Laçın dəhlizi uğrunda gedən döyüşlər - 24 sentyabr-22 oktyabr 1992-ci il
Laçın dəhlizi düşməndən azad edildikdən sonra, lazımsız əmrlər, anlaşılmaz qərarlar, satqınlıqlar olmasaydı, indi bəlkə də nə bu barədə danışırdıq, nə də yazırdıq. Bəlkə də indi Laçının hansısa kəndində, hansısa bir çobanla reportaj edirdik. Ancaq olmadı, alınmadı...
"Laçın dəhlizi uğrunda gedən döyüşlər, qələbə və... — keçmiş döyüşçü ilə MÜSAHİBƏ" başlıqlı yazıda Yaqub Nəhmətovla Laçın dəhlizinin düşməndən azad edilməsi, hətta o zaman qələbə çalmağımız barədə söhbət açmışdıq. Bu dəfə isə acı məğlubiyyətdən, məğlubiyyətin səbəblərindən danışacağıq.
"Ölkə.Az" Yaqub Nəhmətovla müsahibənin davamını sizə təqdim edir:
- Birinci müsahibədə heç zaman səslənməyən bəzi faktların üstünü açdınız, yeni fikirlər səsləndirdiniz. Tənqidlər də oldu. Onlara cavabınız nə olar?
- Laçın dəhlizi uğrunda döyüşlərin ikinci mərhələsi çox müəmmalı və acınacaqlı keçdi. Maraqlıdır ki, həmin hadisələrin üstündən xeyli müddət keçməsinə baxmayaraq həqiqəti əks etdirən tam məsuliyyətli yazılar hələ də yoxdur. Ortada olanlar isə pərakəndə şəklindədir, bir-birlərini tamamlamır və faktlara əsaslanaraq hadisələri analiz etməyə imkan vermir. Elə bunun nəticəsidir ki, Laçın döyüşlərini əks etdirən müsahibəm dərc olunandan sonra sosial şəbəkələrdə buna etiraz edənlər də oldu. Əsasən Laçın dəhlizinin bağlanıb-bağlanmaması üstündə qurulan suallar narahatlıq doğurur. Bu bir daha ona dəlalət edir ki, 1992-93-cü il döyüşləri və onları əks etdirən yazılar bir çərçivəyə salınmayıb. İmkanı olan, informasiyaya yaxın duran və ümumiyyətlə, müəyyən qədər şanslı veteran döyüşçülər həm özləri, həm də xidmət etdiyi hərbi hissə haqqında məlumatlar verə biliblər. Amma bütün bunları olmayanlar isə kənarda qalıblar. Həqiqətlər isə tam açıqlanmayıb.
Mən əvvəlki müsahibəmdə göstərmişdim və yenidən onu təkrarlamağı özümə borc bilirəm ki, bu dediklərimlə heç kimi tənqid etmir, heç kimə iftira atmır və heç kimi qəhrəman kimi təbliğ etmirəm. İndiyə qədər davam edən müharibənin həmin dövrə aid reallığını göstərməyə çalışıram. Çünki bu reallıqda çox şey gizlənib. Biz o gizlənənlərin ardındayıq.
- Oktyabrın 7-sinə kimi olan mənzərə necə idi?
- Sentyabr ayının 25-dən başlayaraq dalbadal edilən hücumlar nəticəsində 12-yədək yaşayış məntəqəsi və bir neçə strateji yüksəklik işğaldan azad edilir. Düşmən çoxlu sayda canlı qüvvə və texnika sarıdan itki verərək geriyə- Ermənistana tərəf çəklilir. Azərbaycan bayrağı ən hündür zirvədə və Azərbaycan-Ermənistan sərhədində dalğalanır. Laçın dəhlizi nəzarətə götürülür. Hərbi hissə komandirinin televiziyaya vermiş olduğu müsahibənin sözləri ilə desək: “Azərbaycan- Ermənistan sərhədində oturmuşuq, altımızda Laçın dəhlizi, arxamızda isə Qarabağdır. Bu da müharibənin sonu deməkdir”. Ermənilərin strateji mövqeləri və dəhlizə nəzarəti itirməsi onların siyasi aktivləşməsinə və atəşkəs rejiminin yenidən gündəmə gətirilməsinə səbəb olur. Bizə humanist olmağı, geriyə çəkilən erməni qüvvələrinə atəş açmamaq tövsiyə olunur. Döyüşlərin ümumi idarəçiliyini həyata keçirən Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Bakıya, Hərbi Parada hazırlığa göndərilir. Cənub və şimal istiqamətlərindən edilən hücümların dayandırılması komandası Qubadlı batalyonu və bizim hərbi hissə tərəfindən qəbul edilmir. Döyüşlərin davam etdirilərək Laçın şəhərinin də azad edilməsi qərarlaşdırılır.
Qarabağdan çıxan erməni hərbi qüvvələri Ermənistan tərəfdə - dəhlizin girişində yenidən cəmləşirlər. Hərbi hissə komandiri onlara artilleriya və qrad qurğuları ilə atəş açmaq əmri verir. Hərbi hissəmizin qüvvələri və Əliyar Əliyevin batalyonu hücumu davam etdirməyə çalışırlar. Hərbi hissə komandirinin bu hərəkətini özbaşınalıq hesab edən general N.Sadıxov onu Qubadlıya çağırır və niyə dəhlizlə geri çəkilən düşmənə və Ermənistan ərazisinə atəş açdıqlarını soruşur. Komandir də cavabında deyir: “Düşmən geri çəkilərək Ermənistan sərhədində dayanır. Orada ermənilərin səhra düşərgələri var, burada cəmləşirlər. Ona görə də bu düşərgələri vururuq ki, yenidən əks- hücuma keçə bilməsinlər”. General N. Sadıxov hücumun və Ermənistan ərazisinə atəşin dayandırılmasını və SAU-ları idarə edən rus zabitlərinin bazaya geri qaytarılmasını tələb edir. Hərbi hissə komandirinin müsahibəsindən sonrakı gün müəmmalı şəkildə Əliyar Əliyev və onun sürücüsü vurulur.
SAU-ların əvəzinə Bakıdan generala tabe olan polkovnik Bağırovun komandanlığı altında artilleriya bölmələri göndərilir. Əlavə olaraq Bakıdan göndərilən100-ə yaxın polis işçisi Qubadlı Polis rəisinin tabeçiliyinə verilir. MN-in nümayəndəsi mayor Mehman Hüseynov hərbi hissəmizə təhkim olunur. Bir də polkovnik-leytenant Məmmədovun başçılığı ilə gənc əsgərlərdən ibarət Quba-Qusar batalyonu göndərilir. Onlar da Qubadlı briqadasının komandirinə tabe edilir.
Əliyarın vurulmasından sonra onun və Vaqif Cabbarovun batalyonları mövqeləri tərk edir və Ə.Əliyevin dəfn mərasimində iştirak etmək üçün Qubadlıya doğru yönəlirlər.
Hərbi hissə komandiri bizim sağ cinahımızda, yerli qüvvələrin tərk etdiyi mövqelərdə Quba-Qusar batalyonunu, solda isə Azərbaycan- Ermənistan sərhədi boyunca Bakıdan göndərilən polisləri yerləşdirir. Hərbi hissəmizə isə qısa müddətdə geriyə- bazaya göndəriləcəyi xəbəri verilir. Qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini deyən Baş Qərargah rəisi komandirimizə təşəkkür edir və onun ən ali dövlət mükafatına təqdim edildiyini və 820 saylı hərbi hissəmizin bazasında yaradılmış 704 saylı briqadaya komandir müavini təyin edildiyini söyləyir.
Bu bir ümumi mənzərə idi, amma bunun də arxasında çoxlu sayda cansıxıcı proseslər oldu ki, bunların hamısı haqda danışmaq çox zaman aparacaq. Yüzlərlə şəhidimiz, çoxlu sayda itkilərimiz bahasına əldə edilən bir qələbə və dalğalanan bayraq qürur verirdi. Hər kəsin əməyi olan bu qələbə ilə bağlı bir şənliyə ehtiyac var idi. Bəlkə buna görə də Bakıda bir parad keçirtmək istəyi doğru hesab olunur, lakin niyə bu qədər tez? Bu və digər niyələrə hələ də cavab tapılmayıb...
- Oktyabrın 7-sində nələr baş verdi?
- Oktyabrın 7-də havalar dəyişilməyə başladı. Onsuz da soyuq və yağmurlu hava bir az da pisləşdi. Duman alçaq dağlardan başlayaraq yuxarıya doğru hər şeyi əhatə etmişdi. Cansıxıcı yağış bütün bədənimizə hopur, onsuz da zəifləmiş, yorulmuş orqanizmimizi bir az da əzirdi. Təsəvvür etmək çətin deyildi ki, hündür dağlarda mövqeləri qoruyanlar hansı çətinliklərlə üzləşirdilər. Bir tərəfdən müntəzəm hücumlardan sonrakı stress, digər tərəfdən də indi üzərində oturduğumuz soyuq torpaq. Bəzi yerlərdə çadırlar qurulsa da, orada istirahət etmək çətin olurdu. Dəyişilməyə ehtiyac var idi. Amma bunu kim edəcəkdi, necə edəcəkdi müəmmalı idi. Şəxsən mən bunun sonsuz olduğunu görürdüm.
Harada isə saat 16:00 radələrində hərbi hissə komandiri məni yanına çağırdı və 2 kəşfiyyatçı götürərək bir yerdə PDM-lə Susuzdağa çıxmağı əmr etdi. Mən müavinim Qasımov Tofiqi və kəşfiyyatçı Ağayev Şamili (Allah rəhmət eləsin) özümlə götürüb PDM-2-yə oturduq. Komandirdən başqa PDM-in üstündə “avqanes” Teyyub və digər 2 döyüşçü var idi. PDM-i Batya ləqəbli könüllü idarə edirdi. Yuxarıya çıxdığca hava dümanlanır, çiskin yağış ara vermirdi. Müəyyən bir vaxtdan sonra bizim qarşımıza 1 PDM çıxdı və PDM-i saxladıq.
Komandiri görən PDM-dəkilərdən biri yerə tullandı və üstümüzə gəldi. Biz onun Laçın taborunun komandiri Vaqifin oğlu olduğunu bildik, deyəsən adı İlyas idi. O əlindəki avtomatı bizə sarı tutub bizi təhqir etməyə başladı. Komandir soruşanda ki, nə olub? Cavabında dedi ki, “Bizim heç bir yeməyimiz yoxdur, susuzuq, heç bir kömək etmirsiniz və bizi atmısınız dərəyə. Heç kim də bizimlə maraqlanmır”.
Komandir deyəndə ki, axı sizin öz briqadanız, komandiriniz var, niyə onlardan tələb etmirsiniz? Dedi ki, elə onların üstünə gedirik də. PDM-in üstü könüllülərlə dolu idi. Komandir dedi, axı siz öz mövqelərinizi buraxıb gedirsiniz? Bu zaman yenidən mübahisə yarandı və o PDM-ə mindi. Komandir ona dedi ki, gözlə bir yerdə gedək və bu problemi həll edək. Komandir onların PDM-inə oturdu və 2 əsgəri də özü ilə apardı. Mənə isə irəliyə gedərək mövqelərdəki vəziyyəti öyrənməyi və sonra ona məlumat verməyi əmr etdi.
Mən və kəşfiyyatçılarım, bir də Teyyub Batyanın PDM-i ilə Susuzdağa doğru hərəkəti davam etdirdik. Susuzdağa yaxınlaşanda mən PDM-i iki yol ayrıcısında saxlatdırdım. Qasımov Tofiq və Ağayev Şamilə aşağı enərək sağ cinahımızdakı hündürlüklərdə mövqe tutmuş Quba-Qusar batalyonunun yanına getməyi tapşırdım. Dedim ki, çox ehtiyyatlı olsunlar, düşmən əks hücuma keçə bilər və ya təxribat ola bilər. Özüm isə ən yuxarı mövqeyə PDM-lə hərəkət etdim. Hava demək olar ki, qaralmış, hər tərəfi çən və duman bürümüşdü. Hiss edirdim ki, nə isə təhlükəli bir olayın astanasındayıq. Ancaq hansı? Araşdırmaq üçün isə vaxt yox idi. PDM bizi mövqelərin yaxınlığında buraxdı. Mən Batyaya deyəndə ki, bəs sən qayıdırsan, ancaq mənə sənin puşkan lazım olacaq. Dedi ki, mən qayıtmaq barədə əmr almışam və yerindəcə PDM-i fırladaraq geriyə qayıtdı, az sonra gözdən itdi. Mən bir daha onu görməyəcəkdim. Onu da yadıma salıram ki, Türklər kəndindən tut arağı götürmüşdüm, rabitə ilə taqım komandiri xahiş etmişdi. Bunu da mənə Muradxanlı yaxınlığında dostluq etməyə başladığım bir həmyaşıdım vermişdi. Niyə onun haqqında deyirəm? Çünki bir çox məlumatları o, yerli sakin olduğu üçün əldə edirdi və onları bir azərbaycanlı kimi mənimlə bölüşürdü. O cümlədən, Əliyar Əliyev haqda, Vaqif Cabbarov haqda. Dostluğumuz ilk günlər erməni qradlarının kəndə atdığı raketlərin partlayışından sonra oldu. O əlindəki bir butulka tut arağını bizimlə içəndən sonra ürəyi açıldı və sözün əsl mənasında bizim bilmədiyimiz çox məqamları açdı. Dəhlizi bağlayandan sonra o sevincdən çox məyus olmuşdu. Bu ali savadlı gənc nədənsə hadisələrə tamam başqa şəkildə baxmağı söyləyirdi: “Bu dığalara inanmaq olmaz, biz onlara kirvə deyirdik, indi gör nə edirlər?! Niyə onlar sərhədlərinə cəmləşiblər, lakin əks-hücuma keçmirlər, kimi gözləyirlər?” Və nəhayət axırıncı gün onunla görüşəndə tut arağını mənə verib söylədi ki, ermənilər hərəkətə başlayıblar. Xəbərlər gəzir ki, onlar hücuma keçəcəklər. Dedim ki, kim xəbər verir? Bəlkə elə sən özün onlara işləyirsən, bu kimi xəbərlər gəzdirib panika yayırsan? Bu təbii ki, bir zarafat idi. Amma indi yuxarıda onun dedikləri yadıma düşdü. Əliyarın qəfildən öldürülməsi, postlardan özbaşına çıxmalar nəyə isə işarə idi. Amma bütün bunları araşdırıb analiz etməyə nə vaxt, nə də imkan var idi. Proseslərə olacaqmış kimi baxırdım, nə olacaqsa qoy olsun, bundan artıq gücümüz yoxdur.
- Mövqelərə çatanda nə ilə qarşılaşdınız?
- Ön mövqelərin boş olduğunu ora yaxınlaşanda bildim. Çünki heç bir səs eşidilmədi və heç kim “dayan” komandası vermədi. Mən və Teyyub ikinci mövqeyə yaxınlaşanda orada xeyli əsgər olduğunu gördük. Yaxınlaşdıqca onların bəzilərini tanımağa başlayırdım. Əlimdəki bankanı onlardan birinə verib komandirlərinin harada olduğunu soruşdum. Yaxında olduğunu söyləyib mənə vəziyyəti başa salmağa çalışdılar. Dərənin dibində ermənilərə aid çoxlu texnika var, bizim qüvvəmiz azdır... Mövqelərin içinə girəndən sonra vəziyyətin elə də yaxşı olmadığını gördüm. Döyüşçülər bir panikanın içində idilər. Rabitəni soruşdum. Torpağın üstündə onu mənə göstərdilər. Tez komandirlə əlaqəyə girməyin vacib olduğunu anladım. Belə də etdim, rabitəçi qırıq-qırıq səslə qərərgahı istədi və mən komandirlə danışmağa başladım. Onun səsi həddindən artıq boğucu və zəif gəlirdi. Sanki o bizdən 100 km-lərlə uzaqda idi. Vəziyyəti ümumi olaraq anlatmağa çalışdım. Mənə orada qayda yaratmağı və tez-tez rabitə əlaqəsinə girməyi tapşırdı.
Döyüşçülərin bir araya yığışdığı tərəfə getdim. Mən onlardan niyə öz yerlərində olmadıqlarını soruşanda bizim qüvvəmiz çox azdır dedilər. Nəhayət, mövqedəki qüvvələrin komandirini gördüm. Görüşüb niyə əsgərlərin bu şəkildə qaldığını soruşanda dedi ki, bunlar mənim əsgərlərim deyil, yığma əsgərlərdir. Niyə bəs onlar öz yerlərində deyillər? Bütün bunları soruşub dəqiqləşdirmək istədiyim vaxt daha aşağıda səslər eşitdim və Teyyubla həmin istiqamətə getdim. Bakı polislərindən 3 nəfər zabit və 1 rus əsilli serjant gördüm. 100 nəfərdən cəmi bu 4 nəfər qalmışdı. Duman və çiskin yağış ətraflı danışmağa imkan vermirdi, onlar da panikanın içində idilər. Yenidən yuxarıdakı mövqeyə qayıdıram. Vəziyyəti komandirə anlatmaq, təcili tədbirləri görmək və bura əlavə qüvvələr göndərmək lazım idi. Yoxsa vəziyyət nəzarətdən çıxa bilərdi. Bunu sonradan nəzarətə qaytarmaq çətin olacaq, əsgərlərin hamısı təşviş içərisindədirlər. Bu qədər döyüşlərdə iştirak edənlər niyə təşvişə düşsünlər, kim nə söylədi? Axı hər şey qaydasında idi? Qaranlıq hər tərəfə hakim oldu. Rabitə ilə yenidən komandirlə əlaqə yaratmağa çalışıram, lakin batareyanın güçü çatmır. Yaranmış vəziyyətdə qəbul ediləcək yeganə düzgün qərar bu panikanı dağıtmaq və əsgərləri sakitləşdirmək olmalıdır. Teyyub bu saat ən çox lazım olan bir insandır. Əfqanıstan, Ağdərə döyüşlərinin iştirakçısı, qranatamyotçu və ümumiyyətlə sadiq dost və silahdaş.
“Teyyub 2 əsgər götür və aşağıya doğru get, vəziyyəti öyrən. Yaddan çıxartma ki, bizdən sağda Quba-Qusar batalyonu var. Nə gördün ancaq mənə söylə.” -dedim. Teyyub qranatamyot və 2 avtomatçı əsgər götürüb əyilə-əyilə mövqelərdən aşağıya- dərəyə tərəf hərəkət etdi.
Mən yaranmış bu sükutdan istifadə edərək komandirləri ilə birlikdə əsgərlərə öz mövqelərində möhkəm qalmalarını tövsiyə edir, yanlış və panikaların olduğu xəbərlərə inanmamağı söyləyirdim. Təqribən 25-30 əsgər olar ya olmazdı. Dağın üstündəki mövqe uzun bir kanalı xatırladırdı. Onun aşağı tərəfi- texnikaların keçə biləcəyi yol Mığıdərəyə kimi uzanır, oradan da iki hissəyə ayrılırdı. Bir tərəfi Qarabağın içərilərinə, digəri isə Ermənistan tərəfə, yəni keçidə. Dağın qurtaracağı isə sıldırım, meşəli dağlar və aşırımlar idi. Bu torpaq yol hərbi texnikanın tırtılı altında keçilməz bir bataqlığa çevrilmişdi. Mövqelərin biz tərəfində isə əsgərlər torpaqdan özlərinə ocaq düzəltmiş, oturacaqlar quraşdırmışdılar. Biz bu dağları ermənilərdən alanda onların mövqeləri daha mükəmməl idi, yataq yerləri, yemək peçləri və s. vardı. Əsgərin döyüşməsi üçün müəyyən şərait yaratmışdılar. Sözsüz ki, bu qədər ərazidə mükəmməl qaydada şərait yaratmaq sadə bir şey deyildi. Bunun üçün çox istehkamlar quraşdırmaq lazım idi. Ən önəmlisi isə yeni qüvvələr idi, bu saat onlar burada hər şeydən əvvəl lazım idilər. Mən özüm də daxil olmaqla əsgərlərin saqqallarına, çirkli sifətlərinə, palçıqlı çadırlara baxanda onların hansı əziyyətlər çəkdiyi bəlli olurdu. Hərbi hissə komandiri dəfələrlə söhbətdə bütün bunları söylədiyini, tələb etdiyini deyirdi. Onu da qınamalı deyildi, onun özü də eyni vəziyətdə idi. Əsgərlərlə hücuma keçir, yağış və soyuqda yerə uzanır və s. Onun sevdiyi PK isə daima dolu olaraq maşının arxasında olardı. Çətin vəziyyət yarananda o PK-nı götürür döyüşçülərlə hücuma keçir, onları ruhlandırıdı. Onun bu mərdliyi ona əsgər və zabitlər arasında böyük hörmət qazandırmışdı. Onun dilində geriyə çəkilmək sözü yox idi. İrəli, ancaq irəli!
Təqribən 10-15 dəqiqə sonra Teyub 2 əsgərlə qayıtdı. Mənim qulağıma bu sözləri dedi: “Dərə ermənilərlə doludur”. İnana bilmirəm, nə zaman onlar buraya gəlib çıxmışlar? Axı onlar bir neçə mövqedən keçməli, döyüşlər aparmalı idilər. Bunların heç biri olmamış bu mümkün deyildi. Teyyubun dediklərini yoxlamaq lazımdır. Artıq saat 8 olardı. Yağış dayanmadan yağırdı. Gözlənilmədən iki dağın arasına palçıq yola böyük sürətlə 1 PDM girdi və tez də motoru söndürdü. Kimdir bu, kimə məxsusdur? Çox böyük anlaşılmazlıq. Haradasa 2-3 dəqiqə sonra PDM yenidən motoru işə saldı və bir az irəliyə gəldi. Bu zaman o sağa və sola atəş açmağa başladı. Çox maraqlı idi ki, atdığı silah PDM-in lüləsi olsa da o ətrafa heç bir işıq saçmırdı, deməli, ekipaj PDM-in içindən hər şeyi yaxşı görə bilirdi. Mən yerlərini tərk etmək istəyən əsgərlərin üstünə qışqırmağa başladım. Bir neçəsi isə yolun üstünə çıxıb aşağıya dərəyə tərəf hərəkət etməyə başladı. Aralıda tağım komandirinin əsgərlərə yerindən tərpənməməyi, döyüşə hazır olma əmrini verdiyi aydın eşidilirdi. Mən yola çıxmış əsgərlərin dalınca qaçıb onları saxladım və öz borclarını yerinə yetirmələrini tələb etdim. Başqa deyiləcək bir şey ağlıma gəlmirdi. Mənim səsim də aydın eşidilirdi.
- Dediklərinizdən belə anlaşılır ki, bütün bu olanlar planlı şəkildə olub. Düşmən əks-hücuma əla hazırlaşıb. Daha sonra nələr baş verdi?
- Sanki bir komanda olaraq yağış kəsdi, amma qalın duman bütün hər yeri bürümüşdü. Ortaya diversiya kimi girmiş PDM isə görsənmirdi. Bu zaman bizdən aşağıda aşırıma doğru avtomatdan siqnal verirmişlər kimi atəş açıldı- taq-taq taq-taq-taq. Tez və ahənglə. Biz bunu eşitmişdik, bu bir işarə idi. Demək düşmən planlı şəkildə bu işləri hazırlamışdı. Əliyarın öldürülməsi, dəhlizə yaxın mövqelərin buraxılması, əlavə qüvvələrin gətirilməməsi və nəhayət məharətlə planlaşdırılmış əks-hücum. Avtomatın səsi kəsiləndən sonra mən yenidən yuxarıdakı mövqelərə qayıtdım. Artıq burada taqım komandiri ilə bir neçə döyüşçü qalmışdı. PDM-in atdığı mərmilər əsgərləri müxtəlif səmtlərə səpələmişdi. Teyyub, mən və bir neçə əsgər taqım komandiri ilə birlikdə bu sükutdan istifadə etməyi qərarlaşdırdıq. Pıçıltı ilə sakit danışaraq nə edəcəyimizi planlaşdırmaq lazım oldu. Mən hələ də inana bilmədiyim bu vəziyyətə açıqlıq gətirmək istəyirdim. Odur ki, özüm bir əsgərlə qranatamyotu götürüb dağın əks hissəsinə keçmək və PDM-i vurmağı qərarlaşdırdım.
İkimiz əvvəlcə dağ arasındakı palçıq yola çıxdıq. Bizə əks hündürlüyə çıxmaq və PDM-ə oradan atəş açmaq lazımdır. Əgər onu vura bilsək digərlərinin hərəkətini yəqin ki, dayandırmış oluruq. Heç olmazsa burada bir döyüş səhnəsi yaratmaq lazımdır. Əks dağın hündürlüyünə çıxmaq elə bir vaxt aparmadı, ancaq yenidən avtomat səsi gəldi və PDM motoru işə salıb irəlilədi. Eyni zamanda atəş açmağa başladı. Konkret nəyə isə yox, sadəcə sağa və sola, yuksəkliklərdəki mövqelərimizə atəş açırdı. İndi PDM-ə olan məsafə çoxaldı, mən əsgərlə birlikdə arxada qaldıq. Bu zaman doğrudan da çoxlu sayda tank və PDM-lərdən ibarət karvanın səsi gəldiyinin şahidi oldum. Mığıdərə həqiqətən də düşmənlə dolu idi. Qranatamyotu əsgərdən alıb dağın üstü ilə bir qədər irəliyə, aşırıma doğru qaçdım. Düzgün mövqe tutub sonra atəş açmaq lazım idi. Nişan almaq üçün diz üstə oturdum, əsgərə isə uzan yerə qışqırdım. Atəş açmağımla PDM-in mənə tərəf atəş açması eyni anda oldu. Atılan mərminin gücündən mən arxaya yıxıldım və qranatamyot əlimdən düşdü. Atdığım mərmi isə hədəfə yox, qarşıdakı dağa dəydi və partladı. Mən əsgərin qolundan tutaraq qranatamyotu da götürüb yenidən əks dağa, özümüzkülərin yanına qayıtmaq istəyəndə palçıq yolun üstündə polis işçilərini də açıq görə bildim. Artıq yuxarıdakı mövqelər boşalmış, 15 nəfərə qədər əsgər qalmışdı. Onları görən kimi yenidən vətən qarşısındakı borcumuzu axıra kimi yerinə yetirməyi tələb etdim. Yalvararaq onlara buraları buraxmamağı xahiş edir, ağlıma gələn hər sözü onlara deməyə çalışırdım ki, onlar vuruşsunlar, burada mövqe tutsunlar. Yeni qüvvələr gələnə qədər ermənilərə möhkəmlənməyə imkan verməyək. Yenidən avtomat səsi gəldi və PDM atəş açaraq irəliləməyə davam etdi. Bu kiçik qüvvə əgər yerə uzanıb mübarizə aparsaydı, bəlkə də düşmən bir müddət irəliləməyəcəkdi, dayanacaqdı. Lakin onlar mənə qulaq asmayıb geri çəkilməyi üstün tutdular. 9 nəfər mənim yanımda qaldı. Teyyub və mən düşdüyümüz bu vəziyyətdən necə çıxmağımız barədə qərarlaşdıq. Düşmənin burada hələ tam möhkəmlənmədiyini nəzərə alaraq hərbi hissə komandirinə məlumat verib buranı artilleriya ilə yerlə yeksan etmək lazım olacaqdır. Aydın məsələdir ki, bu düşmən tərəfindən hazırlanmış xüsusi bir plandır və o da aydındır ki, bizim satqınlar da planın əsas icraçıları olublar. Ancaq necə tez geriyə gedib bütün vəziyyəti komandanlığa çatdırmaq olar? Ərazinin xəritəsini bilsəm də bu aşırımlardan heç keçməmişdim. Teyyubla aramızda mübahisə düşdü. Birdən çoxlu sayda itlərin səsi eşidildi. Sanki onlar bizim izimizə düşmüşdülər. Daha da aşağıya endik. Saatın neçə olduğunu bilmirdim, yağış yenidən yağır, gedəcəyimiz yol isə naməlum idi.
- Haşiyədən kənara çıxaq, o zaman "Siz gəldiniz, müharibə qızışdı" dedilər, indi də bəziləri milli və etnik məsələləri gündəmə gətirirlər. Bununla bağlı qısa fikrinizi bildirərdiniz.
- Bu gün həmin hadisələrə yenidən baxanda özüm özümə sual verirəm ki, nə qədər haqqımız vardı o vəziyyətə müdaxilə etməyə? Bəlkə doğrudan da müqaviləni gözləmək lazım idi. Sonralar Qubadlı camaatının haqlı suallarını, “Siz gəldiniz, müharibə qızışdı” kimi iradlarını cavablandırmaq mümkün deyildi. Amma indi həmin vəziyyətin labüdlüyünü anlayıram, düşmən öz məqsədlərinə çatmaq üçün hər şeyə əl atırdı. Çoxlu sayda havadarlarının və Azərbaycanın zəifliyindən istifadə edərək torpaqlarımızı işğal edə bildi, lakin buna hüquqi don geyindirməyə nə özünün, nə də havadarlarının gücü çatmadı. Bütün bunları gözəl analiz edən hiyləgər ermənilər indi də Azərbaycanın milli və etnik məsələlərini ortaya atır, bununla da özlərinə haqq qazandırmaq, dünya ictimaiyyətini əsas məsələdən- Qarabağdan yayındırmaq istəyirlər. Sosial şəbəkələrdə yayımlanan və özünə haqq qazandırmaq istəyən, əslən cənublu olan bir xainin hərəkəti 1992-ci ilin oktyabrında Laçın dəhlizi uğrunda gedən döyüşlərdəki xainlərin hərəkətlərindən heç nə ilə fərqlənmir. İllərlə dost və qardaş dediyimiz erməni əsrlərin eybəcərliyini fürsət düşən kimi biruzə verdi.
- Ermənilərin itlərdən də istifadə etməsi, onların bu hücuma hər tərəfli hazırlaşması deməkdir. Daha sonra nələr baş verdi?
- Mən, Teyyub və 8 əsgər əvvəlcə Susuzdağ aşırımını aşdıq, sonra da bir xeyli meşəliyin içi ilə getdik. Geriyə qayıdıb tez tədbir görmək lazım idi. Sanki itlər dalımızca düşmüşlər kimi, davamlı olaraq onların səsi gəlirdi. Ayaqlarımızı yerə qoyduğumuz yerlərdə minaların olub- olmadığı da bəlli deyildi. Bir neçə dəfə ayaqlarımın sanki minalar bərkidilmiş tellərə toxunduğunu hiss etdim, hər dəqiqə partlayacağım fikri ilə gözlərimi bağlayırdım. Əvvəlcə qərar verdim ki, burada oturub və ya ağaca çıxıb bir müddət ara vermək, ağlım yerinə gələnə qədər gözləmək. Sonra öz fikrim mənə gülməli gəldi. Məgər bu çıxış yoludur? Tez vəziyyətin nə yerdə olduğunu hərbi hissə komandirinə anlatmaq və nə qədər düşmən mövqelərini bərkitməyib hərəkət etmək. Əsir düşmək yox. Yeridikcə axmaq fikirlər məni əhatə edirdi. Axırıncı gülləni ağzımdan vuraram, yox ürəyimdən yaxşıdır... Bu nədir, yuxarıdakıların panikası mənə keçmişdi? Öz özümə dayan deyirəm, axı sən Əfqanıstan keçmisən. Bundan da kritik vəziyyətlərə düşmüsən. Və bu məni ayıldır.
Bir anlıq bu yerlərin xəritədə gördüyüm vəziyyətini gözümün önünə gətirdim. Harada olduğumuzu təqribən müəyyən etdim. Yuxarıya və çaya düşsək yolun düz səmtindəyik. Biz Ermənistan sərhədini keçib bir qədər oradan, sonra çayın içi ilə hərəkət edək. Sonra yenə də Azərbaycan ərazisinə keçib Türklər istiqamətinə hərəkət etməliyik. Belə olduqda əgər arxamızca itlər düşübsə, onları da azdırmış olarıq. Amma indi Teyyubla mübahisəmiz düşür. O mənim yanlış yola getdiyimi deyir. Nəhayət, hər şeyi öz boynuma götürüb yuxarıya komandasını verirəm. Biz bu şəkildə də hərəkət etdik...
- Bu vəziyyətdən çıxıb hərbi hissə komandirinin yanına gəldiniz.
- Təqribən gecə saat üç radələrində Türklər kəndinə çatdıq və əsgərlərə ağacların dibində gözləməyi tapşırdım. Özüm isə komandirin olduğu KUNQ-a tərəf getdim. KUNQ-un önündə heç kim yox idi. Heç güc vermədən qapını açdım. Zəif lampanın altında başını aşağı salaraq qabağına cansız kimi baxan hərbi hissə komandirini gördüm. Başını mənə tərəf çevirdi, heç bir şey soruşmadan "Qarabağ əldən getdi” ve tapançaya tərəf baxaraq "Özümü güllələyəcəyəm" dedi. Onun önündə Makarov tapançası var idi. Eşitdiyim məni daha da sarsıtdı. Qarşımda cəsur, əzmlə vuruşan bir zabiti sarsılmış, əzilmiş və dərin fikrə getmiş bir insan əvəz etmişdi. Mən heç bir şey demədən qapını açıb çölə çıxdım. Ətrafın vahiməli qaranlığı, uzaqlarda ulaşan çaqqalların tükürpərdici səsləri ilə bir ahəngdə çalırdı. Bir müddət qaranlığa öyrəşəndən sonra hələ də ağacların altında məni gözləyən döyüşçülərin yanına qayıtdım. Mən inanmırdım ki, bu qədər döyüş yolu keçmiş bir zabit özünə əl qaldıracaq. Bu bir müvəqqəti çətinlikdir, o özü çox gözəl başa düşürdü ki, sağ qalanlar ona çox inanırlar. Bu inamı qırmaq olmazdı. Döyüş davam edirdi, hələ heç bir şey itirilməmişdi, təcili qüvvələri səfərbər edib hərəkət etmək lazım idi. Əsgərlərə yaxınlıqdakı uzun bir fermada hələlik yağışdan qorunmalarını tapşırandan sonra mən öz kəşfiyyatçılarımın aqibətini və onların indi hansı istiqamətlərdə ola biləcəyini öyrənmək, nəhayət hamını bir araya gətirməyi qərarlaşdırdım. Amma özümün də tam islandığımı görüb səhər açılana qədər gözlədim. Hava açılan kimi hərbi hissə komandirinin müxtəlif sayda vermiş olduğu əmrlərin icrasına başlanıldı. Sözsüz ki, əsas tapşırıq baş vermiş əks-hücumun dayandırılması, əvvəlki mövqelərin bərpası və qüvvələr nisbətinin dəyişdirilməsi oldu. Bütün qüvvələri səfərbər etmək indi əsas məsələdir. Bu döyüşlər haqda çox yazılıb, çox çəkilişlər aparılıb, amma nədənsə mən orada özümüzün- yəni hərbi hissəmizin döyüşlərini görmədim, gördüklərim isə çox qısa bir şəkildə oldu, sanki bizim orada olmağımız epizodik bir hadisə olub.
- Yenə haşiyədən kənara çıxaq. Sizin briqadanın döyüş yolunu sanki görməzdən gəlirlər...
- Öz növbəmdə bir kəşfiyyat bölüyünün komandiri olaraq bildiyim və gördüklərimi tam məsuliyyəti ilə açıqlamaqda heç də kimi isə təbliğ etmək və ya kimi isə pisləmək niyyətində deyiləm. Çoxlu sayda şəhid və yaralananlar, “N” qədər itkilər vermiş böyük bir hərbi hissənin zəhməti heçə endirilib. Bildiyim qədər hər üç döyüşün nəticələrinə görə hərbi hissə komandirinə Milli Qəhrəman, çoxlu sayda zabit və gizirlərə isə müxtəlif sayda hərbi rütbələr və mükafatlar verilməliydi. Lakin müvafiq təqdimatlar yazılsa da bunların heç biri olmadı. Sözsüz ki, bu fikirlərimə irad tutanlar olacaq. Məgər orden üçün vuruşurduq, əlbəttə ki, yox! Amma hər şey əksinə oldu. Şəxsən mənim şəxsi işimdə 92-ci il ümumiyyətlə yoxdur. Həm mənim, həm də komandir olduğum bölüyün əsas döyuş yolu 92-dən başlayır. 1992-ci il yaddaşlarda həkk olunsa da, kitab və yazılarda yoxdur.
- İndi növbə ermənilərin əks hücumunu dəf etmək idi.
- Beləliklə, sentyabrın 25-dən hücuma keçərək işğaldan azad etdiyimiz Laçın dağlarını indi düşmənlərin əks hücumundan müdafiə etməliydik. Saat təqribən doqquz radələrində mövqedə duran bir qrup əskər peyda oldu. Aradan bir saat keçməmiş kəşfiyyatçılarım Qasımov Tofiq və Ağayev Şamil da qayıtdılar. Mən Tofiqdən nələrin baş verdiyini və indiki vəziyyət barədə soruşdum. O cavabında dedi ki, biz Quba-Qusar taborunun mövqelərinə çatıb, onlara ehtiyatlı olmağı tapşırdıq, düşmənin hər dəqiqə hücum edə biləcəyini söyləyərək özümüz də gecəni orada qaldıq. Səhər tezdən sizin getdiyiniz yerə gəldik ki, bir yerdə qayıdaq, amma heç kimi görmədik. Mövqelərdə kimsə yox idi. Birdən lap yuxarıdakı mövqelərdə adamların olduğunu gördük və istədik ki, onlara tərəf hərəkət edək. Aramızdakı məsafə 50 m olardı. Amma 2 nəfərin oynadığını görəndə tez yerə uzandıq. Sol tərəfdə Susuzdağın ətəyində qurulmuş palatkaya girə bildik. Burada heç kim olmasa da müxtəlif sayda silah var idi. Rəhmətlik Şamil RPQ götürüb mərmi axtarmağa başladı. Mən soruşanda ki, sən nə etmək istəyirsən, cavabında dedi ki, onların ortasındakı PDM-lərə atacağam. Mən dedim ki, tələsmə, bəlkə bunlar bizimkilərdir? Dedi ki, yox, onlar ermənidirlər, paltarlarına bax. İstəyirsən lap yaxınlaşaq öyrənək bunlar kimdirlər? Bu gəncin hərbi səriştəsinə heyran oldum. Anladım ki, poliqonda bunlara yaxşı təlim keçiblər. Mənim tələbimə qulaq asmayaraq o yavaş-yavaş onlara tərəf sürünməyə başladı, mən də öz növbəmdə onlara tərəf sürünməyə başladım. Nəhayət ermənilərin lap yaxınlığında böyük bir daşın altına çata bildik. Ermənilər torpaq qazırdılar, dağ arasındakı yolda isə çoxlu sayda hərbi texnika düzülmüşdü. Başqa tərəfdə isə PDM-2-ləri və üstlərindəki desant paraşütlərinin şəklini açıq gördum. Bu iki ermənidən savayı kimsəni görə bilmədim, ancaq PDM-lərin desant qapıları açıq idi, oradan siqaret tüstüsü çıxırdı. Torpaq qazan ermənilər danışırdılar, mən diqqətlə qulaq asanda erməni dilinin olduğuna tam əmin oldum. Ətrafa çoxlu sayda araq butulkaları atılmışdı. Şamil vuruşmağı tələb edirdi, mən isə başa salmağa çalışdım ki, tələsmə, biz Yaqub haqda heç bir şey bilmirik. "Hanı buradakı qüvvələrimiz? Bu iki nəfəri öldürərik, bəs sonra? Buradan çıxa bilməyəcəyik. Biz komandanlığımızla əlaqə yaradıb vəziyyət barədə məlumat verməliyik. Gəl tez özümüzü çatdıraq qərargaha, özümüzkülər haqda öyrənək və buranın koordinatlarını verib artilleriya ilə vurduraq. Nə qədər ermənilər burada tam möhkəmlənməyiblər, buraları artilleriya ilə vurmaq lazımdır"dedim. Bu təklif onun ağlına batdı və biz sürünə-sürünə geriyə çıxdıq.
Göründüyü kimi, Qasımov Tofiqin dedikləri ilə mənim gördüklərim bir-birini təsdiqləyirdi. Düşmən tək deyildi, onu dəstəkləyən qüvvə isə başqa hərbi birləşmə, daha doğrusu, başqa dövlətin desant qüvvələri olub. Onların sözsüz ki, bizim aramızda da öz adamları vardı, bu bir sistem şəklində ahənglə işləyirdi. Bu qüvvələrin sonra yeni hücumlara qoşulub-qoşulmaması isə yəqin ki, bir-iki saata bilinəcəkdi. Bütün məlumatları yenidən hərbi hissə komandirinə çatdırdıqdan sonra öz kəşfiyyatçılarımı bir araya yığmağa başladım. Hərbi hissə komandirinin aktivliyi məni sevindirdi, indi yenidən vuruşmaq olardı.
Düşmən qüvvələri həm Ermənistan ərazisindən, həm də artıq Qarabağ istiqamətindən hücuma başlamışdı. Ermənistan tərəfdən qrad raketləri ilə mövqelərə yox, Qubadlının kəndlərinə atəş açılırdı. Heç kimin gözləmədiyi vəziyyət sözsüz ki, hamını şoka salmışdı. Yerli əhalinin döyüş bölgəsinə yaxın ərazilərdən çıxarılması prosesi başlandı, çünki atılan mərmilər kəndlərə düşürdü. Əliyar Əliyevin batalyonu haqqında daha heç bir məlumat eşitmədim, sağ cinahımızdakı Quba-Qusar taborunun hələ də mövqelərdə olma ehtimalı var idi. Bizə indi ortaya atılmış panikanın miqyasını öyrənmək lazım idi ki, hansı movqelər itirilmişdi. Susuzdağda olan qüvvə kiçik bir tağım idi. Bu tağım bir neçə bölüyün sağ qalmış əsgərlərindən təşkil edilmişdi. Mən qarşıma qoyulan tapşırıqların yerinə yetirilməsi üçün indi daha çox kəşfiyyatçılarımın köməyinə ehtiyac duyurdum. Həm Həkəri boyunca, həm Aşağı Fərəcan, həm də Mığıdərə istiqamətlərinin qorunması lazımdır. Onu demək lazımdır ki, əsas qüvvələrimizin çoxu ön hissədə idi, mövqelərdən arxada demək olar ki, qüvvə yox idi. Günortaya yaxın bütün qüvvələrin bir yerə yığılması bitdi və göstərilən istiqamətlərdə irəliyə komandası verildi. Düşmən qüvvəni daha çox Həkəri istiqamətində hücuma yönəltmişdi. Bununla da qüvvələrimizin olduğu birləşmələri mühasirəyə salmaq istəyirdi.
- Düşmənin əks hücumunu dayandıra bildinizmi?
- Ermənilərin əks hücumunun labüdlüyü hərbi rəhbərlik üçün o qədər də inandırıcı deyildi, çünki ortaya atılan müqavilələr onları çaşdırmışdı. Döyüşlərin getdiyi bu istiqamətdə düşmən qovulsa da, gözümüzün önündə yenidən hazırlaşması və qəfildən hücum etməsi əldə edilən müqavilənin sayəsində baş verdi. Düşmən bizi çaşdırdı, amma öz işini gördü. Düşmənin əks hücumunun dayandırılmasına nail olsaq da, döyüşlər davam edirdi.
Ən maraqlısı isə o idi ki, əvvəlcə biz dəhlizi SAU-ların köməyi ilə nəzarətdə saxlayırdıq. General onları qovandan və M.Hacıyev onları Göytəpəyə qaytardıqdan sonra buraya Bakıdan gələn artilleriya nəzarət etməli idi. Komandir özü bunu Susuzdağdan koordinə edirdi. Düşmənin hücum edə biləcək 3 istiqamətini müəyyən edib onlara lazımi təlimatlar verilmişdi. Düşmən Ermənistan tərəfdən hücum edəcəyi təqdirdə onlar texnikanın irəliləməsinin qarşısını almalı idilər. Hətta yoxlama üçün atışlar da həyata keçirtdilər. Rus tank alayı dəhlizdən keçmək istəyəndə komandir hazır olmaq barədə əmr verdi və dəhlizin ortasında atəş açmaq komandası verdi. Lakin rabitədə onlar dedilər ki, bizə atəş açmamaq əmr olunub, biz yığışırıq və Bakıya qayıdırıq. Artilleriya atəş açmadığı üçün hərbi hissə komandiri düşmənin tam olaraq özünü göstərməyinə şərait yaratdı və zenit qurğularını “pryamoy navodkaya” çıxartdı. Onlara və minamyotçulara atəş əmri verdi. Koordinatları da özü verirdi. Düşmən kalonunda 3 tank vuruldu və onların hərəkəti dayandı. Düşmən Ermənistan ərazisindən tanklardan, artilleriya və qrad qurğularından bizim mövqelərimizi atəşə tutmağa başladı və bu şəraitdə vurulmuş texnikaları çıxartdı ki, dəhlizdə hərəkət açılsın. Bu zaman biz heyəti ilə birlikdə 2 zenit qurğusu və 7 minamyotçu itirdik. Döyüşçülər gəlib dedilər ki, artilleriya öz mövqelərini artıq tərk edib. Biz tez onların mövqelərinə getdik. Lakin orada artıq heç kim yox idi. Hərbi hissə komandiri general N.Sadıxovla rabitə əlaqəsinə gidi və ona qışqırdı. General isə cavabında dedi ki, artilleriya onun əmrini yerinə yetirir və onlara Bakıya qayıdıb hərbi parada hazırlaşmağı əmr edib. Komandir MN-nin nümayəndəsi mayor Hüseynovu generalın yanına göndərdi ki, burada baş verənlər barədə ona məlumat versin. Mayor getdi və bir daha geriyə qayıtmadı. Biz yenidən öz mövqelərimizə qayıtdıq ki, döyüşü idarə edək. Təzəcə gəlmişdik ki, məlumat daxil oldu- Quba-Qusar batalyonu da öz mövqelərini tərk edib. Hərbi hissə komandiri onların dalınca getdi və yalnız Səfiyanda onlara çata bildi. Lakin onların komandiri Məmmədov dedi ki, biz general N.Sadıxovun əmrini yerinə yetiririk.
Yadıma belə bir epizod düşür. Düşmənlə aramızdakı məsafənin haradasa 50-60 m olduğu döyüşdə mən piyada döyüşçülərin üstündə komandanlıq edirdim. İrəliyə qaçır, yerə yıxılır və atəş açırdım, yəni tam bir döyüş səhnəsi. Birdən hiss edirəm ki, arxamda kimsə mənim bütün hərəkətlərimi təkrarlayır. Geriyə dönüb baxıram mülki geyimdə bir gənc- silahsız-zadsız. Mən yerə uzandım, onu özümə tərəf çəkdim. Kimsən? Hər tərəfdə partlayış və güllə səsləri. Kimsən deyirəm ona. Komandir, qardaşım buradadır, onu götürməyə gəlmişəm. Kimdir? Kiminsə adını söylədi. "Haradadır o?"-soruşuram. Uzandığım yerdən qabaqdakı əsgəri göstərdi. "Anam məni yollayıb, onu aparmasam, o öləcək"-dedi. "Get götür, əgər apara bilirsənsə"-dedim.
Başqa bir hadisə isə məni tam sarsıtdı. Muradxanlı kəndinin yaxınlığında 30-a qədər başqa hərbi hissəyə aid əsgərləri geriyə qaytarmaq istədiyim zaman yerli briqadanın komandiri Balağa Rzayev də yardımçı oldu. Əsgərlərdən biri B.Rzayevin boynuna sarılaraq ağlayırdı: “Axı biz gəncik, yaşamaq istəyirik”. B.Rzayev də öz növbəsində onu qucaqlayaraq söyləyirdi: “Axı vətəni gənclər qorumalıdırlar, mənim balam”. Bu çox acınacaqlı bir səhnə idi. Bu zaman Ermənistan ərazisindən dalbadal qrad raketləri atılmağa başladı. Briqada komandiri Balağa Rzayev öz UAZ-ına minib Qubadlıya tərəf sürdü. Başlı-başına qalmış əsgərlər səpələnib yerə uzanmaq əvəzinə ora-bura qaçmağa başladılar. Bu bir xaos idi. Mən PDM-i dağın ətəyində saxlatmışdım, raket oranı tutmurdu. Avtomatla əsgərlərin ayaqlarının altına atır və onların yerə uzanmalarını tələb edirdim. Raket atəşi dayandı, xoşbəxtlikdən heç kim həlak olmadı. Bu qüvvəni saxlamaq, onu döyüşə aparmaq qeyri-mümkün idi. Mən PDM-ə oturub irəliyə getdim.
- Necə oldu ki, geri çəkilmə əmri aldınız?
- Bir neçə gün döyüşlər davam etdi. Biz yenidən canlı qüvvə, tanklar toplaşan Ermənistan ərazisini bombalamağa başladıq. Bizdə 12 SAU-dan cəmi 3-ü döyüşə hazır vəziyyətdə idi. Onları leytenant Miramin Abdullayevin komandirliyi altında “pryamoy navodkaya” çıxartdıq və manevrlər edərək düşmənə atəş açmağı əmr etdik. Səhəri gün N. Sadıxov M.Hacıyevi yenidən qərargaha çağırdı və Lənkərana qayıtmağı əmr etdi. Dedi ki, səni Milli Qəhrəmana təqdim etmişəm, 820 saylı hərbi hissənin əsasında 704-saylı briqada yaradılıb və səni briqadanın komandir müavini təyin etmişik. Bir aydan sonra gedib Beyləqan-Ağcabədi istiqamətinə cavabdeh olacaqsan.
Geri dönmək əmrini alandan sonra komandir hərbi hissəyə Xanlıq kəndində cəmləşməyi əmr etdi, çünki qarşıya qoyulan tapşırıq yerinə yetirilmişdi. Üç gündən sonra səhra qərargahımıza B.Rzayev gəldi və göz yaşları içərisində hərbi hissə komandirindən kömək etməyini xahiş etdi. Düşmən atəşkəsi pozaraq hücuma keçib və onları yalnız siz saxlaya bilərsiniz. Kəşfiyyatçılarım xəbər gətirdi ki, düşmən sol tərəfə keçib və nümayişkaranə şəkildə Səfiyan istiqamətdə hərəkət edir. Onların düz qabağına çıxmaq ağılsızlıq olardı. Ona görə də hərbi hissə komandiri Muradxanlının sonunda yolun yanında pusqu qurmağı əmr etdi. Pusqu yolun hər iki tərəfində və qarşıdakı yüksəkliklərdə qurulmuşdu. Düşməni yaxına buraxdıq, düşmən 300-400 metr məsafədə olanda hərbi hissə komandiri bütün silahlardan atəş açmağı əmr etdi. Düşmən tam olaraq məhv edildi və yalnız bir neçə nəfər qaçaraq canını qurtara bildi. Sonradan orada komandir olmuş bir erməni xatirələrində yazırdı: “Bizə dedilər ki, “ərəblər” (bizdə bütün rabitə və danışıqlar talış dilində getdiyindən ermənilər bizi ərəb sayırdılar) gediblər, lakin həmin gün onlar haradansa peyda oldular və bizə bütün növ silahlardan atəş açdılar. Biz heç tərpənə də bilmirdik. Oradan kim sağ çıxdısa bir də Ermənistanda nəfəs almağa başladı”.
O zaman bütün Muradxanlı sevinirdi, bizi qucaqlayıb təşəkkür edirdilər, ələlxüsus də polkovnik B.Rzayev. Sevincindən ağlayırdı. Düşmən 200-dən artıq canlı qüvvə və 20-yə yaxın texnika, tank, BMP itirdi. Burada düşməndən qalan hər şeyi polkovnik B.Rzayevə təhvil verdik.
Lənkərandan sıradan çıxmış texnikaların təmiri üçün təmir briqadaları və müvafiq texnika göndərildi. Oktyabrın 12-sində M.Hacıyev Lənkərana yola düşdü. Mən onunla görüşüb sağollaşa bilmədim, çünki müxtəlif istiqamətlərdə idik. Eşitdiyim qədər buraya yeni qüvvələr göndərilmişdi və bizim dəyişilmə prosesimiz olacaqdı. Sözün əsl mənasında onun gördüyü işi bundan sonra kim həyata keçirəcəkdi, mən bilmirdim. Amma onu əvəz edəcək adamı görəndən sonra çox təəccübləndim. Döyuş təcrübəsi olmayan bir zabit bu çətin vəziyyətdən necə baş çıxaracaq? Axşama yaxın yeni komandirlə görüşə bildim. Bu hərbi hissənin operativ bölməsinin rəisi Əvəz Ramazanov idi. Mənə vəzifə təklif etdi: “Hərbi hissənin qərargah rəisi sən olacaqsan”. Hər şeyin qarışdığı və düşmənin hücumlarının dalbadal olduğu, əsgərlərin sayının barmaqla sayıldığı bir vaxtda qərargah rəisi. Hərbi rütbəmin imkan vermədiyi bu vəzifəyə mən öz özlüyümdə güldüm.
- Vəzifəniz nə idi?
- Düşmənin əks-hücumunun qarşısını almaq. Səpələnmiş qüvvəni bir yerə yığmaq. Düşmən Həkəri istiqamətində xeyli irəliləyə bilmişdi. Döyüşlər artıq Güləbird kəndi yaxınlığında gedirdi. Yeni komandirlə Qubadlıya müşavirəyə getmək nəsib oldu. Qubadlının kafe deyilən bir yerində müşavirə keçirildi. Dəhşətə geldim. Burada nə qədər zabit heyəti vardı. Bunların arxasında yəqin ki, “N” qədər əsgər olmalıydı. Lakin harada idilər onlar, mən görmürdüm. Müşavirədə Bakıdan gəlmiş Arif Hacıyev də iştirak edirdi. Demək ki, Bakıdakılar indi ayılıb, amma niyə bu qədər gec? Hər kəsə söz verildi. Burada yeni gəlmiş qüvvələrin tabor komandiri də iştirak edirdi. Polkovnik leytenant idi, adını bilmirəm. O çıxış edib qətiyyətlə öz əsgərlərini döyüşə salmayacağını söylədi: “Mənim əsgərlərim cəmi 3 ay təlim görüblər, mən bunu etmərəm”. Bizim komandir də danışdı: “Qüvvəmiz yoxdur, tükənib, bizim resursumuz sıfırdır. Bildiyim qədər Bakıdan çoxlu avtobuslarla yeni qüvvələr göndərilir. Xahiş edirəm bizi heç olmazsa müvəqqəti arxaya atın ki, bir qədər dincələk”. Qərarlaşdırıldı ki, döyüş davam etdirilir və düşmənin hücumu dayandırılmalı, yenidən əvvəlki mövqelərə çıxmalıyıq. Müşavirədən sonra yeni komandir mənə qısa müddətdə döyüşçülərin siyahısını və harada vuruşmalarını dəqiqləşdirərək yazmağı əmr etdi. Sonrakı iki gündə bizim döyüş müqavimətimiz sanki bir qədər uğurlu alındı, hərgah döyüşlər davam etdirilirdi.
- Satqınlar var idimi? Bununla qarşılaşmısınızmı?
- Yeni komandir öz yanına 3 kəşfiyyatçı götürərək onlara daima onunla olmalarını tapşırdı. Digərlərini PDM-in sürücü-mexaniki ilə birlikdə geriyə götürməyi əmr etdi. Çünki PDM sıradan çıxmışdı, onu böyük maşınla bazaya apardılar. Ümumiyyətlə, kəşfiyyatçıların hər biri bu döyüşdə bölük komandirlərinin və ya taqım komandirlərinin əvəzinə işləyir, döyüşürdülər. Bu arada bir xəbər eşitdim. Ermənilərə işləyən mayor rütbəli bir satqın yaxalanmışdı. Amma bu kim idi və o hansı şəkildə ermənilərə kömək edirdi, mənim informasiyam yox idi.
Qarabağın digər bölgələrində vəziyyət barədə məlumatsız idik. Döyüşlərin getdiyi Fərəcan kəndi yaxınlığında gecə maşında ikən maraqlı səslər eşitdim, bir neçə nəfər idik. Gözlərimə inanmadım. Bir qrup musiqiçi Ural maşınında döyüşün getdiyi bu əraziyə necə gəlib çıxmışdı? Gecə saat 1-də milli musiqimizi ifa edərək bizi həvəsləndirdilər. Bu bir qədər yorğunluğu azaldır, daxili gücü artıraraq ruh yüksəkliyi yaradırdı. Yeni hərbi hissə komandiri ilə bir döyüş əməliyyatı keçirtmək nəsib oldu. Təqribən otuza qədər döyüşçüyə tut ağacının altında mövqe tutmağı əmr etdi. Amma rabitə ilə başqa səmti anlatdı. Buralarda satqınlar çoxdur, düşmənə məlumat ötürə bilərlər. Biz yalan deyək, yoxsa hamımızı qırarlar. Bu şəkildə pusqu kimi bir mövqedə bir saata yaxın gözləməli olduq. Yanlış koordinat verəndən sonra daha da irəlilədik. Təqribən 10-15 dəqiqə keçməmiş yanlış göstərdiyimiz koordinat- meşənin ətəyi artilleriya atəşi altında qara tüstüyə büründü. Beləliklə, onun iddiası düzgün çıxdı. Bu təsadüfənmi oldu, yoxsa həqiqətən də satqınlar var idi, demək çətindir. Amma bu oldu.
- Kəşfiyyatçılarınız haqqında da danışsaz əla olar. Bundan əlavə, siz necə oldu döyüş meydanından geriyə göndərildiniz?
- Siyahının yazılışı qurtarandan sonra komandir mənə bazaya qayıtmağı tapşırdı: “Onsuz da bir-iki günə bizi buradan çıxardarlar. Bakıdan avtobuslarda çoxlu qüvvə gətirilir. Ural maşınında gedərsən ki, onda çoxlu sayda həlak olanların silahları və s. ləvazimatlar olacaqdır. Mən əmr vermişəm, hər şey hazırlanır. Sənin kəşfiyyatın qalır. Onlar mənə hələ lazım olacaqlar. Qasımov Tofiq onların üstündə başçı qalsın”. Oktyabrın 17-si geriyə- Lənkərana qayıtdım. Beləliklə, Laçın döyüşləri mənim üçün başa çatdı, lakin kəşfiyyatımın 6 əsgəri üçün bu hələ 2 gün də davam edəcəkdi. Amma bu 6 nəfərdən 3-ü itkin düşəcəkdi. Kəşfiyyat bölüyünün əsgərləri son döyüşə girərək itkilər verir, 3 kəşfiyyatçı- Lənkərandan Ağayev Şamil, Sumqayıtdan Mədətov Müşviq, Xaçmazdan Daşdəmirov Ceyhun döyüşdə itkin düşür, Xaçmazdan Ağəliyev Şahin isə ağır yaralanır. Bir ay ərzində gecə və gündüz aparılan döyüşlərin Laçın sonluğu bu şəkildə bitdi. Oktyabrın 22-si üçün hərbi hissəmizin sağ qalan təqribən 150-yə qədər qüvvəsi müdafiə nazirinin əmrinə əsasən yerdəyişmə məqsədi ilə keçirilən əməliyyatın nəticəsində geriyə- öz bazamıza göndərildi. Amma Laçın və Laçın dəhlizi uğrunda döyüşlər yeni hərbi birləşmələr tərəfindən davam etdirildi. Doğrudur, oraya bazamızdan yenə də müxtəlif şəkildə yardımlar göndərildi. Bu əsasən artilleriya və tank mərmiləri olurdu. Mənim bu ərazilərlə hər hansı şəkildə kontaktım olmasa da, itkin düşmüş əsgərlərimin xatirələri məni rahat buraxmırdı. Sonralar Ə.Ramazanovdan bunun niyə belə olduğunu soruşanda cavab verdi ki, məndən hücum tələb edirdilər. Məcbur qalıb sənin kəşfiyyatını da piyadalara qoşub döyüşə göndərdim, çünki qüvvəm çatışmırdı. Onlar da düşmənin əks-hucumu zamanı mühasirəyə düşüblər. Bu belə alındı, gücüm buna yetdi, axı düşmənin qabağını kəsməli olan qüvvə hələ tam döyüşə girmək istəmirdi. Özün yaxşı bilirsən, yeni gələn qüvvələr ilk gündən bundan imtina etdilər. Əgər doğru desəm hərbi hissəmizin ümumiyyətlə oradan qayıtmaq planı yox idi. Hətta yüz nəfər belə qalsaydı da...
- Laçın döyüşləri Qarabağ müharibəsinin sonu ola bilərdimi?
- Bu dediklərimdə baş verənləri bir briqada kəşfiyyat bölüyünün gözünün prizmasından göstərdim. Laçın döyüşləri Qarabağ döyüşlərinin sonu ola bilərdimi sualına cavab olaraq deyərdim ki, bəli, bu belə ola bilərdi. Azərbaycan xalqı qələbəyə bu qədər yaxın olmamışdı. Təəssüflər olsun ki, biz bu qələbəni möhkəmləndirmək əvəzinə hadisələrə başdansovdu yanaşdıq. Nəticədə bu müharibə hələ də davam edir və biz şəhid və yaralı verməkdə davam edirik. Əlbəttə, bir gün biz Qarabağ uğrunda qələbəyə qədər savaşa qərar verəcəyik. Bu bir tarixi qərar olacaqdır. Bu savaş bizi Laçın dəhlizinə və Azərbaycan sərhədinə aparacaqdır.
Səxavət Məmməd
Ölkə.Az
Ölkə.Az
Hiç yorum yok:
Yorum Gönder