri var idi. Onunla münasibətimiz əla idi. Elə bil onun ürəyinə dammışdı ki, ölümə gedirəm. Aylı gecə idi. Ay günəş kimi hər tərəfi işıqlandırırdı. 24 nəfəri iki qrupa bölüb hücuma keçdik. Bir qrupa mən rəhbərlik edirdim, digər qrupa isə Yaqub Əliyev. Yaquba bir rabitə verdim, o, mənimlə əlaqə saxlayırdı. Mənim rabitəçim isə hərbi hissə komandiri ilə əlaqə saxlayırdı. Hücuma keçmədən əvvəl Şahin Əkbərov məni qucaqlayıb ağladı. Dedi, Tofiq, ölümə gedirsən. İki dağ var idi. Birində bizimkilər, qarşıda isə ermənilər idi. Biz ermənilərin durduğu yüksəkliyi almalı idik. Dağın dibinə çatdıq. Əsgərlərə dedim, az olduğumuz üçün 15-20 metr ara məsafəsi saxlayaraq dağa qalxacağıq. Başladıq hərəkətə. Qabaqda gedirəm. Baxıram əsgər arxamca gəlmir. Ya öz gözlərinə inanmırlar ki, komandir qabaqda gedir, ya da qorxurlar. Qayıdıram geri, əsəbləşirəm, yalvarıram. Sürünə-sürünə dağa çıxırıq. Ermənilərin bizdən xəbərləri yoxdur. Ona görə ki, bizimkilərlə o dağdan bu dağa atışırlar. Biz isə sakitcə qarışqa kimi dağa çıxırıq. Bəxtimiz onda gətirirdi ki, bizimkilərin atdığı mərmilər biz tərəfə düşmürdü. Sürünə-sürünə ermənilərin səngərinin 15-20 metrliyinə çatdıq. "Azadlıq" adlı film var. Orada tankın üzərinə "Stalin uğrunda" yazılıb. Filmdə zabit "Stalin uğrunda" deyərək qışqırır, əsgərlər də "ura" deyərək hücuma keçir. O kinodur, bədiiləşdirilib. O kinoda olanı mən canlı obrazda yaratdım. Səngərə 15-20 metr qalmış yanımda bir pulemyotçu, bir nəfər də qumbaraatan var idi. O biri dəstəyə dedim ki, biz birinci hansı silahdan atəş açsaq, onlar da o silahdan atəş açsınlar. Qumbaraatana dedim ki, atəş aç. Birinci dəfə 8 qumbaraatandan atəş açıldı. O an durdum ayağa. Tüklərim biz-biz oldu. Birdən-birə bağırdım: "Azərbaycan torpaqlarının azadlığı uğrunda irəli, əsgərlər". Əsgərlərim necə "ura" deyib qışqırdısa, erməni bizə bir dənə də olsun güllə atmadı. İnanın, ermənilər o an elə bildi ki, bütün Azərbaycan onların üstünə gəlir. Ermənilər qaçdılar. Bir dənə də olsun mina basdırmamışdılar. Heç kimin ağlına gəlməzdi ki, biz o dağı qalxa bilərik. Orada çoxlu sayda silah-sursat qənimət götürdük, maşınlarımız gəldi, o silah-sursatı apardı. Bizə kömək üçün 10 əsgər və iki mərmisi olan Faqot gətirdilər. Topçuların kəşfiyyat tağımı da bizim yanımıza gəldi. Onlar da koordinat verirdi, bizim topçular da düşmən mövqelərini atəşə tuturdu.
Faqotun yanında durmuşdum. Gördük ki, iki erməni tankı gəlir. Tank yerini tutub nişan alana qədər faqotdan atəş açıldı. Dəqiq atəş açılmışdı, tank vuruldu, tüstüləyə-tüstüləyə dərəyə düşdü. Arxada olan tank vurulan tankın yerinə keçdi. Bu zaman faqotdan ikinci atəş açıldı, ancaq bu dəfə raket tanka dəymədi. O tank geri dönüb getdi. Heç bizə tərəf mərmi də atmadı. Bundan yarım saat keçməmiş bir də gördüm 4 ədəd BMP-2 gəlir. 4 BMP-2 atəşə başladı. Oğul istəyirəm başını qaldırsın. Yaqub Əliyev başından aldığı güllə yarasından orada şəhid oldu. Gördüm ki, ermənilərin qabağını saxlaya bilməyəcəyik. Bizə kömək üçün qüvvə gəlmədi. Erməni tərəfdə isə 4 BMP-2-yə əlavə olaraq tanklar da qoşuldu. Hava qaralmağa başayanda ermənilərin artilleriyası atəşə başladı. Məcburən geri çəkildik. Çoxlu itki verdik. Kömək olmadığı üçün aldığımız yeri qoyub, çəkildik öz mövqelərimizə.
- Yenidən müharibə başlayarsa?
- Biri var, arxa xətdə qalasan ölməyəsən, biri də var, döyüşəsən, o əcəl gülləsi sənə dəyməyə. Bir oğlum var. Oğlum 2006-cı ildə orta məktəbi bitirdi. Ona müəllim tutdum, ancaq oxumadı. Məktəbi qurtarmamış mənə dedi ki, Heydər Əliyev adına Hərbi Dənizçilik Akademiyasına getmək istəyirəm. İmtahan verdi, kəsildi. Məktəbi bitirib universitetə sənəd verdi, yenə kəsildi. Həyat yoldaşım mənə dedi ki, uşağı 1 il saxlat, hazırlaşıb yenidən universitetə sənəd versin. Dedim, neçə illərdir hazırlaşdırıram, universitetə girə bilmədi, 1 illə girəcək? Dedim, əsgərliyə gedəcək. Dedim, özü də, mənim ayaqla gəzdiyim, döyüşlərdə iştirak etdiyim yerlərə getsin, görsün, atası hansı zəhməti çəkib. Elə oldu ki, Ağcabədidəki hərbi hissəyə düşdü. Bir il yarım Ağburun istiqamətində, mənim döyüşdüyüm yerdə xidmət elədi. Ancaq kişi kimi xidmət elədi. İndi mənim oğlum mənim yerimi əvəz edir. Oğlumun iki oğlu var. Nəvələrim də böyüyür. Vətən məni nə vaxt istəsə hazıram. O torpaqları azad etməyə övladlarımla birgə hazıram.
Hiç yorum yok:
Yorum Gönder