5.12.2016

704-cü hərbi hissə danışır — Qarabağ döyüşlərinin görünməyən tərəfi - Reportaj

Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissədir.
Birinci Qarabağ savaşında Ağdamın Mərzili kəndindən tutmuş, Fizulinin Aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə 704 saylı briqada cavabdeh olub. Bu qədər geniş bir ərazi müharibə dövründə təkcə 704 saylı hərbi hissə tərəfindən qorunsa da, günümüzdə bu əraziyə 2 briqada nəzarət edir. O dövrdə adıgedən birqadanın hansı çətinliklərdən keçdiyini dərk etmək üçün təkcə bu fakt kifayət edir.

704 saylı hərbi hissənin aparıcı qüvvəsi isə kəşfiyyat bölüyü olub. Bu dəfəki reportajımız 704 saylı hərbi hissənin kəşfiyyatçıları- Abdullayev Nuru, Qafarov Ceyhun, Məmmədov İntiqamın döyüş yolundan bəhs edir.
Ölkə.Az kəşfiyyatçılarla reportajı sizə təqdim edir:
Abdullayev Nuru Bəşir oğlu. 1973-cü ildə Sumqayıtda anadan olub. 1992-ci ilin 1 iyul tarixində Sumqayıt hərbi komissarlığından Cənub bölgəsində əlahiddə kəşfiyyat taborunda hərbi xidmətə göndərilib. Orada kəşfiyyat bölüyündə təlim keçərək 1992-ci il dekabr ayının 26-da Ağcəbədinin döyüş bölgəsinə göndərilib. 1996-cı ilin noyabr ayında Göytəpədə yerləşən hərbi hissədən təxris olunub.
- 704 saylı hərbi hissənin tərkibində hansı batalyonlar var idi?
- 704 saylı hərbi hissə dörd tabor ve müxtəlif sayda bölük və əlahiddə qüvvələrdən təşkil edilmişdi. Hərbi hissədə Azerbaycanın bütün regionlarından - Lənkəran, Masallı, Astara, Bakı, Sumqayıt, Gəncə, Şəki, Qax, Xaçmaz ve digər bölgələrdən əsgərlər xidmət edirdi. Bir neçə tabor yerləşdirildiyi ərazinin adi ilə adlandırılsa da onlar hərbi hissənin tərkibində idilər ve hamısı briqada rəhbərliyinə tabe idi. Məsələn, Astara, Masallı-Cəlilabad batalyonları, Prişib alayı. Bundan başqa, döyüş bölgəsində briqadanın tərkibinə Şəmkir, Qax-Zaqatala, Quba-Qusar, Beyləqan, Xocavənd, Avşar batalyonları da verilib.
- 704-lə bağlı belə söhbətlər gəzir ki, müharibə zamanı iki dəfə döyüş meydanında mövqeləri tərk etmisiniz. Bunlar barədə danışın.
- Döyüş bölgəsini tərk etmək fikri cəmiyyətdə yayılmış yanlış informasiyalardan və əsasən düşmən tərəfinden yayılmış təxribat xarakterli panikalardan, şayiələrdən başqa bir şey deyil. Hərbi hissə heç bir zaman döyüş bölgəsini tərk etməyib, öz yerini boş saxlamayıb və heç bir mövqeyi təslim etməyib. Hərbi hissənin tərkibindəki dörd tabor və digər qüvvələr döyüş xarakterli manevrlər, yerdəyişmələr həyata keçiriblər. Bəzi döyüşlərdə çoxlu itki verərək geri çəkilmələr olub, amma böyük bir ərazini boş buraxıb oranı tərk etmək- bu ağlasığmazdır və sözsüz ki, bizim hərbi hissə belə bir hərəkət etməyib. İndi xatırlamaq istədiyim döyüş səhnələri sizə açıq göstərər ki, hətta adi bir bölük və ya qrup öz ərazilərində manevr etdikləri zaman bəzən yerli adamlar tərəfindən yanlış başa düşülür.
Çox təssüflər olsun ki, bir çox hərbçilər də bu cür təxribat xarakterli şayiələri tirajlayıb, indi də hallandırırlar. Bu şəkildə özlərinə divident qazanmaq istəyirlər. Halbuki 25-30 km-lik bir ərazini qoruyub saxlayan, daima düşmənin hücum və həmlələrinin qarşısını alan, bir çox hallarda isə əks-hücuma keçən, döyüş bölgələrində cəsarət və əzmliliyi ilə avanqard olan, adı hətta düşmən komandirləri tərəfindən qorxu ilə çəkilən 704 saylı briqada şanlı bir döyüş yolu keçib.
Birinci geri çəkilmə
Birinci geri çəkilmə Aşağı Veysəlli tərəfdən əməliyyata gedəndən sonra oldu. Komandirimiz leytenant Vəliyev Ramiz, Dadaşov Xəlil, Əliyev Hicran, Ağayev Zülfüqar, İsmayılov Nurəli və mən əməliyyat planlaşdırdıq. Biz müdafiə mövqelərimizdən keçib irəli getdik. Bu zaman Yuxarı Veysəlli tərəfdən 3 erməni tankı əsgərlərin müşayiəti ilə hərəkətə başladı. Ermənilər bizim zenit postuna tərəf hücuma keçdi. Bu ərazi düşmənin mümkün hücum istiqaməti olduğundan istehkamçılarımız tərəfindən minalanmışdı. Biz təpənin arxasında gizlənərək müşahidə etməyə başladıq. Qrup rəhbəri rabitə ilə artilleriyamıza koordinatları verməyə başladı. Düşmən tankları irəliləyərək minalanmış əraziyə çatmışdı. Birdən erməni tanklarından biri minaya düşdü və oradan heç bir erməni sağ çıxmadı. İkinci erməni tankı da minaya düşdü, ancaq bu tankın içindən ekipaj çıxdı. Onlar ikinci tankı digərinə bağlayaraq geri qayıtdılar. Bununla da ermənilərin hücumu dayandı. Sonradan aldığımız məlumata görə, birinci tankda olan erməni polkovnik-leytenantı da məhv olub. Bu hadisədən 2-3 gün sonra ermənilər 20-dən çox texnika ilə hücuma keçdilər. Ermənilər demək olar ki, Prişib polkuna məxsus batalyonun bir bölüyünü məhv etdilər. Batalyon 70-80 nəfər arası itki verərək geri çəkilmişdi. Bizə bu barədə xəbər gələndə oraya getdik. Gedib meyitlərimizi yığdıq və ermənilərin postlarının yerini öyrənməyə çalışdıq. Biz oraya çatanda artıq ermənilər geri qayıtmışdılar. Həmin ərəfələrdə qərargah rəisimiz Siyavuş Babayev bütün əsgərləri arxaya çəkib, post qurmağa başladı. 2-3 gün ərzində geri çəkilməmiz olub. Sonradan qayıdıb həmin ərazidə postlarımızı qurduq. Ermənilər ümumiyyətlə o ərazidə oturmadılar. Onların əsas mövqeləri Şişqaya, Üçtəpə, Kaftarlı idi.
İkinci geri çəkilmə
İkinci çəkilmə. 1993-cü ilin dekabrın 10-da xəbər verdilər ki, ermənilər Binəqədi batalyonuna hücum ediblər. Kəşfiyyat batalyonu və Prişib batalyonunun komandiri Güloğlan Bağırov bizimlə birgə getdi. Çoxlu itki vermişdik. Hər tərəf meyit, qana bulaşmış əsgər paltarları idi.
- Unutmadığınız əməliyyat hansıdır?
- Ən uğurlu əməliyyat Üçtəpə əməliyyatıdır. Bir neçə dəfə oraya hücum etmişdik. Ermənilər çox ciddi müqavimət göstərirdi. Ermənilər Qızılqaya tərəfdən yolumuzu bağlayırdılar, bizi mühasirəyə almaq istəyirdilər. 1-ci yüksəkliyi alandan sonra 2-cisinə hücum etdik. İkinci təpəni ala bilmədik. Əməliyyatda 10 kəşfiyyatçı ilə yanaşı, 10 nəfər də piyada əsgər iştirak edirdi. Onların tağım komandiri Qüdrət və 10 piyada əsgər şəhid oldu. Kəşfiyyatdan isə İmanov Raqif itkin düşdü. Biz oranı yarım gün saxlaya bildik, sonra məcbur olub geri çəkildik. Çünki, bizə dəstək olmadı.
- Ən uğursuz əməliyyat?
- Uğursuz əməliyyat deməzdim. 4-cü (Astara) batalyon Şişqayanı demək olar ki, ermənilərdən almışdı. Şişqayadan Xocavənd görsənirdi. Şişqaya əhəmiyyətli yer idi, çox böyük strateji əhəmiyyəti vardı. Ermənilər bu ərazini əldən vermək istəmirdilər. Həmin ərəfədə biz Veysəlli tərəfdən Masallı-Cəlilabad batalyonu ilə hücum edib erməni səngərlərini aldıq. Ermənilər sonradan əks-hücuma keçib Şişqayanı geri aldılar. Həmin əməliyyat bizim həm uğurlu, həm də uğursuz əməliyyatımızdır. Ermənilərin hücumu zamanı Astara batalyonu 22 nəfər itki verdi.
- O dövrdə çatışmamazlıq nə idi?
- Pərakəndəlik var idi. Kadr çatışmırdı. Təzə yaranan ordu idi. Ona görə də çatışmazlıq hökmən olmalı idi. 1-2 ilin içində yaranan ordu necə olardı?
Qafarov Ceyhun Asaf oğlu. 1973-cü ildə Lerikin Cəngəmiran kəndində anadan olub. Təhsilini Sumqayıt şəhərində davam etdirdiyi üçün 1992-ci il iyul ayının 1-də Sumqayıt Hərbi Komissarlığından Biləcəriyə, oradan da Lənkərana hərbi xidmətə yola düşüb.
Lənkəranda kəşfiyyat batalyonunda təlim keçdikdən sonra 1992-ci ildə Ağcabədinin Meşə İdarəsində yerləşən hərbi hissəyə göndərilib.
İlk əməliyyat
- İlk əməliyyatımız. Ağcabədinin Avşar batalyonunun əsgərləri 1993-cü il fevralın 9-da Nərgiztəpə adlanan əraziyə yaxın mövqelərdə vuruşublar və 6 şəhid veriblər. Şəhidlərin cəsədini oradan çıxartmaq lazim idi. Tapşırıq verildiyi üçün biz əraziyə yollandıq.
Bizə verilən məlumatdan sonra kəşfiyyat bölüyünün komandir müavini Tofiq Qasımovun başçılığı ilə verilən koordinatlar üzrə hərəkətə keçdik.
Bu əməliyyatda Tofiq Qasımov, Ceyhun Qafarov, Çingiz Şabanov, Yalçin Əliyev, Nuru Abdullayev, Bəxtiyar İsayev, Tahirov Gündüz və başqaları iştirak edirdilər. Hava soyuq və dumanlı olduğundan çətinliklərlə üzləşməli olduq. Üzümlüklər erməni əsgərləri tərəfindən minalanmışdı. Xırda bir səhv həyatımız bahasına başa gələ bilərdi. Odur ki, bir-birimizdən ara məsafəsi saxlamaqla irəliləyirdik. Şəhidlərin cansız cəsədlərini tapdıq. 19 yaşlı əsgərlər idik, gördüklərinə dözə bilməyənlər də olurdu. Tankın altında qalan cəsəd necə olar? Beləliklə, 3 günə şəhidlərin hamısını çıxarda bildik.
Bu əməliyyat 3 gün davam etdi və verilən tapşırığı uğurla başa vurduq. Avşar batalyonunda şəhid olanlardan biri də Milli Qəhrəman Namiq Vahid oğlu Abdullayev idi.
Avşar kənd qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında şəhidlərin dəfnində iştirak etdik.
Şəhid ailələri bizə təşəkkür etdikdə komandirimiz Tofiq Qasimov "Bu bizim vətənə olan borcumuzdur və onlar bizim övladlarımızdır" deyərək şəhid atasını bağrına basdı.
- Sizin nəzarət etdiyiniz ərazi hara idi?
- Ağdamın Mərzili kəndindən tutmuş Fizulinin Aşağı Veysəlli kəndinə qədər olan əraziyə bizim briqada cavabdeh idi. Biz briqada kəşfiyyatı olaraq bu əraziləri gəzib müşahidə edir, qeydlərimizi aparırdıq.
- Binəqədi batalyonuna ermənilərin hücumu barədə danışın.
- 1993-cü il dekabrın 10-u səhər tezdən həyəcan siqnalı ilə bizə xəbər verdilər ki, ermənilər hücuma keçib. Bizim kəşfiyyat bölüyünün komandiri Yaşar Şükürovun əmri ilə silahlanıb 1 BMP, 1 BRDM-lə bölük komandirimiz, onun müavini, taqım komandiri Ramiz Vəliyev, Xəlil Dadaşov, Ceyhun Qafarov, İntiqam Məmmədov, Nuru Abdullayev, Vasif İsayev, Əzizov Qalib, Yunusov Cavid və başqaları deyilən istiqamətə tərəf irəlilədik. Yol boyu Binəqədi batalyonunun əsgərlərinə rast gəlirdik. Biz onlara deyirdik ki, qayıdın, biz sizə köməyə gəlmişik. Qorxmayın, ermənilərə lazımi cavab verə bilərik. Binəqədi batalyonunun əsgərləri isə "artıq gecdir, çoxumuzu qırdılar"- deyə cavab verdilər. Əsgərlər şok yaşayırdılar, qorxu içində idilər. Mən onları qorxaq saymıram, ola bilər ki, onlar döyüş təlimi keçməmişdilər.
Biz kəşfiyyatçılara kəşfiyyat sirrlərini və döyüş taktikasını öyrədən Əfqanıstanda xidmət etmiş, 1992-ci ildə Azərbaycan Milli ordusunda ilk kəşfiyyat qrupu yaradanlardan biri Yaqub Nəhmətov olub.
Yaqub komandir deyirdi: "Çox məşq edin ki, sağ qalma ehtimalınız çox olsun".
Həmçinin bizə əlbəyaxa döyüşü də öyrətmişdi ki, düşdüyümüz vəziyyətdən çıxa bilək.
- Deyəsən biraz haşiyədən kənara çıxdım.
- Davam edin.
- Mövqelərə yaxınlaşanda çox dəhşətli bir mənzərə gördüm. Erməni mövqeləri sol tərəfi yarıb səngər boyu Binəqədi batalyonunu səngərdən çıxartmışdı. Səngərdən çıxan əsgərləri öldürüb üstlərindən tankla keçmişdilər. Biz buraya 3 zabit və 13 əsgərlə getmişdik. Biz bölük komandirinin tapşığına əsasən zəncirvari formada səngərlərə yaxınlaşdıq. Mən sol tərəfdən səngərə girəndə nə isə gözümə qaraltı göründü. Elə bildim ki, erməni əsgəridir. Fikrimdə var idi ki, güllə işlətmədən diri tutum. O, məni görən kimi qışqırdı: Yaxına gəlmə partladaram.
Əlində qumbara var idi. Həm geyimindən həm danışığından Binəqədi batalyonunun əsgəri olduğunu bildim. "Biz də azərbaycanlıyıq, 704-ün əsgərləriyik, qorxma" deyib ona yaxınlaşdım. Onu qucaqlayıb əlindəki qumbaranı kənara atdım.
Əsgər şok vəziyyətində idi. Ona su içirtdim, biraz məlumat aldıqdan sonra səngərin sağ cinahında qalmış 5-6 əsgərin yanına göndərdim. Demək olar ki, Binəqədi batalyonundan 5-6 əsgər səngəri tərk etmədiklərinə görə sağ qalmışdılar. Biz səngər boyu yerləşdik, günün ikinci yarısı olduğundan hava qaralmağa başlayırdı. Biz işiq saçan güllələrdən istifadə etməyi qərara aldıq. Avtomatların daraqlarını boşaldıb bir neçə güllədən bir işıq saçan güllə ilə doldurduq.
Gecə yerlərimizi tez-tez dəyişib, ayrı-ayrı yerlərdən, müxtəlif vasitələrdən istifadə edib atəş açırdıq. Yaqub Nəhmətov döyüş taktikasını öyrədəndə həmişə deyərdi: "Kəşfiyyatçı hər bir çətin vəziyyətdən çıxış yolu tapmalıdır, tək silahla deyil bütün vasitələrlə düşmənə zərbə endirməlidir". Bu an mənim ağlıma bir fikir gəldi- bölük komandirimiz Qazaxda xidmət edərkən adi borudan iki gülləli qrad düzəltməyindən danışmışdı. Deyirdi ki, biz bu qraddan istifadə edib erməniləri qorxuya salmışdıq. Mən də qazmadan peçin bir borusunu götürdüm, avtomatın səs boğucusunu çıxarıb, borunun içindən ermənilərə atəş açırdım. Həqiqətən də çox güclü səs çıxırdı. Elə bil ki, iri pulemyotla atəş açılır.
Bu taktika köməyimizə çatdı. Səhərə kimi 7 km mövqeyi qoruyub saxlaya bildik. Səhər tezdən hava açılanda Astara batalyonu köməyə gəldi.
- Yadda qalan hansı əməliyyatlar olub?
- Biz kəşfiyyatçı olmuşuq və çox az hallarda açıq döyüşə girmişik. Biz daha çox kəşfiyyata gedirdik. Dəfələrlə düşmən arxasına keçmişik.
Bir dəfə kəşfiyyata gedəndə 3 nəfərin aralı məsafədən getdiyini gördük. Elə bildik yerli batalyonun kəşfiyyatçılarıdır. Onlar bizə əl etdilər, biz də onlara əl edib getdik. Biz ermənilərin arxasına keçdik. Erməni mövqələri tərəfdə qar olduğundan ağ masxalat geyinmişdik. Lazımı məlumatı toplayıb kəşfiyyatdan qayıdanda batalyonlardan şoruşduq ki, sizdən kim getmişdi kəşfiyyata? Onlarda heç kimin getmədiyini dedilər. Biz onda anladıq ki, bizim tərəfə keçən erməni kəşfiyyatçıları imiş. Yeganə döyūş mövqeyi 704 saylı hərbi hissənin qoruduğu ərazi olub ki, 1992-ci ildən 1996-cı ilə kimi geri çəkilmə olmayıb. 93-ün yayında itirilmiş mövqeləri də dekabrda bərpa etdik. Harada olmuşuq orada da qalmışıq. İndiki mövqeləri də biz qurmuşuq.
Məmmədov İntiqam Vaqif oğlu. 1972-ci ildə Bakı şəhərində anadan olub. Könüllü olaraq orduya yazılıb. Lənkəranda kəşfiyyatçı təlimi aldıqdan sonra 1993-cü ildə Beyləqanın Xaçın kəndinə göndərilib. 1996-cı ilin iyulun 15-i təxris olunub.
- İştirak etdiyiniz əməliyyatlardan danışın.
- Bizim kəşfiyyat bölüyünün çoxsaylı uğurlu əməliyyatları olub. Bunlardan biri də döyüş yoldaşım Qafarov Ceyhunun qeyd etdiyi Ağdaş yüksəkliyi deyilən mövqelərdə baş verən əməliyyatlardır. Həmin əməliyyatda mən də iştirak etmişəm. Bizə həyacan siqnalı veriləndə kəşfiyyat qrupu kimi o istiqamətə yolandıq. Biz 3 zabit və 13 əsgərdən ibarət bir qrupla, 2 hərbi texnika vasitəsilə yola düşdük. Qarşılaşdığımız mənzərə çox acınacaqlı idi. Düşmən ordumuzun qoruduğu mövqelərə sol cinahdan hücüm edərək bir çox əsgərimizi şəhid etmişdi. Binəqədi batalyonu əsasən yeni yaradılmış, döyüş təcrübəsi az olan könüllü əsgərlərdən ibarət idi. Biz mövqelərə yaxınlaşanda yolda pərakəndə şəkildə geri çəkilən çoxlu əsgərlərlə rastlaşdıq. Onları mövqelərinə qayıtmağa çağırdıq, lakin heç kəs qayıtmadı. Bundan sonra boş qalmış mövqelərimizin müdafiəsini təşkil etdik. Biz komandirlərimizin rəhbərliyi altında düşmənin texnikalarinin cəmləşdiyi yeri təyin edib rabitə ilə bizim artilleriyaya məlumat verdik. Artilleriyamız düşmənin mövqelərini alt-üst etməyə başladı. Bu zaman biz yaxın məsafədən düşmənin texnikalarının toplaşdığı yerlərin koordinatlarını dəqiq şəkildə rabitə ilə məlumat verirdik. Çox sayda düşmən texnikası sıradan çıxıb qara tüstüyə qərq olmuşdu. Qalan düşmən texnikası tez bir zamanda oranı tərk etmək məcburiyyətində qaldı. Həmin axşam sayımızın az olmasına baxmayaraq, həmin mövqelərimizi müdafiə etdik. Komandirlərimiz boş qalan mövqelərin müdafiəsi məqsədilə bizi müəyyən olunmuş postlara yerləşdirdi. Biz səhərə qədər burada qalıb düşmənə müqavimət göstərərək sayımızın çox olduğu görüntüsünü yaratdıq. Səhər hava işıqlanmağa başlayanda artıq bizə texnika və canlı qüvvə ilə köməyə gəldilər. Beləliklə mövqelərimizin müdafiəsi yenidən gücləndirilib bərpa olundu.
- Başqa hansı əməliyyatlarda iştirak etmisiniz?
- Bir də yadımda qalan hadisələrdən biri döyüş yoldaşım Əliyev Yaqubun şəhid olmasıdır. Yaqub bizim kəşfiyyat bölüyünün sevimli əsgərlərindən biri idi. O, öz davranışı ilə, həm də ali təhsilli olmasi ilə Müəllim adını qazanmışdı. Onu bölükdə hamı müəllim deyə çağırırdı. Həmin gün kəşfiyyat bölüyümüz növbəti tapşırığı yerinə yetirmək üçün sıra baxışına düzülmüşdü. Komandir heyətə müraciət edib kimlərin könüllü bu əməliyyatda iştirak etmək arzusunda olduğunu soruşanda irəli addım atanlardan biri də Yaqub oldu. Heyət hazırlaşıb döyüş tapşırığını yerinə yetirmək üçün təyin olunmuş mövqeyə tərəf yollandı. Həmin əməliyyat vaxtı mən hücüma dəstək vermək üçün təyin olunmuş heyətin tərkibində idim. Bizim tapşırığımız əməliyyatda iştirak edən qrupa hücüm vaxtı atəşlə dəstək verib düşmənə səngərlərdən başını çıxarmağa imkan verməmək idi. Yaqubgilin qrupu cinahdan düşmənin səngərlərinə yaxınlaşıb qəfildən hücüma keçdilər. Düşmən bunu gözləmədiyindən aralarına panika düşdü. Atışma başladıqda biz də düşmən səngərini müxtəlif silahlarla atəşə tutub düşməni səngərlərdən baş qaldırıb nə baş verdiyini anlamağa imkan vermirdik. Bu qayda ilə düşmən çox müqavimət göstərə bilməyərək itkiyə məruz qaldı və səngərləri tərk edib qaçmağa başladı. Əməliyyatda iştirak edən qrup hücumda olmasına baxmayaraq, tam itkisiz bu əməliyyatda qarşıya qoyulan vəzifənin öhdəsindən gəldi. Səhəri gün düşmən çox sayda texnika və canlı qüvvəylə əks hücuma keçdi. Düşmən demək olar ki, başqa mövqelərdəki qüvvələrini də bu hücuma cəlb etmişdi. Qeyri-bərabər döyüş başladı. Bu döyüşdə Yaqubla yanaşı Ağayev Fəxrəddin, Məmmədov İsmayıl və başqaları da qəhrəmanlıq göstərirdi. Düşmən bütün texnika növlərindən istifadə edərək qrupumuzun mövqeyini atəşə tuturdu. Qrupumuzun sursat təchizatı tükənmək üzrə idi. Buna baxmayaraq kəşfiyyatçılar dəyanətlə müqavimət göstərməyə davam edirdilər. Birdən kimsə "Yaqubu vurdular"- deyə qışqırdı. Yaqub ağır yaralanmışdı. Artıq sursat da tükənmək üzrə idi. Düşmən isə qrupu mühasirəyə alıb məhv etmək istəyirdi. Kəşfiyyat qrupumuz düzgün qərar qəbul edərək düşmənin əlinə keçməmək ücün oranı tərk etmək məcburiyyətində qaldı. İki nəfər -Fəxrəddin və İsmayil Yaqubun qoluna girərək onu təhlükəsiz mövqeyə sürüməyə başladı. Qalan qrup üzvləri isə onların geri çəkilməsini təmin etmək ücün tükənməkdə olan sursatlarla müdafiə edirdi. Yaqub qardaş həmin döyüşdə qəhramanlıqla döyüşərək şəhid oldu. Döyüş yoldaşları öz həyatlarını riskə ataraq Yaqubun cansız bədəninin düşmənin əlinə keçməsinə imkan verməyərək, təhlükəsiz yerə gətirdilər. Yaqub Bakıxanovda Şəhidlər Xiyabanında dəfn olunub. Biz keçmiş döyüş yoldaşları hər dəfə məzarı önünə yığışıb onu yad edirik.
- O zaman çatışmayan nə idi ki, uduzduq?
- O vaxt Azərbaycan yeni müstəqillik qazanmışdı. Azərbaycan ordusu yenicə formalaşmağa başlamışdı. Bundan istifadə edən mənfur düşmən xarici havadarlarının köməyi ilə torpaqlarımıza hücum etməyə başladı. Həm hazırlıq, həm də texnika cəhətdən bizdən qat-qat güclü olmasına baxmayaraq rəşadətli əsgərlərimiz onlara layiqli cavab verirdi. Elə bizim kəşfiyyat bölüyümüzdən çox sayda zabit və əsgərlər qəhrəmancasına şəhid olub- Yunusov Agakərim, Bağırov Mehman, Əliyev Yaqub, Yaqubov İsmayıl, Kazımov Cəmil, Orucov Əşrəf və digər qardaşlar. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu gün bizim mübariz gənclərimiz yetişir. Biz də keçmiş döyüşçülər olaraq torpaqlarımızın azadlığı uğrunda ön sıralarda gənclərimizə örnək olmaqa hazırıq. Hər zaman inanırıq ki, Ali baş komandanımızın əmri ilə torpaqlarımız azad olunacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Növbəti reportajımız 704 saylı hərbi hissənin kəşfiyyat rəisi, Əfqanıstan veteranı, Qızıl Ulduzla təltif edilmiş Yaqub Nəhmətovla olacaq...
Səxavət Məmməd
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics