Müharibə
təkcə səngərdə aparılmır. Səngərdəki müharibə qədər, bəlkə də daha vacibi
informasiya müharibəsidir.
Dindirəndə qalstuklu müəllimlər ağızıdan köpük
dağılana qədər danışacaq ki, informasiya müharibəsində erməniləri qabaqlayırıq,
asırıq, kəsirik. Fevral ayının 25-dən bu günə qədər informasiya müharibəsində
kimin qalib olduğunu üzülərək gördük. Ermənilər düzgün qurduqları informasiya
müharibəsi nəticəsində demək olar ki, Azərbaycanı çaş-baş qoydu. Haqlı olduğumuz halda haqsız duruma düşməyimiz
azmış kimi, az qaldı ermənilər cəmiyyətimizi də idarə etsinlər.
Ümumiyyətlə, cəbhədə baş verənlərlə bağlı ilk xəbəri
erməni mediasından öyrənməyə adətkar olmuşuq. Bu dəfə də belə oldu. Ermənilər cəbhədə
döyüş toqquşması olduğunu bildirəndən sonra AR Müdafiə nazirliyinin mətbuat
xidməti döyüş toqquşması barədə məlumat yaydı və əlavə olaraq bildirdi ki,
"Döyüş toqquşması nəticəsində itkilərimiz
var". Suallar elə məhz bu cümlə ilə başladı. İtkilərimiz nədir? Texnikamı? Əsgərmi? Torpaqmı?
Bu sualların da cavabını ermənilərdən öyrənəsi
olduq. Sən demə itkimiz 5 əsgər olub. Bu azmış kimi, ermənilər dərhal ikinci zərbəni
vurdu. Şəhidlərimizn adlarını və hərbi vəzifələrini açıqladılar. Hər kəs məlumatı
dəqiqləşdirməyə yönəldiyi zaman üçüncü zərbə gəldi. Artıq ermənilər video
görüntülər yayaraq əsgərlərmizin nəşlərini göstərdilər. Müdafiə nazirliyi ilə
susmaqda davam edirdi. Susaraq informasiya müharibəsi aparan bəlkə də tək dövlətik.
Müdafiə nazirliyinin susması isə vətəndaşlarımızı
erməni mediasına, sosial şəbəkələrdə isə erməni səyfələrinə yönləndirdi. Ermənilər
təbii ki, özlərinə sərf edən məlumatlar, saxta profillərlə panikalar yaymağa
başladı. İnformasiya acı olan insanlar isə istər istəməz baxmır informasiyanı
kimdən və haradan qəbul edirlər, dərhal o informasiyanın təsir altına düşürlər.
Hadisənin səhərisi günü cəbhə bölgəsinə yollanırıq.
Əvvəlcə Tərtərdə, sonra isə Ağdamın düşmən postlarına bir neçə yüz metr yaxında
yerləşən Orta Qərvənd, Çıraqlı, Əhmədağalı, Çəmənli, Qaradağlı, Zəngişalı,
Mahrızlı, Əfətli kəndlərində oluruq. Kəndlərin boşaldıldığı xəbəri ilə yüklənən
insanlar inanmır ki, bu kəndlər əslində boşaldılmayıb. Hətta bir çox insan
yalandan bu məlumatı yaydığımızı da iddia edir. Ermənilər informasiya müharibəsində
ardıcıl elə zərbələr vurur ki, vətəndaşlarımız bizi belə yalançılıqda ittiham
edir. Əslində isə 25 fevral gecə 03:15-dən başlayaraq cəbhənin bütün istiqamətində
atəşkəs pozulur. İri çaplı silahlardan, artileriyadan atəşlər açılır. Kənd
sakinləri isə təhlükəsizlik üçün evlərini müvəqqəti tərk edib, kəndin
ayağındakı evlərə yerləşirlər.
Təxminən 45 dəqiqəlik döyüşdən sonra sakitliyi görən
kənd sakinləri yenidən evlərinə qayıdırlar. Kənd sakinləri ilə söhbət edən
zaman demək olar, hamısı bildirdi ki, biz buna öyrəncəliyik. Əslində bu məsələdə
də ermənilərin və bizim bəzi ağzıgöyçəklərin ağzın yummaq olar. Kəndlərdə mərmilərdən
qorunmaq üçün yeraltı sığınacaqlar tikilməlidir. Əgər mərmilərdən qorunmaq üçün
yeraltı sığınacaqlar tikilərsə bu tip xəbələr də yayılmaz və cəbhəyani kənd
sakinləri üçün narahatçılığa əsas qalmazdı.
Müdafiə nazirlyinin mətbuat xidməti "Döyüş toqquşması nəticəsində itkilərimiz
var" cümləsini işlətdiyindən sonra səssizliyə çəkilir. Artıq əsəblər
gərilir, yalanlar, dezinformasiyalar durmadan yayılır, müxtəlif fikirlər səsləndirlir,
iddialar irəli sürülür. Yalnız iki gün sonra MN açıqlama ayaraq 25 fevralda 5 əsgərimizin
şəhid olduğu xəbərini yayımlayır və şəhidlərin adlarını açıqlayır. Niyə MN məhz iki gün susdu bunun qərargahdakı
generallar bilər.
Aprel döyüşləri uşaqdan tutmuş böyüyə kimi hər kəsin
içində orduya qarşı güvən gətirdi. Aprel döyüşləri ilə xalqımızın sınmış qüruru
bərpa edildi. Ermənilərin məğlubedilməzliyi mifi puç oldu. Ancaq son baş verən
hadisələr xalqda MN-ə qarşı inanmıslıq yaratdı. Bəlkə də bunu hansısa qüvvələr
bilərəkdən edir
MN susdu, Mətbuat Şurası isə ancaq rəsmi xəbərlərə
istinad edilməli olduğumuzu vurğuladı. SUAL
OLUNUR, RƏSMI XƏBƏR YOXDURSA HARA ISTINAD EDƏK? İttiham etmək ən asan
yoldur. Ermənilərin yayımladığı videoları, məlumatları yayan saytlar ittiham
edilir, sosial şəbəkə istifadəçiləri isə erməni dəyirmanına su tökməkdə
günahlandırılır. Siz nə zaman məlumat yaydınız və yaxud şərait yaratdınız məlumat
yayaq ki, vətəndaşlarımız erməni mediasına üz tutmasın?
Həm düşmənlə informasiya müharibəsi apardığımızı
deyirlər, həm də rəsmi xəbərlərə istinad edilməli olduğumuzu vurğulayırlar. Nə
zamandan rəsmi qurumlar informasiya müharibəsi aprır? Dünyada belə bir təcrübə
varmı? Rəsmi qurumlar özlərinin demək istədiklərini həmişə hansısa jurnalistlərin,
blogerlərin dili ilə deyir. Baxın görün ermənilər bunu necə etdi. Erməni
blogerlər Azərbaycanda azərbaycanlı jurnalistlərdən daha məhşur olub.
Artıq heç kim Zakaryanın erməni olmasına baxmır,
deyirlər, “kopayoğlu cəbhədə nə baş verir hamısını çəkib paylaşır”. Məsələnin əsli
isə tamam başqadır. Erməni ordusu bu blogerə kameraların qeydə aldıqlarını
verir, o isə videoları montaj edərək şərh edir. Sözü gedən sonuncu videoya diqətlə
baxanda görərik ki, videonun əvvəlindəki gecə görüntüsü təpəlik ərazidədir.
Videonun 5 dəqiqə 18 saniyəsinə qədər gecə görütüsüdür. Həmin bu müddətə diqətlə
baxanda əsgərlər tamam fərqli istiqmətdə hərəkət edir, reylef başdan başa təpəlikdir.
Ancaq günüz görüntüsündə, yəni, 5 dəqiqə 19 saniyədən sonra isə əsgərlərimizin
nəşləri görüntülənir və əsgərlərimiz düzəngah ərazidədir və mərkəz hissdə. Gecə
görüntüsündə əsgərlərimizn hərəkəti ekranın yuxarı hissəsində görsənir. Diqqətlə
baxdıqda görünür ki, bu video montajdır. Ancaq hər kəs buna inanır. Ona görə
ki, ilk xəbər, ilk zərbə idi.
MN şəhidlərimizin sayını və adlarını açıqlayır. Bunun
ardınca isə cəmiyyətə belə bir informaiya buraxılır ki, ermənilərin itkisi
bizimkindən bir neçə dəfə çoxdur. Haqlı olaraq cəmiyyət “erməni cəsədlərinin
videolarını göstərin, inanaq” deyərək reaksiya verir. Göstərə biləcəyikmi?
Varmı bu videolar? Bəlkə də var, ancaq məxfilik deyərək ört-basdır edəcəklər.
Yalnız aprel hadisələri zamanı cəbhə bölgəsində
postlara girə bildik. O da inadımız sayəsində. Ermənilər isə postlardan çox
rahat reportajlar hazırlayırlar. Bu reportajlar həm cəmiyyəti diri tutur, həm də
qarşı tərəfə göz dağı verir.
Mediamıza gəldikdə isə məsələnin ciddiyyətini anlayan
media qurumları MN kimi susmağa üstünlük verdi. Danışmaq gümüşdürsə, susmaq
qızıldır prinsipi ilə hərəkət etdilər. Ancaq bəzi media qrumları da oldu ki,
ermənilərin yaydığı xəbərləri tirajlayır, şəhidlərimizin saylarının çox
olduğunu iddia edirdilər. Hətta bəzi saytlar ermənilərin çoxlu sayda itki
verdiyi məlumatını elə başlıqlarla tirajladılar ki, xəbərin içini oxumayanlar
isə erməni
Leşlərinə Rəhmət Oxudular...
“Məxfilik” adı ilə nəsə etməyimizə qadağalar qoyulur.
Ancaq hər kəsin izlədiyi son videoya baxanda aydın oldu ki, məxfilik deyilən
heç nə yoxdur. Kameralarla bizim postlar çox rahat görünür. Hələ bu azmış kimi,
ermənilər öz postlarını da görüntüləməkdən çəkinmirlər.
Cənablar, gəlin “məxfilik” oyunu oynamayaq. Siz Ceyms
Bondluğu özünüzə saxlayın, biz də Şerlok Holmsluq etməyək.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder