26.11.2022

Qarabağda mümkün hərbi əməliyyat: Rəsmi Bakı beynəlxalq təzyiqi necə neytrallaşdıracaq? - Səxavət Məmməd yazır

Ermənistan da, Rusiya da, Fransa da, ümumiyyətlə, regionda maraqlarını təmin etmək istəyən bütün oyunçular oyunlarını Qarabağın başında qurublar. Qarabağ ayılar üçün armud misalına dönüb. Bu oyunların dayanacağını gözləmək sadəlövhlük olardı.

Son vaxtlar müharibə ritorikası yenidən artıb. Hesab edirəm ki, baş verən məntiqsizliklər fonunda tək məntiqə uyğun variant da budur.

Hər halda, Moskva Ruben Vardanyanı Qarabağa sıradan işlər görmək üçün göndərməyib. Düzdür, onun ilk gəlişini azərbaycanlılar lağlağı ilə yola verdilər, ancaq ilk dəfə rəsmi Bakı Rubenin Moskvanın layihəsi olduğunu dilə gətirdi.

Ruben Qarabağda yerini möhkəmləndirdikdən sonra təxribatların olacağı gözlənilən idi. Öncə atəşkəsin pozulma halları, daha sonra isə mühəndis-istehkam işlərinin görülməsi diqqət çəkdi.

Dünən separatçı rejimin “əsgərləri” mühəndis-istehkam işləri görməyə cəhd edib. Azərbaycan ordusu tərəfindən bu hallar müşahidə olunduqdan dərhal sonra xəbərdarlıq edilib və müdaxilə üçün hərəkətə keçmək istəyib. Məsələ ondadır ki, ərazidə olan Rusiya sülhməramlıları Azərbaycan ordusunun müdaxilə etməməsi üçün danışıqlar aparıb və erməniləri ərazidən uzaqlaşdırıblar. Həmin Rusiya sülhməramlıları ermənilərin möhkəmlənmə işlərinə göz yumur, müdaxilə etmir, ancaq zərbənin qaçınılmaz olduğunu görəndə dərhal hərəkət edir. Ruslar sülhməramlı adı altında sanki siçan-pişik oynayırlar.

Ermənistan Qarabağ məsələsi və məğlubiyyətlə qətiyyən barışmış sayılmaz. Paşinyan Qarabağla bağlı müxtəlif, bir-birinə daban-dabana zidd açıqlamalar verərək, manevrlər edərək vaxt və onu ciddi dəstəkləyəcək müttəfiqlər qazanmağa çalışırdı. Düzü, bunu bacardı da. Fransa senat səviyyəsində, Rusiya isə sahədə Ermənistanın çin olmayan arzularını gerçəkləşdirmək üçün dəridən-qabaqıdan çıxır.

Ermənistanın atdığı addımların uzun vədəyə hesablandığını görmək mümkün idi. Ermənistanın uzun vədədə revanşa hazırlaşdığını desək, yanılmarıq. Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışında bildirib ki, gələn il Ermənistanın dövlət büdcəsində müdafiə sektorunun xərcləri 509 milyard dram səviyyəsində nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə hərbi xərclərin artımının 113 faiz olacağı deməkdir. Bundan əlavə, Paşinyan Ermənistanda hərbçilərin attestasiyasının başlanacağını və nəticədə onların maaşlarının 2 və ya 3 dəfə artırılacağının da mesajını verib. Rəsmi İrəvan hərbi peşəni seçən və hərbi təhsil müəssisəsini bitirdikdən sonra bölüşdürüləcək gənclərə eyni anda mənzil verəcək.

Yadınızdadırsa, Azərbaycan ordusu qalib gələndən dərhal sonra maaş problemi ortaya çıxdı. Düzdür, bunun həlli istiqamətində addımlar atıldı, lakin əvvəlki səviyyəyə gətirildi desək, yalan olar. Azərbaycanda hərbçilərə evlərin verilməsi üçün isə kateqoriyalar mövcuddur – 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət…

Ağır məğlubiyyətə rəğmən, Ermənistanın 2 il ərzində toparlanması, orduda islahatlar aparması və hərb sahəsini cəlbedici etmək üçün maaş və ev məsələsi gedişini etməsi, hər halda, bu günə hesablanmış iş deyil. Ermənistan, demək ki, dərs çıxarıb və uzun vədədə revanşa hazırlaşır. Bununla həm də psixoloji üstünlüyü hədəfləyirlər.

Hesab edirəm ki, Azərbaycan da özünə çəki-düzən verməlidir. Azərbaycan müharibədən sonra ordunun Türkiyə modelinə keçəcəyini bəyan etmişdi. Sənəd üzərində bu keçidi görürük. Problem ondadır ki, digər məsələlər axsayır. Türkiyə modeli elə həm də maaş, ev, istirahət mərkəzləri, hərbçi ailələrinin təminatı demək deyil?

İstər yaxın vədədə, istərsə də uzaq vədədə müharibə ehtimalı mümkün görünür. Rəsmi Bakı İlham Əliyevin dili ilə ya sülh, ya hərb sözünü boşuna demir. Azərbaycan Qarabağda ermənilərin mühəndis-istehkam işləri görməsini müşahidə etdiyi kimi, Laçın dəhlizi ilə Qarabağa gətirilənlərdən də xəbərdardır. Buna görə hər ehtimala hazır olunmalıdır. Düzdür, indiki məqamda Azərbaycan ordusu separatçı rejimin “ordu”sunu qısa zamanda sıradan çıxara biləcək gücdədir.

Fəqət Azərbaycanın keçirəcəyi ehtimal olunan hərbi əməliyyatların beynəlxalq ələmdən gələcəyi gözlənilən təzyiq tərəfini necə neytrallaşdırmaqla bağlı bir neçə planı indidən hazır olmalıdır. Açıq şəkildə görünür ki, Azərbaycanın bundan sonra tətbiq edəcəyi sərt güc 44 günlük müharibədən çox-çox fərqli reaksiyalara gətirib çıxara bilər.

Tərəzinin gözünə qoyanda açıq görünür ki, ordunun döyüş hazırlığı diplomatların döyüş hazırlığından qat-qat yüksək imiş…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics