11.10.2016

Ürəyi yanan ata: “Oğlum araq içsin, amma Suriyada ölməsin”

“Oğlum araq içsin, amma Suriyada ölməsin.”

Bu sözləri Suriyaya döyüşməyə gedən Azərbaycan vətəndaşları ilə bağlı reportaj hazırlayan İnterpress.az aytının əməkdaşına Xaçmaz sakini söyləyib.

Son günlər Azərbaycandan Suriyaya gedən döyüşçülər, Azərbaycana Suriyadakı döyüşlərdən gələn meyitlər barədə çox danışılır.

Azərbaycandan Suriyaya gedən döyüşçülər say etibarı ilə demək olar ki, regionlar üzrə bərabər paylanıb. Döyüşçülərin sayı məlum olmasa da, mediada yayılan xəbərlər Azərbaycanın müxtəlif bölgələrindən Suriyaya döyüşçü getdiyini təsdiqləyir.

Yolumuz Xaçmazadır

Yolboyu boş torpaq sahələrinə baxıram. Əkin-biçin üçün hər cür şəraitin olduğu ərazilərə göz gəzdirirəm. Sovet dövründə meyvə-tərəvəz istehsalının böyük bir hissəsini öz üzərinə götürmüş şimal bölgəsi bar-bəhər yox, Suriyaya döyüşçü yetişdirir. İşsizlikdən, pulsuzluqdan şikayətlənən əhali torpağını əkin-biçinsiz qoyub uzaqlara- Suriyaya yollanır.

Qıfıllı məscid qapıları

Xaçmazda sünnü təriqəti üstünlük təşkil edir. Buna baxmayaraq Xaçmazdakı sünnü məscidlərinin hamısının qapısında qıfıl var. Bunun əksi olaraq, şiə məscidləri fəaliyyətini davam etdirir. Xaçmazdakı 15 sünnü məscidindən 14-ü bağlıdır. Məscidlərin həyətini ot, zibillik basıb.

Qədim məscidlərdən olan “Məhəmməd Yaraqlı” məscidində gördüyüm mənzərə isə acınacaqlı idi. Məscid imamının öndə dayanıb namaz qıldığı yerdə xoruz banlayırdı, aşağıda isə toyuqlar dənlənirdi.

Məscidlərin bağlanmasına səbəb kimi təmir göstərilsə də təmirdən əsər-əlamət belə yoxdur. Namaz qılmaq istəyənlər qonşu rayonlardakı məscidlərə getmək məcburiyyətində qalır.

Dindarlar “facebook”da

Xaçmaz dindarları söhbətləşmək üçün yer tapa bilmir. Söhbət üçün müxtəlif "çat"lardan və "skaype"dən istifadə edirlər.

“İçəlim arkadaş”

Xaçmaz rayonunda Suriya döyüşlərindən yaralanıb qayıdanlar da var. Həmin ailələri tapmaq üçün kəndə yaxşı bələd olan Həsən dayıdan kömək istəyirəm. Həsən dayı deyir ki, oğul, bunları çəkib reklam eləmə, bunlaradan yazma, siz yazırsınız, tənqid edirsiniz ki, sayları azalsın. “Əksinə, yazdıqca sayları hər gün artır. Əvvəllər uşaqlarımızın sağlamlığından, içib-çəkmələrindən narahat idik. İndi ən böyük dərdimiz Suriyaya getməkləridir. Amma Suriyaya gedənlərdən sonra qorxumdan evə hər axşam araq alıram. Otururam içməyə, oğluma da deyirəm tək içə bilmirəm, gəl içək. Məcbur da olsa, onu içirdirəm. Allah keçsin günahımdan, qorxuram namaz qılar, sonra da qoşulub axmaqlara gedər Suriyaya. Oradan meyidinin gəlməsini gözləməkdənsə burda mənimlə yeyib-içib evimdə yatsın, daha yaxşıdır. İçkini atmaq olur, ancaq o yola düşsə, geriyə dönüş yoxdur. Qonşumun bir oğlu vardı, o gün meyidi gəldi. Oğlum Qarabağ üçün döyüşüb ölsə, məni yandırmaz. Çünki, öz torpağı üçün ölər”.

İt qapan

Suriyadan yaralı gələn Anargilə gedirik. Qapını üzümüzə hicabsız, gülərüz qadın açır. Onun gülərüzlülüyü mənə qəribə gəlir. Mənim düşüncəmə görə, Suriyaya döyüşə gedən oğlanın anası başıbağlı, qaramat olmalı idi.

Söhbətə başlamamış qadın məni qabaqlayır: “Oğlum, yəqin Anarın Suriyada yaralanmağı haqda soruşacaqsan. Anar Suriyaya gedəndə mən xəstəxanada idim. Gəldi yanıma. Dedi ki, ana, Azərbaycanda iş tapa bilmirəm, gedirəm Rusiyada işləyib pul qazanmağa. Mən də razılıq verdim, getdi. Hərdən telefonla danışırdıq. Deyirdi ki, işləyirəm, hər şey yaxşıdır. Mən də bir ana kimi sevinirdim. Bir gün gördüm ki, Anar əvvəlcədən xəbər etmədən gəlib. Rusiyada işlərim alınmadı, ona görə qayıdıb gəldim. Gördüm uşaq axsayır, soruşdum, bala, nə olub ayağına? Dedi ki, ana, ayağımı it tutub. Bir neçə gün keçdi, gördüm artıq yeriyə bilmir. Həkim çağırdım, yaranı görəndə bildim ki, it qapmaq məsələsi deyil. Polis evə gəlib sorğu-sual edəndə məlum oldu ki, Anar Suriyada döyüşməyə gedibmiş və ayağındakı yaranı da Suriyada alıb“.

Nəhayət ki, Anar özü də gəlib çıxdı. Söhbətə başlayan kimi ölkədən, işsizlikdən şikayətlənməyə, deyinməyə başladı. Daha sonra Anar Suriyaya getmək üçün avtobusla Gürcüstana, oradan da Türkiyəyə getdiyini deyir. Türkiyədən isə Suriyaya keçməyin elə də çətin olmadığıngan, əksinə, sərhədçilərin buna şərait yaratmağından danışır. Ümumiyyətlə Suriyaya getməyin çox asan olduğunu deyən Anar yolda heç bir problemlə qarşılaşmadığını və Suriyaya asanlıqla keçdiyini bildirir.

Anarla söhbət zamanı pul qarşılığında getmədiyini desə də, burada iş tapmadığını tez-tez təkrarlayırdı. Daha sonra ora getməsinə səbəb kimi Şeyx Fovzanın cihad haqda fətvasını əsas gətirdi. Görüşümüzün sonunda suallardan qaçan Anar Bakıya gedib tikintidə işləyəcəyini dedi.
Anargildən ayrılanda Həsən dayı yarızarafat, yarıciddi mənə dedi ki, keçən dəfə Rusiya deyib Suriyaya getdi. “Bu dəfə Bakı deyir, yəqin Əfqanıstana gedər.”

Xaçmazda olduğum zaman geyimi və saqqalı ilə anarkimiləri xatırladanlara çox rast gəldim.

“Güc”ün baxışı

Polislərlə söhbət zamanı da məlum oldu ki, bu cür dini qruplara tam nəzarət etmək mümkün deyil. Onların necə, nə zaman getdiyi haqda məlumat əldə etmək çox çətindir.

Məni də kafir elan etdilər

Anargildən çıxıb Suriyada ölənlərin ailələri ilə görüşə yollanıram. Getdiyim dörd qapıdan üçü məni kafir adlandırıb qapıdan qovdu. Dördüncü evin sakinləri nəhayət ki, danışmağa razılıq verdi. Suriya qurbanının qardaşı sanki, danışmırdı, od püskürürdü: “Qardaşım getdi Suriyada öldü. Uşaqları yetim, ailəsi başsız qaldı. Gedib orada ölməklə nə əldə edirlər, anlamıram. İndi onun ailəsinə kim baxacaq? Qardaşımı Suriyaya göndərənlər qardaşımın yetim uşaqlarına baxacaqlarmı? Döyüşmək istəyən, torpaq qeyrəti çəkən niyə gedib Murovda, Tərtərdə, Ağdamda öz torpağı üçün ölmür? Bəşər Əsədə kafir deyirlər, ermənilər mələkdir? Qardaş, mən onları anlaya bilmirəm. Bunu anlamaq üçün savadlı olmaq lazım deyil.”

“Suriyada Amerika ilə Rusiya döyüşür“

Sələfilər və Xəvaricilər, ikisi də sünnü təriqətinin qoludur. Xarici görünüşlərinə görə heç nə ilə fərqlənmirlər. Hər iki təriqət üzvlərinin saqqalı uzun, şalvarlarının balağı qısa olur. Ancaq, ideoloji baxımdan aralarında çox ciddi fərq var. Xəvaricilər sələfilərlə müqayisədə daha çox radikaldır. Söhbət etdiyim Sələfilər də Suriyada gedib döyüşməyi düzgün hesab etmir. Sələfilər hətta insanları dindən uzaqlaşdırdığı üçün xəvariciləri günahkar bilirlər.

Həsən adlı sələfi təriqətinə mənsub bir dindar isə deyir ki, xəvaricilərə görə çölə çıxmağa da utanırıq, hamı elə bilir ki, biz terrorçuyuq. İnsanların bizə pis, qorxulu gözlərlə baxdığını hiss edirik. Hərdən söz də atırlar bizə.

Rusiya təhlükəsizliyini qoruyur, yoxsa Bəşər Əsədə dəstək verir?

Xaçmazla Mahaçqalanın arasındakı məsafə çox az olduğu üçün təbii olaraq, Rusiyaya getmək daha asandır. Şimal bölgəsində ticarətlə məşğul olanların çoxu Rusiyaya üz tutur. Həmsöhbətlərimdən biri deyir ki, Rusiya tərəfi saqqallıları öz ölkəsinə buraxmır. Və beləcə Rusiyadan mal gətirən vəhabilərin bazarı bağlanıb. Maşın alveri ilə məşğul olan Natiq adlı həmsöhbətim qeyd etdi ki, buna görə artıq neçə vaxtdır maşın gətirə bilmir. Məlum oldu ki, Rusiya tərəfi üzütüklü heç kimi sərhədindən buraxmır.

Sərhəddəyik…


Deyilənlər həqiqət çıxdı. Adının çəkilməsini istəməyən sərhədçi deyir ki, Rusiya bu qaydanı tətbiq edir, ancaq nə ilə əlaqədar olduğunu biz də bilmirik. Çox güman ki, təhlükəsizliklə əlaqədardır. Ancaq dindarlar bunu Bəşər Əsəd hökumətinə dəstək olduğunu iddia edirlər. Belə ki, Suriyaya gedən saqqallıların hamısı Bəşər Əsəd hökumətinə qarşı döyüşür.

Sələfi imamı: “Xəvaricilərin hamısı axmaqdır”

Xaçmazda sünnü təriqətinin imamlarından biri Musa Seyidov danışmağa razılıq verir. Musa Seyidov islamın 5 şərtindən birinin də cihad olduğunu və müsəlman dünyası alimlərinin cihad elan etmədiyi halda Suriyaya “cihad” deyib getməyi axmaqlıq adlandırır. Sünnü imamının sözlərinə görə, Suriyaya gedənlər ya həyatlarından, ya da ev-eşiyindən, ailəsindən bezənlərdir. “ki təşkilatın Azərbaycana qarşı cihad elan etməsi gülüncdür. Onların sayı 50-60 nəfərdir. Kiçik qruplar dövlətə nə edə bilər axı?! Suriyada Bəşər Əsədə qarşı vuruşan 3 müxalif partiya var, onlardan ikisinin lideri xiristiandır. Tutaq ki, Bəşər Əsədə qalib gəldilər, o xrisitian liderlər imkan verərmi Suriyada şəriət dövləti yaradılsın? Əlbəttə ki, yox. Cihad etməyin ən birinci şərti torpağı qorumaqdır, Qarabağı qoyub başqa bir ölkədə vuruşmağa getmək düzgün deyil. Biz sələfilər və Xaçmaz camaatı olaraq Suriyada gedib vuruşanları qınayırıq. Biz burada Suriyada baş verənlərin cihad olub-olmadığını ayırd edənə qədər gündə bir gəncimizi itirəcəyik.”

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics