16.01.2017

"14 yaşlı əfqan uşağın ölüm təbəssümünü unuda bilmirəm" — Əfqanıstan müharibəsinin veteranı ilə müsahibə

Müharibə. İqtisadiyyatın təmərküzləşmiş forması deyirlər, ancaq müharibələr öldürür, faciələr yaşadır, qatillər və didərginlər yaradır.
70 il sovet hakimiyyətində yaşadığımıza görə, istəsək də, istəməsək də sovetlərin qatıldığı müharibələrdə iştirak etmişik. 2-ci dünya müharibəsi, Əfqanıstan müharibəsi. Ölkəmizdə hər iki müharibədə iştirak edən kifayət qədər adam var.

Əfqanıstan müharibəsinin iştirakçılarının böyük əksəriyyəti sonradan Qarabağ müharibəsində də döyüşməli oldular. Sanki müharibə onların alın yazısı idi. Hər iki müharibənin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenent Abuzər Əbilov hər iki müharibə barədə suallarımızı cavablandırıb.
Ölkə.Az Abuzər Əbilovla müharibəni sizə təqdim edir:
Qısa arayış:
Abuzər Musa oğlu Əbilov. 1965-ci ildə Bakının Sovet küçəsində dəmir yol fəhləsinin evində doğulub. 1983-cü ildə Ukraynanın Belqrad şəhərində yerləşən "98-ci Hava desantları" diviziyasının 219 alayına (HH502432) əsgəri xidmətə gedib. 6 ay sonra əvvəl Tacikistana, sonradan Əfqanıstanın Cəlalabad vilayətinə göndərilib. 11 ay sonra yenidən Tacikistana və oradan öz hərbi hissəmizə qaytarılıb. 1985-ci ildə Azərbaycana qayıtdıqdan sonra, Moskva vilayətinə gedərək general Margelov adına Hava desantları Ali Hərbi məktəbinə daxil olub. 1990-cı ildə bir çox Sovet respublikalarından olan kursantlar kimi (əsasən Pribaltika ölkələrindən olanlar) o da buraxılış imtahanlarını vermədən Xalq Cəbhəsindən olan bir azərbaycanlının çağırışı ilə Qarabağda savaş başladığı üçün vətənə qayıdıb. Azərbaycana gəldikdə isə hələ Milli Ordu qurulmadığından Bakı Baş Polis İdarəsinin əlahiddə alayına daxil olaraq mütəmadi döyüş rayonlarına göndərilib. 1992-ci ilin mart ayında Daxili Qoşunlara xidmətə keçərək Daxili qoşunların TTM–də silah və artilleriya üzrə TTM xidmət rəisi vəzifəsini tutub. 1999-cu ildə xəstəliklə əlaqədar olaraq təxris olunub.
- Əsgərliyə nə zaman çağırıldınız və harada xidmət etdiniz?
- 1983-cü ildə Bakının Biləcəri toplanış məntəqəsinə gələrkən, o zaman tikinti-inşaat (stroybat) qoşunlarına pul verib düşmək ücün qapıda dayanan gizirlə dava saldıqdan sonra, meydanda desantçıları gördüm. Yığdıqları adam az idi. Çox adam "stroybata" getmək istəyirdi. Desantçılara yaxınlaşdım. Hirsli idilər. Tez-tez əllərində olan şəxsi işləri alıb dəyişir, əvəzində başqalarını verirdilər. Rusca söyüşlərini eşitdim: Bunlar nə qoyun millətdir, hamı "stroybata" istəyir. Düzü acığıma gəldi. Zabitə yaxınlaşdım. Rusdilli məktəbdə oxuduğumdan, təmiz rus dilində ona başa saldım ki, millət qoyun ola bilməz, fərdlər olar. Hirsli olsa da dialoqa başladıq. Atamın verdiyi (stroybata yazılmaq üçün vermişdi) 300 manat pulu ona uzadıb, məni desant qoşunlarına götürməyi xahiş etdim. Güldü. Yanındakı əsgərlər də güldülər. Mənə "pulu yığışdır, pul stroybat üçündür", dedilər. Gedib sənədlərimi aldılar. Onlara qoşuldum. Birazdan çoxaldıq. Ermənilər də vardı. Ləzgilər də. Boşluq olanda çıxıb pulu qapıda dayanan atama qaytardım və dedim ki, mən desant olmaq istədim. Fağır bir adam idi rəhmətlik. Olan şeyi o saat olmuş kimi qəbul edən idi. Təkcə qabarlı əlini başıma sürtüb "birdən davaya aparsalar necə?" soruşdu. Mən isə "hamı necə, biz də elə", cavab verdim və peşman oldum. O zaman ilk dəfə tək övladı itirməyin acısını yaşadım içimdə. Axşam qatarla yola düşdük. Hamı qaçır, əl edirdi. Tək atam durmuşdu durduğu yerində. Bilmirəm nədən, əlini yumruq büküb qaldırmışdı. Elə bil demək istəyirdi ki, möhkəm ol. Özü məhəllədə milis görəndə bağrı yarılan atam, məndə bir basılmamazlıq timsalı görürdü yəqin o vaxtlar. Yola düşdük. Əvvəl Rostova, sonra Odessaya və oradan da Bolqrada gəldik. Şəhər demək olar ki, bütünlüklə hərbi hissələrdən ibarət idi və Moldova ilə sərhəddə yerləşirdi. Burada başqa millətlərlə birlikdə, azərbaycanlılar da çox idi. İlk gündən bir olmağı qərarlaşdırsaq da, yarımız sözün əsl mənasında könüllü olaraq bizdən ayrıldılar. Sözü bir yerə qoyub, birinci paraşüt tullanışlarında təyyarədən tullanmadılar. Desant qoşunlarında da bir qayda vardı. Birinci atışda tullanmayanlar, başqa qoşun növünə göndərilirdilər. Getdilər. Az qaldıq. Acı və qəhərli bir gün oldu həmin gün. Onları sıra qarşısında danladılar və onlara deyilən sözlər bizə də təsir elədi.
Artıq püxtələşəndən sonra bizi sərhəd keçidinin hücumdan qorunması adı ilə Tacikistana gətirdilər. Artıq məlum idi ki, Əfqanıstana keçəcəyik. Bunu hamı danışırdı. Hətta biz alayda Tacikistan deyəndə, oradan gələn gizirlər bizə yazıq-yazıq baxıb "Tez-tez deyin, yadınızdan çıxmasın", deyirdilər. Bizim üçün isə bu romantik bir aləm idi, yeni bir dünya, yeni bir sivilizasiya idi. Sevinirdik. Sevincimiz uzun sürmədi. İlk qırmızı-boz dağların arasından vertolyotumuza çırpılan güllələr, qapıdakı pulemyotçunun dəli kimi boşluğa güllə yağdırmasına qədər. Əfqanıstanda elə bir qoçaqlığımız olmayıb. Əsgər kimi deyilən və verilən tapşırığı yerinə yetirmişik. Əsasən, Pakistandan gələn quru yolların üstündə olan dağ daşlarından qurulmuş postlarda durardıq. İşimiz də Pakistan tərəfdən gələn hər bir qaraltıya minlərlə güllə yağdırmaq olurdu. Çünki bu yollar qeyri-rəsmi yollar olduğundan, deyilənə görə, ancaq düşmənlərin istifadəsində idi. Gələn maşına, arabaya, yaxud qoşquda olan heyvana yaxınlaşmaq qəti qadağan idi. Ancaq vurandan sonra gedib baxmaq olardı. İlk insan ovum da orada oldu.
- İlk insan ovu barədə danışardınız..
- Qoruduğumuz ərazi əsasən Pakistan sərhədinin Əfqanıstanla birləşdiyi quru yollarının üstündə dururdu. Buradan qanunu şəkildə heç kim keçmirdi. Qanuni gələn insanlar sərhəd buraxılış məntəqəsindən keçib başqa yolla gedirdilər. Hər halda bizə belə deyilmişdi. Bizim tərəfimizdən vurulanlar əsasən axmaq adamlar olurdu. Silah, narkotik, sursatlar, başa düşmədiyim ədəbiyyatlar çıxırdı hərəkət vasitələrindən. Çox vaxt isə üstümüzə hücum çəkirdilər. Günlərin birində sovet dövründə olan QAZ-53 maşınına oxşar maşın gəldi o tərəfdən. Mən hər zaman fikirləşirdim ki, yaxşı olardı biz mərmiləri maşınların qabağına ataq, onlar da çıxıb əllərini qaldırsınlar, ölüm olmasın. Amma qəti tapşırıq var idi ki, görünən kimi vurulmalıdır. Atmamaq üçün çox zaman arada-bərədə girlənirdik. Bunu "starşina" hiss eləmişdi. Maşın görünən kimi məni 12.7 mm-lik “NSV-UTYOS” pulemyotunun arxasına başımdan basıb “ya atacaqsan, ya da mən səni indi burada təpiyimin altında öldürəcəm“, dedi və üzümə çox ağır bir şillə vurdu. Üzüm və içim ağrıdı. Ağlamaq tutdu məni. Hirsimdən optik nişangaha dirənib maşını gülləyə tutdum. Güllələrin dəyməsi, qapının qırılıb düşməsi, maşının yerişini itirib fırlanması və tüstülənməsi məlum etdi ki, mən orada canlı heçnə qoymadım. Hələ də qəzəblə ağlayaraq atırdım. Başımdakı dəbilqəyə dəyən avtomat qundağından atəşi saxladım. "Starşina" və baş leytenant idi. Gülürdülər. “Bax belə” deyib SVD-ni mənə verdilər. Məni gedib yoxlayan qrupa qoşdular. Dizlərim qırılmışdı. Allaha yalvarırdım ki, içində adam olmasın. Amma maşın özü gedə bilməzdi. Çatdıq. Çox ağır bir səhnə idi. İnsanlar paramparça, maşın isə yanırdı. Biraz qurdalandıq. Arxada 82 mm minaatan mərmiləri, 7.62 mm güllələr bir neçə dənə də RPQ mərmisi vardı. Yerə çoxlu əfqan pulu tökülmüşdü. Bizimkilər yığışdırdılar. Mənim isə gözümə heç nə görünmürdü. İnsanlara baxa bilmirdim. Şiddətli sancı tutmuşdu məni. Hər tərəfə fırlanıb adam axtarırdım ki, mənə desin ki, “sən qatil deyilsən”, amma hərə öz işində idi. Mənə fikir verən yox idi.
- Əfqanıstan necə bir yer idi?
- Ölkə və onun milləti haqda nəsə demək üçün gərək o ölkənin vətəndaşı, o millətin bir parası olasan. Başqa cür mümkün deyil. Çünki qəsbkar heç zaman ölkə haqqında məhəbbətlə danışa bilməz. Bu gün Əfqanıstanda döyüşən dostlar və veteranlar öz tarixləri üçün qəhrəman olsalar belə, onları başqa bir dövlətə göndərənlər qəsbkardırlar. Əsgər heç zaman mühakimə oluna bilməz. Zaman başqa idi. Tərkibində yaşadığımız Sovetlər birliyinin özünün siyasi maraqları vardı və bu maraqlar üçün adi insanlar qurban getməli idi. Əfqanıstan mənim anlamımda bir simvoldur. Basılmazlıq simvolu. Bu xalq illər uzunu qəsbə məruz qalsalar da, heç zaman basılmamışlar. Tarix boyu savaşaraq düşmənə həmlə ediblər. Lakin mənə görə bədbəxt bir millət idi. Kəndlərinə (aul, kişlak deyirdik) baxanda yoxsulluq, səfalət, elmsizlik, mədəniyyətsizliyin baş alıb getdiyini görürdüm. Əksər kəndlərdə elm ocağı, adi səhiyyə ocağı belə yox idi. Elektrik yox, yanacaq yox. Divardan həyətlərə baxanda çoxunun evi ilə tövləsinin bir olduğunu görürdüm. Xatirəmdə bu ölkə çox acı və ağır iz qoyub.
- Hansı döyüşlərdə oldunuz?
- Yox, nəysə uydursam yalan olacaq. Heç bir əməliyyatımız olmayıb. Ara-sıra kəndlərə zacistkaya (axtarışa) gedirdik. Çox zaman da oradan bir və yaxud bir neçə itki ilə qayıdırdıq. Əsasən kəndlərdə olan xəbərçilər, yaxud ordu kəşfiyyatı kənddə yaraqlılar olmasını xəbər verirdilər. Şurəvilərin gəldiyi bir anda qışlağa (qəsəbə, kənd) yayılırdı. Əsasən, kənddə olanlar bəlkə də müqavimət göstərmək istəməzdilər, lakin adət-ənənəyə görə edirdilər bunu. Biz yad idik. Və məramımız da onlara qəbuledilən deyildi. Atışma düşərdi, evlər dağılardı, hər iki tərəfdən itkilər olardı, əgər onlar çox zor göstərsə idilər, bu zaman biz çəkilərdik. Artilleriya və aviasiya danışardı. Və sonu da acınacaqlı olardı. Müharibə idi. Öz çılpaqlığı və qəddarlığı ilə.
- Yadında qalan acı əsgərlik xatirəsi?
- Səhər sənlə səhər yeməyi yeyib, günorta onun cansız cəsədini döyüşdən sürüyərək çıxardığım dostlar olub. Əsasən müharibə özü bir gündəlik həyata bənzəyir. Özünün sevinci, fərəhi, ağrısı, acısı ilə. Amma biz sevinəndə də qorxa-qorxa sevinərdik, çünki sevincimizin uzun sürməyəcəyini hər dəqiqə gözləyirdik. Ən acısı da bizim taburun Əfqanıstana getməli olmadığını və hansısa qərərgah səhvindən ora düşdüyümüzü bilməyimiz oldu. Səhv bizimlə gələn 18 nəfəri birdəfəlik, 22 nəfəri isə əlil aldı əlimizdən.

- Sonradan peşmançılıq yaşadığınız hansı hadisə olub?
- Bir gün postdan qayıdırdıq. PDM-lərin üstündə yığışıb yorğun amma sevincli idik. Qarnizona az qalmış qışlaqdan atdılar. Güllə ukraynalıya dəydi, kəlləmayallaq düşdü düz tırtılın altına. Aləm qarışdı. Hərə bir tərəfi atəşə tutdu. ZU-23 dən güllə gələn yeri atəşə tutdular. Atəş gələn tərəfə cumduq. Dağılmış divarın arxasında bir uşaq uzanmışdı. Əlində AK 47. Yaşı təxminən 14-15 olardı məncə. Hələ sağ idi. Amma qəlpə qarnını dağıtmışdı. Onun üzündəki təbəssüm məni bütün dünyaya nifrət eləməyə vadar elədi. Elə bil nəsə sındı içimdə. Dünyadan küsdüm. Ukraynalının ölməyi heç o qədər təsir eləmədi. Uşaq elə təbəssümlə canını tapşırdı. Baxdım ətrafdakıların çoxu mən vəziyyətdə idi. Hamıya təsir eləmişdi uşağın ölməyi. Niyə belə olmalı idi? Onun məktəbə gedən, elm öyrənən vaxtı idi. Niyə? Bu suala bizdə cavab yox idi.
- Döyüşlərdə düşmən öldürmüsünüz? Adam öldürmək necə bir hissdir?
- Atəş açmışam. Çox zaman da SVD ilə. Əvvəl çətin idi. Vurduğum adama baxmamağa çalışırdım. Çox zaman da atəşi ayaqdan vurmağı tələb edirdilər. Çünki yaralını çıxarmağa gələni də vururduq. Olurdu ki, onu çıxarmağa cəhd edən 2-3 adamı da vururduq, sonra isə özünü məhv edirdik. Əsasən, atışma vaxtı fərqinə varmırsan. Sonradan döyüş çölünə baxanda, yaxud vurduğuma yaxınlaşanda, pis olurdum. Adamdır axı. Ölü isə həmişə yazıq və köməksiz görünür. Sonralar bu hiss itdi. Vurduqca quduzlaşır adam. Bir növ maraq yaranır. Əlbəttə ki, düşməni məhv etmək vacibdir. Amma boş vaxtlarda tək qalanda, müharibəsiz yaşamaq arzusu həmişə yüksək olur.
- Qarabağa necə yollandınız?
- Hərbi məktəbdən qayıtdıqdan sonra, Azərbaycanda ordu yox idi. Yaranmaq istəyi vardı. Çox fikirləşmədən Bakı Baş Polis İdarəsinin əlahiddə alayında xidmətə başladım. Əsasən vəzifəsi mütəmadi olaraq basqın təhlükəsi olan rayonlarda xidmət aparmaq olan bu alayda çoxlu qeyrətli uşaqlar vardı. Əsasən də ordu təcrübəsi, hərbi səriştəsi olan gənclər idilər. Komandirimiz "milis podpolkovniki" (o zamanlar milis idi və rütbələr də milliləşməmişdi) Xanlarov Xanlar idi. Çox istiqanlı və şəxsi heyətini sevən bir insan, bir zabit idi. Ağdamda, Şuşada, Fizulidə xidmətdə olduq. 1992-ci ildən isə Daxili Qoşunlar Baş idarəsinə, Silah və artilleriya şöbəsinə baş zabit kimi keçdim. Əsasən xidmətim silah və sursatla bağlı olduğundan günüm döyüş bölgələrində keçirdi. Əsgər silahla və sursatla vuruşurdu. Bunu da vaxtında təmin və təşkil eləmək lazım idi. Həmin vaxtlar isə silah və sursat əsasən MN anbarlarında olurdu. Gün olurdu ki MN və DQ arasında olan soyuqluğun nəticəsində davaya çıxıb azacıq da olsa sursat əldə edə bilirdim. Ağır vaxtlar idi.
- Qarabağdakı döyüş yolunuz barədə danışardınız..
- Təvazökarlıq olmasın, döyüş yolu deyəndə ki, bütün döyüşən zabitlər kimi mən də öz peşəmə, rütbəmə və vəzifəmə uyğun döyüş aparmışam. Zamanlar olub ki, adi bölük komandiri kimi də hərəkət etmişəm. Vurduğum texnika da olub, canlı qüvvə də, ancaq heç zaman onları saymamışam və yadımdan çıxarmağa çalışmışam. Çünki məqsəd burada şahmat oyunu yox, torpağın işğaldan azad edilməsi, vətəndaşların və dövlətçiliyin qorunması idi. Əsasən qoşunlarımızın əhatə etdiyi döyüş zonası Ağdam, Ağdərə, Fizuli, Zəngilan və məhdud halda Laçın olub. İlk döyüşüm isə Şuşanın Kosalar kəndində olub. O zaman ermənilər Malıbəylini yandırdılar. Səhərə qədər dəli kimi Xankəndini atəşə tutduq. Lakin silahların zəifliyi və pərakəndəliyi, düşmənə hiss olunacaq zərbə vurmağa çətinlik törətdi. Gecələrin birində Xankəndindən gələn PDM maşını bizim olduğumuz Topxana postuna soxulmağa çalışdı və atəş açmağa başladı. Atəşdən ruslar olduğunu anladım. Səlist atəş açırdılar. Çünki 2A28 “Qrom” topunu atmağın özünün qaydası var. Naşı tuşlayıcı-operator açdığı atəşdən hiss olunur. Bu isə avtomatizmə çatdırılmış əl doldurulması ilə qısa zamanda 4-5 atəş açırdı. Vəziyyət ona görə pis idi ki, RPQ qumbaraatanı üçün 3 mərmimiz vardı və postda olan topu ona çevirə bilmirdik, çünki yan mühafizə təpələri mane olurdu. Məsafə də uzaq idi. Təxmini 700 metr. Atəşdən ot tayası yandı və bir evin çardağı alışdı. Gözləmək olmazdı. Yol qazıldığından, kəndə girə bilməsə də ziyanı çox olacaqdı. Üstündəkilər də pulemyotdan atırdılar. Risk elədik. Tullanıb biraz qabağa getdik. RPQ-dən PDM-in qülləsini nişan alıb atdım. Mərmi çatmadı, amma yaxınlıqda partladığından üstdəki döyüşcülər yerə töküldülər. Tez fırlanıb Xankəndinə qaçdılar. Səhər isə yerə baxdıqda çoxlu qan var idi. Yəqin qüllənin üstündəkilər ya ciddi zədə almışdılar, ya da ölmüşdülər. Bundan sonra çox döyüşlər oldu. Qələbə ilə qurtaranı da, məğlubiyyətlə qurtaranı da olub.
- Xatirinizdə hansı döyüşlər qalıb?
- Xatirələri anmaq hər dəfə ağırdır. Hətta qələbələri belə. Çünki hər qələbənin özünün sətiraltısı var. Bu sətiraltılar mənim səngər dostlarım, döyüş yoldaşlarımdır.
Adi bir epizod: Manikli kəndində məktəbdə yatdığımız zaman yuxarıda "Tekstilni" deyilən bizim postlara Güneypəyə tərəfdən həmlə olduğunun xəbərini aldıq. Cəld maşınlara minib ora getdik. Savaş oldu. İtkisiz düşməni qovduq, çoxlu sayda itkiləri oldu. Bunu sürüdükləri meyitlərdən bilmək olurdu. Çox böyük əhval-ruhiyyə ilə qayıtdıq. Amma 3 saat əvvəl keçdiyimiz yolda, hansı ki, bizim ərazi idi, minaya düşdük. Maşınımız partladı, Quliyev Xalid, Hacıyev İltifat şəhid oldu. Fedotenka ağır, mən yüngül yaralandım. Amma çox şad idik, həmin günün sonu isə ağır oldu. 1992-ci ilin noyabrında Çıldıran kəndini uzun cəhdlərdən sonra başqa qoşun növləri ilə aldıq. Böyük qələbə idi. Lakin burada da sətiraltısız keçmədi. Bir ata kimi sevdiyimiz, bir komandir kimi hörmət etdiyimiz Ənvər əmi dediyimiz, Ənvər Arazov şəhid oldu. Belədir. Müharibə xatirələr üçün hər zaman ağırdır. Belə götürəndə xatirimdə qalan bütün savaşlar demək olar ki, xüsusi əməliyyat kateqoriyasına aid ola bilər. Çünki elə də böyük qoşun növü deyildik. Və bildiyimə görə, tək qoşun növü idik ki, 18 yaşlı çağırışçılarla döyüşürdük. Çətin və ağır bir vəziyyət idi o zaman. Nə isə başqa xatirələrə baş vurmaq istəmirəm. Yəqin anladınız ki, keçmiş döyüşlər haqda danışmaq mənimçün əzabdır.
- Qarabağ müharibəsini niyə uduzduq?
- Bu yanlışlıqdır, mən deyərdim ki utopiyadır. Bəli biz insanlar itirdik, ərazilər itirdik, kəndlər, şəhərlər, rayonlar itirdik. Amma uduzmamışıq. Uduzmaq anlamı bir ölkə tamami ilə fəth olunan zaman olur. Biz sadəcə döyüş uduzmuşuq. Müharibə isə davam edir. Savaşı uduzmağımızın da bir çox hərbi və siyasi aspektləri var və bunlar real olan hərbçi və siyasətçilərə məlumdur. Mənə görə isə, böyükdən tutmuş, axırıncı vətəndaşa kimi eyforiya, çaşqınlıq, lovğalıq, səriştəsizlik və hətta xəyanət vardı. İndi heç bir kateqoriyanı ünvanlı demək istəməzdim. Hər kəs daxilində hansı kateqoriyaya aid olduğunu bizdən daha gözəl bilir.
- Ciddi müharibə (birinci, ikinci dünya müharibəsi, Veytnam, Əfqanıstan) iştirakçılarının bir çoxu sonradan reket, bandit, xüsusilə killer oldu. Ancaq Qarabağ müharibəsindən çıxanlar arasında belə biri olmadı. Bu bizim millətin xüsusiyyətidir, yoxsa Qarabağ ciddi müharibə deyildi?
- Mən belə deməzdim. Ciddi müharibələr insanların psixologiyasında ciddi də fəsadlar qoyur. Biraz zəiflər cinayət yolu ilə gedir, azacıq gücü olanlar isə hələ də mübarizə aparmaq əzmindədir. Bilirsinizmi müharibə adamının fərqli psixologiyası var. O Allahımızın ona verdiyi canı şüurlu olaraq öz vətəndaşının yolunda xərcləmək gücündə olan bir insandır. Bütün müharibə iştirakcıları da düşünürlər ki, insanları üçün etdikləri bu qəhrəmanlıq addımlarını cəmiyyət anlayacaq və onlar cəmiyyətdə ən sevilən və fəxr olunan vətəndaşlar olacaqlar. Lakin reallıq başqadır. Çox zaman kolluqda gizlənənləri qayıdarkən cəmiyyətdə səndən yüksəkdə görmək, özü böyük psixoloji zərbədir. Bundan əlavə, müharibə adamının sosial vəziyyəti, sağlamlığı, yaşam problemləri, başında həmin kolluq qəhrəmanlarının dayandığı aidiyyatı qurumlar tərəfindən düşmənçiliklə qarşılaşanda, gərək ən güclü insan olasan ki, ya cinayətkar, ya da intiharçı olmayasan. Bu zaman şərəf və ləyaqət qorumaq ən çətin və ən ağrılı bir vəzifədir. Bəli Azərbaycanda savaş insanları cinayətkar olmadılar, öz vətənlərinə çətinlik gətirmədilər. Əvəzində kolluq qəhrəmanları və savaş insanı olmayanlar bu gün də cinayətkardırlar. Onlar insanlarin haqqını pozur, korrupsiya və rüşvətxorluqla məşğul olur, dövlətin dövlətçiliyinə qəsb edirlər. Bu baxımdan bu problem də bizdən yan keçməyib.
- 1992-ci ildə keçirilən parad kimə və nəyə lazım idi?
- Əsasən parad və hərbi parad, dövlətin hərbi gücünün aynasıdır. Bu həm də özünü hərbə, savaşa həsr etmiş insanlar üçün bir stimuldur. Bu həm də psixoloji müharibənin aspektlərindən biridir. 1992-ci ildəki parad, sovetlərdən qopan Azərbaycan ordusunun tarixə qeyd etdiyi ilk töhfəsidir. Bu paradda mən də olmuşam. Bəli, müharibə gedirdi, savaş var idi. Lakin bu da savaşın bir aspektlərindən, silahlı toqquşmadan fərqlənməyən psixoloji müharibənin bir qoludur. Hələ almanlar Moskvanın divarları yaxınlığında olanda, Moskvada Qızıl Ordu parad keçirərək cəbhəyə yola düşdü. O zaman da paraddan sonra cəbhəyə yola düşdülər. Arzum budur ki, 2017-ci ilin Hərbi paradından sonra elə meydandan da cəbhəyə yola düşək. Bu, ən doğru seçimdir.
- Aprel döyüşlərinin əhəmiyyəti?
- Aprel döyüşləri bir təkan idi. Uzun illər silahlanma, ordunun güclənməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir taktika və strategiyanın qəbulu ordumuzun gücünün artması fonunda hər dəfə görünsə belə, Ermənistan bizi qorxaq və heç bir şeyə qadir olmayan kimi tanımağa davamlı idi. Hətta onlar ara-sıra yaxın kənd və şəhərləri mərmi atəşinə tutmaqdan belə çəkinmirdilər. Hər zaman sülh yolunu tutan Azərbaycan, bu zaman, mənim fikrimə görə ən səhv addımı atıb, heç bir xeyri, hərəkəti və imkanı olmayan beynəlxalq təşkilatlara, Avropa Şurası və BMT yə şikayətlənirdi. Bu təşkilatlar isə özlüyündə dünyaya sırınmış və realda heç bir qüvvəsi olmayan maliyyə yeyən boş bir qurumlardır. Bu zaman real olaraq cavab vermək və düşmənə yerini tanıtmaq vaxtının yetişdiyini nəhayət ki, Azərbaycan anladı. Bu döyüşlər haqda uzun-uzadı yazılıb və təkrarçılığa ehtiyac yoxdur. Sadəcə qeyd etmək istəyirəm ki, hər kəs həmin vaxt özünü müsəlləh əsgər sandı, savaş zonalarına axışdı. Düzdür, xalqın müdaxiləsinə ehtiyac qalmadı. Lakin bunun özü bir daxili inqilab idi. Uzun illər deyingən olanlar da bu zaman özünü cəbhəyə səfərbər elədi. Aprel döyüşləri biz veteranların da savaş tarixində yeni bir səhifə oldu. Bu səhifəyə yeni imzalar atdıq. İnanıram ki hələ səhifə qapanmayıb. Və bu savaş mütləq davam edəcək.
- İnformasiya müharibəsini düzgün apara bilirik?
- İnformasiya müharibəsi özü-özlüyündə müharibə və savaş aparma anlayışının ən vacib aspektlərindən, deyərdim ki, silahdan da öldürücü amillərindən biridir. Əgər ordunun apardığı əməliyyat nəticəsində düşmənə hansısa bir müəyyən sahədə zərbə vurmaq olarsa, informasiya müharibəsi ilə düşmənin bütün qüvvələrini hətta ona tərəf olan mülki və başqa qüvvələri də məhv etmək mümkündür. Aprel döyüşlərinin bir aspekti də informasiya müharibəsi oldu. Düşmən hətta internet məkanında həvəskarların həmləsi qarşısında da aciz qalmağa məcbur oldu. Bu amil həm hərbi, həm də mülki qüvvələr tərəfindən davamli və professional şəkildə aparılsa, öz bəhrəsini verir. Düşmənin yaydığı məlumat fonunda əks məlumat yerləşdirmək tezliyi pozulmamalıdır. Təəssüflə qeyd edirəm ki, MN mətbuat xidməti bu işin öhdəsindən lazımınca gələ bilmir. Əks tərəfin yalan informasiyaları KİV-də ayaq açandan 1-2 saat sonra MN mətbuat xidməti çox yorğun bir təkzib yayır ki, bunun da faydası heçə enir. Döyüş əməliyyatlarında olan kimi informasiya müharibəsində də vaxtında əks atəş açılmasa, bu böyük fəsadlara gətirib çıxarır. Məsələn, düşmənin verdiyi məlumatın doğruluğunu bilmədən, özünü strateq sayan, əslində isə kiçik və ambisiyalı qocalar, bu informasiyanı “dahiyanə “ şərh edərək, belə desək, şəxsi incikliklərinin əvəzini hökumətdən çıxarmaq istərkən, düşmən dəyirmanına su tökürlər. Belə saytlar da internet məkanında az deyil. Hətta verilən məlumatın texniki parametrlərini incələmədən, bunun tam düzgün olmasını qəbul edirlər. Bu sahədə əsasən hərbyönümlü jurnalistlərin olması və vaxtında problemi anlayaraq cavab və təkzib verməsi, vəziyyəti bir qədər yüngülləşdirir. Sizin sayt da buna bariz nümunədir.
Səxavət Məmməd
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics