16.09.2016

"Əgər bu yüksəkliklər ermənilər tərəfindən alınsa idi, indi..." — Qərb cəbhəsindən Reportaj + FOTOLAR

Qərb cəbhəsindəyik. Tovuz, Qazax, düşmənlə üzbəüz Azərbaycan kəndləri...

Səhər saat 6:00. Əsgərlərə "qalx" komandası verilir və biz də onlarla birlikdə dururuq. Əsgərlərlə birgə idmana başlayırıq. İdmandan sonra sıra baxışı, ardından da səhər yeməyinə gedirik.


Qərb cəbhəsinə səfərlə bağlı ""Aprel döyüşləri zamanı komandirlərimizdən xahiş edirdik ki, bizi..." — Qərb cəbhəsindən Reportaj + FOTOLAR" başlıqlı birinci yazıda düşmənlə üzbəüz səngərlərə gedəcəyimiz haqda oxucularımıza anons vermişdik.

Ölkə.Az düşmənlə üzbəüz postlardan hazırlanan ikinci reportajı sizə təqdim edir.

Saat 9:00. Əraziləri gəzmək üçün bizə ayrılan UAZ-lara minib hərbi hissəni tərk edirik. Seyrək meşəli dağların əhatə etdiyi kəndləri görürük. Kəndlilərdən kimisi əkinə tələsir, kimisi heyvanlarını otlağa aparır.

Qazax rayonundayıq. Qazax rayonunda ermənilərn ən çox atəşə tutduğu kənd Balacəfərli kəndidir. Kəndin qarşısında Coğazçay su ambarı var. Su ambarı Ermənistanla sərhəddə yerləşir. Coğazçay üzərində tikilən və 1988-ci ildə istismara verilən su anbarının bir hissəsi Ermənistanın İcevan rayonunun ərazisində, qalan hissəsi Qazax rayonu ərazisində yerləşir. Su anbarı ərazinin suvarılmasında böyük əhəmiyyətə malikdir. Ancaq düşmən tərəfi hər fürsətdə buna mane olmaq istəyir. Balacəfərlini daim qorxu altında saxlamağa çalışır. Su ambarının üst hissəsində hərbçilərimiz əraziyə nəzarət edirlər.


Durbinlərlə düşmən tərəfini müşahidə edirik.

Buradan çıxıb düşmənlə üzbəüz olan postlara gedirik. Düşmənlə məsafə 1 km-ə yaxındır. Əsgərlərimiz postdan düşmən postlarını müşahidə edirlər. Postlardakı əsgər yataqxanası eynilə hərbi hissələrdə olduğu kimidir. Postda yüksək standartlara uyğun hamam, yeməkxana var. Əsgərlərin üst-başı tər-təmiz və səliqəlidir.

Postda dayanan əsgərlərin yanına gedirik. Əsgərlərimiz düşmən mövqelərini bizə göstərir. Qarşıdan erməni kəndi aydın görünür. Durbinlə əvvəlcə düşmən mövqelərinə baxırıq, sonra isə düşmən kəndinə. Erməni kəndinin məktəbi açıq-aydın görünür. Məktəbin qarşısında erməni bayrağı dalğalanır. Cəbhə bölgəsində olduğum zaman bizim ərazilərin demək olar ki heç birində, məktəblərin, dövlət idarələrinin üzərində və ya qarşısında Azərbaycan bayrağı gözümüzə dəymədi. Səbəbini soruşanda isə bildirdilər ki, düşmən həmin yeri dövlət binası bilib vura bilər, təhlükəsizlik üçün bu addımlar atılıb. Ancaq gözlə görünəcək məsafədə olan erməni kəndindəki məktəbin qarşısında Ermənistan bayrağı dalğalanmaqda davam edir.

Ərazini gəzərkən şəkil və videolar çəkməyə icazə vermirdilər. Çəkilən şəkillər isə, belə desək, gizlin çəkilib. Səbəb kimi düşmənin şəkillərə baxaraq ərazini təyin edib, vura biləcəyini göstərirlər. Düşmən tərəfi isə daim öz səngərlərindən nəinki fotolar, hətta videolar da çəkib yayımlayır. Pilotsuz aparatların olduğu, peyklər vasitəsi ilə məlumatların əldə edildiyi bir zamanda bu cür "təhlükəsizlik" tədbirləri çox yersiz və lazımsız görsənir.

Bununla bağlı polkovnik-leytenant Kamil Baxşəliyevlə söhbət edirik. Kamil Baxşəliyev bildirir ki, 3 il bu ərazilərdə ATƏT-in Minsk qrupunun monitorinqlərini Azərbaycan tərəfdən mən təşkil etmişəm. Monitorinq zamanı biz tərəfdən tapşırırdılar ki, foto, video çəkmək olmaz. Ancaq erməni tərəfindən 10-dan çox jurnalist gəlib foto və video çəkirdilər. Fikir vermişdim, ermənilər həmin görüşləri saat 2-dən sonraya salırdılar ki, gün bizim üzümüzə düşsün, çəkiliş aparmaq imkansız olsun. Özümlə həmişə kamera aparırdım. Çəkiliş aparırdıq, ancaq çəkilişə baxmaq olmurdu. Günəş işığı imkan vermirdi ki, qarşı tərəf yaxşı düşsün.

Postda duran əsgərlərlə söhbət edirəm. Azərbaycanda bir çox insanlar övladlarının ön posta düşməsini istəmir. Hətta postda durmaması üçün bəzi yollara da əl atır. Əsgərlərlə bu barədə danışıram. Əsgər Məmmədov deyir ki, əslində post daha yaxşıdır. Açığı hərbi hissələrdə olanda düzülüşlər, sıra yerişləri adamı bezdirir. Postda isə daha maraqlıdır. Həm bilirsən qarşında dayanan düşməndir, çəkdiyin əziyyətin nəyə görə olduğunu bilirsən. Öndə olan əsgər heç zaman arxaya getməyi düşünmür. Biri var postda durasan, biri də var addımlayasan. Gülürük...

Əsgərlərimizlə sağollaşıb yollanırıq Avey dağına. 3 UAZ-la Avey dağına çıxırıq. Hündürə çıxdıqca hava sərinləyir. Dağlarda seyrək meşələr var. Bu dağ silsiləsində bir çox hündürlüklər məhv edilib, ya yerində daş karxanası olmuş və atılmış yarğanlar, ya da hazırda fəaliyyət göstərən karxanalar görürük.

Birinci Qarabağ müharibəsi zamanı ermənilər Qazaxdan Avey dağını, Qala yüksəkliyini, Odundağı, Tovuzdan isə Qələmçə meşəsini ələ keçirmək istəyiblər. Adları çəkilən bu yerlər düşmən tərəfdən ələ keçirilsə idi, düşmən çox rahat şəkildə Qazax, Tovuz, Ağstafa rayonlarına nəzarət edə bilərdi. Bundan əlavə, əgər adı çəkilən mövqelər ermənilərin əlinə keçsə idi, onda düşmən Gürcüstanla Azərbaycan arasındakı magistral yola da nəzarət edə biləcəkdi. Ancaq o zaman düşmənin bütün cəhdlərinə baxmayaraq əsgərlərimizin şücaəti və qəhrəmanlığı nəticəsində bu əraziləri ermənilər işğal edə bilmədi.

Avey dağındakı postdayıq. Postda əsgərlər üçün yeni yataqxana tikilir. Postlarımızda isə təmir işləri görülür. Yeni tikilməkdə olan yataqxanaya və müşahidə məntəqələrinə baxırıq. Komandir düşmən mövqelərini bizə göstərir. Yüksəklik bizdə olduğu üçün düşmən ayaq altında görsənir. Bundan əlavə düşmən kəndləri də görsənir. Avey dağından Ermənistanın Noenberyan rayonunun bir hissəsi və hətta rayondakı teleqüllə aydın görünür.

Avey dağının zirvəsində isə Alban kilsəsi var. Kilsənin ciddi restavrasiyaya ehtiyacı var. Maraqlısı ondadır ki, kilsə elə bir mövqedə yerləşir ki, Azərbaycan, Gürcüstan və Ermənistandan onu çox açıq aydın görmək mümkündür.


Buradakı əsgərlərimizlə söhbət edirik. Əhval-ruhiyyə ən yüksək səviyyədədir. Əsgərlər bildirirlər ki, düşmən bu postlara atəş açmır. Bilirlər ki, atəş açsalar məhv olacaqlar. Düşmənin bütün mövqeləri ovcumuzun içindədir.

Müşahidə məntəqələrini, alban kilsəsini gəzdikdən sonra əsgərlərin hazırladığı çaya qonaq oluruq. Çay süfrəsi arxasında oturduğumuz zaman sülh quşu sayılan ağ göyərçin uçub stolun üstünə qonur. Bir an içərisində hər kəsin diqqəti göyərçinə yönəlir. Yorğun üzlər gülümsəyir, gərginlik aradan qalxır. Göyərçin çiyinlərdən çiyinə gəzir. Bəlkə də bir gün bu torpaqlara sülh gələcək, ancaq biz müharibəyə hazır olmalıyıq. Düşmən hiyləgər, acgöz və çox məkrlidir.

Əsgərlər bildirir ki, göyərçin azıb gəlib buraya. Ona yaxşı baxırıq deyə, getmir. Bizimlə birlikdə xidmət edir.

Bununla da Qərb cəbhəsinə səfərimiz sona çatır. Dövlət sərhəddi olmasına baxmayaraq düşmən atəşkəsi pozmaqdan çəkinmir. Hər şeyə rəğmən Qərb cəbhəsi əmin əllərdədir. Əsgərlərimiz daim döyüşə hazırdır.






Səxavət Məmməd
Ölkə.Az





























Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics