Paşinyan Qərbə meyil etdikcə həmin sözçülər Nikolu və onun iqtidarını topa tutublar. Həmin sözçülər Rusiyanın maraqları çərçivəsində Ermənistanın ruporluğunu ediblər. Artıq Ukrayna fonunda hər kəs necə açıq oynayırsa, Cənubi Qafqazda da hər kəs açıq oynamağa başlayıb.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması gündəmə gəlib. Onsuz da o təşkilat Rusiyanın yan-yörəsi kimi vardı. O təşkilatın üzvlərindən olan Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edildi. Digərlərinin də gücü Ermənistandan o qədər fərqlənmir. KTMT heç vaxt NATO-ya rəqib ola bilməzdi. Çünki NATO hətta bir-birinə zidd, aralarında tarixi düşmənçiliyi olan dövlətləri də bir araya gətirib bir maraq uğrunda varlığını sürdürürsə, KTMT-nin varlığı da, yoxluğu da, marağı da Rusiyadır.
Ermənistanın KTMT-dən çıxması o qədər də asan məsələ deyil. Bilirik ki, Rusiya təkcə hərbi bazası olmasına görə yox, bütün sahələrdə Ermənistanı özündən asılı vəziyyətə salıb. Ermənistandakı müəssisələrin, demək olar, böyük hissəsi Rusiyaya aiddir. Ermənistanın Rusiyaya borcunu da nəzərə alsaq, vəziyyəti anlamış olarıq.
Paşinyanın Qərbə meyil etməsi, Rusiyaya açıq baş qaldırması, təbii ki, nəticəsiz qalmayacaq.
Soçidə oktyabr ayının 31-də Nikol Paşinyan, İlham Əliyev və Vladimir Putin arasında görüş baş tutacaq. Hesab edirəm ki, Putin Paşinyana qarşı son həmləsini, hədəsini, barmaq silkələməsini edəcək. Əgər Nikol bundan sonra eyni tərzdə davam edəcəksə, Ermənistan siyasətinin, küçələrinin qarışması qaçınılmaz olacaq. Ermənistan tarixində bu məqamlarda terror aktlarının olduğunu da nəzərə alsaq, terror və sui-qəsdlərin olması da bizi təəccübləndirməməlidir. Məsələ ondadır ki, ABŞ və Fransa açıq şəkildə Paşinyana dəstək verir. Dolayısı ilə Putin Ukraynada olduğu kimi, Ermənistanda da Qərblə döyüşmək məcburiyyətində qalacaq. Əgər tərəflər açıq müstəvidə bu savaşı başlatsalar, Cənubi Qafqazda sabitliyin pozulması mümkündür.
İddia olunur ki, hətta Ermənistan Rusiyanın 102-ci bazasını ərazisindən çıxarmaq istəyəcək. Məsələ ondadır ki, Azərbaycan da Qarabağdakı sülhməramlıları çıxarmaq istəyir. Bunun baş verməsinin o qədər də asan olmayacağı dəqiqdir. Çünki Rusiya, sadə dildə desək, postsovet məkanında elə üz qoymayıb ki, ordusu çıxandan sonra ona hansısa dövlət asanlıqla boyun əysin, xahişinə, əmrinə “baş üstə” desin. Rusiyanın təslim olacağı gözlənilən deyil.
Rusiyanın 102-ci bazasının Qarabağa yerləşdirilməsi iddiasına da rast gəlinir. Ermənistan üçün bu, göydəndüşmə ola bilər, ancaq Azərbaycanın bunu qəbul edəcəyi gözlənilmir. Çünki rəsmi Bakı bir yandan Türkiyə ilə hərbi əməkdaşlıq edir, ordusunu Türkiyə modelinə keçirmək üstündə işləyir. Bu durumda ərazisinə rus hərbi bazasını yerləşdirməsi real. Buna
Rusiya sülhməramlılarının Qarabağda olmasını ictimaiyyət onsuz da qəbul etmir. Azərbaycanda mütləq əksəriyyət Rusiya sülhməramlılarını sülhməramlı kimi də qəbul etmir. Onsuz da beynəxlaq hüquqa görə, Qarabağdakı Rusiya ordusunun sülhməramlı mandatı alması mümkün deyil. Rəsmi Bakının rus ordusunun çıxarılması ilə bağlı çalışması məntiqli və anlaşılandır.
Azərbaycan istər Ermənistanda, istər regionda baş verəcək proseslərə hazır olmalıdır. Məsələ ondadır ki, Ermənistan gələcəkdə baş verəcəklərə hazırlaşmaq və ayağa durmaq üçün mümkün bütün variantlardan istifadə edir. Xeyli yol aldığını da görmək mümkündür. Azərbaycan isə gözləmə mövqeyindədir. Gözləmə mövqeyi isə hər zaman uğur gətirmir…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder