26.11.2022

Dövlət sərhədindəki toqquşmalara gətirib çıxaran proses - Səxavət Məmməd yazır

Dünən gecə saatlarından başlayan Azərbaycan-Ermənistan dövlət sərhədindəki toqquşma son günlər baş verənlərin məntiqi sonluğu idi.

Ermənistan tərəfi Brüsseldə verdiyi sözü tutmadı, həmin ölkənin baş naziri Nikol Paşinyan isə Azərbaycanla razılığa gələ bilmədiklərini açıqladı.

Məhz Brüssel görüşündən sonra dövlət sərhədində atəşkəs intensiv pozulmağa başladı. Qarşı tərəf bir neçə istiqamətdə təxribatlara əl atdı.

Dünən gecə erməni ordusu bir neçə istiqamətdə sərhədi pozaraq təxribat-diversiya işi görməyə cəhd edib. Bu addım bardağı daşıran son damla olub.

Bundan sonra Azərbaycan ordusu dövlət sərhədi boyu qarşı tərəfin bütün təxribatlarını dəf edib və əks-zərbələr həyata keçirib. Toqquşma nəticəsində erməni tərəfinin sərhəddəki və Azərbaycan ordusuna təhdid sayıla biləcək bütün hərbi obyektləri vurulub. Bundan əlavə, qarşı tərəfin, demək olar ki, mühəndis-istehkam xətləri, ön postları və bir neçə strateji yüksəkliklər nəzarət altına keçib.

Son toqquşmadan sonra Azərbaycan ordusu Göyçə və Basarkeçərə 180 dərəcə nəzarəti əla alıb. Yeri gəlmişkən, yalnız sözügedən istiqamətdə qarşı tərəf yüksəkliklərə nəzarət edirdi.

Baş verən döyüşdən sonra erməni tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Əslində, Azərbaycan ictimaiyyətini də “Sərhəddə baş verənlərə görə Azərbaycanın başı ağrıya bilərmi?” sualı düşündürür. Hesab edirəm ki, mövcud vəziyyətdə Azərbaycana qarşı hansısa haqlı irad ola bilməz.

Çünki Azərbaycan haqlı olaraq bu cür əməliyyatlar keçirməyə məcbur qalıb. Qarşı tərəf sərhəd bölgəsinə qoşunlarını cəmləşdirirdi. Bunu hərbi mənbələr də təsdiq edir. Bundan başqa, sərhəd bölgəsində son zamanlar mühəndis-istehkam işləri artırılırdı və hücum silahları yerləşdirilirdi. Hətta aralarında sülh olan ölkələrdə bu cür hal yaşansa, bu, təhdid sayılar. Əsas məsələlərdən biri də erməni tərəfinin Azərbaycanın sülh təkliflərini qəbul etməməsidir. Əksinə, ermənilər intiqam almaq niyyətlərini gizlətmir. Əgər qarşı tərəf sülhə gəlmirsə, Azərbaycanın sərhədinin təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmaq haqqı doğur. Bu məsələnin reallaşa biləcəyini müharibədən sonra da diqqətə çatdırmışdım. Ona görə də Azərbaycanın bu haqqı yenilik deyil. Türkiyə belə Suriya ilə bağlı bu addımı atıb, təhlükəsizliyini təmin etmək üçün bufer zona yaradıb.

İran artıq neçənci dəfədir, bəyanat verir ki, regionda sərhədlərin dəyişməsinə yol verməyəcəklər. Əvvəla, bu məsələnin İranla yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. İkincisi, Azərbaycan yeni sərhəd yaratmır. Azərbaycan sadəcə olaraq güvənmədiyi, sülhdən boyun qaçıran ölkəyə qarşı öz sərhədlərinin təhlükəsizliyini təmin edir.

Yeri gəlmişkən, gecə baş verən hadisələrdən sonra səhər saatlarında atəşkəs elan edildi. 44 günlük müharibədə olduğu kimi, qarşı tərəf sahədəki yaralı və nəşlərin çıxarılması prosesi zamanı atəşkəsi bir daha pozub. Müharibədə humanitar atəşkəslər zamanı təcili tibbi yardım maşınlarının atəşə tutulduğu heç kəsə sirr deyil. Bununla yanaşı, meyitləri götürmək üçün gələn təcili tibbi yardım maşınlarında silahlıların olması halları da yaşanmışdı. Hesab edirəm ki, Azərbaycan ordusu bu məqamı diqqətində saxlamalı idi. Bundan sonra bu cür davranışların ola biləcəyini göz önünə almalıdır.

Düşünürəm ki, bu hadisələrdən sonra qarşı tərəf müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq. Sülh müqaviləsi imzalanmayana qədər lokal döyüşlər, toqquşmalar, əməliyyatlar daim gündəmdə olacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics