30.01.2019

"Xüsusi Təyinatlı İbad 2" mənim gözümlə...

"Xüsusi Təyinatlı İbad 2" adlı film çəkilib və hətta TV kanallarda da yayımlanıb.

Film çəkilməzdən öncə sosial şəbəkədə çox ciddi müzakirəyə səbəb olmuşdu.

Hətta "İbad 1" çox ciddi tənqid edilmişdi.

Keçmiş döyüşçülərin və jurnalistlərin iradlarına baxmayaraq "İbad 2" çəkildi. "İbad 2" filmini izləyib və onunla bağlı qeydlərimi sizə təqdim edirəm.



Başladıq...

Film başlayandan bir neçə dəqiqə ərzində Monte Melkonyanın başının kəsilməyindən bəhs edilir. Belə desək, film yalanla başlayır. Filmdə rol alan erməni komandir Montenin başının kəsilməyindən narahatdır və bunu xalqa necə çatdırmağı düşünür. Bu yerdə içəri bir dəli gətirilir. Erməni komandirlə dəli qucaqlaşır. Hətta erməni komandir Avonun sağ olmasına sevinir. Bu anda Saşa adlı bir rus zabit dəlini güllə ilə vurub öldürür və deyir ki, bunun başın kəsin, Montenin başına tikin, xalqa belə göstərin. Dünya kino tarixi bəlkə də hələ bu qədər fantastik bir ssenari ilə qarşılaşmamışdı. Ssenari müəllifinin fantaziyasına heyrətlənməmək olmur. Təxminən bu səhnə 5 dəqiqə davam edir. Filmi fantastik janrda təqdim etsələr, inanın!

Dəqiqə 10. İbad və yanındakı əsgərlər yolun ortası ilə Bulvarda gəzirmiş kimi gedirlər və gəlib bir kənardan körpünü izləyirlər. Az sonra yük daşıyan hərbi texnika körpünün üzəri ilə hərəkət edir və partlayır. Hə, indi deyəcəksiniz, nə olsun? O olsun ki, 12-ci dəqiqədə rabitəçi əsgər polkovnikə xəbər verir ki, bizimkilər körpünü partladıb. Ancaq dəqiqdə 10-dakı kadra çevirsəniz görəcəksiniz ki, körpü yerindədir, ancaq maşın partlayıb. Körpünün partlaması onun yararsız hala düşməsi, ortadan bölünməsi, dağılması anlamına gəlməlidir. Ancaq partlayış zamanı və partlayışdan sonrakı kadrlara baxın. Körpünün partlamasından söhbət belə gedə bilməz. Hətta filmə baxanda elə bildim ki, İbad və yanındakı əsgərlər körpünü yox məhs maşındakıları partlatmaq istəyib.

Dəqiqə 13. İbadgilin yerini düşmən bilir və minaatanlarla həmin ərazi atəşə tutulur. Mərmilər hətta İbadgilin lap yaxınında partlayır, ancaq heç birinin burunu belə qanamır. İbad arxaya baxır və deyir, "hamı sağdır və axıra qədər döyüşə". Biri mənə "axıra qədər döyüşə" əmrini izah etsin. Bu əmr nə zamandan kəşf edilib? Kimsə deyəcək ki, bəs sözgəlişi də belə deyə bilərdi, o zaman zatən hərbi hazırlıq filan yox idi. Onda filmdə başdan başa söyüş olmalı idi, niyə yoxdur?

Dəqiqə 24. Türkcə danışan biri 3 azərbaycanlı əsiri döyür. Ümumiyyətlə, niyə bu kadr çəkilib, bu epizod nəyə lazım idi? Döyülmə səhnəsi isə başlı-başına komediyadır. Səhnənin əvvəlini kəsib atın bir kənara davranışa baxın, görün orada döyülməyə oxşayan nəsə var?

Dəqiqə 25. Filmin bu dəqiqəsi dolmaya həsr olunub. Saşa adlı rus zabitlə erməni arasında dolmanın hansı millətə aid olmasının mübahisəsi gedir. Bəli, qəbul edirəm, hər filmdə bəzi mesajlar ötürülməlidir. İnsanlara çatdırılmalıdır. Ancaq bu qədər ikrah verici, primitiv şəkildə yox.

Dəqiqə 28. Əmr verilir ki, Şiş dağa gedilməlidir? O yüksəklik Şişqaya deyildi?

Dəqiqə 30. Qaranlıqda İbad və yanındakı əsgərlər adi durbinlə qarşı tərəfi izləyir və koordinat verirlər. O dövrdə Azərbaycan ordusunda gecəgörmə cihazının olub olmaması ayrı mövzudur. Adi durbinlə qaranlıqda necə görürlər, bir bilsəm. Mənə çox maraqlıdır, ölkədə bir hərbçi yox idi ki, aparsınlar filmin çəkilişinə və bu gözlə görüləcək səhvləri yerindəcə desin? Bir də, İbad koordinatları verir, "Qrad" qurğuları ilə zərbələr endirilir. İbadgilin batalyonunda "Qrad" haradan idi?

 - Film boyu rus Saşa ilə erməni komandir mübahisə edir. Rus Azərbaycanı tərifləyir, erməni isə əksin deyir. Nə, indi film vasitəsi ilə deyirlər ki, ruslar bizə dəstək olub? Əgər bizi çox istəyirdilərsə orada nə işləri var idi?

Dəqiqə 37. Yenə türkcə danışan erməni və yenə gülməli səhnə. Türkcə danışan erməni bir balaca uşağı bıçaqlayır. Özüm ölüm, o səhnəyə baxın, bıçaqlamadan çox qıdıqlamağa oxşamırsa, mən heç nə bilmirəm.

Dəqiqə 39. Şəhidlərin şəkilləri asılmış lövhə göstərilir. Orada İbadın da şəkili var. Hərbçinin biri deyir, İbadın şəkili burada nə gəzir, o biri də cavab verir ki, İbad da özünü yaşayan şəhid hesab edir. Bu nə məna verir, a kişi? Bu heç pafos da deyil...

Dəqiqə 43. İbad qışqırır "Səxavəətttttt". Əslində bu filmdə yalnış hesab etdiyim məqamlardan biri deyil. Sadəcə adımı çağıranda qəfil dik atıldım, elə bildim deyir, "Səxavəətttt, baxmaaaa, yazmaaaaa".

Dəqiqə 45. Həmin polkovnik yanında 2 nəfərlə İbadgilə gəlirlər. İbadın atasından onun qorxmazlığının səbəbini soruşurlar - Atası deyir, "dağa kəl vurmağa getmişdim, qayıdanda qarşıma canavar çıxdı, onu vurdum, ürəyin çıxardım, gətirdim, bişirdim anası yedi, Anası o vaxt İbada hamilə idi". Buna özünüz şərh verəsiniz. Nə desəm, səhv çıxacaq.

Dəqiqə 56. İbad 6 nəfərlə kəşfiyyata gedirlər. Dağ, cığır qalıb kənarda, yolun ortası ilə. Nə isə bunu keçdim. Erməni zirehli döyüş kəşfiyyat maşını gəlir, qəfil yolun ortasında durur. Niyə durur? Maşın dayanan kimi anında bilirsən ki, döyüş olacaq. Atışma başlayır və heç kim ağacın arxasına girmir - nə düşmən, nə də İbadın dəstəsi. Elə ayaq üstə atışma olur. Niyə? Ağacın arxasına girənə söyüş qoymuşdular. Yaxşı, İbadı qəhrəman kimi göstərirsiniz, heç olmasa ermənini qorxaq göstərərdiniz, onlar qaçıb ağacın arxasında gizlənərdilər də. Yox, olmaz, ancaq ayaq üstə döyüş olmalıdır.

Ümumiyyətlə, filmdəki bütün döyüş səhnələri ayaq üstə gedir. Bunun səbəbi nədir? Özləri açıqlasınlar.

Dəqiqə 62. Polkovnik gizir İbadın qulağına bir şeylər deyir. İbad da deyir, mən bu işə müdaxilə etməliyəm. Yəni, "İbad 3" gələcək. "3"-ü boş verək. Polkovnik yazıq sifətində, əlacsız halda gizirdən yardım istəyir? Yəni, bu ordunu bu qədər aşağılamaq? Ümumiyyətlə, o polkovnik kimdir?

Film boyu azərbaycanlı əsgərlərin heç biri zabitə hərbi salam vermir. İbad otağa girir, polkovniklə öpüşüb görüşür. Bir birilərinə "qardaş" deyə müraciət edirlər. O dövrdə hərbi salam vermək qadağan olub? Hə, kimsə deyəcək ki, müharibə zamanı idi, nizam-intizam aşağı səviyyədə olub. Axı İbad Hüsenovun qardaşı Eyvaz Hüseynov və İbad özü dəfələrlə deyib ki, onların bölüyü bölgədə ən nizam-intizamlı olub. Yaxşı, İbad heç kimi saya salmayıb. Bəs digərləri niyə hərbi salam vermir? Lap verməyib, axı bunu filmdə belə göstərmək nə deməkdir?

Bir də, kimsə deyə bilər ki, bədii filmdir, bunlar hamısı ola bilər. Əgər filmin sonunda İbadın şəkilləri və İbadın anasının videomüsahibəsi yer almasa idi, razılaşardım.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics