12 iyun 1993-cü il Ağdam rayon Mərzili kəndində ermənilərlə baş vermiş döyüş toqquşması və bu döyüş toqquşması nəticəsində öldürülən erməni milli qəhrəman Monte Melkonyan barədə araşdırmaya davam edirik.
Araşdırma zamanı məlum oldu ki, Monte Melkonyanı öldürən Rizvan Məmmədvəliyevin komandiri olduğu "Xəqani" adlı BMP-1 olub. "Xəqani" adlı BMP-1-in atıcısı olan Fərrux Əsədov "Qarabağ qazisi: "BMP-nin içində sağ qalan ermənini güllələdik..."" başlıqlı reportajda bildirdi ki, "Gördüm çayın o tərəfindən tank gəlir, üstündə də 13-15 nəfər adam var. BMP-nin üstündə oturub, ayağımla lüləni tanka tərəf fırladıram. Elə bilirəm ki, tank bizimkidir. Ancaq hər ehtimala qarşı tankı nişan almışam. Tank oradan körpünü keçib bizim üstümüzə gəlməlidir, biz yolun kənarında dayanmışdıq. Mexanikimiz Əkə "UAZ"ın yanında o qədər qorxmuşdu ki, tankı görəndə "BMP"yə minmək əvəzinə onun yanına uzandı. Xəyal da komandirin yerində oturmuşdu. Tank körpünü keçəndə gördüm çayın yanı ilə yolla bizim briqadanın tırtıllı qoşqu maşını gəlir. Qoşqu maşınının yanından "UAZ" keçdi, o "UAZ"da briqadanın idi. Elə bu məqam tank qoşqu maşınını vurdu. Maşın alışıb yandı. Sonradan eşitdim ki, qoşqu maşınının içərisində 3 nəfər yanmışdı, yananlardan biri qız olub.
Tank körpüyə çatdı, üstündəkilər yerə tökülüşüb "UAZ"ı atəşə tutdu. Dəqiq bildim ki, "UAZ"dakılar bizim zabitlərdir. Orada 3 zabitimiz şəhid oldu...
Tank bizim qoşqu maşınını vurduğuna görə tam əmin oldum ki, ermənilərindir. "BMP-1"in mərmisi tanka o dərəcə təsir etmir. Ancaq tankın zəif yerləri var. Tankın əsas zəif yerlərindən biri qülləsidir. Qüllənin arasını nişan alıb, atəş açdım. Toz-duman qopdu, ikinci mərmini də atdım. Ermənilər hamısı tankın qabağında dayanmışdı. Onların ortasından tankı yenə vurdum, bu dəfə saçmalı mərmi ilə atəş açdım. Keçdim pulemyota. Tanka tərəf azı 200 güllə atdım, ürəyim soyumadı, "BMP-1"dən bir mərmi yenə atdım. Bu qədər güllədən sonra o ərazidə heç bir canlı sağ qala bilməzdi".
Fərruxla söhbət zamanı o bildirdi ki, bizimkilər sağ olarkən atəş açdım. İnsanlar səhv anlamasın, "özümüzünkülər özümüzünküləri öldürüb" dedirtməmək üçün yazının bu hissəsini redaktə etmişdim. Ancaq bir neçə gün öncə həmin döyüşdə iştirak etmiş, ermənilər tərəfindən əsir götürülmüş şəxslərdən iki nəfərin yaşadığını öyrənəndən sonra onlardan biri ilə - Ələkbər Abdullayevlə reportaj etməyə qərar verdim.
Ölkə.Az həmin reportajı sizə təqdim edir:
Qısa arayış:
Əslən Ağdam rayonunun Mərzili kəndindən olan Ələkbər Abdullayev Rəhbər oğlu 1968-ci il avqust ayının 5-də Xocavənd rayonunda anadan olub. Sonradan doğma kəndlərinə köçən Abdullayevlər ailəsinin övladı Ələkbər Mərzili kəndində yerləşən Xudu Məmmədov adına orta məktəbdə təhsil alıb və həmin məktəbi də bitirib. Sovet dönəmində əsgərliyə gedən Ələkbər Abdullayev hərbi xidmətdən sonra 1 il Ağdamdakı Şampan zavodunda işləyib.
Artıq Qarabağda müharibə başlamışdı. O zaman kənd camaatı kəndi qorumaq üçün könüllü müdafiə sistemi qurmuşdular. Ermənilərin qəfil basqınının qarşısını almaq üçün tüfənglə silahlanan kəndin ürəkli kişiləri kəndlərin giriş-çıxışında, düşmənin gələ biləcəyi yerdə postlar qururdular. Belə postların birində Ələkbər Abdullayevin dayısı oğlu Babayev Ramiz də durub. 1992-ci ildə kəndə keşik çəkən iki nəfəri ermənilər qəfil basqın edərək ələ keçirib və həmin yerdə də kürək-kürəyə bağlayaraq diri-diri yandırıb. Dayısı oğlu Babayev Ramizin diri-diri yandırılmasından sonra Ələkbər Abdullayev qisas almaq üçün döyüşlərə qoşulur.
1992-ci ildən döyüşlərə qoşulan Ələkbər Abdullayev 1995-ci ilə kimi hərbi xidmətdə olur. Bu illər ərzində dəfələrlə yaralanır. 12 iyun 1993-cü il döyüşündə qolundan güllə ilə vurulan Ələkbər Abdullayev həmin gülləni hələ də qolunda daşıyır.
Döyüş tapşırığı
- 12 iyun 1993-cü ildə biz Ağdamın Şelli kəndində döyüşdə idik. 708 saylı hərbi hissənin artilleriya komandiri Yolçuyev Yolçu mənə ratsiya ilə zəng edib bildirdi ki, öz kəndinizə gedin (Mərzili kəndinə), gedərkən yanınızdakını da götürün (PTUR, tank əleyhinə raket sistemi). PTUR-un 12 mərmisi olur, kompyuterlə idarə olunurdu. 2 ədədini düşmənə atmışdıq, 10 ədədi isə qalırdı. Yolçuyev Yolçu bildirdi ki, Qiyaməddinli və Yusifcanlı kəndinə ermənilər girib, siz gedirsiniz öz kəndinizə, haradan getmək lazım olduğunu da qəşəng bilirsən. Bizim orada bir batalyonumuz, 2 tank, 1 ədəd də BMP-1-imiz var. Orada ermənilər geriyə qayıdan zaman onları ovlayırsınız.
- Yolçuyev sizə belə bir əmr verdi?
- Bəli. Biz elə bildik ki, orada hər şey hazırdır.
- Siz nə etdiniz?
- Biz də Şellidən artilleriya komandirinin müavini baş leytenant Vüqar, soyadını unutmuşam, həmin döyüşdə şəhid oldu, Vüqardan başqa PTUR-un komandiri Xilqət, mexaniki, artilleriyanın kəşfiyyat komandiri Nail Kazımovla birlikdə yola çıxdıq. Mən UAZ-ı sürürdüm, mənim maşınımda 4 nəfər oturmuşdu. Şellidən Mərzili kəndinə 5 nəfərlə birlikdə getdik.
Şellidən gəldik Novruzluya. Novruzluda camaatın, mal-qaranın əlindən keçə bilmirdik. Evindən qaçan kim, mal-qarasını aparan kim. Maşını saxladım, qışqır-bağır saldım, yenə yol vermədilər. Axırda məcbur olub avtomatı havaya qaldırıb bir neçə güllə atdım. Ondan sonra camaat çəkildi və biz yolumuza davam etdik. Yolda kəndçilərimiz də var idi, onlar qışqıra-qışqıra dedi ki, getməyin, ermənilər kəndə girib, öləcəksiniz, əsir düşəcəksiniz.
Novruzlu tərəfdən girdik Mərziliyə. Gördük sakitçilikdir, heç nə yoxdur. Kəndə doğru getdikdə avtomat səsi gəldi, güllə maşına dəydi, ancaq yolumuza davam etdik. Açığı, güllənin haradan gəldiyini bilmirdik. Yolla gedirik, körpüyə az qalmışdı. Xudu Məmmədov adına məktəb və 8 illik məktəbin yanında idik.
- Siz orada bizim BMP-1-i gördünüz? Həmin BMP-1 məktəbin həyətində olub.
- Yox, açığı fikir vermədik, həm də məktəbin ətrafı çəkillik idi deyə görə bilməzdik. Biz kəndi gəzirdik ki, görək bizim piyada qüvvəmiz və tanklarımız haradadır. Yolçuyev bizə demişdi ki, Mərzili kəndində bir batalyonumuz, 2 tankımız və 1 ədəd də BMP-1-imiz var. Onları tapıb, özümüzə mövqe seçib, geriyə qayıdan düşməni məhv edə bilərdik.
Məktəbi keçəndən bir qədər sonra xəstəxana var idi, gördük onun yanından tank gəlir. Tankın lüləsi xəstəxanaya tərəf çevrilmişdi, özü isə bizə doğru gəlirdi. Tankın üstündə də 10-dan çox adam var idi. Onlar da qara millət, biz də qara millət. Onlar da eyni forma geyinib, biz də. Ermənilər məncə maşının nömrəsindən bilmişdi ki, bu Azərbaycan ordusuna aiddir. Sürdüyüm maşının nömrəsi 80 AO 13 idi. UAZ-da isə həmişə zabitlər olurdu. Ona görə onlar bizi əsir götürmək istəyib.
Bu tankı görəndə elə bildik ki, bizə deyilən 2 tankdan biridir. Tank bizə yaxınlaşanda artilleriya komandirinin müavini baş leytenant Vüqar mənə dedi ki, maşını saxla. Maşını saxladım, Vüqar maşından düşdü, 10 metr irəli getdi, tapançanı çıxardı, mənə qışqırdı ki, maşını döndər, sür geri. Gördüm tank sürətlə gəlir üstümüzə, mən də maşını çəkdim sağa ki, tanka yol verim. Hələ də elə bilirik ki, bizim tankdır. Mən maşını sağa çəkən kimi tankın lüləsi çevrildi biz tərəfə, dərhal da üzərinə PTUR quraşdırılmış qoşqunu vurdu. Qoşqu mexaniklə birlikdə partladı. PTUR-dakı ehtiyat 10 ədəd raket də partladı və partlayışdan qulağımız batdı. Sanki yer-göy silkələnirdi. Bu zaman tank lüləsini çevirdi UAZ-ın üstünə. Aramız 20 metr olmazdı.
"Yaşadığım üçün göydə Allaha, yerdə o BMP-1-ə borcluyam"
- Əvvəlcə tankın üzərindəki iri çaplı pulemyotla UAZ-ın ətrafına güllə yağdırdılar. Sonra isə rusca dedilər ki, "it balaları, düşün aşağı, yoxsa hamınızı güllələyəcəyik!". Xilqət dedi ki, bunlar ermənidir. O dəqiqə avtomatı götürdüm, doldurdum. Xilqət dedi, nə edirsən? Dedim, Xilqət, girov düşməmişəm, ancaq eşitmişəm girova nələr edirlər. Döyüşək ölək. Onlar bilir ki, UAZ-dakılar hamısı zabitdir, başımıza min oyun açacaqlar. Xilqət, bilmək olmaz, bəlkə Allahdan ipimiz üzülməyib. Qapını açdıq, yerə düşdük. Düşən kimi bizə dedilər, "əllərinizi boynunuzun arxasına qoyun". Əllərimizi boynumuzun arxasına qoyandan sonra onlar tankın üstündən düşdülər. Düşüb bizi mühasirəyə aldılar. Bir neçəsi gedib UAZ-a baxdılar, gördülər heç nə yoxdur, təpiklə UAZ-ın qapısını vurdular, gəldilər üstümüzə. Üstümüzü yoxladılar. Üstümüzü yoxlayan zaman bir erməni avtomatın qundağı ilə burnuma vurdu, burnum qırıldı, qan götürdü məni. Bunun ardınca isə sinəmə avtomatın qundağı ilə vurdular, çökdüm aşağı. Özümü bir təhər düzəldib ayağa qalxdım. Bu zaman güllə səsi gəldi. O dəqiqə bildim ki, BMP-1-dən atəş açıldı. Ermənilər dərhal uzandı. Mərmi tanka dəydi. Erməninin biri yerə uzananda avtomatı əlindən çıxdı, ayağımın yanına düşdü. Avtomatı götürüb bir dəfə uzanıqlı olan ermənilərin üstünə atdım. Kimə dəydi, neçəsinə dəydi bilmədim, elə bu an BMP-1-dən daha bir mərmi atıldı. Birinci mərmi zirehdeşən idi, ikinci isə qəlpələrnən oldu. Bu zaman biz də yaralandıq. Həmin an tankın üstündə bir erməni var idi, o mənə güllə atdı, güllə qoluma dəydi, avtomat əlimdən düşdü. Həmin güllə hələ də qolumda qalır. Leytenant Nail Kazımova da qəlpə dəymişdi, üz-gözü qan idi. Nail üzünü silib qaçdı, mən də Nailin ardından qaçdım. Xilqət isə üzü çaylağa tərəf qaçırdı. Xilqəti arxadan vurdular, yıxıldı, sonra isə 20-30 güllə vurdular Xilqətə yıxıldığı yerdə. BMP isə dayanmırdı, 2 mərmidən sonra pulemyotdan güllə yağdırdı oraya. Naillə mən qaçıb bir həyətə girdik.
Sonradan oraya gedən uşaqlar bildirdi ki, elə bil həmin yerdə 7-8 dananı eyni vaxtda kəsib qanını axıdıblar. Qandan yer palçıq imiş. Təsəvvür edin, orada nə olub.
Artilleriya komandirinin müavini baş leytenant Vüqar bizə görə həmin yerə qayıdanda tankın üstündəki erməni pulemyotla onu orada güllədən keçirmişdi. Xilqət, Vüqar, PTUR-un mexaniki Mahmud orada şəhid oldular.
Vüqarın atası elə bilirdi ki, oğlunu ermənilər yox, bizimkilər öldürüb. Vüqarın 40 mərasiminə getmişdik, orada atasına hadisəni danışandan sonra atası dedi ki, "ay camaat, mənim oğlum torpaq uğrunda şəhid olub, bizimkilər vurmayıb".
Ara sakitləşəndən sonra Mərzili kəndindən Novruzlu kəndinə qədər piyada getdim. Yolda susuzluqdan canım çıxırdı. Tək istədiyim, lap belə içi qurbağalı gölməçə olsun, oradan su içmək idi. Novruzlu kəndində məktəbin yanına çatanda qan itkisindən huşumu itirdim. Bir də gözümü açdım ki, səhra hospitalındayam. Yaşadığım, həyatda olduğum üçün göydə Allaha, yerdə o BMP-1-ə borcluyam.
12 iyun 1993-cü il döyüşü ilə bağlı növbəti yazıda BMP-1-ə sonradan köməyə gələn BMP-2-nin sürücüsü Azəddin Musayevin həmin döyüşlə bağlı xatirələrindən bəhs edəcəyik.
Hiç yorum yok:
Yorum Gönder