"Həm Molla Nəsrəddinin şəhəri, həm Atatürkün qərargahı..." başlıqlı yazıda bildirmişdik ki, Atatürkün "Büyük Taarruz"a əmr verdiyi qərargahdan söhbət açacağıq.
İzmir
Bu şəhər maqnit kimi məni özünə çəkirdi. İzmirlilərin, Efelərin düşmənə qarşı dirənişi, apardıqları partizan müharibəsi haqında çox oxumuşdum. Açığı, İzmir haqda o qədər oxumuşdum ki, İzmiri beynimdə mənimsəmişdim. Ancaq İzmirə ayaq qoyanda bu şəhərə daha çox valeh oldum. Bir çox insanları daha çox İzmir qızlarının gözəlliyi çəkir. Gözəldirlərmi? Bəli, gözəldirlər. Ancaq İzmirin özü İzmir qızlarından daha gözəldir.
İzmirin simvolu olan saat qülləsinin yanındakı jurnalist Hasan Tahsinin heykəlinin önündə dayanıb Naci Uyarla söhbətləşirik. Ötən yazıda bildirdiyim kimi, Hasan Tahsin İzmirdə yunan əsgərlərinə ilk güllə atan şəxs olub. Bu hadisə tarixə "ilk kurşun" adı ilə keçib. Bundan sonra izmirlilər ayağa qalxıb, bu hadisə digər bölgə insanlarını da düşmənə qarşı savaşmağa həvəsləndirib. Efelər də bundan sonra yığışaraq yunanlara qarşı partizan müharibəsinə başlayıblar.
İzmirin qurtuluşu barədə danışırıq. Naci Uyar "Böyük Taaruz"un başladığı şəhərin İzmirdən 6-7 saatlıq məsafədə olduğunu deyir. Uzaqlıq gözümüzə dursa da, "Böyük Taaruz"un baş verdiyi Akşehirə getməyə qərar veririk.
Qərb cəbhəsi. Atatürkün "Büyük Taarruz"a 9 ay hazırlaşdığı Akşehir.
Akşehiri gəzirik. Şəhərdə diqqətimi çəkən əsas şeylərdən biri tarixi abidələri olduğu kimi saxlamaqlarıdır. Qərb cəbhəsinin yerləşdiyi, Atatürkün öz silahdaşları ilə "Büyük Taarruz"a 9 ay hazırlaşdığı qərargah muzey kimi fəaliyyət göstərir. Muzeyin çöldən görünüşü də eynilə qalıb. Muzey təmir olunub, ancaq bu təmir qədimliliyi qorulamaqla həyata keçirilib.
Muzeyin girişində Atatürkün sözlərindən ibarət daş lövhə var. Lövhədə belə yazılıb:
"1922-ci il 20 avqust, günortadan sonra saat 4-də Qərb cəbhəsi Qərargahında, yəni, Akşehirdə idim. Qısa müzakirədən sonra 26 Avqust 1922-ci il səhər düşmənə hücum üçün cəbhə komandanına əmr verdim".
Muzeyin içərisinə giririk. Giriş üçün 1 türk lirəsi, bizim pulla 50 qəpik veririk. Bizi bir mühafizəçi müşaiyət edir. Mühafizəçi bildirir ki, flaşlı fotoaparatla şəkil çəkmək qadağandır.
Öncə Qərb cəbhəsi Qərargahının yerləşdiyi binanın tarixinə gələk. Bina 1904-05-ci illərdə o zamankı Bələdiyyə başçısı Bostan bəy tərəfindən bələdiyyə binası kimi tikilib. 1965-ci ilə qədər bələdiyyə binası kimi fəaliyyət göstərən bina 1966-ci il 5 iyuldan "Atatürk və Etnoqrafiya muzeyi" kimi fəaliyyətə başlayıb. 1981-ci ildə isə Qərb cəbhəsinə aid fotolar, sənədlər toplandıqdan sonra "Böyük Taarruz"un 59-cu ildə 24 avqust 1981-ci ildən Qərb Cəbhəsi Qərargahı muzeyi kimi fəaliyyət göstərməyə başlayıb.
"Büyük Taarruz" qərarının verildiyi Atatürkün iş otağı olduğu kimi saxlanılıb. Otaq Atatürkə aid əşyalarla bəzədilib. Divarlarda isə orjinal xəritələr asılıb. Xəritələrdə düşmənlərin üzərinə necə hücum ediləcəyi göstərilib. Yerə sərilmiş xalça o dövrdən indiyə kimi necə var, elə də saxlanılıb.
Muzeyin digər otağına keçirik. Burada divarı Atatürkün o zaman çəkilmiş orjinal şəkilləri bəzəyib. Digər otaqda isə Atatürkə verilən hədiyyələr sərgilənib. Muzeydə olan hər bir şey orijinal və çox qiymətlidir. Atatürkün iş otağının yanındakı otaq isə Qərb Cəbhəsi Qərargahının komandiri olmuş İsmət İnönüyə mməxsusdur. Otaqda İsmət İnönüyə aid əşyalar o zaman necə olubsa, eləcə də düzülüb. Otaqda İsmət İnönünün ayaq üstdə durduğu heykəli var. Otağa girmək istəyəndə mühafizəçi icazə vermədi və nəzakətli formada bildirdi ki, bu otağa girmək mümkün deyil. Çünki heykəli olduğu kimi saxlamaq üçün otağın qapısı açılmır. Otağın fotolarını şüşə arxasından çəkməli oluruq.
Digər otaqlarda isə Qurtuluş Savaşında istifadə edilən silahlar sərgilənib. Tüfənglər, güllələr, qılınclar, bıçaqlar. Otaqların birində başdan-başa o zaman şəhid olanların şəkilləri vurulub.
Muzeyin giriş salonunda isə Atatürkün 9 ay ərzində imzaladığı əmrlər sərgilənib. Muzey binası, əşyaları ilə birlikdə o dərəcədə orjinallığını saxlayıb ki, insan bir an özünü o dövrdə hiss edir.
"Böyük Taarruz" və futbol oyunu
Sakarya meydan savaşında ağır məğlubiyyət alan düşmənlər Afyon-Eskişehirin şimalına çəkilib, müdafiəni artırmağa başlayıblar. Buna görə də, Qərb Cəbhəsi komandanlığı öncə Polatlı, Sivrihisar, Emirdağ, Çaya, daha sonra isə Akşehire köçürülüb. Topçular Karabulut, Ortaköydə, süvarilər isə Tuzlukçu, Erdoğlu, Gözpınarı və Çakıllılar kəndinə yerləşdirilib. Ordunun əsas hissəsi təlimlərə başlayıb. Qərb Cəbhəsi komandanlığı bir yandan yunan hücumundan müdafiəyə, digər yandan da düşmən üzərinə hücuma hazırlaşıb.
Atatürk və silahdaşları hücuma hazırlaşmaqla yanaşı, düşmən dövlətlərlə sülh danışıqları da aparıb. Artıq danışıqların bir nəticə vermədiyini anlayanda isə "Böyük Taarruz"a hazırlaşılıb. Baş komandan tez-tez Akşehire gəlib-gedir. Nəhayət, 28 iyul 1922-ci ildə ordular arasında futbol oyunu bəhanəsi ilə ordu və korpus komandirləri Akşehire dəvət edilib. Səbəb isə "Böyük Taarruz"un başlama vaxtını təyin etmək olub. Futbol oyunu xarici ölkələrin "Böyük Taarruz"dan xəbəri olmaması üçün həyata keçirilib. Ordu komandirləri və korpus komandirləri Atatürkə sadiq olduqlarını bildirdikdən sonra, Atatürk "Böyük Taarruz" əmrini verib.
24 avqust 1922-ci il Akşehir sakinləri əsgərləri gözyaşları və dualarla cəbhəyə göndərib. Bununla da Türkiyənin xarici işğaldan təmizlənməsinə start verilib.
Akşehir sakinləri "Böyük Taarruz"un məhz onların şəhərlərindən başlamasına görə qürur duyurlar. Akşehirdə, Türkiyənin digər yerlərində tarixi şəxsiyyətlərinə, siyasi xadimlərinə qoyulan hörmət insanı fərəhləndirir, bir qədər də düşündürür.
Azərbaycanda muzey kimi ancaq şairlərin, yazıçıların ev muzeylərini görə bilərik. Cumhuriyyətimizin qurulmasına qərar verildiyi bina Tiflis şəhərindədir. Heç inanmıram ki, Tiflisə turist kimi gedən Azərbaycan vətəndaşları bu bina ilə maraqlansın. Bir neçə gün öncə Gəncə şəhərində oldum. Gəncədə görməli yer soruşanda heç bir gəncəli "Cumhuriyyətin fəaliyyət göstərdiyi o şəhərdəki qərargaha gedək" demədi. Heç inanmıram ki, bütün gəncəlilər o binanı tanıyır. Ancaq Akşehirdə görməli yer soruşanda hər bir akşehirlinin dediyi üç yer oldu: Qərb Cəbhəsi Qərargahı, Molla Nəsrəddin parkı və köhnə Akşehir. Hər biri tarixi məkanlar...
Türkiyədə Atatürkü sevməyən kifayət qədər insan var, ancaq Atatürkün etdiklərini heç kim danmır. Bir növ tarixi danmaq, özünü danmaq kimidir...
Hiç yorum yok:
Yorum Gönder