Səhər bir də belə açılmayacaqdı. Nə o qızıl güllər olacaqdı, nə də yuxudan duran kimi həyətə qaçacaqdıq. Hə, bir də anam bizi fındıq ağacının ətrafında qovaraq tutmayacaq, yemək masasına oturtmayacaqdı.
Amma o məşum səhər xüsusilə gözəl idi. Bacı-qardaş ilk dəfə idi ki, savaşmırdıq. Mehriban oynayırdıq. Atamın aldığı “Cırtdanın nağılları” kitabını götürüb nənəmgilə yollandıq. Hava isti olduğu üçün yolda tez-tez ağacın altında dayanıb kitabdakı şəkillərə baxırdıq. Nənəmgildə də əsasən təzə kitabla maraqlandıq. Biz niyə mehriban idik axı? Nənəm də bunu sezmişdi. “Hə, bala bax həmişə mehriban olun”- deyib təndirə çörək yapmağa getdi. Biz bacı-qardaş təndirxanaya tərəf yollanan nənəmizin dalınca çığırışdıq: “Nənə, mənə yağlı kökə bişir”. Uzun illərin yorğunu, qocalıqdan beli bükülmüş, yumağa dönmüş nənəm arxaya çevrilmədən: “Bişirəcəm” deyib əlini önlüyünün cibinə qoydu.
Cırtdanın macəraları bizi sehrlədiyi üçün ağacın kölgəsində oturub kitabı vərəqləyirdik. Birazdan təndirxanadan yeni bişən çörəyin ətri həyəti bürüdü. Bacımla udqunaraq isti kökəni gözləməyə başladıq. Gözlədiyimiz kimi oldu, bir müddət sonra nənəm qədim sinidə isti və yağlı kökəni gətirib masanın üzərinə qoydu.
Süfrə açılır. Xalam həmişəki kimi qışqırır - "sən yenə əlini yumamış süfrəyə oturursan?". Qaçıram əlimi yumağa. Bu anda qonşu qaçaraq içəri girir. Təlaşla deyir: "Tez çıxın evdən. Ermənilərin kəndə girməyinə az qalıb".
Hərə bir tərəfə qaçır. Nənəm qarğış edir, xalam paltar götürür. Əlimi silməyə macal tapmamış nənəm deyir "siz qaçın evinizə, anangillə birlikdə qaçın". Bacımın əlindən tutub evə qaçmağa başlayırıq. Nənəmgilə gedəndə və gələndə bir neçə dəfə "qaqa, yoruldum, biraz dayanaq" deyən bacım, bu dəfə heç nə demirdi, qaçırdı. 4 yaşı olmasına baxmayaraq, deyəsən o da məsələnin ciddiyyətini anlamışdı. Evə çatdıq, "mama, ay mama" deyərək, qışqırdıq. Evə girib gördük ki, anam və qundaqdakı körpə bacım yoxdur. Artıq qorxmağa başlamışıq. Nə edəcəyimizi bilmirik. Küçəyə çıxırıq. Qonşu qışqırır, "nə gəzirsiniz burada?". Anamgili axtarırıq, deyirəm. Qonşu deyir ki, anangil qaçdı, siz nə sülənirsiniz burada? Donub qalırıq. Nənəmgilə qaçmaq istəyirik. Qonşu yenə bağırır "o tərəfə yox, Qarqara tərəf qaçın". Bacımın əlindən tutub qaçırıq Qarqar çayına tərəf. 4 yaşlı toppuş bacım bir qədər qaçdıqdan sonra tövşüyür. Oturur, durur, yenidən qaçırıq. İki balaca uşaq qaçırıq, ancaq haraya, niyə qaçdığımızı bilmirik. Bu an kəndimizdən bizim kimi qaçan bir ailə onlara qoşulmağı təklif. Hərə öz canının hayında olduğu üçün bizi nə qucağa götürən oldu, nə də onlara çata bildik. Bacı-qardaş bacardığımız, gücümüz çatan kimi qaçırdıq. Daha doğrusu, bacımın sürəti və addımlarına uyğun qaçırdıq.
Qarqar çayının kənarına çatırıq. Qarqar qan ağlayır. Çayı ilk dəfə bu qədər bol sulu gördük. Elə bil təbiət də bizim Yusifcanlıdan çıxmağımızın əleyhinə idi: "Geri qayıdın, obanızı tərk etməyin, imkan vermərəm"-deyirdi. Camaatın qaçması üçün çayın ortasına taxtalar düzülüb, bir birinə bərkidilib. Keçirik. Çayın kənarı palçıqlıdı. Palçığın içindən keçməliyik. Əl üstündə böyüyən uşaqlar və palçıq. Tərəddüd içindəyik. Palçığa və bir-birimizə baxırıq. Bu zaman uzaqdan "qaçııın" nidası bizi silkələdi. Özümüzü palçığa vururuq. Bacımın ayaqqabısı palçığa batır. Ayağından çıxır. Ayaqqabını çıxarmaq istəyirəm. Yenə qışqırıq: "nə oynayırsınız, rədd olun qaçın". Bir ayaqqabısını palçıqda itirən bacım tək ayaqqabı ilə qaçır. Qaçırıq. Palçıqdan çıxanda ayağımdakı ayaqqabıları bacıma verirəm. Palçıqda məhv olan ayaqqabı nə bacımın ayağına olur, nə də mən geyinə bilirəm. Dayanmırıq. Hamı qaçır, sanki yarışdır, hərdən maraqlı da gəlir qaçmağımız.
Yenə qışıqırıq, "gəlin, rədd olun gəlin dana". "Bunların dədəsi nənəsi hanı ee, özümüzə yük götürdük" -deyir, kəndçimiz olan arvad. Arvadın əri isə deyir, "kəs azz, uşaqdılar, əsir aparmalı idilər?"
Bir xeyli yol qət etdikdən sonra su çəni daşıyan maşına minirik. Yalın ayaq, gün altında qızmış su çəninin dəmiri. Ayaqlarımızı qoyub çəkirik. Artıq bacım deyinir. Qaqa, hara gedirik? Çiynimi çəkirəm. Həqiqətən hara gedirik? Tanımadığımız yerləri görürük. Hərbçilər dolu maşın bizə əks istiqamətdə hərəkət edir.
Bacım: "Qaqa, acmışam". Kökəm nənəmgildə qaldı..." -deyir. Bacım artıq ağlayır...
Qonşu arvad: "Kəs az, zırıldama, bir sənin zırıldamağın çatmırdı elə".
Biraz sonra bacım, ağlaya-ağlaya "qaqa, düşək maşından".
Qonşu arvad: "Az kəs dedim, bu saat özüm atacam yerə səni".
Arvada deyirəm: "Bacımı maşından atsan, nəvəni döyəcəm".
Arvad mənə qışqırır: "Kəs, küçük. Dədəsi nənəsi haradadır bilinmir, nəvəmi döyəcəkmiş". Valideynlərimi nəzərdə tutaraq, "belə ata-ana olar? Uşaqlarından xəbərləri yoxdur".
Dəmiryol xətti olan yerə çatırıq. Sevinərək, "atam burada işləyir, bizi aparacaq", deyirəm.
Qonşu kişi: "Bala, atan Ağdamda işləyir. Hər dəmiryol olan yer atan işlədiyi yer deyil"-deyir.
Bacım: "Qaqa, bura haradır?"
Həqiqətən bura haradır? İlk dəfə idi ki, görürdük.
Bizi daşıyan maşın dayandı. Sürücü kəndçimizlə nə danışdısa, kəndçimiz dedi: "Dəmir yolunun üstü ilə gedək, görək başımıza nə gəlir".
Dəmiryol xəttinin üstü ilə gedirik. Yalın ayaqlar, çıxıntılı taxtalar, sarıtikan kolları. Göz işlədikcə uzanan boz sahə. Arvad hərdən çönüb arxaya bizə baxıb donquldanır. Relsin üstü ilə gedirik. Hər keçən dəqiqə sürətimiz azalır. Bacım artıq ağlaya-ağlaya yeriyir. Gah mamamı istəyirəm, gah kökəmi istəyirəm deyir. Bacımın susaması da başqa bir dərd verirdi mənə. Ac, susuz, ayaqqabısız. Artıq ayaqqabının olmaması təsir etmir. Ayaqlarımız həm dəmirin istisindən qovrulur, həm də ayaqyalın olduğumuz üçün taxta qırıntıları, tikanlar ayağımızı zədələyirdi. Amma susuzluq hissi daha pis idi. Dəmir yolunun kənarında arx görürük. Suya doğru qaçırıq. Çirkli, içində qurbağalar olan sudan içirik. Biraz oturub yenə dəmiryol xəttinin üstü ilə gedirik. Gah dəmirin üstünə çıxırıq, gah taxtanın. Artıq taxtanın üstü ilə tullana tullana gedirik. Uşaqlığımız tutub. Hər keçən an kəndçilərimizdən bir qədər də uzaqlaşırıq. Artıq kəndçimiz olan arvadın donquldamağını eşitmirik.
Bacım gah ac, gah da susuz olduğunu deyir. Artıq ikimiz də taqətdən düşmüşük. Əvvəl 100 metr gedib 10 dəqiqə otururduqsa, indi 10 metr gedib, 10 dəqiqə otururuq.
Hava qaralmağa başlayır. Qaranlıq düşdükcə kəndçilərimizdən daha da uzaqlaşırıq. Getdikcə kəndçilərimiz yoxa çıxır. Artıq bacım aclıq, susuzluqla yanaşı yuxusunun da gəldiyini deyir.
Gecə qaranlığı ilə yeridikcə yan-yörədən quşlar pırıldayır, tikan kollarının arasında xışıltı gəlir. Hər gələn səsdən diksinən bacım məni qucaqlayır. Bacım məni dayaq bilir. Bəs mən kimi dayaq bilim? Mən də qorxuram. Göz-gözü görmür. Artıq yeridikcə ayağımız ilişib yıxılmağa başlayırıq. Bacım artıq əlimdən tutmayıb, məni qucaqlayır. Bacımın qucaqlamağını bəhanə gətirib dayanıram, artıq taqətim yoxdur. Bacım oturub "mama, mamam hanı, mamamı istəyirəm" deyərək ağlayır. Mən isə ağlaya da bilmirəm.
Çaqqallar ulaşır. Cücülər qəribə səslər çıxardır. Oturmuşuq. Bacım məni qucaqlayıb ağlayır. Həqiqətən anamgil hanı, onların başına nə gəldi, qaçıblarmı, qaçıblarsa hara qaçıblar? Bu suallar beynimdən bir dəqiqə də olsun çıxmır.
Çox mehribanıq, həmişə dalaşan bacı-qardaş qucaqlaşıb mürgüləyirik. Hər xırda səsə diksinib dəli kimi oyanır, ora bura baxırıq...
Birdən səs gəlir. Qonşu kişi adımızı çağıraraq bizi axtarır. Hay verirəm. Gəlib bizi tapır. Aparır özlərinin olduğu yerə. Kəndçimizin arvadı oturduğu yerdə yuxulayıb. Biz çatanda gözlərini açıb deyir, tapdın bunları? Kişi hmm edir. Otururuq. Qucaqlaşıb yuxulayırıq. Yatırıq, hər səsə isə diksiniriq. Səslərə ayılan bacım bir qədər ağlayır, sora yenə yatırıq. Bacım hər ağlayanda qonşunun arvadı bu qız bayquşdu deyib, sonradan yenə yuxulayır.
Səhərə yaxın hava soyuyur, bacı-qardaş bir birimizə qısılıb yatırıq. Səhəri beləcə açırıq. Hər səhər yuxudan duranda ora-bura qaçan uşaqlar artıq durmağa taqət tapmır...
Kəndçimiz olan kişi deyir ki, durun gedək, görək başımıza nə gəlir. Çox asta-asta yola davam edirik. Durub ayaqlarımızı yerə basanda ikimiz də birdən qışqırırıq. Səhərə qədər dincə qoyulmuş ayaqları yerə basanda bütün tikanlar sanki hamısı eyni anda ayağımıza batır. Oturub yenidən dururuq. Ayağımızı yerə qorxa-qorxa basaraq gedirik. Getməliyik. Artıq kəndçilərimiz də yorulub. Onlar da bizim ayağımızla yeriyir. Uzaqdan maşın görünür. Maşın bizə doğru sürətlə gəlir. Maşın bizə çatanda dayanır. Maşından düşənin babam olduğunu görəndə sevindik. O bizə tərəfə qaçır, biz də ona tərəf. Kəndçilərimizə minnətdarlıq edən babam səhərə qədər bizi axtardığını deyir. Təxminən gəlib bizi tapıb. Hamımız maşına doluşub gedirik. Kəndçilərimiz qarşıdakı kənddə düşür. Babam isə bizi Ağcəbədiyə gətirir. Anamızı uzaqdan görüb qaçırıq. Sanki illərdir görüşmürdük.
Bizi yerə yan-yana uzandırıb, ayağımızın altını təmizləyib, bağlayırlar. Bir qədər mehriban uzanandan sonra başlayırıq bacımla yenidən dalaşmağa...
Hər dəfə dəmiryol relsi, sarıtikan kolu görəndə, çaqqal ulaması eşidəndə o gecəni xatırlayıram...
Səxavət Məmməd
Ölkə.Az
Ölkə.Az
Hiç yorum yok:
Yorum Gönder