Sərhəddə baş verən döyüş toqquşmasından sonra erməni tərəfi Azərbaycan ordusunun Ermənistan ərazisinə girdiyini iddia edir. Dəqiq yer adları, neçə kilometr məsafədə irəliləmə ilə bağlı durmadan yazırlar. Azərbaycan tərəfi isə susur. Cımbızla çəksək belə, informasiya əldə edə bilmirik.
Əslində, bu, erməni tərəfinin Azərbaycanın Ermənistana girməsi barədə birinci iddiası deyil. İlk belə iddia Azərbaycan ordusunun Qaragöl istiqamətindəki mövqeləri ələ keçirməsi zamanı baş vermişdi.
Həmin vaxt məsələni araşdırıb ortaya qoymuşdum və nə Azərbaycandan kimsə “işğal edib” deyə bildi, nə də ermənilər bu mövzunu açdı.
Hadisələr baş verəndən xəritələrin önəmindən bəhs edirəm. Xəritələr çox önəmlidir. Biz hələ də bilmirik ki, sərhədin delimitasiyası neçənci ilin xəritəsi ilə aparılacaq. Xəritələrin necə önəmli olduğunu aşağıda yazdıqlarımdan anlayacaqsınız.
Qaragölün ermənilərə SSRİ tərəfindən verilməsi ilə bağlı zamanında çox söz-söhbətlər olub. Məsələ ondadır ki, Azərbaycanın əlində olan məxfi topoqrafik xəritə 1957-ci ilə aid olub. O vaxt fərmana əsasən, girinti və çıxıntıları yerə köçürəndə Tiflisdəki baş idarədə oturan ermənilər nə qədər əkinə yararlı yerlər var idi, onu kəsib Ermənistan ərazisinə qoyurdular. Bu mənada, Qaragöl ətrafındakı əkin sahələri ermənilərə keçdi. Camaat narazılıq etdi.
Ermənilərin əllərindəki məxfi topoqrafik xəritə isə 1970-ci illərə aid olub. Köhnə məxfi xəritələrdə həmin ərazilər Azərbaycana, yenidə isə Ermənistana düşürdü. Bunu da SSRİ Nazirlər Sovetinin girinti və çıxıntıların ləğv edilməsi fərmanına əsasən edirdilər. Həmin girinti-çıxıntıların ləğv edilməsi zamanı Qaragöl və ətraf əraziləri kəsib Ermənistana vermək istəyirdilər. O vaxt Qarıqışlaq kənd orta məktəbinin iki müəllimi – Çingiz Mehrəliyev və İbiş Əsgərov patriot kimi bu məsələni Moskvaya şikayət etdilər. Bildirdilər ki, o ərazi bizim dədə-baba yerimizdir. Məsələni qaldırdılar, Moskvadan 1977-ci ildə komissiya gəldi.
Nəticədə qərar dəyişdi və həmin ərazilər Ermənistana verilmədi. Məhs o iki şəxsin fədakarlığı sayəsində Qaragöl ermənilərə verilmədi. Moskva 1987-ci il oktyabrın 17-də Qaragölü ümumittifaq əhəmiyyətli dövlət qoruğu elan etməyə məcbur oldu. Qoruq Azərbaycanın tabeçiliyində idi.
Əgər bu faktları Azərbaycan ordusu Qaragölə girəndən sonra söz-söhbətlər gedən zaman (Tərlan Eyvazovun vasitəçiliyi ilə Nizami İsmayılovu və Laçının sabiq icra başçısı Azər Məmmədovu tapıb məsələni detallı araşdırmasaydım) ortaya çıxarmasaydıq, kim və necə sübut edəcəkdi?
İndi Azərbaycan ermənilərin bu iddiaları qarşısında susqun qalıb. Niyə? Xəritələr yoxdur? Əminəm ki, var. Bəs nə mane olur? 6 minlik rüşvət iddiasına baş qoşmaq yerinə, şəhid qardaşını üzr istətmək əvəzinə, buna baş qoşmaq olmazdı? 6 minlik rüşvət iddiası yalnız Azərbaycan ictimaiyyətinin bir qismini narahat edə bilərdi. Ancaq erməni tərəfinin iddiası nəinki hər birimizə, dövlətə aiddir, buna bəzi dövlətləri və beynəlxalq təşkilatları qatsaq, məsələ daha aydın olacaq. 6 minlik iddia ermənilərin “Azərbaycan təcavüz edib” iddiasından çox önəmli idi? Müdafiə Nazirliyi elə davranır ki, sanki bir neçə həftə öncə milyonlar yeyildiyi üçün araşdırma aparılan və bir neçə zabitin həbs olunduğu qurum ora deyil…
“Tarixi torpaqlar, dədə-baba yurdu” demək asandır. Bunun altını doldurmaq lazımdır. Bunu üzə çıxarmaq gərəkdir. Lap deyək, bizi özlərindən saymırlar, əllərində bu qədər jurnalist, hərbi ekspert, politoloq saxlayırlar, heç olmasa, onların vasitəsi ilə çatdırmaq olmaz? Olar.
Mətbuata dərs keçmək asandır. Onsuz da bilən də, bilməyən də ağıl öyrədir. Mətbuatla işləməyi bacarmaq başqa şeydir.
Əgər delimitasiya komissiyası yaradılıbsa, bu o deməkdir ki, hətta BMT-nin qəbul etdiyi ərazilər də dəyişə bilər. Onsuz da 10 noyabr bəyanatından sonra xəritələr məsələsi ortaya atılmışdı. Önəmli olan neçənci ilin xərətəsinin əsas götürülməsidir. İctimaiyyətdən xəbərsiz ictimaiyyətlə əlaqələr şöbələrinin özlərinin bunu etməsi doğru deyil, amma xəritələri mətbuata sızdırmaqda nə problem var?
Hə, razıyam, haqlı olaraq oxuya-oxuya ürəyinizdə deyirsiniz ki, nəyi qoyub, nəyi axtarırsan. Günah nə məndədir ki, oxuduram, nə sizdədir, oxuyursunuz. Günah məntiq axatarandadır…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder