İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin sayını iki dəfə artırıldığını vədaha da artırılacağını bildirdi. Əslində, təkcə Xüsusi Təyinatlı Qüvvələrin yox, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
Azərbaycan 44 günlük müharibədə qalib gələn tərəfdir. Normalda müharibələrdən sonra xərclərin azaldılmasına gedilir. Ancaq Azərbaycan bunun tam əksini edir. Hesab edirəm ki, bunun müxtəlif səbəbləri var. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb. Demarkasiya məsələsini Azərbaycan ordusu 12-13 sentyabrdakı əməliyyatla həll edib, ancaq delimitasiya məsələsi açıq qalır. Təkcə bununla da bitmir. Qarabağda müstəqillik arzusunda olan bir rejim, onları dəstəkləyən Rusiya və silahlı dəstələr var. Azərbaycanın xüsusi təyinatlılarının sayını artırması zərurətdən doğur. Ancaq dünyada baş verən proseslərə, ölkələrin sürətlə silahlanmasına, yeni müharibə ocaqlarının yaranma ehtimalına baxdıqda məsələnin təkcə Qarabağ və Ermənistan olmadığını da deyə bilərik. Azərbaycan dünyanın bir parçasıdır, ətrafımızda sülh imzalanmamış bir dövlət və Rusiya, İran kimi pusquda yatan güclər var. Belə olan halda, Azərbaycan bu gün üçün yox, gələcək üçün öz təhlükəsizliyini qorumağı göz önünə alaraq bu addımı atıb.
Bundan əlavə, xüsusi təyinatlıların sayının artırılması həm də gələcəkdə peşəkar orduya keçidin bünövrəsinin qoyulması kimi də qiymətləndirilə bilər. Bu tip ixtisaslaşmış qüvvələr çağırışçılardan yox, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, gizirlər və zabitlərdən təşkil olunur. Ona görə də məlum addımlar, haradan baxsaq, gələcəyə hesablanmış kimi görünür.
Artıq rəsmi Bakının Qarabağda yaşayan ermənilərlə bağlı da mövqeyi konkretləşib. Bundan əvvəl hansısa güzəştlər düşünülürdüsə, mülayim açıqlamalar verilirdisə, indi konkret iki variant təklif edilir: Ya vətəndaşlığı qəbul etsinlər, ya da harada istəyirlərsə, orada yaşasınlar. Yeri gəlmişkən, 9 yanvar tarixli yazımda bunu qeyd etmişdim ki, Azərbaycan tərəfi indiki kimi humanist olmayacaq, şərt qısa-konkret bu şəkildə olacaq: “Ya vətəndaşlığımı qəbul elə, yaşa, ya da rədd ol, harada istəyirsən, orada yaşa”.
Paşinyanın açıqlamaları, əslində, narahatlıqların dilə gətirilməsi kimi də şərh edilə bilər. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcəklərini bildirdi. Bu, gözlənilən addım idi. Çünki Paşinyan ev sahibliyi etdiyi iclasda belə bəyanata imza atmamışdı.
Paşinyanın Rusiya hərbi bazasının Ermənistan üçün təhlükə törətdiyini deməsi riskli olsa da, gözlənilən idi. Çünki Ermənistanda Rusiya hərbi bazası əleyhinə bazanın qarşısında belə bir gün əvvəl mitinq keçirməyə cəhd olunmuşdu.
Paşinyan hər şeyin fərqindədir. Bilir ki, Rusiya bazası Ermənistanda olduğu müddətdə o, rahat şəkildə Qərbə üz tuta bilməyəcək. Təkcə məsələ bu da deyil. Rusiya hərbi bazasının Ermənistanda olması Paşinyanın təkcə Qərbə üz tutmasının qarşısını almaq üçün təhlükə törətmir, elə öz hakimiyyəti üçün də təhlükə törədir.
Paşinyan əvvəllər dolayı yollarla Qarabağ problemini öz üstündən Rusiyaya transfer etmək istəyirdi. Dünən isə açıq şəkildə bildirdi ki, Şuşa-Xankəndi yolundakı aksiyanı Rusiya sülhməramlılarının üzərinə atdı, məsələni birbaşa onlara transfer etdi. Əslində, Paşinyan Qarabağ problemindən can qurtarmaq istəyir. O təkcə can qurtarmaq yox, həm də Ermənistanla Azərbaycanı qarşı-qarşıya qoymağın dərdindədir. Bunun da səbəbləri var.
Birincisi, Ermənistandakı revanşistlərlə Qarabağdakı separatçılar, demək olar, eyni qabdan su içirlər, eyni təfəkkürdədirlər. Onların birləşməsi Paşinyan üçün təhlükə olacaq. Çünki məlum qrupların silahlı gücləri də var. İkincisi, Paşinyan onun fərqindədir ki, Ruben Vardanyan yalnız Qarabağ üçün göndərilməyib. Ruben üçün Qarabağ tramplin rolunu oynaya bilər. Rusiya Sarkisyan və Köçəryanla istəyinə nail ola bilməyəcəyini anlayıb. Alternativ olaraq Ruben ən yaxşı variantlardan biridir. Alınar, alınmaz – bunu zaman göstərəcək. Ancaq əminliklə demək olar ki, Paşinyanın son açıqlamalarından sonra Rusiya fikrini konkretləşdirəcək. Hesab edirəm ki, Ermənistanın qarışması sərfəli kimi görünsə də, əslində, gözlənilməz nəticələr də verə bilər.
Yeri gəlmişkən, İlham Əliyev birbaşa olmasa da, dolayısı ilə Rusiyaya mesaj verdi. Ermənilər üzərindən sülhməramlıların 2025-ci ilə qədər vaxtı olduğunu dedi. “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” misalı.
Azərbaycan və Ermənistan arasında problem olsa da, hər iki ölkənin – bura Gürcüstanı da əlavə də bilərik – ortaq bir dərdi var, o da Rusiyadır.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder