Aprel hadisələri yəqin ki, hər kəsin yadındadır.
1994-cü ildən bu yana ilk dəfə idi ciddi döyüşlər keçirildi və ilk dəfə idi ki, ordumuz bir neçə yüksəkliyi düşmən tapdağından geri ala bildi.
Aprel hadisələri uzun illər sonra Azərbaycan xalqının birlik və bərabərliyini ortaya qoydu. Müxalifətli-iqtidarlı hər kəs bir yumruq idi. Əsgərlərimiz cəbhədə düşmənlə döyüşür, mediamız informasiya müharibəsi aparır, xalq isə bayraqlar əldə küçələrə axışaraq yüksək döyüş ruhunu nümayiş etdirirdi. İlk dəfə idi ki, şəhidlərimiz onminlərlə insanın müşaiyəti ilə, böyük izdihamla dəfn olunurdu. Hər şəhid dəfni böyük bir mitinqi xatırladırdı.
Müharibə şəhidsiz olmur. Döyüşlər dayanandan sonra bir çoxları şəhidlərimizin çoxluğuna görə ordu rəhbərliyini tənqid etdi, amma əslində isə vəziyyət tamam başqa cür idi.
20 ildən çox idi ki, ermənilər işğal etdikləri torpaqlarımızda yarılmaz bir müdafiə xətti, Ohanyan xəttinin olduğunu iddia edirdi və bununla öyünürdülər. Aprel döyüşləri öncə Ohanyan xəttinin ordumuz üçün ümumiyyətlə maneə olmadığını ortaya çıxardı və düşmən anladı ki, Azərbaycan əsgərinin qarşısını heç bir xətt, sədd kəsə bilməz. Ən əsası isə, illərdir xalqın sınmış qürurunu bərpa etdi.
Aprel döyüşlərindən dərhal sonra bir qrup Birinci Qarabağ müharibəsi iştirakçısı toplaşıb cəbhə bölgəsinə səfərlər etməyi Müdafiə Nazirliyindən xahiş etdi. Müsbət cavabdan sonra döyüşlərin qaynar nöqtəsi olan Füzuli, sonra Tərtər və Ağdama yola düşdük. Bu səfərlərin davamı olaraq Birinci Qarabağ döyüşçüləri ilə birlikdə Şəmkir korpusuna yola düşdük.
Birinci Qarabağ müharibəsinin döyüşçüləri ilə birlikdə Ölkə.Azsaytının mübiri Səxavət Məmməd də Ermənistanla sərhədə yola düşüb. Onun Şəmkir, Tovuz və Qazaxdakı hərbi hissələrdən hazırladığı reportajı sizə təqdim edirik.
Birinci Qarabağ müharibəsinin döyüşçüləri, polkovnik Xətai Baxışov, polkovnik-leytenant Abuzər Əbilov, polkovnik-leytenant Kamil Baxşəliyev, polkovnik-leytenant İbrahim Rüstəmov, mayor Ədalət Verdiyev, mayor Qabil Allahyarov, kapitan Alı Mehdiyev, leytenant Roqday Qarayev, Rizvan Məmmədvəliyev, Rövşən Həsənov və Axısqa türkü Mürşüdlə birlikdə qatarla Bakıdan Şəmkirə yola düşürük.
Uzun yol, keçmiş döyüşçülər və maraqlı söhbət. Birinci Qarabağ müharibəsinin iştirakçıları arasında söhbətin sonu həmişə gərginliklə keçir. Bir an içində o günlərə dönürlər, "o səhv addım atdı", "bu istiqamətdən getsəydik daha yaxşı olardı", deyə keçmiş döyüşləri yenidən analiz edirlər. Şəhidlər, yaralılar xatırlanır, siqaret siqaretə calanır...
Şəmkir korpusuna gəlirik. Qrup üzvlərindən olan Rizvan Məmmədvəliyevin oğlu da burada hərbi xidmət keçirmiş. Ata-oğul qucaqlaşırlar. Rizvanın oğlu xidmətdən razılıq edir. Hərbi hissənin ərazisini gəzirik. Hərbi hissə yenidən tikilib. Hərbi hissənin ərazisində idman meydanları, mini futbol üçün xalça meydança var. Əsgər yataqxanalarını gəzirik. Artıq bir neçə il əvvəlki yataqlardan əsər-əlamət qalmayıb. Dəmirdən olan yataq dəstləri artıq yerini yeni, rahat çarpayılara verib. Hərbi hissənin ərazisində isti və soyuq su 24 saat gəlir. Hərbi hissənin yeməkxanasına gedirik. Hər yer təmiz, səliqəlidir. Yeməkləri isə mülki şəxslər bişirir. Əsgərin tək işi yeyib çıxmaq olur.
Əsas işimiz sərhəddəki əsgərlərlə görüşmək olduğu üçün korpusda çox az dayanıb yola düşürük düşmənlə sərhəd olan bölgələrə. Səhv anlaşılmaması üçün bildirim ki, Ermənistanla Azərbaycan arasında bu bölgəmiz dövlət sərhəddidir. Ancaq bu bölgədə sərhəddimizi Dövlət Sərhəd Xidməti yox, Milli Ordu qoruyur.
Ermənistanla Azərbaycan arasında sərhəd çox qarışıqdır. Ərazi dağlıq olduğu üçün sərhəd girintili-çıxıntılıdır. Ermənistanın bəzi kəndləri çox rahatlıqla görsənir. Əraziyə bələdçiliyi olmayan biri çox rahatlıqla azıb Ermənistan tərəfə keçə bilər. Ərazidə əsas yüksəkliklərə Azərbaycan ordusu nəzarət edir. Dövlət sərhəddi olmasına baxmayaraq tez-tez bu istiqamətdə də atəkəs pozulur.
Tovuzun Ağdam kəndindəyik. Kənd sakini Həsənlə söhbət edirəm. Həsən bildirir ki, ermənilər bu istiqamətdə durmurlar. Ara-sıra atəşkəsi pozurlar. Ancaq ordumuz bunu cavabsız qoymur. Kənd əhalisi əkin-biçinindən qalmır.
"Əsgərlərimizə güvənib yaşayırıq. Ermənilər elə bilir ki, atəşkəsi pozmaqla bizi qorxudacaq, kəndlərimizi tərk edəcəyik. Ancaq qətiyyən. Özü də fikir vermişik, daha çox əkin-biçin vaxtı bunu edirlər. Etsinlər, onsuz da istəklərinə nail olmayacaqlar", deyə kənd sakini fəxr hissi ilə bildirir.
Ağdam kəndindəki bölmələrdən birinə gedirik. Dağın qoynunda səliqəli, yeni tikilmiş tabor... Yataqxanalar eynən korpusdakı kimidir. Eyni ilə korpusda olduğu kimi, burada da 24 saat isti soyuq su gəlir. Yeməkləri mülki şəxslər bişirir. Əsgərlərin paltarları camaşırxanada yuyulub, ütülənib onlara tər-təmiz təhvil verilir. Əsgərə qalan hərbi təlim və xidmətdir.
Əvvəlcə əsgər yeməkxanasına girib, əsgərlərlə yemək yeyirik. Mülkidə bişən yeməklərlə əsgər yeməklərinin nə dadında, nə də keyfiyyətində fərq yoxdur. Yeməkdən sonra əsgərlərlə söhbət edirik.
Polkovnik Xətai Baxışov əsgərlərə aprel döyüşlərinin əhəmiyyətindən danışır. Polkovnik-leytenant Kamil Baxşəliyev isə təlimlərin vacibliyindən danışır.
Əsgər Quliyevlə söhbət edirəm. Quliyev bildirir ki, aprel döyüşləri zamanı burada xidmətdə imiş. Demək olar ki, burada ciddi atışma olmayıb.
"Xidmətimizi aparmaqla yanaşı qulağımız səsdə idi. Oradan gələn xəbərləri izləyirdik. Şəhid olanlara üzülürdük, ancaq işğaldan azad etdiyimiz yerlərə isə sevinirdik. Burada bir neçə əsgərlə birlikdə komandirlərə xahiş ediridik ki, biz də oraya köməyə gedək. İndi onlar təxris olanda düşmənlə necə döyüşməklərindən danışacaqlar, biz isə xidmət zamanı baş verən hansısa gülməli hadisədən", deyə sıravi əsgər təəssüf hissi ilə bildirir.
Əsgərlərlə söhbətdən sonra ərazidəki digər bölmələrə baş çəkirik. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş Əliyevlə söhbət edirik. İllərdir bu ərazidə xidmət edən çavuş Əliyev bildirir ki, vaxt var idi burada torpaqdan qazılmış yerlərdə yatardıq. Nəinki əsgərləri, bizi də bit-birə basırdı. İndi tamam fərqli vəziyyətdir. Gözəl yataqxanalarımız var. Çoxumuzun evində heç belə yataqlar yoxdur.
Artıq gecə düşür. Əsgərlərlə axşam yeməyi yeyib çəkilirik istirahət otaqlarımıza. Keçmiş döyüşçülərimizlə gün ərzində gördüklərimizi müzakirə edirik. Söhbət yenidən dolanıb dönür Birinci Qarabağ müharibəsinə. Bu söhbətin isə axırı yoxdur...
Ardı var...
Səxavət Məmməd
Ölkə.Az
Ölkə.Az
Hiç yorum yok:
Yorum Gönder