27.02.2023

Azərbaycanın təmkinindən cəsarətlənən DÜŞMƏN: Rəsmi Bakının edəcəyi bir şey var - Səxavət Məmməd yazır

Dünyada olduğu kimi, regionumuzda da bütün hesablamalar Rusiya-Ukrayna müharibəsinin mümkün nəticəsinə əsasən aparılır.

Etiraf etmək lazımdır ki, bu hesablamaları Ermənistan tərəfi daha çox aparır. Hətta deyərdim ki, Ermənistan Rusiyanın ehtimal olunan məğlubiyyəti üzərinə planlarını qurur.

Ermənistan Avropadan müşahidəçilər dəvət edib, Rusiya hərbi bazasının ərazisindən çıxarılması üçün ən azı bəyanatlar verir, aksiyalar keçirərək bu bəyanatın altını doldurur. Dolayısı ilə, Qərbə deyir ki, baxın, Rusiyadan qopuram, qopmaq istəyirəm, siz Rusiyanın dizlərini yerə qoya bilsəniz, ilk zərbəni də özüm endirməyə hazıram.

Təkcə bununla da kifayətlənmirlər. Diplomatik və informasiya sahəsində hücumlar edirlər. Psixoloji hücumlar da öz yerində. Açıq şəkildə görünür ki, Ermənistan diplomatik sahədə müharibədən əvvəlki səviyyəyə çatmaq niyyətindədir. Reallıq onu deməyə əsas verir ki, erməni tərəfi nəinki o səviyyəyə çatıb, hətta bir xeyli irəli də gedə bilib. Azərbaycan diplomatiyası, demək olar ki, yerində saymaqla məşğuldur. Çox maraqlıdır, müharibə vaxtı bunu bacaran ölkə müharibədən sonra niyə bu qədər passivləşib?

Azərbaycan tərəfi, demək olar ki, ancaq cavab verməklə məşğuldur. Azərbaycan xarici siyasətinin hücumu, ona da hücum demək olarsa, “məsuliyyəti Ermənistan tərəfi daşıyacaq” ifadəsindən o yana keçmir.

Ümumiyyətlə, lap 30 ilə yaxın müddəti götürsək, Azərbaycan tərəfi ancaq “lazım gələrsə” sözlərilə hücum edirdi. Bu günə qədər yadda qalan tək hədə sabiq XİN rəhbəri Elmar Məmmədyarovun bir cümləsi olub: “Mənimlə anlaşmalı olmasalar, Zakir Həsənovla danışmalı olacaqar”. Başqa heç nə!

Müharibələr, əməliyyatlar başlamazdan öncə mütləq şəkildə bunun zəmini hazırlanmalıdır. İndiki məqamda erməni tərəfinin bu zəmini hazırladığını görməkdəyik.

Ermənistan xarici işlər naziri Laçın dəhlizinin açılmasının iki yolunun olmasını dilə gətirib. Birincisi, diplomatik, ikincisi, hərb. Bu həmin Ermənistandır ki, Qarabağdakı problemin Azərbaycanın daxili işi olduğunu deyirdi. Hətta Paşinyan bunu səsləndirəndə Azərbaycanda elə zəka küpləri var idi ki, ona sülh quşu-zad da deyə biləcək həddə çatmışdı.

Yenə o həmin Ermənistanın xarici işlər naziridir ki, dövlət rəhbəri xalqa müraciət edərək sülhdən başqa yollarının qalmadığını deyirdi. Paşinyan orada deyir, bizimkilər isə burada məst olub lağ-lağı edirdi. Həmin Ermənistanın xarici işlər naziri indi dilinə Azərbaycanın daxilində olan məsələ ilə bağlı “hərb” sözünü gətirə bilir.

Sual olunur, Ermənistan Azərbaycanın daxilindəki məsələyə necə hərbi müdaxilə edəcək? Ehtimal ki, Qarabağdakı silahlıları nəzərdə tutur. Azərbaycan Xarici İşlər Nazirliyi Mirzoyana cavab verib. Bəli, yenə cavab! Cavbda diqqətimi çəkən bir yer var. 8 kəndin hələ də işğalda olması vurğulanıb. Təkcə Qazaxın 7 kəndi, Kərki anklavı işğal altındadır? Özümüzü aldatdığımız yetər. İstər adına Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olduğu ərazi deyək, istər separatçı rejimin olduğu yer deyək, fakt odur ki, ərazi Azərbaycan yurisdiksiyasında deyil. Azərbaycanın daxil ola bilmədiyi, ancaq daxili işi olduğu ərazi bəlaya çevrilməkdədir.

Ruben Vardanyan açıq şəkildə bəyan etdi ki, müstəqil dövlət olmaq istəyirlər. Vardanyanın təkcə bu cümləsi müharibə elanı deməkdir, Ararat Mirzoyanın açıqlaması da həmçinin. Yeri gəlmişkən, 22 fevral 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanan bəyannamənin 18-ci bəndində açıq şəkildə deyilir ki, tərəflər separatçılığa qarşı və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərməlidirlər. Vardanyanın etdiyi birbaşa separatçılıqdır. Heç Azərbaycan ordusu, hüquq mühafizə orqanları belə yox, elə ruslar müvəqqəti nəzarət etdikləri ərazidəki separatçını Azərbaycana təhvil verməlidirlər. Bilirəm, oxuya-oxuya etiraz edirsiniz. Bunun olacağına mən də inanmıram. Ancaq ən azı rəsmi Kremldən tələb etmək olar.

9 noyabr bəyanatına onsuz da Azərbaycandan başqa heç bir tərəf əməl etmir. Bu azmış kimi, Moskva bəyannaməsi də Rusiyanın göndərdiyi adam vasitəsilə pozulur.

Xarici İşlər Nazirliyi bənzər mətnlərdənsə, əsaslandırılmış şəkildə Rusiyaya da, Ermənistana da, bütün dünyaya da məsələni izah edib, şərt qoyub, vaxt verib, hərbi yolun mesajını verməlidir. Beləcə keçirəcəyi hərbi əməliyyatlar üçün də zəmin hazırlamış olacaq. Ancaq Azərbaycan nədənsə ağ daşlarla oynamaqdansa, qara daşlarla oynamağı seçir.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics