15.01.2017

90 minlik tualetin açılışında dövlət himnimiz də səsləndirilib — Beyləqandakı tualetdən FOTOREPORTAJ

Son günlər ölkənin gündəmində olan rayon Beyləqan və onun icra başçısı Vaqif Abdullayevdir.
Beyləqan rayonunu və onun icra başçısını gündəmə gətirən səbəb Beyləqan şəhərindəki 1 və 4 nömrəli tam orta məktəblərdəki yeni istifadəyə verilmiş tualetlərin açılışı, açılış zamanı isə təntənəli surətdə qırmızı lentin kəsilməsi və dövlət himninin səsləndirilməsidir.

Qeyd edək ki, açılışda Beyləqan şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yanaşı Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi də iştirak edib.
Ölkə.Az-ın reportaj qrupu anoloqu olmayan açılış, 90 min manatlıq tualet kompleksləri barədə rayon camaatının fikrini öyrənmək üçün Beyləqana gedib.
Beyləqanın yollarını, küçələrini görəndə adamın ağlına ilk gələn bu olur, görəsən, həqiqətənmi Beyləqan şəhərinə 90 minlik tualet lazım idi? Beyləqan şəhərinin mərkəzi küçələrində, yollarında elə çalalar var ki, yalan olmasın adam içərisində gizlənə bilər.
Beyləqan şəhərinin mərkəzi parkını gəzirik. Mərkəzi parkda tualet yoxdur. Əgər tualet kompleksi tikmək lazım idisə, elə birinci mərkəzi parkda buna ehtiyac var. Təsəvvür edin ki, bir ailə parka gəzməyə çıxır (böyükləri başa düşdük) və uşaq tualet istəyir. Belə yerdə necə deyərlər, gülləri, kolları, ağacları ağlamaq tutur...
Şəhər sakini Hüseynov Akiflə söhbət edirik. Akif deyir ki, şəhərimiz bərbad haldadır. Şəhərimizdə kanalizasiya sistemi olmadığı halda 90 minlik tualeti hansı ağılla tikdiriblər. Gördüyünüz kimi, yollarımız bərbad gündədir. Cəbhəyanı rayonuq, birinci növbədə yollarımızı təmir etdirməli olduqları halda 90 min manata tualet tikdirirlər. Bu rayon İrşad Əliyev icra başçısı olan zaman az-çox gün görüb. Royonumuzun adını da pisə çıxardılar. Hara baxırsan rayonumuzun adı ilə bərabər tualet sözü qoşa çəkilir. Rayon camaatı öz arasında icra başçısının adını "tualetlər kralı" qoyub.
Gedirik Beyləqan şəhər 4 saylı tam orta məktəbə. Məktəbin həyətində köhnə tualetin yanında iki tualet tikilib. Tualetlərin qapısını açmaq istəyirik, ancaq görürük ki, qapıları bağlıdır. Məktəbin özünə baxanda isə təəccüb bizi bürüyür. Məktəb özü sözün əsl mənasında biabırçı gündədir. Məktəb sanki uçmaq üçün bir bəhanə axtarır, ancaq tualeti dünya standartlarına cavab verir. Olmazdımı ki, həmin pulu bu məktəbin təmiri üçün xərcləyərdilər? Sökük məktəbdə oxuyan şagird lüks tualetə gedir.
Məktəbin qarşısında Beyləqan şəhər sakini Cəlilov Coşqunla danışırıq. Coşqun "tualet" deyib, gülür.
"Bu icra başçısının başı tamam xarab olub. Tualet nədir, onun açılışı nədir? Hələ himn də səsləndirib, qırmızı lent kəsiblər. Gedin parkımıza baxın, parkda tualet yoxdur, camaatın tualeti güllərin ağacların dibidir. Hər il təzə gül əkirlər, yenə quruyur. O tualeti parkda tikmək lazım idi ki, hər il yeni güllər əkməsinlər". (Gülürük)
Coşqun bildirir ki, icra başçısı sanki beyləqanlıların qəsdinə durub. Bütün işləri öz yaxınlarına verir.
"Beyləqan camaatı ancaq fəhləliklə məşğuldur. Stadion tikdilər, bir müddət sonra uçdu. Orada işləyən ustaların, fəhlələrin pulunu kəsdilər. İcra başçısı indi də Bayraq muzeyi tikdirir. Bu cür biabırçı yolumuza, yaşayışımıza yaraşır bayraq muzeyi? Bayraq muzey üçün deyil, bayraq dalğalandırmaq üçündür", deyə rayon sakini əlavə edir.
Rayon sakini Məmmədov Həsən isə deyir ki, 4 nömrəli məktəbdə tikilən tualetin açılışını etmədilər. Səbəb isə məktəbin özünün biabırçı gündə olmasıdır.
Yollanırıq 1 nömrəli məktəbə. Bu məktəb təzə təmirdən çıxıb. Təzə tualet isə məktəbə xüsusi gözəllik verir. Bu tualet kompleksinin də qapıları bağlıdır. Maraqlıdır, məktəbin qapıları açıqdır, ancaq tualetinin qapıları bağlı. Görəsən niyə?
1 nömrəli məktəbin həyətindən çıxanda Beyləqan şəhər sakini Həsənov Rasimlə qarşılaşırıq. Rasim deyir, mənim uşaqlarım 2 nömrəli məktəbdə oxuyur, xeyir ola mənim uşaqlarım 90 minlik tualetə getməsinlər? Tikirdilər bütün məktəblərdə tikərdilər. Rasim deyir, qardaş, vallah yandığımdan deyirəm eee, ayıbdır, rayonumuzun adını batırdılar. Dost-tanış zəng edəndə salam-sağoldan sonra deyir, eşitdik tualetinizdə Wi-Fi da var. Hərə bir cür məzələnir. Məzə, lağ obyekti olmuşuq.
Beyləqanda olarkən xəbər əldə etdik ki, burada tualet tikən şirkətin növbəti dayanacağı Ağcabədi rayonudur. Şirkət Ağcabədidə 1 və 11 nömrəli məktəblərdə də tualet kompleksi tikəcək. Deməli lağ obyekti olacaq rayonlarımızın sayı hələ çoxdur...
Səxavət Məmməd
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics