Səməd Vurğunun 26-lar poemasını gənc nəsil bilməsə də, poemanın başladığı "Bakının dərdi var, Bakı xəstədir" misrasını hər kəs eşidib.
Bu misranı özünün məşhur şeirinə başlıq kimi seçən Baba Pünhanın misraları isə Bakının bütün problemləri, zibillikləri, sel basmaları, küləklərin ağacları küçələrdəki maşınların üstünə aşırtdığı zaman aktuallaşır, dillərdə dolaşır.
Bu misranı özünün məşhur şeirinə başlıq kimi seçən Baba Pünhanın misraları isə Bakının bütün problemləri, zibillikləri, sel basmaları, küləklərin ağacları küçələrdəki maşınların üstünə aşırtdığı zaman aktuallaşır, dillərdə dolaşır.
Baba Pünhanın "Bakının dərdi var, Bakı xəstədir" şeirinin ikinci bəndi "yaltaqlar dəstəsi baş alıb gedir" misrası ilə başlayır.
Bəli, yaltaqlar dəstəsi baş alıb gedir. Bir neçə gündür ki, Bakının bir neçə rayonunun sakinləri "Azəriqaz"ın adı qaynar olub, ancaq "qaynamayan" xəttinə zəng edib, dəng edirlər ki, "qazımızı verin". "Azəriqaz" isə qaz vermək əvəzinə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayev simasında açıqlama verib.
Açıqlama eynilə belədir: "Bəzi abonentlər bizə müraciət edərək deyir ki, "heç yayda belə qaz təzyiqi olmurdu. İndi bizdə qaz həddindən artıq güclü verilir"". Utanmasan oynamağa nə var.
Artıq 3-4 gündür ki, Bakı sakinləri qaz olmaması ilə bağlı sosial şəbəkələrdə "Azəriqaz"ın ünvanına ağzına gələni yox, dişinin dibindən çıxanı yazır. Bu açıqlamanı oxuyandan sonra adamın ağlına bir şey gəlir, yəqin sakinlərin başı xarab olub, Azəriqazla şəxsi qərəzlikləri var ki, pul alıb o yazıları, rəyləri, statusları yazırlar. Ay sizi xətakarlar, İbrahim Kərbəlayev deməsə idi, az qala sizin yazdıqlarınıza inanıb, "Azəriqaz"la bağlı tənqidi məqalə falan yazacaqdım.
"Azəriqaz"ın "qazlı" açıqlamasının iyi dağılmamış, Bakı şəhər rayon icra hakimiyyətləri bir-bir açıqlama verdilər ki, yağışla bağlı şəhərdə heç bir problem yoxdur. Bu açıqlamalar bir növ buna bənzəyir - ispanlar pomidor festivalı edə bilir, pomidorun içində üzə bilir, biz suyun içərisində üzə bilmirik?
Həqiqətən, şəhərdə problem var ki? Bəs sosial şəbəkələrdə paylaşılan fotolar, videolar haradan çəkilib görəsən? Yəqin şəhər sakinləri qəsdlə sözü bir yerə qoyub flaşmob keçirir. Sonra da problem varmış kimi dünyaya nümayiş etdirir. Camaatın başı tamam xarab olub. Özünüzü suya vurursunuzsa vurun, suyu maşınınızın içinə niyə vedrələyib tökürsünüz? Niyə qoymursunuz icra başçıları, müavinləri rahat nəfəs alsın? Bəlkə onları buna görə "yuxarıya" çağırıb üzlərinə tüpürəcəklər? Bunu istəyirsiniz?
Qazda problem yoxdur, şəhərdə problem yoxdur kimi açıqlama yəqin ki, cəmiyyətə yox, yuxarılara hesablanıb. Əgər bu açıqlamalar camaata hesablansaydı təxminən belə olardı: "nasazlıq var, aradan qaldıracağıq, şəhərdəki problemləri həll etməyə çalışırıq". Yuxarılara hesablanmış açıqlama isə, elə yuxarıları aldatmağa hesablanıb.
İcra hakimiyyətlərinin açıqlamasında bir həqiqət var. Şəhərdə problem yoxdur, həqiqətən bu problem onlarlıq deyil. Problemin səbəbi və səbəbkarı "Azərsu"dur. O "Azərsu" ki, büdəcədən yüz milyonlarla pul alıb şəhərin kanalizasiya sistemini quraşdırmalı idi. Əgər şəhər suyun içində batıbsa, kanalizasiyalar işləmirsə sual yaranır, o pullar hara xərcələnib? İndi Anar Cəbrayıllı da çıxıb deyəcək ki, bizim pulumuzu niyə sayırsınız? Və yaxud kanalizasiyalar işləyir, camaat qəsdlə kanalizasiya xəttinin qapaqlarını bağlayıb aradan çıxırlar.
"Azərsu", "Azəriqaz" məsələsi gündəmi zəbt etdiyindən Bakı meri Hacıbala müəllim tamam yaddan çıxıb. Hacıbala müəllimə görə isə Bakıda bir problem var, o da yağışdır.
Təbiətin şıltaqlığını başa düşdük, Venetsiya ilə Bakının qardaşlığını da başa düşdük. İndi təbiət şıltaq, Bakı Venesiya ilə qardaşdır deyə, Bakıda qayıqla gəzməliyik?
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder