27.02.2023

Cənubi Qafqazda pozulan TARAZLIQ: İran və Gürcüstandakı azərbaycanlılar məsələsi - Səxavət Məmməd yazır

İrandakı Azərbaycan səfirliyinə qarşı terror aktı törədildi. Yayılmış videolar bunu deməyə əsas verir ki, hazırlığı olmayan, planlamayan şəxs qapının içəridən necə açılacağını bilməzdi. Şəxs hesablayıb. Lap deyək ki, əsəbi olub, onda sual olunur, məlum aktı niyə çöldə törətməyib?

Səfirliyin maşınlarını atəşə tutmaq içəri daxil olmaqdan daha asan deyil?

Demək ki, məsələ məkandır. Həm də məkandakı diplomatik korpusun bütün əməkdaşları.

Başqa bir məsələ – məlum terrorçu zərərsizləşdirilib İran hüquq mühafizə orqanlarına təhvil verilir. İsti-isti istintaq aparmaq əvəzinə, TV kanala müsahibə verir. Özü də Azərbaycan əleyhinə hədyanlar yağdıran “Səhər” kanalına. İran bu qədərmi demokratik ölkədir? Bəlkə, İranda cinayətkarın müsahibə vermək kimi bir hüququ var, xəbərimiz yoxdur? Düzü, bu məsələ ilə İran özünü “yandırmış” oldu.

İran o ölkələrdəndir ki, terrora, terror təşkilatına açıq şəkildə dəstək verir.

İranın Azərbaycandakı ruporları iddia edirlər ki, bunu başqa ölkələr edə bilər. İran normal ölkə olsaydı, bunu bilərdi və əraziyə diri mühafizəçi qoyardı. Təhlükəsizlik tədbirlərini yüksək səviyyəyə qaldırardı. Məlum, bunlar edilməyib. Mühafizəçi daha çox müşahidəçi vəzifəsini yerinə yetirirdi.

Məsələyə bir az da başqa yöndən baxmaq lazımdır. Digər regionlarda olduğu kimi, bizim regionda da Rusiya-Ukrayna müharibəsinin nəticəsi hesablanaraq siyasət həyata keçirilir. Ermənistan qopmaq istəyir, Azərbaycan sülhməramlıları ərazidən çıxarmaq niyyətini ortaya qoyub, ehtimal ki, Gürcüstan da Abxaziya və Osetiya ilə bağlı hesabını aparır.

Bəs İran?

Bir az tarixə nəzər salsaq, görərik ki, İranla Rusiya indiki kimi bir-birinin dəstəkçisi olmayıb. Uzun illər müharibə şəraitində yaşayıblar. İndiki adla İran ərazisinin bu qədər kiçilməsinin səbəbkarı məhz Rusiyadır. Rusiya İranı nəinki Cənubi Qafqazdan sıxışdırıb çıxarıb, hətta SSRİ zamanında bir neçə dəfə inqilab etməyə cəhd edib. İranın tarixdən gələn Rusiya adlı, türkiyəlilər demiş, quyruq acısı var.

İran da hesab içindədir. Rusiyanın mümkün məğlubiyyəti, zəifləməsi fonunda Cənubi Qafqazı təsir dairəsinə almaq yarışına girəcək. Yeri gəlmişkən, İran son illərdə təsir dairəsini ən çox artıran ölkələrdəndir.

İran Cənubi Qafqaz üçün nə edib?

İki xristian, bir müsəlman ölkə. Əvvəla, Azərbaycanda uzun illərdir casus şəbəkəsini qurub, din pərdəsi altında ağla gələn və gəlməyən işlər həyata keçirib.

Bu yaxınlarda Gəncədən bir nəfər mesaj yazıb ki, burada elə yerlər var, orada Azərbaycan dövlətinə söysən, əl çalarlar, İran haqqında mənfi fikir deyib 10 metr getmək olmaz. Azərbaycanda insanlar elə düşünürlər ki, ancaq cənub zonamız İranın təsiri altındadır. Lakin bir qədər araşdıranda məlum olur ki, Gəncəbasar cənubdan daha çox İranın təsiri altındadır. Təsir altındadır deyəndə, söhbət din, daha dəqiq, siyasiləşdirilmiş dindən gedir.

Gürcüstanda da İran son dərəcə möhkəmlənib. Gürcüstanda Azərbaycanın elm, təhsil, siyasi və digər formalarda görmədiyi, görə bilmədiyi işləri İran dinlə edib. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələr Gürcüstan və Azərbaycan şəhərlərindən daha çox, İran şəhərlərinə bənzəyir. Hər halda, bu məsələlər təkcə ideologiya ilə edilməyib. İran, bəlkə də, məsələnin bu həddə çatması üçün milyardlarla pul xərcləyib.

Hətta sözü gedən ərazilərdəki məscidlərə axundları belə İran təyin edir.

İran hesablamalar aparanda, təbii ki, bu amilləri nəzərə alır. Azərbaycan və Gürcüstanın qarşısında bu və digər məsələlərə görə müsbət işarə qoyur.

Bəs Ermənistan? Ermənistanla İranı bağlayan çox amil var. Hətta fərqli din amili belə iki ölkənin eyni yöndən çıxış etməsinə mane olmur. Əksinə, ideologiya dindən daha ön plana çıxır. Misal üçün, Qarabağ işğalda olarkən məscidlərin, demək olar, hamısında heyvan saxlanıb. İran bunu bilmədiyini deyə bilməz. Çünki işğaldakı evlərin çoxu sökülmək üçün məhz iranlılara satılıb. Görüb, etiraz ediblərmi? Qətiyyən. Yəni təkcə İran dövləti üçün yox, elə iranlılar üçün də din sadəcə olaraq vasitədir.

Azərbaycan özü də bəzi məsələlərdə laqeyd olub. İrandakı Azərbaycan səfirliyində terror törədiləndən sonra cənubdakı soydaşlarımızın etiraz aksiyası keçirdiyini görmədik. Bu həm də o anlama gəlir ki, xaricdə mühacirlik həyatı yaşayanların dedikləri, bildirdikləri pafosdan, gəlişinə deyilmiş gözəl sözlərdən başqa bir şey deyilmiş. Keşikçidağ məsələsi uzaq tarix deyil. Hətta sərhədçimizin əlindən silahını belə almışdılar. Gürcüstanda yaşayan azərbaycanlıların etiraz aksiyasını, Keşikçidağa yürüş keçirdiyini gördük? İranda yaşayan soydaşlarımız necə, elə gürcüstandakılar da elə davrandılar.

İndi düşünmək lazımdır. Niyə soydaşlarımız Azərbaycan dövlətini dəstəkləmir, bir neçə sutkalıq həbsi gözünün qarşısına alıb hərəkət etmir? Demək ki, Azərbaycan ya nələrsə etmir, ya yalnış edir, ya da iş tapşırdığı adamlar yarıtmırlar.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics