3.02.2017

Kimdir günahkar?

Artıq ermənilərin əlində olan vətəndaşımızı vətən xaini çıxarmışıq

Bu gün ermənilərin sosial şəbəkələrdə yazdığı bir cümlə diqqətimi çəkdi: "sizinkilər gəlib biz tərəfə keçib bizim əsgərlərimizi öldürəndə həmin əsgərinizə Milli Qəhrəman adı verirsiniz, ancaq gəlib işini görə bilməyib, bizimkilərin əlinə keçəndə vətən xaini deyirsiniz".


Elnur Hüseynzadə adlı bir vətəndaşımız ermənilərə əsir düşüb. Bu xəbəri təbii ki, yenə və yenidən erməni medisından öyrəndik. Erməni mediası iddia edir ki, əsir götürdükləri hərbçidir, təxribat törətmək üçün ermənilərin nəzarətində olan əraziyə keçərkən əsir düşüb. Azərbaycan Respubilkası Müdafiə nazirliyi isə Elnur Hüseynzadənin hərbçi olmadığını bəyan edib. Müdafiə nazirliyinin mətbuat xidməti bu məlumatı ardıcıl 3 dəfə yaydı. Bunun ardınca müdafiə nazirliyi daha bir açıqlama yayımladı ki, Elnur Hüseynzadə dəfələrlə intizamsızlıq etdiyi üçün ordudan qovulub. Müdafiə nazirliyi bu xəbəri elə təqdim etdi ki, hərbiçilərin dili ilə desək, Elnur “gicdırnaq” olub.

Əslində Elnurun ermənilərin əlinə keçməsi çoxlu suallar doğurur. Əgər Elnur hərbçi deyildisə, həmin ərazidə nə gəzirdi? O ərazi düşmənlə təmas xəttidir və oraya mülki şəxslərin getməsi əslində mümkün olmamalı idi.

Elnur Hüseynzadə ermənilərn əlinə keçən kimi bilinirdi ki, ermənilər həmin şəxsi təxribatçı kimi təqdim edəcəklər və etdilər də. Ermənilərin təxribat maşını çox güclü işləyir. Gəlin boynumuza alaq ki, informasiya müharibəsində onlar çox öndədir. Onlar nəinki dirimizdən, hətta ölümüzdən də informasiya müharibəsində çox gözəl istifadə edirlər. Əsgərimiz Çingiz Qurbanovun meyiti üzərindən Azərbaycanın üzərinə gələrək Azərbaycanı Ermənistanın dövlət sərhəddini pozmaqda suçlayırlar. Bu azmış kimi, həyasızcasına Azərbaycanın üzr istəməsini tələb edirlər. Elə məhz bu səbəblərə görə 40 günə yaxındır ki, əsgərimizin meyitini qaytarmırlar.

Dirimizdən isə tamam başqa cür istifadə edəcəkləri məlum idi. Elnur Hüseynzadəyə psixoloji, mənəvi və fiziki təsirlər edərək onu danışdırıb, Azərbaycandakı vəziyyətin pis olmasını, ordumuzun bərbad gündə olmasını, hətta Azərbaycan tərəfinə qayıtmaq fikrində olmadığını dedirəcəklər. Ola bilsin Elnur Hüseynzadə üçüncü ölkədən sığınacaq da istəyəcək. Bunun olacağını bilə-bilə artıq Elnuru vətən xaini çıxardanlar var.

Artıq, Elnur vətən xainidir deyirlər. Axı hər kəs eyni psixoloji durumda deyil. Elnur xüsusi təyinatlı və yaxud kəşfiyyatçı deyil ki, ona olunan psixoloji, mənəvi, fiziki təsirlərə dözə bilsin. Bir ölkədə hər kəs Mübariz İbrahimov ola bilməz! Bunun olması möcüzəyə bərabərdir.

Elnur Hüseynzadə vətən xainidir və ya  vətən xaini deyil, bunu bilmirəm. Bildiyim bir şey var, Elnur hər nədirsə bizimdir, bizimkidir! Bu ölkənin vətən xainləri də, şərəfsizləri də bizim cəmiyyətin məhsullarıdır. Onlar mənimdir, sənindir, bizimdir, hamımızındır!

Hər biz istəyən kimi olmayanları cəmiyyətdən xaric etmək, qovmaq, rədd etmək olmaz, olmamalıdır! Hər kəs eyni gücdə, dözümdə, psixoloji durumda deyil. Kimlərisə rədd eləməkdənsə, məsələnin kökünü axtarmaq lazımdır. Niyə kimsə vətən xaini olur? Niyə kimsə satqın olur? Niyə biz həmişə bu informasiya müharibəsində gecikirik? Niyə biz həmişə ermənilərin basdırdığı minaları təmizləməklə məşğuluq? Hər şeyin cavabı məhz bu "niyə"lərdədir.

Kimdir günahkar? Elnur ya cəmiyyət? Əgər 20% torpaq itirən, minlərlə şəhid verən bir cəmiyyət vətən xaini yetişdirirsə, demək ki, günahkar elə məhz cəmiyyətin özüdür!

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics