22.02.2017

Laçın dəhlizi uğrunda gedən döyüşlər, qələbə və... — keçmiş döyüşçü ilə MÜSAHİBƏ

Laçın dəhlizi uğrunda döyüşlər - 24 Sentyabr-22 Oktyabr 1992-ci il

Laçın dəhlizi uğrunda aparılan döyüş mövzusuna toxunmağa məni vadar edən səbəblər çoxdur. Bu döyüşlər haqqında, ümumiyyətlə, Qarabağ döyüşləri haqqında yazılan və deyilənlər bir tərəfə qalsın, bu hadisələrin şahidlərinin öz fikirləri vardır və bu fikirlərin hər biri digərlərindən fərqlənsə də, mənaca eyniləşdirilməyə çalışılır. Maraqlısı da budur ki, “Qarabağda biz yaxşı vuruşmadıq” - kimi fikirlərin sahibləri daha çox həmin müharibədə iştirak etməyənlərdir. Təbii ki, biz də müxtəlif arqumentlər ortaya atır, o cür düşünən insanları inandırmağa çalışırıq ki, əslində məsələlər sizin dediyiniz və eşitdiyiniz kimi deyildir. Həqiqətlər tamamilə başqadır, ümumiyyətlə həqiqətin qapısına paslı kilid vurulub.

Yaqub Nəhmətovla etdiyimiz ""Qarabağ uğrunda savaş bir Vətən savaşıdır, məgər orada cənublu, şimallı ola bilərmi?" — Keçmiş döyüşçü" başlıqlı yazıda Laçın dəhlizi və digər döyüşlərlə bağlı növbəti reportajın olacağının anonsunu vermişdik.

"Ölkə.Az" Yaqub Nəhmətovla müsahibənin davamını sizə təqdim edir:

- Laçın dəhlizinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 - Laçın uğrunda döyüş Qarabağ müharibəsinin sonu ola bilərdi. Bu döyüşlərdə əldə edilən qələbə ərazi bütövlüyümüzü təmin edər, Qarabağ münaqişəsinin bütünlüklə Azərbaycanın xeyrinə həll edilməsinə zəmin yarada bilərdi. Bu, məsələnin müsbət tərəfidir. Bunun başqa tərəfi isə oraya sərf edilən qüvvə, hərbi arsenalımızın azalmasına, şəxsi heyətin ruhdan düşməsinə və nəhayət, düşmən üçün Azərbaycanın içərilərinə doğru hərəkət şəraiti yaratdı. Bu döyüşdən sonra düşmən və onun havadarları bufer zonasını yaratmağa, öz maraqlarını Azərbaycana diktə etməyə başladılar. Laçın haqqında döyüşlərin acı həqiqətləri bu kimi fikirlərin üstündə qurulub və mən onları bildiyim qədər analiz etməyə çalışacağam.

Dəfələrlə geriyə baxdığım və anlamağa çalışdığım bir kəlməni də sizin ixtiyarınıza verməyi düşündüm. Həqiqəti sübut etmək çox çətindir, çünki hər bir həqiqətin arxasında bir neçə yalan gizlənib.

Xocavənd istiqamətində gedən döyüşlərdən sonra 820 saylı hərbi hissəyə 2 günlük istirahət verildi. Hərbi texnikanın qaydaya salınması, döyüş sursatlarının doldurulması, tabor, bölük komandirlərinin yerdəyişməsi və nəhayət əsgərlərin psixoloji durumunun sabitləşməsi üçün verilən bu vaxt öz bəhrəsini verdi. Bu müddət ərzində kəşfiyyat bölüyünün əsgərləri müşahidə məqsədli kəşfiyyat işlərini görürdülər. Düşmənin hücumdan sonrakı hərəkəti, daha çox hansı istiqamətlərdən itirdikləri mövqelərə yardım gəlməsi, düşmən qüvvələrinin yerdəyişməsi və s. kimi kəşfiyyat məlumatları əldə edildi. Eyni zamanda, hələ də döyüş bölgəsində yaralanan və həlak olanların axtarıb tapılmasını da bölük əsgərləri həyata keçirirdilər.

- Xocavənd uğrunda döyüşlər necə nəticələndi? O döyüşlərdən sonra nələr baş verdi?

- Xocavənd uğrunda döyüşlərdə tam nəticə əldə edilməsə də, böyük konteksdə düşmənə özümüzün heç də zəif olmadığımızı sübut etdik və erməni qarşısında güclü rəqibin olduğuna inandı. Ona görə də müharibədə təkbaşına vuruşmaq iddiasından əl çəkdi, digər dövlətlərdən müzdlu əsgər və mütəxəssisləri cəlb etməyə məcbur oldu. Bütün bunlara rəğmən, bizdə də çoxlu çatışmazlıqların olduğu ortaya çıxdı.

- Çatışmazlıqlar nədən ibarət idi, bunları analiz edərdiniz.

- 1. Döyüş zamanı bütün hərbi birləşmələrin bir-birləri ilə əlaqəsində, sağ, sol və ya ortada yerləşən qüvvələrin əlaqəli hücumunda problemlər;
 
2. Döyüş zamanı rabitə əlaqəsinin zəifliyi, düşmənin azərbaycan dilini bildiyini nəzərə alıb başqa variantlardan istifadə;

3. Hərbi texnika və şəxsi silahların tam öyrənilməməsi və ya onlardan düzgün istifadə edilməməsi;

4. Tabor, bölük və taqım komandirlərinin düzgün seçilməməsi və ya onların ümumiyyətlə, öz vəzifələrini bilməməsi;

5. Şəxsi heyətin döyüş zamanı kritik situasiyalarda hərəkətinin nəzarət altında saxlanılmaması;

6. Ərazini yaxşı tanıyan bələdçilərdən düzgün istifadə edilməməsi və ya onların vermiş olduqları səmtlərin dəqiqliyi ilə yoxlanılmaması;

7. Yerli özünümüdafiə taborlarının vermiş olduğu planların böyük hərbi hissənin ümumi planının tərkib hissəsi olsa da, əsas götürülməməsi;


8. Arxada gizlənə biləcək düşmən təxribatçılarının (yerli adamlardan ibarət konüllü və ya məcburi casusların) araşdırılıb aşkara çıxarılmaması;


və çoxlu digər çatışmazlıqlar hücum əmri almış hərbi hissə üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Bələ bir vəziyyət tərkibində olduğumuz hərbi hissədə baş verdi.

Bu döyüşlər eyni zamanda düşmənin itirmiş olduğu qüvvələri tez bir zamanda bərpa etməsini, onların öz yerli əhalisindən səmərəli istifadə etməsini, səngərlərdə daha çox yaşlı adamların növbə ilə durmasını, ağır texnika və artilleriyada mütəxəssislərdən istifadə etməsini aşkara çıxartdı. Məsələn, Yağləvənd istiqamətindəki döyüşdə düşmənin ən hündür dağda gizlədilmiş tankı bizim hətta, KMM-dən də arxada yerləşdirilən SAU-lara belə atəş açmağa imkan verirdi. Onun dəqiq atəşi nəticəsində SAU-lardan biri partladıldı. Bunu adi bir əsgər edə bilməzdi.

Nəhayət, bütün mənfi və müsbət tərəfləri götür-qoy edəndən sonra hərbi hissəyə yeni döyüş tapşırığı verildi- “Laçın dəhlizi”ni bağlamaq! Düşmənə Ermənistandan yardım gəlməsi artıq fakt idi, bu yardım quru yol ilə ancaq Laçın dəhlizindən mümkün idi. Bu yolu bağlamaq və Qarabağa əlavə qüvvələrin girişinin qarşısını almaq, düşməni təslim olmağa məcbur etmək! 2 günlük istirahətdən sonra hərbi hissə 1992-ci ilin 24 sentyabrında sübh tezdən Laçın rayonu istiqamətində hərəkət etdi.

- Laçın dəhlizi planı nədən ibarət idi?

- Dəhlizi bağlamaq prosesini təsəvvür edə bilmirdim. Deyək ki, onu bağladıq, bəs sonra? Axı Ermənistan uzaqda deyildi, oradan yenidən qoşun gətirib döyüşləri davam etdirmək olardı. Bu döyüşdə yeni plan əsasında hərəkət ediləcəyinə ümid edirdim. Çünki, dəhliz əvvəllər bizim nəzarətimizdə idi, lakin ermənilər onu yenidən işğal etmişdilər. Ola bilsin ki, o zaman qüvvələr nisbətində bir zəiflik olmuşdu. İndi isə başqa vəziyyətdir, bu qədər texnika və canlı qüvvə ilə bütün Qarabağı təmizləmək olardı. Onsuz da bazadan çıxdığımız zaman plan belə də tərtib olunmuşdu. Xocavənd istiqamətində hücuma keçib Xankəndində qələbə bayrağını sancmaq. Hətta, bayraq da götürmüşdük, amma bu plan işləmədi, irimiqyaslı hücum əməliyyatı keçirilməsinə icazə vermədilər.

- Və Laçına doğru yola çıxdınız...

- Hərbi karvan marşa səhər tezdən başladı. Mənim olduğum BMP-1 karvanın gah önünə, gah arxasına, gah da cinahlara keçərək müşahidələr aparırdı. Hərgah kəşfiyyatçı olduğumuzu nəzərə alsaq, biz karvandan xeyli irəlidə olmalı idik, amma hərbi hissə komandiri mənə bu şəkildə müşahidə aparmağı, eyni zamanda, arxada qala biləcək və ya xarab olan texnikalar haqda ona məlumat çatdırmağı tapşırmışdı. Karvanın önündə isə yerli milis (polis) maşını bələdçilik edirdi. Hərdən gözümə hündür təpələr dəyəndə onların üstündən ucu-bucağı görünməyən, səs-küyü aləmi götürmüş tank və digər zirehli texnikanın nəriltisinə, arxada buraxdıqları toz və tüstüyə, yollarda ilan kimi qıvrılan bu qarışıq hərbi karvana baxdıqca sevincimin həddi-hüdudu yox idi. Əgər döyüşləri düzgün idarə etsə idilər, bu qüvvə ilə çox şey etmək mümkün idi. Bu "əgər" məni rahat buraxmırdı. Canlı şahid olduğum 2 döyüş əməliyyatı buna sübut idi. Birlikdə döyüş bölgəsinə yola düşdüyümüz əsgərlərdən şəhid olanlar az deyildi. Biz Laçın dəhlizini bağlamağa getdiyimiz halda, onların cəsədləri geriyə, doğma obalarına göndərilirdi.

Döyüşə götürdüyüm 2 texnikadan birini Fizulidə qoymağa məcbur oldum. Çox həssas elektron cihazlardan ibarət olan BRM-1K ikinci döyüş əməliyyatında sıradan çıxdı və mən onu ekipajı ilə birlikdə orda saxlamağa qərar verdim. Ekipajın komandiri baş çavuş Dadaşov Xəlilə texnikanı buksirlə geriyə - bazaya aparmağı tapşırdım. Bu qədər qiymətli bir texnikanı döyüş bölgəsinə gətirdiyimə peşman idim. Fikirləşdiyim kimi onu istifadə etmək imkanım yaranmadı, hərgah bu texnikanın kəşfiyyat işləri görmək üçün qiymətli cihazları var idi. Baş çavuş Dadaşov Xəlil bu cihazları yaxşı öyrənmişdi. Rus zabitləri ona güclü təlim keçmişdilər. Yadıma gəlir ki, bu cür qiymətli texnikaların qorunub saxlanılmasını Bakıdan gəlmiş yüksək çinli zabit də tövsiyyə etmişdi. Mən ona dedim ki, sizin texnikanı qorumaq tapşırığınız yaxşıdır, amma 3 ay təlim keçmiş əsgərləri döyüş bölgəsinə göndərməyi əmr edirlər, siz isə texnikanın dərdini çəkirsiniz. “Bədbəxtçiliyimiz də bundadır” -deyə zabit mənimlə həmrəy olduğunu bildirdi..

Biz Qubadlı rayonu ərazisinə daxil olanda yerli əhalı tərəfindən çox səmimi qarşılandıq. Doğrudur, əllərində gül-çiçək olmasa da, yol boyu kəndlərin əhalisi karvanımızın qabağına çıxıb bizi salamlayır, əllərini yelləyirdilər. İndiyə qədər bu sayda hərbi texnika və canlı qüvvəni görməyən insanlarda böyük maraq yaranmışdı və sözsüz ki, bu hərbi texnikanın və canlı qüvvənin haraya və niyə gəldiyini gözəl anlayırdılar. İlk baxışdan həyat burada adi qaydada davam edirdi. İnsanlar təsərrüfatla məşğul olur, yollardan adi maşınlar keçir və müharibə deyilən şey hiss edilmirdi. Amma bu heç də belə deyildi. İnsanların sevinclərinin arxasında bir əsəbilik də hiss olunur, onlar narahatlıq və təşviş içində yaşayırdılar. Təbii ki, bu karvandakı əsgərlər də əraziyə döyüşməyə gəlmişdi, müharibə isə çoxlu itki və dağıntılar deməkdir. Bu insanların heç biri ağlına belə gətirməzdi ki, cəmi bir neçə aydan sonra onların həyatında böyük dəyişikliklər olacaq, dogma torpaqlarını tərk edib yollara, çöllərə səpələnəcəklər... Sonralar yerli əhalinin müəyyən hissəsi öz bədbəxtçiliklərində indi səmimi qarşıladıqları karvanın içindəkiləri günahkar hesab edəcəkdilər. “Siz gəldiniz, müharibə də qızışdı”… Bəli, biz gəldik və müharibə qızışdı sözlərini çox eşidəcəkdik. Və demək olar ki, bu, insanların haqlı iddiaları idi. Lakin biz buraya müharibəni qızışdırmağa yox, onu birdəfəlik söndürməyə gəlmişdik. Sözsüz ki, biz özümüz buraya gəlməmişdik, bizi buraya göndərmişdilər. Müharibənin də əsas qurbanları bu hərbi texnikaların üstündəkilər- Qubadlı sakinlərinin səmimi salamladıqları və onlara eyni səmimiyyətlə cavab verən əsgərlər olacaqdı.

1992-ci il sentyabrın 24-ü saat 13-14 radələrində biz Xanlıq kəndinə çatdıq. Hərbi karvan Xanlıq kəndi üstündə “dayan” komandası aldı. Briqadanın səhra düşərgəsi bu kənddə- daha doğrusu, kəndin sol tərəfində Həkəri çayının kənarında çadırlarda qərarlaşdı. Niyə burada qalmağımıza qərar verildi, mənim məlumatım yox idi. Qərar indi verildi, yoxsa hələ Fizulidə olduğumuz zaman planlaşdırılmışdı, dəqiq deyə bilmərəm. Hər halda bu hərbi hissə komandirinin səlahiyyətində olan bir qərar idi. Hərgah bizim müəyyən qədər məlumatımız olmalıydı. Ancaq şəxsən bunu bilmirdim, demək bölüyümüzün əsgərləri də bundan xəbərsiz idilər. Bəlkə də hərbi sirr olaraq saxlanılmışdı. Ərazi düşmən müşahidələrinin altında idi. Bunu öncədən bilmək müəyyən təxribatlara səbəb ola bilərdi. Təxribat bu müharibədə adi hala çevrilmişdi. Çox şeyə nəzarət etmək mümkün deyildi. Harda isə 20-30 km aralıda illər boyu dost, qonşu kimi özlərini qələmə verən ermənilərin silahlı birləşmələri bir çox yüksəklikləri, o cümlədən, Ermənistanı Qarabağla birləşdirən keçidi ələ keçirtmiş və orada at oynadırdılar.

Hərbi texnikalar yavaş-yavaş Xanlıq kəndində yerləşdirilirdi. Mən öz bölüyümə (artıq 3 nəfər azalmışdı) çayın lap yaxınlığında çadır qurmağı tapşırdım. Onsuz da bura müvəqqəti dayanacaq olacaqdı, ümid edilirdi ki, döyüşlərdə irəliləyişlər olduqca düşərgəmiz də başqa yerlərdə qurulacaq. Çadırların quraşdırılmasına yenicə başlamışdıq ki, hərbi hissə komandirinin məni çağırdığını bildirdilər. Mən avtomatımı götürüb hərbi hissə komandirinin olduğu qərargah yerləşən çadıra yollandım. Hərbi hissə komandiri ilə kəşfiyyat bölüyü və şəxsən mənim aramda çox isti münasibətlər yaranmışdı. Biz artıq iki döyüş əməliyyatı keçirmiş, bir-birimizi tanımaq prosesini adlamışdıq. Hərbi hissə Göytəpədən döyüş bölgəsinə gələndə mən hərbi hissə komandirnin yanında başqa bir kəşfiyyat bölüyünün olduğunu da gördüm. Əvvəlcə fikirləşdim ki, biz iki kəşfiyyat bölüyü yola getmərik, işlər qarışacaq, əldə edilən məlumatlar digəri tərəfindən təkzib ediləcək. Amma birinci döyüşdən sonra məsələ özü öz həllini tapdı. Göytəpədən gələn kəşfiyyat öz effektsizliyini ortaya qoydu. Hərbi hissə komandiri onun əsgərlərini piyada taborlara payladı. Mən bölüyümlə əlahiddə kəşfiyyat bölüyü olaraq əsas kəşfiyyatçı statusuna sahib olduq. Həm hərbi texnika və müxtəlif silah növlərinə malik olmağımız, işimizi düzgün qurmağımız, həm də əsgərlərimin daha intizamlı və iş görmək qabiliyyətli olması hərbi hissə komandirinə əsas verdi ki, ancaq bir kəşfiyyat bölüyü olsun. Sözsüz ki, belə olduğu halda bu mənə bölük komandiri olaraq hərbi hissə komandirinin mənimlə məsləhətləşmək, planlar çəkmək və digər işlər üçün onun inanılmış adamına çevrilməyimə şans verdi. Mən öz bölüyümlə bu şansı daha da möhkəmləndirmək üçün canla-başla qulluq etməkdən əlavə sadəcə öz işimi görməyə çalışırdım. Kəşfiyat sənətinə çoxdan sahib idim. Bunu Sovet ordusu siralarında xidmətdə və Əfqanıstan döyüşlərində təcrübədən keçirmişdim. Bu mənə çoxlu dividentlər verirdi. Nəticədə həm özüm, həm də mənə tabe olan əsgərlər əzmlə vuruşub, Sovet dövlətinin orden və medalları ilə təltif olunmuşduq. Amma indi vəziyyət tamami ilə başqa idi. Dövlət də, millət də və nəhayət, ideyalar da dəyişmişdi. İndi orden və medallar üçün yox, sözün əsl mənasında vətən üçün vuruşmaq lazım idi.

Hərbi hissə komandiri onun üçün ayrılmış UAZ markalı maşının yanında tanımadığım bir zabitə nəyi isə anladırdı. Məni görən kimi yanındakı zabitə: “Vot, komandir razvedki poedet” “Otur maşına və Qubadlıya müşavirəyə get. Mən gedə bilmərəm, hərbi hissəni yerbəyer etmək lazımdır”, dedi və özü tankların olduğu yerə getdi. Müşavirədə nə olacaq, nəyi demək lazımdır və s. kimi ortaya çıxa biləcək sualların cavabı nə olmalıdır, mənə heç bir şey anlatmadı. Sadəcə “Otur və get!”. Mən onun dalınca ani olaraq baxdım və eyni qaydada bu şəkildə hərbi hissə komandirinin arxasınca baxan tanımadığım zabitlə də görüşüb başqa sual vermədən arxa oturacaqda özümə yer elədim. Bu döyüşlərin idarə edilməsi üçün yaradılmış ümumi qərərgah Qubadlı şəhərində yerləşirdi. Mən Qubadlıya getdim.

- Orada kimlə görüşdünüz və hansı əmrlər aldınız?


- Qərargaha çatanda MN-nin qərərgah rəisi general Nurəddin Sadıxov böyük bir stolun arxasında xəritə ilə məşğul idi. Mən özümü təqdim etdim. Hansı hərbi hissəyə aid olduğumu və hansı vəzifəni tutduğumu soruşandan sonra xəritədə hücum ediləcək əraziləri göstərdi və bunları dedi:

"Siz ortadan gedəcəksiniz, əsas güc sizin üstünüzdədir, çünki həm canlı qüvvə, həm də hərbi texnikanız güclüdür. Hücum sabah olacaq! Bu qədər! Sol cinahda Qubadlı özünümüdafiə taboru (komandir Ə.Əliyev), sağ cinahında isə Laçın özünümüdafiə taboru (komandir V.Cabbarov) olacaqdı".

Xocavənd döyüşlərindən fərqli olaraq, Laçın döyüş əməliyyatlarında yerli batalyonların iştirakına icazə verildi. Bu batalyonlar Qubadlı hərbi hissəsinin tərkibində, əsasən könüllülərdən təşkil olunmuşdu. Demək olar ki, batalyonun döyüş üçün hərbi texnikası yox dərəcəsində idi. Bir çox kəndlərdə yerli əhalinin əksəriyyəti evakuasiya edilib, Qubadlı taborunun qərərgahı Muradxanlı məktəbində yerləşdirilmişdi.
 
Başqa otaqdan mənə bir neçə xəritə verdilər və mən UAZ-la yenidən Xanlıq kəndinə, hərbi hissə komandirinin yanına qayıtdım. Generalın əmrini ona söyləyəndə inanmadı. Biz heç bir yeri tanımırıq, heç bir kəşfiyyat işi aparılmayıb, necə olacaq? Bu cür çaşqınlığın içində o özü UAZ-a oturub N.Sadıxovun yanına getdi. Aradan xeyli keçəndən sonra hərbi hissə komandirinin məni çağırdığını söylədilər. Mən onun yanına getdim və  komandir mənə: "tez yığışıb bölüyünlə irəliyə - Muradxanlı kəndinə get, orda isə məktəbdə Qubadlı batalyonunun komandiri Əliyar Əliyevlə görüşüb vəziyyəti dəqiqləşdir və mənə məlumat ver" -dedi.

Bölük qısa müddət ərzində hazırlaşıb deyilən istiqamətdə hərəkətə başladı. Muradxanlıya çatanda artıq qaranlıq düşürdü. Məktəbin 2 mərtəbəli binasının çölündə, içində hərbi formada çoxlu əsgər var idi. Mən Əliyar Əliyevi tapıb özümü təqdim etdim və burdakı vəziyyət barədə məlumat almağa çalışdım. Az da olsa məlumat aldıqdan sonra hərbi hissə komandiri ilə rabitə əlaqəsi yaratdım. O mənə onların da yola çıxdıqlarını və qısa müddətdə orada olacaqlarını söylədi. Doğrudan da az sonra hərbi hissənin texnikalarının işıqları görsəndi. Onların sayı hesabı yox idi. Tanklar, PDM-lər, artilleriya qurğuları və s. döyüş texnikaları işıqlarını yandırmış və döyüş mövqeyinə yaxınlaşmışdılar. Əslində bu heç də doğru deyildi. Çox da uzaqda olmayan düşmən mövqelərindən bütün bunlar çox açıq görünə bilərdi. Təsəvvür etmək çətin deyildi ki, bu halda onlar indi bu texnikaları bir-bir sayır və onların hansılarının nə texnika olduğunu ayırd edirdilər. Amma bu bizm səhvimiz deyildi, bunu bizdən tələb edirdilər. Sanki kimsə hər şeyi tələsdirirdi.


- Hərbi hissənizin qarşısında konkret hansı tapşırıq qoyulmuşdu?

- 1992-ci ilin sentyabr ayının 25-də hərbi hissəmiz 2 döyüşdən sonra yenidən hücuma keçəcəkdi. Qarşıda konkret vəzifə var: Hərbi hissə ortadan- Türklər, Aşağı Fərəcan və Qızartı istiqamətlərindən hücum edərək Laçın keçidini bağlamaq və rayonun Kirov qəsəbəsində Kəlbəcər istiqamətindən hücum edən hərbi hissə ilə birləşəcək. Hərbi hissənin sol cinahında Qubadlı özünümüdafiə taboru, sağ cinahında isə Laçın özünümüdafiə taboru olacaqdı.

Gecə yürüşü davam etdirərək Türklər və Quşçular kəndlərinin ərazisində döyüş mövqeyi tutuldu.

-Hava hücumundan qorunmaq üçün (daha çox Ermənistan ərazisindən, bu ərazilər adı gözlə görünürdü) zenit qurğuları Türklər kəndinin yuxarı hissəsində

-SAU-lar- özüyeriyən artilleriya qurğuları Muradxanlı kəndinin sağ tərəfində tut ağaclarının olduğu ərazidə (bu onların əsas mövqeləri idi, ehtiyyat mövqelər kəndin sol tətəfində zəmilərdə, həkəri çayının yaxınlığında)
 
-D-30 artilleriya batareyası Quşçular kəndinin sağ cinahında ərazisi meşəlik olan yerdə

-Tank birləşmələri və PDM-lər Səfiyan, Aşağı Fərəcan kəndləri ərazisində yerləşdirmək komandası aldıq.

-Hərbi hissənin qərərgahı- idarəedici mərkəzi BTR-60 bazasında radiostansiyalardan ibarət bir qərərgah idi və döyüşlər irəlilədikcə hərbi hisə komandiri də öz mövqeyini dəyişəcəkdi.



Bu müddət ərzində döyüş zonasına Bakıdan 100-ə yaxın 35-40 yaşlı polis işçiləri də təhkim edilmişdi. Daha çox avtomat silahlarla silahlanmış polislər təşkilati işlər ilə məşğul olurdular, amma ümumi döyüşlərə komanda veriləndən sonra onların da müəyyən hissəsi bu hücumlarda iştirak etdi.

25-i sübh tezdən tam sakitlikdir, heç kim atmır, ərazi yavaş-yavaş işıqlanır. Tanklarımızdan biri qaranlıqda dərəyə düşüb və çevrilmişdi. Hərbi hissə komandirinə "niyə başlamırlar?" -sualı verəndə, “Əmr var ki, müqavilə bağlanıb, bu gündən kim harda mövqe tutubsa, orada da qalmalıdır. Problem danışıqlar yolu ilə həll ediləcək” -cavabını verdi. Ancaq biz döyüşəcəyik.

- Müqavilə bağlanmışdırsa, niyə döyüşəcəkdiniz?

- Bu mənə də qaranlıq qalmışdı. Həqiqətən əgər müqavilə bağlanıbsa, biz niyə döyüşməliyik? Bəlkə ermənilər bu qədər qüvvəni görüb qorxublar və vuruşmaqdan vaz keçiblər? Ancaq suallar.. Bizdən sol tərfdə Ermənistan, sağda isə Qarabağın ən hündür dağları və həmin dağlarda güclü mövqe tutmuş ermənilər. 

İşin səmərəli olması üçün bölük əsgərlərini bir neçə qrupa böldüm:

1. Hərbi hissə komandirinin yanında, onun tapşırıqlarının tez əməl edilməsinin yoxlanılması üçün;

2. Müşahidə məqsədli yerli batalyonlarla əlaqəli qrup;

3. Kritik situasiyalar yarananda nəzarəti əldə saxlamaq üçün yardım edəcək qrup;

4. Hərbi texnikanın və şəxsi heyətin bir yerdən digər yerə aparılması və onların yerləşdirilməsinə yardım edəcək qrup;

5. Tabor və bölüklərlə iş görən, onların döyüş ruhunu qaldırmağa çalışacaq, eyni zamanda döyüş zamanı kiçik komandirlərin öz döyüşçüləri ilə birgə döyüşə qatılmasını təmin edəcək qrup;

6. Arxada istər yerli, istərsə də Ermənistan tərfindən göndərilən təxribatçıları, artilleriya müşahidə kəşfiyyat qruplarını axtarıb tapa biləcək qrup.


- Laçın dəhlizi uğrunda döyüşlər başladı...

- Saat təqribən 10-11 radələrində ilk artilleriya atəşləri açıldı. Beləliklə, Laçın dəhlizi uğrunda hücum təbili çalındı.  
Sentyabr ayının 25-30-u, oktyabrın 1-2-si daxil olmaqla döyüşlər gecə və gündüz aparıldı, çoxlu sayda insan və texnika itkisinə baxmayaraq, bütün hərbi hissə, onun sağ və sol cinahları əzmlə vuruşur, düşmənə böyük itkilər verir, metr-metr irəliləyərək kənd və əraziləri düşməndən azad edirdi. Bu döyüşlərdə müavinim Qasımov Tofiq, kəşfiyyatçılardan Ağayev Şamil, Siyabov Bəxtiyar, İsayev Vasif, Əliyev Hicran, Miriyev Tahir, Ələsgərov Elşən və başqaları şücaətlə vuruşurdular. 

Oktyabr ayının 1-i və 2-si düşmən qüvvələrimizin hücumu qarşısında tab gətirə bilmədi və geri çəkilməyə məcbur oldu. Laçının ən hündür zirvələrindən olan Suzuzdağ, Qızartı bizim əlimizə keçdi, Azərbaycan bayrağını ora sancdıq.

Düşmən üzərinə hücum zamanı bir maraqlı, mənim nəzərimcə sonrakı hadisələr üçün əhəmiyyət kəsb edən bir proses yaşandı. Hərbi hissənin SAU-ları Muradxanlı kəndinin sağ cinahında yerləşdirilmişdi. Mən PDM-lə əraziyə nəzarət etdiyim vaxt  SAU-ların olduğu mövqeləri yoxlamaq məqsədi ilə onlara yaxınlaşdım. SAU-ların komandir heyəti rus zabitləri idi və onların Azərbaycan ordusunda xidmət etmək niyyətləri var idi. Təbii ki, SAU-lar çox qiymətli texnika olduğundan ondan istifadə qaydaları da çox zəhmət tələb edirdi. Mən onlarla görüşüb süfrə başına oturdum və biz yeməyə başladıq. Birdən sol cinahımızda təqribən 650-700 m məsafədə dağın ətəyində bir ağ "jiquli" gördüm. İçindən adamlar çıxıb bizə tərəf baxmağa başladılar. Bu zaman rus zabitlərindən biri dedi ki, onlar düşmənə navodka verənlər ola bilər. Tez buraları tərk edib texnikaların yerini dəyişmək lazımdır. Ayağa qalxıb PDM-lə onlara tərəf hərəkət etməyə başladım, lakin onlar aradan çıxa bildilər. Aradan bir neçə dəqiqə keçməmiş erməni artilleriyası həmin yeri atəşə tutmağa başladı. Biz SAU-lar üçün nəzərdə tutulmuş ehtiyat mövqeyə tərəf hərəkət etməyə başladıq. Bu zaman 2-ci problem ortaya çıxdı. Yerli əhalinin körpünün üstündə yaratdığı postlar bizə yerdəyişməyə imkan vermədi. Bu zaman general Nurədddin Sadıxov bizə köməklik etdi. Yoxsa yerli əhali SAU-ları tank zənn edib yerdəyişməyə imkan verməzdi. Biz yerimizi dəyişsək də, düşmən yenə bizi atəşə tutdu, deməli kimlərsə onlara dəqiq koordinatlar verirdi.

- Demək olar ki, Laçın dəhlizi düşməndən təmizləndi. Azad edilmiş torpaqlarda möhkəmlənmə işləri aparıldımı?

- Laçına hücum planından sonra işğaldan azad edilmiş yerlərin saxlanılması məsələsinə çox önəm vermək lazım olacaqdı. Dəhliz  bağlanandan sonra bu məsələni komandirlə çox danışmışdıq. Hərbi hissə komandiri bunları yuxarıdakılara çatdırdığını söyləyir, onsuz da  onların bütün zabitlərinin burada olduğuna işarə edirdi. Deyirdi ki, mən bütün lazımi instansiyalara məlumat vermişəm ki, qüvvəmiz tükənib, yox dərəcəsindədir. Yorulmuşuq, gücümüz tükənib, bizi əvəz etmək lazımdır. Amma bütün qərərgah generalı ilə birlikdə Hərbi parada gedib. Maraqlıdır ki, Bakıdakı parada nə hərbi hissə komandiri, nə Əliyar Əliyev, nə də digər taborların komandirləri dəvət olunmamışdı.

Susuzdağ alınandan sonra düşmənlərin hündür dağlardakı mövqeləri bitmiş oldu və indi onlar geriyə çəkilir və koridorun üstündə möhkəmlənmək istəyirdilər. Qubadlı taborunun komandiri Əliyar Əliyev düşməni qovmaq üçün komandirimizdən PDM yardımı istədi. Biz ona 2 ədəd PDM-2 və Azərbaycan bayrağı verdik. PDM-lər yuxarıdakı mövqelərimizdən yavaş-yavaş aşağıya- koridora tərəf hərəkətə başladılar. Bu zaman Ermənistan tərəfdən 2 helikopter bizə tərəf uçmağa başladı. Koridora tərəf hərəkət edən PDM-lər onları atəşə tutdu və helikopterlər geriyə qayıtmağa məcbur oldular. Beləliklə, koridora çıxış təmin edildi və Əliyar Əliyev Karvansaray deyilən yerə Azərbaycan bayrağını sancdı. Kirov qəsəbəsinə 4 km qalmış döyüşlərin dayandırılması əmri verildi. Plana görə burada biz Kəlbəcər istiqamətindən gələn qüvvələrlə birləşməli idik və beləliklə də Qarabağın Ermənistanla əlaqəsi tam kəsilməli idi. Lakin bu baş vermədi. Qarabağda isə döyüşlər hələ də davam edirdi. Aldığımız məlumata görə, oktyabr ayının 2-si ermənilər Xocavənd istiqamətində hücuma keçərək Əmiranlar, Muğanlı və Kuropatkino kəndlərini işğal etmişdilər. Görünür parad bunlardan daha vacib idi...

Oktyabrın 3-də mövqelərin möhkəmləndirilməsi, səngərlərin qazılması, ətrafının minalardan təmizlənməsi prosesləri aparılırdı. İndi topların səsi az gəlirdi. Susuzdağdan ətraf çox aydın görsənirdi, hər tərəfə buradan nəzarət etmək olurdu. Ermənistan da açıq-aydın görünürdü. 4 gün düşmənin yerli əhalisi at, eşşək, maşın və avtobuslarla Qarabağdan çıxmaqda davam edirdi. Evvəlcə onlara atəş açırdıq, lakin sonra bunu bizə qadağan etdilər. Ermənistanın dəhlizə yaxın ərazisindən yüzlərlə insan Qarabağa həsrətlə baxırdı. Bizim onlarla işimiz yox idi. Kəlbəcərdən gələn briqada ilə birləşmək alınmasa da, qələbə əldə edilmişdi, düşmən güclü hücumlara tab gətirməyərək geri çəkilmişdi. Azərbaycan bayrağı ən hündür yerdə dalğalanırdı. Beləliklə, Laçın keçidinin bağlanması əməliyyatı uğuru alınandan sonra hərbi əməliyyatların daha da genişləndirilməsi dayandırıldı. Bunu yəqin ki, ermənlərin hər şeyi anladıqlarını və məğlubiyyətlərinin açıq-aşkar olduğunu görərək bir daha hücum etməyəcəkləri kimi qələmə verənlər daha doğrusu, yüksək zabit heyəti müharibənin bitdiyini və qələbə qazanıldığını raport etdilər və Bakıya qayıtdılar.

Oktyabrın 3-də qəfil bir xəbər bizi sarsıtdı. Əliyar Əliyev vurulub. Öz maşınında ikən vurulub. Amma kim bunu edib və ən əsası döyüşlərin səngidiyi bir vaxtda bunun baş verməsi çox müəmmalı idi. Bizim həm Qubadlı, həm də Laçın taboru ilə yaxşı münasibətlərimiz var idi. Onların bizə dəstəyi və əraziləri tanıması əvəzsiz idi. Biz onların hər ikisi ilə normal döyüşçü munasibətləri qurmuşduq və şəxsən mən hər ikisi ilə gözəl kontakt qura bilmişdim.

- Artıq qələbə çalınmışdı. Əslində nələr baş verirdi?

- Ən hündür dağlar alınandan sonra mənzərə tamamilə dəyişdi. Artıq biz hər şeyə nəzarət edirdik. Əvvəlki kimi hərbi hissənin kiçik bir qüvvəsi hündür dağlarda mövqe tutmuş, sağ və sol cinahlarımızda isə yerli taborlarla birlikdə Quba-Qusar taboru mövqe tutmuşdu. Ağır texnikalarımızın sayı azalmış, canlı qüvvənin yenilənməyə ehtiyacı var idi. Susuzdağ bütünlüklə səngərlərlə qazılmış, sanki bu azmış kimi mən hərbi hissə komandirinə əlavə qüvvələrin gəlməyinə ehtiyac olduğunu söyləyirdim. Koridor bağlanandan sonra qiymətli texnika olan SAU-ları geriyə aparmaq lazım oldu. Doğrudur, bu zaman rus zabitləri artıq döyüş bölgəsini tərk etmişdilər. Kəşfiyyat bölüyünün əsgərləri onlara tapşırılmış konkret vəzifələri yerinə yetirir, o cümlədən, mən özüm daima müxtəlif tapşırıqları komandirdən alır, böyük ərazidə hərəkət edirdim. İrəlidə mövqedə duranlarla daima əlaqələr həm canlı, yəni onların yanından, həm də rabitə ilə yaradılırdı. Səfiyan kəndinin üstündə taxıl anbarı döyüşlərdə ermənilərdən götürülmüş trofey silahlarla dolu idi. Onu da demək lazımdır ki, düşmən buraxdığı ərazilərin çoxunu minalamışdı. Bu minaların çoxunda bizim ağır texnikalarımız partlamışdı, çoxlu əsgər və zabitimiz şəhid olmuşdu. Yerli əhali də öz növbəsində bizə dəstək olurdu. Kimisi yollarda patrulda qalır, kimisi də imkan daxilində ev yeməklərindən bişirib əsgərlərlə bölüşürdü. Fərəcan kəndində mən çox yaşlı qoca nənə və gəlinin heç yerə getməyərək, kənddə qalıb əsgərlərə yardım etdiklərinin şahidi oldum, halbuki kənd əhalisinin əksəriyyəti öz yerlərini tərk etmişdilər. 

Azərbaycan bayrağını sancdığımız Susuzdağda TV-dən gələrək çəkiliş aparıldı, həyat gözəl, yaşayış gözəl, hər kəs gülür, hər kəs sevinirdi. Biz dağda, yerli taborlar isə aşağı mövqelərdə. Amma bizdən irəlidə, Əliyar Əliyevin öldürülməsi təbii ki, ağır oldu. Bizə məlumat gəldi ki, onun yerli taboru öz mövqelərini buraxıb onun dəfninə gediblər. Hərbi hissə komandiri onları mövqelərə qaytrarmağa çalışsa da buna nail ola bilmədi. Qubadlı və Laçın taborları bizə yox, başqa briqadaya tabe idi. Onların komandiri polkovnik Balağa Rzayev idi, ondan əvvəlki polkovnik Namazovu vəzifəsindən azad etmişdilər. Öz PDM-imlə mövqelərimizi və artilleriya, zenit və s. hərbi birləşmələrin yerlərini yoxlayır, müxtəlif məlumatlar əldə edirdim və bu barədə komandirə məruzə edirdim. Hərbi hissə komandirinin qərərgahı isə Türklər kəndində ağaclıqların arasında qurulmuşdu. Bu bir QAZ-66 KUNQ deyilən maşın və içində müxtəlif rabitə qurğularından ibarət idi. Yanında daim hərbi polis və komendant taqımının əsgərləri olurdu. 

- Düşmən tək vuruşmurdu və o, əlində olan bütün vasitələrdən düzgün istifadə etməyə çalışırdı və ya hansısa bir qüvvə onu düzgün istiqamətə yönləndirirdi;

- Düşmənə bu savaşda böyük dəstək verən qüvvə onu hər cür məlumatlandırmaq və əks tərəfdə dezinformasiya yaratmaq imkanına malik idi, bu da döyüşdə əsas amillərdən hesab edilir.

- Düşmən əks tərəfdən gələn məlumatlardan başqa, hərbi kəşfiyyat peyklərindən də məlumatlar əldə etmək imkanına malik idi.
 
- Əgər bizə döyüş qabağı humanist davranmaq söyləyənilirdisə və ya dinc əhalinin məskunlaşdığı əraziləri artilleriya atəşinə tutmamaq tapşırılırdısa, düşmən bunun tam əksini edir, Azərbaycan kəndlərinin dinc əhalisinə (döyüş bölgəsindən 10-15 km aralı) artilleriya və Qrad qurğularından atəş açırdı. Biz dəfələrlə bunu canlı şahidi olmuşuq. İnsanlar öz evlərini qoyub qaçmağa məcbur edilirdi.

- Heç bir müharibə qanunlarına sığmayan hərəkətlərin edilməsi sanki düşmənə tapşırılmışdı (Yaralı və həlak olanların, əsir düşənlərin işgəncələrə məruz qalması, onlara qarşı hər cür vəhşiliyin edilməsi)

- Düşmənin güclü və məğlubedilməz olduğu barədə qarşı tərəfə şayiələr yaymaq, panika yaratmaqla yanaşı saxta sənədlər əsasında da təbliğ edilirdi. Məsələn, Böyük Ermənistan xəritəsi (Dənizdən dənizə qədər). Orada bu xəritəni ermənilər Laçın rayonu uğrunda gedən döyüşlərdə qoyub qaçmışdılar. Bir çox insanlarımız çox sevinirdilər ki, belə bir xəritə əldə etmişik, amma xəritənin orada qalması heç də sadə iş deyildi. Ermənilər bununla demək istəyirdilər ki, biz bu torpaqlara qayıdacağıq.      

  
Bizim rəhbərlərimiz isə hadisələrdən düzgün nəticə çıxarmayaraq düşmənin Qarabağı tərk edib yenidən hücum etmək niyyətini analiz etmədilər, böyük çətinlik və insan itkiləri sayəsində əldə edilən bu qələbəni möhkəmləndirmədilər, bu müvəqqəti qələbəni qeyd etmək üçün Bakıya- Hərbi Parada yollandılar...

Laçın dəhlizinin, yəni, qələbənin əldən verilməsi, bunun səbəbləri və nəticəsi barədə növbəti reportajımızda oxuya bilərsiniz.

Ardı var...

Səxavət Məmməd
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics