27.02.2023

İşbilməz qurumlar, "başdaşı"lı parklar, yapon səfirin ümidinə qalan tualetsiz məktəblər... - Səxavət Məmməd yazır

Söyüş qoyan qurumlar, mərmərli parklar, tualetsiz məktəblər.

Arxadan – tualetdən əvvələ gəlim.

2016-cı ilin aprel döyüşləri yeni bitmişdi. Bir qrup Qarabağ müharibəsi veteranları ilə cəbhə bölgəsinə yollanmışdıq. Geri qayıdarkən redaksiyadan zəng gəldi ki, Yaponiya səfirliyi Beyləqandakı iki məktəbdə müasir tualet qurub, reportajsız gəlmə.

 Gecə qaldım rayonda, səhər tezdən Beyləqan küçələrinə düşdüm. Mərkəzdəki parka gəldim gördüm gül əkimi gedir. Fəhlələr gül əkir, bir nəfər kostyumda dayanıb deyinir. Kimliyini soruşmuşdum, demişdilər ki, başçının müavinidir. Yaxınlaşıb işiniz irəli dedim. Kişi dedi, sağ ol, ancaq bura gül əkməkdən canım boğazıma yığılıb. Niyə sualına cavabı belə oldu. Park salmışıq, tualet yoxdur. Camaat da uşağını çıxarıb burada gəzdirir. Uşağın təbii ehtiyacı olanda hara edir? Güllərin dibinə. Mən su, gübrə verirəm, uşaqlar kislata, beləcə güllər quruyur.

Ağsaqqal, hər ay gül əkdiyinizə niyə tualet tikmirsiniz? Yolun qırağında gördüyün obyektlər var ha, bax onların birinin də tualeti yoxdur. Hamısı bunu gözləyir.

Gördüm rayonda biraz qalsam komediya söhbətlər eşidəcəm. Yolla keçən birindən soruşdum ki, iki məktəbdə müasir tualet tikiblər, sizin uşağın oxuduğu məktəbin tualeti necədir? Bizim məktəbdə uşaq müəllim icazə olar bayıra çıxım gəlim deyəndə, müəllim bilir ki, uşaq evə gedib, gələcək. Yeri gəlmişkən, o vaxt tikilən tualetlərdən biri açılışdan sonra direktor tərəfindən bağaltdırılmışdı ki, dağıdacaqsınız, məcbur olub mən təmir etdirəcəm. Köhnə qaydayla davam…

İndi İmişlidə bir müəllim tualetin yoxluğundan şikayət edib, hətta şagirdlərə məktəbə gəlməyin deyib. Sonra da töhmət veriblər. Nədənsə ölkəmizdə hamı buna təəccüblənir. Rayon, xüsusilə kənd məktəblərinin çoxusu eyni gündədir. Ya yoxdur, ya da elə var ki, olmasa, ondan yaxşıdır.

Dindirəndə heç kimi bəyənmirik. Ruslara, avropalılara çimmək, tualet kimi mədəniyyəti biz sizə öyrətmişik deyirik. Ancaq hansısa ölkənin səfirliyi gəlib məktəblərimiz üçün tualet tikir.

Tualet məsələsinin bərbad olduğunu o qədər anlayırıq ki, hətta travmamıza çevrilib. Küçəyə çıxıb sual versək ki, Səddam Hüseynin evindən nə çıxmışdı? Deyəcəklər, qızıl unitaz. Müharibədən sonra 3 rayon boşaladılanda ən çox yadınızda nə qalmışdı? Ermənilərin unitazı qucaqlayıb aparması. Hətta bir adamın daha çox varlı olduğunu anlatmaq üçün tualeti də qızıldandır deyirlər.

Hesab edirəm ki, o müəllim qəfil belə bir qərara gəlib, video çəkib bunu ictimailəşdirməyib. Mütləq şəkildə orada hansısa hadisə baş verib. Direktor müəllim üçün deyir ki, məhşurlaşmaq üçün video çəkib. Tualetsiz məktəbin direktoru da ancaq bu cür ittiham edə bilərdi.

Məktəbin tualet problemi qalacaq kənarda, yoxu var etmək yerinə müləllimin üzərinə hər cür gediləcək. Əsas odur ki, şikayət olmasın. Etiraz yerindəcə boğulsun. Başqaları üçün analogiya olmasın.

Məsələ əgər ictimailəşməsə, o müəllimin boynuna qoyacaqdılar ki, müəllim yemir, içmir, yatmır. Müəllim yeyib-içən varlıq deyilsə, demək ki, təbii ehtiyacı da yoxdur. Ümumiyyətlə məktəblərdən tualetləri yığışdırmaq lazımdır. Tualetsiz məktəbin direktorunda bu potensialı görürəm.

Təkcə məntiqsizlik təhsil ocaqlarındadır? Bina tikirlər, böyük mağaza, restoran açırlar maşın park etmək üçün yeri olmur. Görünüb ki, parklar yaşıllıq, ağaclıq, güllük olar. Ancaq bizdə park açır, yaşıllıq əvəzi mərmərlə bəzəyirlər.

Yeraltı keçidin nə üçün tikildiyi məlumdur. Qar yağır, həmin qoruyucu funksiyanı həyata keçirməli olan keçidə heç kim düşə bilmir. Niyə? Çünki mərmərdir, maşın yolunu keçəndə diqqət etsən xəsarət almadan keçmək olar, ancaq yeraltı keçidə düşmək ürək istəyir. Layihə insancıl, icraçılar isə pulçudur. Biri var bəzəkli daşlardan pul siləsən, biri də var ucuz.

Yeri gəlmişkən, hava şəraiti pisləşən kimi Azərbaycanda aidiyyatı qurumlar əhaliyə müraciət edirlər. Ancaq o müraciətlər demək olar ki, söyüş qoymaq kimi bir şeydir. Sürmə, gəzmə, çıxma, ehtiyatlı ol.

Çünki infrasturkturun qurulmasından məsul olan qurumlar çəkdikləri yola, tikdikləri körpüyə, yeraltı keçidə, işlətdikləri marşurutlara güvənmirlər.

Körpü demişkən. Yazım, biraz da buna heyrət edin.

Ağdam, Tərtər, Bərdə rayonlarının kəsişməsində dördyol deyilən bir yer var. Həmin yerdə Bərdədən Ağdama (həm də əks istiqamət), Ağdamdan Tərtərə (əks) gedən yolların kəsişməməsi üçün körpü tikilirdi. Körpü tikilir, deyilən vaxtda təhvil verilməli olarkən məlum olur ki, Bərdədən Ağdama gedən yolun üstündə nəzərdə tutulan körpü var, ancaq Ağdamdan Tərtərə gedən yolun üstündəki körpü yoxdur.

Ərazidə çoxlu sayda mağazalar, benzindoldurma məntəqələri var. “Müəllim”lər pul atışıb layihəni icra edənin cibinə basıblar, beləcə körpü sənəd üzərində var, ancaq reallıqda yoxdur. Beləcə xeyli sayda məsul şəxs həbs edilib.

Çıxma, yıxılma, sürüşmə, park etmə, şagird şalvarını batırsın, danışma…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics