27.03.2017

Səngərdə Novruz bayramı — Reportaj

Əsgərlərimizlə Novruz bayramını qeyd etmək üçün bir qrup keçmiş Qarabağ müharibəsi döyüşçüsü ilə Xocavənd rayonunda toplaşdıq. Veterenlarımız evlərində bişirilən yeməkləri, şirniyyatları gətirir, maşınlara yükləyirik. Hər bir əsgər üçün yeməklərdən əlavə bayram payı da torbalara qoyulub. Qısası, əsgərlərimizin evlərindəkindən geri qalmayan bayram keçirməsi üçün hər şey hazırlanıb.

Hazırlıq işləri başa çatdıqdan sonra Haramı düzünə yola düşürük.


"Ölkə.Az" saytı səngərdəki Novruz bayramından hazırlanmış reportajı sizə təqdim edir.

Haramı düzü. Xırda təpələr, dərələr. Hər tərəf yaşıllığa bürünüb. Haramı düzünə yaz gəlib. Haramı düzü başdan-başa taxıl zəmisidir.

Çiskinli havada Beyləqan və Xocavənddən olan 30-a yaxın Birinci Qarabağ müharibəsi döyüşçüsü ilə Haramı düzündəki N saylı hərbi hissəyə gedirik.

Yol boyu hər kəs dua edir ki, çiskin dayansın. Əgər yağışlı hava davam etsə, düşmənlə üzbəüz dayanan əsgərlərimizin yanına çıxmaq çox çətin olacaq, hətta mümkünsüz olacaq. Hərbi hissəyə çatanda artıq duman çəkilib, yağış dayanıb, günəş isti şüalarını ətrafa yayırdı. Hərbi hissə komandiri bizi qarşılayır. Məqsədimizi sevinclə dinləyir və deyir: "Əla gün çıxıb, yarım saat gözləyək, yollar düzəlsin, ön postlara çıxarıq".



Komandirin dediyi kimi də yarım saat sonra yol hərəkət etmək üçün əlverişli olur. Və biz yola düşürük. Öndəki tabora çatıb, kimlərin hansı postlara gedəcəyini dəqiqləşdirib səngərlərə doğru üz tuturuq.

Düşmənlə üzbəüz dayanan postlardan birinə çatırıq. Tağım komandiri və hərbi hissə komandiri əsgərlərin yatacaq yerlərini, sonra isə düşməni izləmək və atış üçün nəzərdə tutulmuş yerləri bizə göstərir. Əsgərlərimiz düşmən məntəqələrini izləyir, hərəkətlilik olduqda isə komandirlərinə dərhal məlumat verirlər. Düşmən mövqelərini izləmək üçün müasir standartlara uyğun qurğular yerləşdirilib, əsgərlərimizin isə barmaqları tətikdə hazır dayanıb.

Hər nə qədər bayram qeyd etmək üçün gəlsək də, düşmən mövqelərinə baxmadan, komandirlərə "düşmən daha çox hansı mövqedən atəş açır", "daha çox hansı saatlarda hərəktəlilik olur" tipli suallar verib məlumat öyrənirik. Beyləqan batalyonunun keçmiş komandiri Akif Həsənovun sanki üzünə gün doğub. 1992-93-cü illərdə buralarda döyüşən Akif Həsənov, o günlərə dönüb, baş verənlərdən danışır. Akif Həsənov üzünü hərbi hissə komandirinə tutub deyir ki, o zaman buraları 2 batalyon qoruyurdu, indi isə bir neçə briqada. Bizim ən güclü silahımız qumbaratan sayılırdı, sizdə isə hər cür texnika var. Akif Həsənov "nə bu texnikalar o vaxt məndə olaydı" deyəndə isə hər kəsi gülmək tutur.

Hərbi hissə komandiri tağımın yerləşdiyi əsgər yataqxanasına düşməyi təklif edir. Əsgərlərimiz masanın ətrafına düzülüb. Keçmiş döyüşçülər əsgərlərimizlə söhbət etməyə başlayırlar. Bu zaman isə süfrənin üstünə evdə hazırlanmış yeməklər, şirniyyatlar, kompotlar düzülür.

Əsgərlərə "nuş olsun" dedikdən sonra, hərbi hissə komandiri "kim axıra kimi yeməsə, cəzalandırılacaq"-deyir. Əsgərli-veteranlı hər kəsin üzündə təbəssüm yaranır. Yemək vaxtı olduğu üçün əsgərlərimizlə görüşə gələn keçmiş döyüşçülər də, əsgərlərimizlə birgə yeməyə başlayır. Yeməkdən sonra hərbi hissə komandiri deyir: "Arxaya çox adam gəlir, millət vəkilləri, müğənnilər və s. Hərbi hissəmizə gələcəyinizi biləndə, açığı özüm də istəmirdim arxada bu bayramı qeyd edəsiniz. Amma ön postlara görə gəldiyinizi eşidəndə çox sevindim".

Birinci Qarabağ müharibəsi döyüşçüləri, ehtiyatda olan polkovnik-leytenantlar Nazim Bayram və Abuzər Əbilov əsgərlərimizin qarşısında çıxış edərək onlara bu şərəfli yolda uğurlar aruzlayırlar.

Əsgərlərimizlə sağollaşıb digər posta gedəndə isə Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov da bizə qoşulur. Postdakı əsgərlərimizlə görüşüb, onlara da bayram payı veririk. Əsgərlərimizlə söhbətləşir, deyib, gülürük. Əsgərlərimiz özləri də bildirir ki, bir anlıq hər şeyi unutduq. Haramı düzündə ön postlarda dayanan əsgərlərimizin valideynləri, qohum-qardaşları əmin ola bilər ki, balaları bayramı evdəki kimi keçirə bildilər.

Əsgərlərimizin üzündəki gülüş, hələ də yadımdan çıxmır.

Eyvaz Hüseynov 1994-cü ildən bu günə kimi 31 dekabrı və 20-21 martı daim əsgərlərimizlə birgə keçirdiklərini bildirir: "Keçmiş döyüşçülərlə yığışıb, səngərlərə gəlirik. Bu artıq ənənə halını alıb".

Ümumiyyətlə, cəbhə xəttində yerləşən rayonların veteranları, səlahiyyətli şəxsləri ildə bir neçə dəfə belə bir addım atmaqla yüzlərlə əsgər və onun valideyninə sevinc bəxş edə bilər. Təəssüf ki, bunu etmirlər.

Artıq hava qaralmağa başlayır, buludlar göyün üzünü alır. Taborun həyətində toplaşıb yola düşürük. Sanki buludlar da əsgərlərimizlə bayramlaşmağımızı gözləyirmiş. Onlardan ayrılandan sonra yenidən çiskin yağış yağmağa başladı.

Bu bayram bizim üçün ən yadda qalan Novruz bayramı oldu, əminəm ki, əsgərlərimiz də bunu unutmayacaq.


Səxavət Məmməd

















 

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics