26.11.2022

Kremlin Qarabağla bağlı PLANI: Rəsmi Bakı artıq fəaliyyətə başlayıb - Səxavət Məmməd yazır

Rusiya ilə Azərbaycan arasında gərginlik yüksələn xətlə davam edir.

Bu gərginliyin görünən tərəfləri bunlardır:

Əvvəlcə Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat xarakterli çıxışlar oldu, ölkəmizin suverenliyi təhdid edildi və ardınca Azərbaycan Dövlət Televiziyası Rusiyaya tutarlı cavab, həmçinin rəsmi Bakı Moskvaya nota verdi.

Bunlar nəticədir, səbəblərə pərdənin arxasına baxmaqda fayda var.

Dəfələrlə yazılarımda qeyd etmişəm ki, Rusiya Ermənistan arasında dövlət sərhədi məsələsində dolayısı ilə Azərbaycanı dəstəkləyir. Hətta Rusiyanın ən böyük arzusu idi ki, Azərbaycan ordusu son sərhəd toqquşmasında yüksəkliklərdən enib erməni yaşayış mənətəqlərindən birinə girsin. Bu yeni münaqişə ocağı demək idi və Rusiya bundan istifadə edib hər iki tərəfi də təzyiq altında saxlayacaqdı. Rəsmi Bakı bunu çox gözəl anlayırdı, lazım olan yerdə durmağı bacardı. Azərbaycan həm də beynəlxalq aləmdən gələcək təzyiqləri hesablayırdı. Ona görə də Rusiyanın bu arzusu çin olmadı.

Ancaq Rusiya Qarabağla, daha dəqiq desək, sülhməramlıların nəzarətində olan, Azərbaycanın yurisdiksiyasının işləmədiyi bölgə ilə bağlı planlar hazırlayırdı. Uzun zaman idi ki, Qarabağda yaşayan ermənilərə ikili pasportların veriləcəyi iddiası ortaya atılmışdı, ancaq məsələnin hansı yerdə olduğunu bilmirik. Bundan əlavə, ermənilərin yaşadığı qondarma bölgədə rus icması yaradıldı. Faktiki olaraq Azərbaycanda rus icması var və onun rəhbəri də millət vəkili Mixail Zabelindir. Sual yaranır, rusların yaşamadığı bölgədə rus icması kimə və nəyə lazım idi? İranın iranlı yaşamayan Qafanda konsulluq açması kimi.

Rusiya çoxdan Qarabağla bağlı toxumlar səpib və həmin toxumları cücərtməklə məşğuldur.

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiyadakı işini-gücünü atıb Qarabağa gəldi. Bizim siyasətşünaslar, ekspertlər Rubenə “moşennik”, dələduz deməklə yetindilər, öz hesablarında aşağıladılar və düşündülər ki, artıq onu sıradan çıxarıblar. Nəinki Rusiyada, postsovet ölkələrində hakimiyyətə yaxın olmadan milyarder olmaq mümkün deyil. Yəni Ruben qəpiyi qəpik üstünə qoyub milyarder olmayıb, ona şərait yaradılıb, göz yumulub və bu həddə gəlib. Təbii ki, onu milyarder edən ölkə, hakimiyyət bir gün ona tapşırıq da verəcəkdi. Böyük ölkənin böyük milyarderi elə -belə, erməni damarı qabararaq durub gəlib tanınmayan, olmayan “dövlət”in dövlət naziri olmağa? Təbii ki, göndərilib. Rusiya hər halda onu Qarabağa kiçik planlar üçün də göndərməzdi. Demək ki, Rusiyanın Qarabağla, ümumiyyətlə, regionla bağlı daha ciddi planları var.

Rəsmi Bakı bir dəfə elan etdi ki, Arayik Arutyunyanı məhkəmə qarşısına çıxaracaq. Təbii ki, bu, inandırıcı deyil. Rusiya xüsusi xidmət orqanları digərlərindən fərqli olaraq, istifadə etdiyini heç vaxt kəsib atmır, Arayik sirr daşıyıcısıdır və ruslar onu qoruyacaq, tam istifadə müddəti bitəndə isə aradan götürəcək. Həmin Arayik son müsahibəsində bildirib ki, onların, yəni separtçı rejimin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır. Əslində, Arayikin bu fikri həm də ondan xəbər verir ki, Ermənistan Qarabağı kəsib atacaq, hətta Azərbaycanla sülh də bağlayacaq, sərhədləri də qarşılıqlı tanıyacaq. Qarabağda Azərbaycanla Rusiya üz-üzə qalmış olacaq. Əslində, müharibədən sonra Ermənistanın apardığı siyasət də bu yöndə idi. Dəfələrlə yazılarda qeyd etmişdim ki, Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Ermənistanla Azərbaycan arasında sülh imzalansa belə, Rusiyanın sülhməramlı adı altındakı qoşunları ərazidən çıxacaq? Heç inandırıcı deyil. Belə yerdə fərziyyələrə, nağıllara yox, tarixə baxmaq lazımdır. Tarix onu deyir ki, rus ordusu hansı ad altında olursa-olsun, girdiyi ərazidən asanlıqla çıxmayıb. Rusiya gözəl bilir ki, ya onun, ya da Brüsselin vasitəçiliyi ilə sülh əldə olunacaq. Ona görə də 2025-ci ildə müddətin uzadılmasının təməllərini indidən atır. Bəlkə, heç təkcə uzadılma da deyil…

Rusiyanın “Birinci kanal”ında açıq şəkildə bildirilir ki, Azərbaycanın “Dağlıq Qarabağ”da yurisdiksiyasını bərpə etməsi Rusiyanın milli maraqlarına ziddir. Yenə onu da bilirik ki, postsovet ölkələrində dövlət televiziyasında mövzular administrasiyanın tezisi ilə açılır, yönləndirilir. Dolayısı ilə o çıxış, fikirlər jurnalist, politloqların partizanlığı yox, məhz tezisdir.

Rusiya özünün arxa bağçası saydığı bölgədə Brüsselin vasitəçiliyini qəbul etməyəcəkdi. Ancaq bunun üçün özünə alibi hazırlamalı idi. Rusiya bu addımı da atıb. Ermənilərin Moskvadakı “Dialoq” adlı təşkilatı Putinə müraciət edib ki, Brüssel prosesi “Dağlıq Qarabağ” xalqı üçün təhlükəlidir. Putindən hətta xahiş də ediblər ki, prosesə mane olsun. Postsovet ölkələrində bu tip müraciətlərin də dövlət sifarişi olduğunu bildiyimiz üçün məsələnin əlavə şərhə ehtiyacı qalmır.

Məsələ o həddə çatıb ki, hətta bəzi rusiyalı jurnalistlər: “Rusiya Qarabağı Donbas kimi ilhaq etmək istəyir”, – deyə yaza bilirlər.

Azərbaycan təkbaşına Rusiyanın bu dalğasının qarşısıda müqavimət göstərə bilər, ancaq bundan çıxmaq çətin olar. Ona görə də son günlər artan və dayanmayan səfərlər onu deməyə əsas verir ki, rəsmi Bakı təhlükəni görür və bu vəziyyətdən çıxmaq üçün çaba göstərir. Azərbaycana müharibə zamanı dəstək olan ölkələrin mövqeyi də çox önəmli olacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics