31 dekabrı Həmrəylik günü kimi qeyd edən azərbaycanlılar cəmi bir gün sonra bir neçə yerə bölündü. Şəhid General-mayor Polad Həşimovun anasının açıqlaması ölkədə həmrəylikdən əsər-əlamətin olmadığını ortaya qoydu.
Açıqlamada konkret ittihamlar var. Bu ittihamlarla yanaşı, digər ittihamlar da öz yerini aldı.
“Polad Həşimov vəzifə istəyirmiş”
Polad Həşimovu tanıyanlar yaxşı bilir ki, onun vəzifə arzusu heç vaxt olmayıb. General-polkovnik Kərim Vəliyevin Polad Həşimovu vəzifəyə görə güdaza verməsinə gəldikdə isə bu, konkret absurd yanaşmadır. Polad Həşimovu tanıyanlar yaxşı bilir ki, Kərim Vəliyevlə onun arasındakı münasibət əmi-bala münasibəti olub.
Polad Həşimovun şəhid olması xəbərini ictimaiyyətə rəsmi olaraq Kərim Vəliyev açıqladı və gözünün dolduğunu hər kəs görmüşdü. Ümumiyyətlə, Polad Həşimov nadir rastlanan adamlardan idi ki, şəhid xəbərinə üzülməkdən daha çox insanlar ona əsəbiləşmişdi. Çünki tanıyanlar onu qorumaq istəyirdi.
Səmayə xanım şəhid anasıdır. Oğul itirib. Emosional, eşitdiklərinin gerçək olduğuna inana bilər. Bəs məntiq, gerçəklər? Nə oldu?! Polad Həşimov şəhid olanda “Onu güdaza Nəcməddin Sadıkov verdi” deyənlər indi Kərim Vəliyevi ittiham edirlər? Baş Qərargah rəisi Polad Həşimov gələcəkmiş. Həqiqətən buna inanırsınız? Azərbaycan kimi ölkələrdə Baş Qərargah rəisi vəzifəsinə təyinat o qədər də adi, sıradan, sadə bir şey deyil. Biz azərbaycanlılar xəritəyə baxanda bəzi ölkələri qonşu görürük. Ancaq bəzi ölkələr isə Azərbaycanı təhlükəsizlik zolağı, bufer dövlət kimi görür. Bu, təkcə Azərbaycan üçün keçərli deyil. Rusiyanın bütün qonşuları bu aqibəti yaşayır. Həm də cənubumuzda İran kimi dövlət var. Yəni, Azərbaycan Silahlı Qüvvələrinə Baş Qərargah rəisi təyinatı çox götür-qoylardan sonra baş verir. Ola bilsin, kimsə sual verəcək ki, layiq deyildi? Bu məsələnin layiqliklə heç bir əlaqəsi yoxdur.
Müharibənin aktiv fazası bitdi. Öncə hərbçilərin maaşları kəsildi. Bu oldu ilk zərbə… Ardınca medal və təltiflərlə bağlı problem yaşandı. “Tərtər işi” hərbi qələbədən daha çox müzakirə olunmağa başladı. Əlillik hələ də davam edən problemdir.
Ordunun üzərində elə bir əl var ki, sanki ləkələnməyəcək kiminsə qalmayacağına söz verib. Bir müddət əvvəl Hikmət Mirzəyev hədəf seçilmişdi. Açığı “oğurluq” məsələsi “tutmadığı” üçün yeni versiya üzərində işlənildiyi açıq şəkildə hiss olunur.
Ardınca Polad Həşimovla bağlı məsələ gündəmə gəldi. Düşünürəm ki, bu planlı şəkildə həyata keçirilir. Hər kəs yaxşı bilir ki, Polad Həşimovun anasının səsləndirdiyi fikirlərə görə nə dövlət gedib onu sorğulayacaq, nə də cəmiyyət onun üzərinə gedəcək. Bu işin arxasındakılar ən hiyləgər tülkünü belə heyrətləndirəcək qədər hiyləgərdilər.
Polad Həşimov şəhid olsa da, onun başından qara buludlar heç əskik olmur. Bir ara Polad Həşimova Qasım Süleymani ordeni təqdim edildi. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı.
İndi də şəhidin anası skandal bir açıqlama verdi. Bəzi insanlar kor-koranə şəkildə “Şəhid anası deyirsə, düz deyir” kimi fikirlər səsləndirir. Şəhid anası, şəhid ailəsi ən ali hörmətə layiqdir, bu ayrı, ancaq onların səsləndirdiyi hər bir iddia da, “Quran” ayəsidir anlamına gəlmir və gəlməməlidir.
Həmin dövrdə Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi və heç kim də bilmirdi ki, o vəzifədən nə vaxt gedəcək və onun yerinə kim təyin olunacaq. Şəhid anasına informasiya verənlər hər şeyi hesablayıblar, bir tək bu gerçəkliyi nəzərə almayıblar.
Açıq şəkildə görünür ki, daxildə savaş gedir. Azərbaycan ordusu müharibənin aktiv fazası bitdikdən sonra aldığı zərbələri heç savaşda almamışdı. Bu savaş durdurulmalıdır.
Hiç yorum yok:
Yorum Gönder