26.11.2022

Rusiyanın Qarabağda möhkəmlənmə PLANI: Azərbaycanla hərbi toqquşma ehtimalı - Səxavət Məmməd yazır

Rusiya Qarabağda 2025-ci ilə hazırlaşır. Obrazlı desək, toxumları səpib, cücərməsi üçün işlər görür.

Faktiki olaraq Qarabağ məsələsində tərəf kimi Rusiya ilə Azərbaycan var. Nə Ermənistan, nə də qondarma “Dağlıq Qarabağ” tərəfdir. Qarabağdakı separatçılar da Rusiyanın çömçəsidir.

Onsuz da Ermənistanda hərbi bazası ilə olan Rusiya bu bölgədə varlığını davam etdirmək üçün strateji planlamada müharibədən sonra Qarabağa yerləşdi. Rusiya Qarabağdan, dolayısı ilə bölgədən çıxmaq istəmir. Rusiyanın fəaliyyəti onu deməyə əsas verir ki, planları yaxın vədəli, yəni 2025-ci ilin noyabrına qədər deyil.

Rusiya hazırda bu bölgədə uzun müddət qalmaq yönündə fəaliyyət göstərir. Bunu dəfələrlə yazmışıq ki, beynəlxalq hüquqa görə sülhməramlı kontingentin tərkib hissəsi hazırkı formada olmur. Adına hər nə qədər sülhməramlı deyilsə də, Rusiya Cənub Hərbi Dairəsinin bir hərbi hissəsini gətirib Qarabağda yerləşdirib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları olmasaydı, bəlkə də, Qarabağda şəxsi heyətin sayını iki-üç qat artıra bilərdi. Rusiya Qarabağdakı bu boşluğu ərazidə yaşayan ermənilərlə kompensasiya edir.

Azərbaycan bir gün hərbi güc vasitəsini işə salsa, lokal yox, genişmiqyaslı hərbi əməliyyatlara start versə, həmin erməni hərbi dəstələri qarşılıq verəcəklər. Rəsmi Bakı onları hər nə qədər qeyri-qanuni hərbi dəstə adlandırsa da, nizami ordu səviyyəsinə gəliblər. Ruslarla birgə çoxlu sayda hərbi təlimər də keçiblər.

Bir anlıq düşünək, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara start verdi, yüksəkliklərin Azərbaycan tərəfində olması, şəxsi heyətin sayı və ordunun döyüş qabiliyyəti onu deməyə əsas verir ki, qısa zamanda Azərbaycan ordusu istəyinə çata bilər. Bu zaman Rusiya hansı addımı ata bilər?

Güc strategiyası:

Rusiya Xəzər dənizindən, şimal sərhədimizdən hansısa çəkindirmə əməliyyatlarına əl ata bilər. Azərbaycan Hərbi Dəniz Qüvvələri hansı səviyyədədir? Gəmilərin köhnəliyi çox şeydən xəbər verir.

Mülki strategiya:

Məsələnin mülki strategiyası isə ruslaşdırmadır. Rusiya Abxaziya, Osetiya, Luqansk, Donetskə necə yanaşırsa, Qarabağa da elə yanaşır. Aylar öncə Ağdərədə rus icması yaradılmışdı. Rus yaşamayan yerdə rus icmasının yaradılması nəyə xidmət edirsə, iranlı yaşamayan yerdə də konsulluq açmaq ona xidmət edir. Bundan başqa, Xankəndidə rus mərkəzi də açdılar. Rusiyanın ənənəvi siyasətinin bütün elementlərini Qarabağda görə bilərik.

Azərbaycan növbəti mərhələdə Rusiyanın bu strategiyalarına qarşı adekvat strategiyalar həyata keçirməlidir.

Bunun üçün siyasi strategiya rusları inandırmaq və tərəfdaşlar, müttəfiqlər vasitəsi ilə 2025-ci ildə sülhməramlıların ərazidən çıxmasına nail olmaqdır. Digəri isə yenə hərb yoludur.

Bu mərhələdə Rusiyanın Qarabağdakı strategiyası üzərindən Qarabağda Rusiya sülhməramlılarına qarşı fəaliyyət göstərəcəyimiz inandırıcı deyil. Bir rus əsgərinin öldürülməsi, ya zəlzələdən, ya vəlvələdən bunu Azərbaycan əsgərinin etməsi Rusiya ilə Azərbaycan arasında hər şeyin sıfırlanması anlamına gələcək. Hesab edirəm ki, Ermənistanın və ermənilərin ən çox istədiyi də budur.

Rusiya istəyir ki, regionda baş verənləri, rəsmi Moskva və onun yerdəki icraçılarının etdiklərini Azərbaycan görməzdən gəlsin.

Məsələ ondadır ki, Azərbaycan bunları görməzdən gəlmir və ciddi iradları var. Rəsmi Bakı Rusiyanın göndərdiyi adamın Qarabağda yerləşməsini ilk dəfə açıq şəkildə dilə gətirdi, digər tərəfdən də sülhməramlıların müddətindən narahat olduğunu bildirdi. Azərbaycan bunları dilə gətirərək Rusiyaya mesaj verir ki, 2025-ci ildən sonrakı planlarını korrektə et.

2025-ci ildə bu məsələ yenidən gündəmə gələcək. Bu zaman Azərbaycan Rusiyaya təklif götürə bilər ki, ərazidə təkcə Rusiya sülhməramlıları olmasın, onlarla yanaşı Türkiyə, Pakistan, yaxud başqa bir ölkə də olsun. Ümumiyyətlə, Azərbaycan Rusiyanın da olmamasını istəyə bilər. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında siyasi böhran 2025-ci ilə yaxınlaşanda baş verəcək.

Hər halda, Azərbaycan birtərəfli qaydada 10 noyabr bəyanatını pozmuş olsa, Rusiya Azərbaycana ciddi təzyiqlər edə bilər. 2025-ci ilə qədər Azərbaycan tərəfi bəzi məsələlərdə lokal əməliyyatlarla Rusiya və Qarabağdakı ermənilərə cavab verə bilər, bu, gözləniləndir. Ancaq birdəfəlik Rusiya sülhməramlılarının çıxarılması və Laçın dəhlizinin nəzarətə götürülməsi çətin işdir.

Zaman keçdikcə Rusiya ilə Ermənistan Qarabağda gərginliyin dozasını artırmaqda davam edəcəklər. Birincisi, daxildə təşkilatlanma, rus icması və mərkəzinin inkişaf etdirilməsi, seçkilər keçirmək kimi fəaliyyətlər həyata keçirə bilərlər. İkincisi, beynəlxalq siyasəti Azərbaycana qarşı yönəldəcəklər. Bunun ilk işartısını Fransa Senatı səviyyəsində gördük. Başqa bir ölkənin parlamenti də bunu etsə, təəccüblənməməliyik.

2025-ci ilə qədər Azərbaycanın əsəbləri ilə maksimum nə qədər oynaya biləcəklərsə, o qədər oynayacaqlar. Psixoloji müharibəni davam etdirəcəklər.

Hesab edirəm ki, rəsmi Bakı da bunları görməlidir və özünü 2025-ci ilə hazırlamalıdır. Həmin müddətə Azərbaycanın bu yöndə bir neçə versiyalı plan və proqramları hazır olmalıdır. Hətta Azərbaycan indidən bəyan etməlidir ki, hansı şərtləri olacaq, o şərtləri yerinə yetirilməsə, cavabları necə olacaq.

Azərbaycan Qarabağdakı ermənilərlə yaxınlaşmaq üçün addımlar atmalıdır. Məsələ ondadır ki, istər Qarabağ ermənilərinin, istərsə də Azərbaycanın bəyanatları yaxınlaşdırıcı yox, uzaqlaşdırıcıdır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics