Ölkə.Az saytının jurnalisti Səxavət Məmməd Akşehirdən reportaj hazırlayıb
Sultan dağlarının ətəyində, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə tarixi abidələrlə zəngin Akşehirdəyik. Akşehir Konya vilayətinə aid bir şəhərdir. Şəhərə girərkən diqqətimi Molla Nəsrəddinin eşşəyin belinə tərsinə minmiş vəziyyətdəki heykəllərini görürəm. Bununla bağlı maraqlananda məlum olur ki, Molla Nəsrəddin gəncliyindən Akşehirdə yaşayıb. Burada Molla Nəsrəddin türbəsi və onun adına park da var.
Akşehir bələdiyyəsinin şöbə müdiri işləmiş Qədir Ercanın evinə qonaq gedirik. Qədir İşcan bir neçə ay öncə pensiyaya çıxıb. Qədir İşcanın Akşehirin adsız kəndindəki evinə gedirik. Ev sahibi pensiyaya çıxandan sonra kənddəki həyətində əkin-biçinlə məşğuldur. Meyvə ağacları və və tərəvəz olan bağçası var. Son dərəcə sadə ev və baxça... Heç deməzsən ki, uzun illər bələdiyyənin maliyyə işlərinə baxmış adamın evidir.
Ev sahibi digər söhbətləşdiyim türkiyəlilər kimi eyni şeyi soruşur - Türkiyəni sevdinmi? Bundan sonra isə söhbət başlayır. Azərbaycana heç vaxt gəlmədiyini deyən Qədir Ercan ölkəmizdəki vəziyyəti, insanların yaşam şəraitini soruşur. Uzun-uzadı bu barədə söhbətə qoyuluruq.
Qədir Ercan Türkiyədə baş vermiş 15 iyul hakimiyyət çevrilişi barədə Azərbaycan əhalisinin ümumi fikirini də soruşur. Bildirirəm ki, biz daha çox narahat idik. Azərbaycanın bel bağlayacağı, ümid yeri olan tək ölkə Türkiyədir. Türkiyədə sabitliyin pozulması Azərbaycanın da çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər.
Qədir Ercanın yaşlı qaynanası Ayşə Uyar Qarabağdan olduğumu və torpaqlarımzın işğalda olduğunu biləndə çox kədərləndi. Ayşə Uyarla çox rahat şəkildə anlaşırdıq - mən Azərbaycan dilində, o da türk dilində… Ayşə Uyarın gəlini qaynanasından Azərbaycan türkcəsində danışmağı haradan öyrəndiyini soruşur. Ayşə Uyar gəlininə bu ləhcənin əski türkcə olduğunu bildirir: «Əsl türkcə indi bizim danışdığımızdır».
Ayşə Uyarla söhbət edən zaman özümü nənəmlə söhbət etmiş kimi hiss etdim. Sanki Akşehirdə yox, Ağdamda idim…
Qədir Ercanla şəhəri gəzməyə çıxırıq. Şəhərdə onu tanıyanlar yaxınlaşıb hörmətlə salam verir, hal-əhval tuturlar. Artıq pensiyaya çıxmasına baxmayaraq, şəhər əhalisi ona hörmət edir. Bir anlıq düşündüm ki, görəsən, bizdə də nə vaxtsa icra başçısı, icra başçısının müavini pensiyaya çıxandan sonra insanlar ona belə hörmət edəcəklərmi?
Qədir Ercanla sağollaşıb Molla Nəsrəddin parkına gedirik. Molla Nəsrəddinin lətifələrdəki obrazlar heykəlciklər şəklində canlandırılıb. Hər bir heykəlciyin altında isə ona uyğun lətifəni yazıblar. Molla Nəsrəddin Akşehirin simvolu olduğu üçün şəhərə gələn hər qonağı mütləq o parka aparırlar.
Parkdan ayrılıb şəhərin içərisindəki qədim Akşehir adlandırılan yerə gedirik.
Dar küçələr, qədim evlər… Hər şeyi olduğu kimi saxlayıblar. Bir yandan bizim İçərişəhərə bənzəyir, ancaq böyük bir fərq var. Onlar bizdən fərqli olaraq bərpa işləri görərkən qədimiliyi pozmayıblar, necə var elə də saxlayıblar. Küçələrdə müxtəlif mağazalar var. Halvaçılar, dülgər və dərzi emalatxanaları və s. Bir-bir mağazalara giririk. Hər bir mağaza bir tarixdir. Onların sənəti atadan oğula keçmədir. Girdiyimiz halvaçı dükanının sahibi bildirir ki, dükanı 1883-cü ildə ulu babası açıb. O zamandan indiyə kimi atadan oğula bu sənətlə məşğul olurlar. O, həmçinin öz övladının da bu sənəti davam etdirəcəyini vurğulayır.
Akşehirdəki qədim evlərdən birinə giririk. 1800-cü illərdən qalma bu evdə hər şey o zamankı kimi saxlanılıb. Qab-qacaq, stol-stul, geyimlər, silahlar. Evdəki hər əşya tarixdir. Qonaq otağı, gəlin otağı, yemək otağı olduğu kimi saxlanılıb. Evdə indiki dövrə aid heç nə ilə rastlaşa bilməzsiniz. Yeri gəlmişkən bu cür evlərə girmək pulsuzdur. Həyətdə isə somavar qaynayır. Çay içmək isə qonağın özünə qalıb. Çayın qiyməti isə bizim pulla təqribən 50 qəpik edir.
Akşehirlilərin ən çox fəxr etdiyi hadisə isə Qurtuluş Savaşının dönüş nöqtəsinin məhz buradan başlamasıdır. Atatürk "Büyük Taarruz"a 9 ay Akşehirdə hazırlaşıb, bura qərb cəbhəsinin qərargahı olub.Atatürkün bu şəhərdəki qərargahı o gündən bu günə olduğu kimi saxlanılıb. Növbəti dayanacağımız Atatürkün qərargahıdır.
Atatürkün qərargahı və o zaman baş verənlərlə bağlı yazı və fotoları növbəti reporatjda oxuculara təqdim edəcəyik.
Ardı var...
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder