27.02.2023

Regionun aqibətini müəyyənləşdirəcək BÖYÜK OYUN: Azərbaycan buna hazırlaşır? - Səxavət Məmməd yazır

Sovet dövründə Ağdamda (ola bilər, başqa rayonlarda da olub) dəli-dolu, kriminala meyilli adamların “Devid-B” (dəlilik kağızı) arayışı alması çox dəb olub. Buna səbəb məsuliyyətdən yayınmaq idi. Bu məsələni bir dəfə qocaman həkimlərin birindən soruşdum, dedi, Ağdamdakı “Devid-b”lərin böyük hissəsi saxta idi. Hamısı da kriminal idi. Yeri gəlmişkən, o “Devid-b”lər arasında təkcə rayonda yox, ölkədə tanınmış şəxslər də var. İllərin söhbətidir, neçəyə düzəldildiyini də demişdi, qiyməti unutmuşam.

Bu haradan ağlıma gəldi?

Demək, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib. Şizofren imiş. Elə yenə Ağdamda bu tip adamlara “şizofren kopayoğlu” deyirdilər.

Terror aktından sonra İran məişət zəminini ortaya atdı. Bizim say-seçmə, “beynəlxalq səviyyəli” politoloqlarımız daxil, bir çoxları İranın bu versiyasını müdafiə edir. Dindirəndə hamıya ağıl verənlər bilmirlər ki, səfirliyin mühafizəsi necə təşkil olunur?

Həmin terrorçunun davranışlarına diqqət etmək belə kifayət edir ki, hazırlıqlı olduğunu görək. Maşını vurduqdan sonra qapını açıb düşməsi o qədər sürətlidir ki, bunu heç bir naşı adam edə bilməz. Üstəgəl, silahla davranışı peşəkardır. Hətta il yarım hərbi xidmət keçmiş əsgər belə silahla o şəkildə davrana bilməz. İranın “məişət zəmini” tutmadı. İfşa oldu. İndi həmin şəxsi qorumaq, Azərbaycana və dünyaya: “Terrorçumuzu belə cəzalandırmayacağıq”, – deyərək psixiatriya klinikasına yerləşdirir. Bunun bir adı var: terrorçunu məsuliyyətdən yayındırmaq. İranın dəliliklə terrorçunu məsuliyyətdən yayındırmasına Ağdamda “hamıya xox, əmiyə yox” ifadəsi ilə cavab verirlər.

İran ilk dəfə: “Bölgəmizdə sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir”, – deyəndə belə yazmışdım ki, İran Ermənistandan çox öz dərdindədir. İran yaxşı bilir ki, yeni dünya düzəni deyilən anlayış müharibələrlə olacaq və sonda dünyanın siyasi xəritəsi, ehtimal ki, dəyişəcək. Bəzi dövlətlər böyüyəcək, bəzi dövlətlər parçalanacaq, bəzi dövlətlər isə tamamilə tarixin arxivinə gedəcək. İran onu da yaxşı bilir ki, onun böyüməyinə icazə verməyəcəklər…

Hazırda bölgədəki gərginlik hələ yumşaq səviyyədədir. Gərginliyin daha da artacağı gözləniləndir. Qarabağda separatçı rejim olsa da, Azərbaycan oranı bitmiş hesab edir. Təkcə Azərbaycan yox, bölgədəki hər bir dövlət hazırlıq içərisindədir. Hətta Ermənistanın Qarabağı öz üstündən atmaq istəyi də buna bağlıdır. Çünki mümkün böyük bir müharibədə həm özünü, həm də separatçı rejimi qorumaq Ermənistanın potensialı xaricindədir. İranın konstrukturlarının Qarabağdakı separatçı rejimin silahlılarını təlimatlandırması da məhz bu yöndəndir. İran separatçı rejim vasitəsilə Azərbaycanın qüvvələrini parçalamağı hədəfləyir.

Azərbaycanın qüvvələri parçalana bilər?

Azərbaycan fərqli bir oyunun içərisindədir. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin elit bölmələrinin say tərkibinin iki dəfə artırıldığını bildirdi. Müharibə zamanındakı say və qüvvə nəinki Qarabağa, Ermənistana belə yetərdi, artardı. Azərbaycan özünün təhlükəsizliyini və müdafiə qabiliyyətini pik həddə gətirməyi hədəfləyir. Hətta çəkinmədən deyə bilərəm ki, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri müharibədəki xüsusi təyinatlı deyil. Qarışmıza çıxacaq xüsusi təyinatlılar müharibədəkindən bir neçə qat güclü olacaq. Bunun sayla heç bir əlaqəsi yoxdur.

Sual oluna bilər ki, bu nəyə lazımdır?

Müharibə bitəndən bir gün sonra yazımda “müharibə hələ yeni başlayır” yazmışdım. Onu da qeyd etmişdim ki, Azərbaycan böyük oynamağa məcburdur. Var olmaq üçün böyük oynanılmalıdır.

Regionda baş verənlər və ehtimal edilənlər Azərbaycanın qurduğu oyun deyil. Böyük dövlətlərin və transmilli şirkətlərin layihələridir. Azərbaycan kənarda qala bilməz. Bu elə qurulmuş oyundur ki, istəsən də, istəməsən də, içində olacaqsan. Oyunun, böyük təhlükənin olduğunu bilib buna hazırlaşmamaq dəlilik olardı.

Azərbaycanlıların sevimlisi Maksim Şevçenko deyir ki, Azərbaycan regionda 4-cü oyunçu olmaq istəyir, buna imkan vermək olmaz. Düzü, “Azərbaycan regionda 4-cü oyunçu olmaq istəyir” yazsaq, bizi qınayardılar, bəlkə, pafos olduğunu deyərdilər. Məsələ ondadır ki, bu, gerçəkdir.

İran da, elə Rusiya da bunun fərqindədir. Hər halda, Böyük Britaniya, İsrail, Türkiyə, Pakistan kimi ölkələrin qruplaşmasında olmağın hansı fərq yaradacağını kim də bilməsə, İran və Rusiya daha yaxşı bilir…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics