10.10.2016

Neft asılılığından necə qurtulmaq olar? — Vüqar Bayramovla MÜSAHİBƏ

Neft bumu dövrü bitti, artıq qeyri neft sektorunun inkişafına ehtiyac var.
Bunu başa düşən hökumət müəyyən islahatlar həyata keçirməyə başlayıb.
Qeyri-neft sektorunun inkişafı, problemlər, həll yolları, neftdən asılılıqla bağlı Ölkə.Az-ın suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

Ölkə.Az Vüqar Bayramovla geniş müsahibəni sizə təqdim edir:
- Neft bumu dövrü başa çatdı. Azərbaycan istəsə də, istəməsə də qeyri-neft sektorunu inkişaf etdirməlidir. Qeyri-neft sektorunu necə inkişaf etdirmək olar? Neftdən asılığı necə aradan qaldırmaq olar?
- Kənd təsərrüfatının inkişafı 2014-cü ildən sonra daha da aktuallaşıb. Bu aktuallaşma onunla bağlıdır ki, artıq post-neft dövrüdür. Post-neft dövrü olduğu üçün aqrar sənaye inkişaf etdirilir. Daxili təlabatı ödəmək və idxalı aradan qaldırmağa ehtiyac yaranıb. Çünki uzun müddət Azərbaycan aqrar məhsulların əhəmiyyətli hissəsini xaricdən idxal edirdi. İdxal nəticəsində valyuta ölkədən kənara gedirdi. İdxaldan asılılığın azaldılması və kənd təsərrüfatına olan tələbin daxildə yerli istehsalın hesabına ödənməsi aqrar sektoru daha cəlbedici edir.
Digər məsələ isə kənd təsərrüfatı məhsullarının ixrac edilməsidir. Qeyri-neft sektorunda Azərbaycanda bir neçə sahə var ki, müqayisəli üstünlüyə malikdir. Yəni, aqrar sahədə istehsal olunan məhsulların qonşu ölkələrin bazarlarında satış imkanları var. Hər zaman bildirmişəm ki, Azərbaycan neft bumu dövründə o sektorlara investisiya yatırmalıdır ki, həmin sektorlarda müqayisəli üstünlüyümüz var. Misal üçün, informasiya texnologiyası vacibdir, ancaq informasiya texnologiyasında Azərbaycan müqayisəli üstünlüyə malik deyil. İnformasiya texnologiyası bizim üçün prioritet ola bilməz. Əgər biz bu gün meyvə-tərəvəz istehsal edib, onu ixrac etmək imkanına sahibiksə, utanmadan bunu etməliyik. Hollandiyanın aqrar potensialı 80 milyard dollardır.
- Hollandiyanın ərazisi Azərbaycanın ərazisindən 2 dəfə balacadır, ancaq aqrar sahədən əldə etdiyi gəlir göz önündədir.
- Hollandiya əsas kənd təsərrüfatı ölkələrindən biridir. Hollandiya informasiya texnologiyasında üstün deyil, ancaq bu o demək deyil ki, Hollandiyanın çəkisi aşağılanır. Bu gün hər bir xalq, hər bir ölkə nəyi yaxşı bacarırsa, nədə müqayisəli üstünlüyə malikdirsə həmin sektorları dəstəkləməlidir. Çox təəssüf ki, Azərbaycanda neft bumu dövründə prioritet sektorlar seçilən zaman sektorlarda müqayisəli üstünlük nəzərə alınmadı.
- Hansı sektorlarda müqayisəli üstünlüyə malikik?
- Azərbaycan aqrar sektorda bir çox sahədə müqayisəli üstünlüyə malikdir. Müqayisəli üstünlük odur ki, məhsulumuzun bazarı var. Söhbət təkcə daxili bazaradan yox, həm də xarci bazardan gedir. Azərbaycanda istehsal olunan tərəvəzlərin Rusiya bazarında hər zaman alıcısı var. Rusiyaya digər ölkələrdən də tərəvəz gətirilir, ancaq Azərbaycanın istehsal etdiyi tərəvəzlər digərlərinə nisbətdə daha bahadır və alıcısı var. Bu sahədə müqayisəli üstünlüyə malikik və bu məhsulumuz brendə çevrilib. Ona görə də, bu malların bazara çıxarılmasına və satışına nail olmaq üçün işlər görmək olar. Aqrar sektorda, istər meyvəçilik, istər tərəvəzçilikdə müqayisəli üstünlüyümüz var. Heyvandarlıqda müqayisəli üstünlüyümüz yüksək deyil. Çünki heyvandarlıqda daxili tələbatı tam olaraq ödəmirik. Daxili tələbatı tam ödəmədiyimiz üçün heyvandarlıq və quşçuluqda müqayisəli üstünlüyümüz yoxdur. Baxmayaraq ki, toyuq və quş ətində müqayisəli üstünlüyə malik olmamız mümkündür. Toyuq ətinin qonşu ölkələrə ixrac imkanları var. Aqrar sektorun daxilində əsas müqayisəli üstünlüyə malik olduğumuz sahə meyvəçilik və tərəvəzçilikdir. Təəssüf ki, neft bumu dövründə biz daha çox innovativ sektorlar üzərində dayandıq. Bu da ölkəyə daxil olan valyutanın həcminin yüksək olması ilə bağlıdır. Aqrar sektor hər zaman gündəmdə olub, ancaq həmin dövrdə aqrar sektor aktuallığını itirdi. Manat uzun müddət möhkəm oldu. Buna görə də, idxal ucuzlaşdı, bu da İran və Türkiyədə istehsal olunan aqrar məhsulların ucuz qiymətə Azərbaycan bazarına daxil olmasına imkan verdi. Çünki manat baha idi. Manat baha olduğuna görə ixrac bahalaşdı, Azərbaycan fermerlərinin ixrac imkanları məhdudlaşdı, əvəzində idxal ucuzlaşdı. Nəticədə bu ona gətirib çıxardı ki, fermerlər istehsal etdiyi məhsulu sata bilmədilər. Fermerlər tərəvəzlərini sata bilmədiyi üçün böyük ziyanla üzləşirdilər. Fermer təsərrüfatlarının bir çoxu heyvandarlıqla məşğul olmağa üstünlük verdi, çünki, mal və qoyun ətinin qiyməti baha idi.
Artıq post-neft dövrüdür. Artıq manat güclü deyil, ölkəyə əvvəlki illərdə olduğu kimi 10 milyardlar daxil olmur. Buna görə də, aqrar sektor sözün həqiqi mənasında prioritetə çevrildi.
- Aqrar sektoru inkişaf etdirmək üçün pul lazımdır. Bilirik ki, dövlət büdcəsində 1 milyarddan çox kəsir var. Aqrar sektoru inkişaf etdirmək üçün Azərbaycanın pulu varmı?
- Aqrar sektora, fermer və sahibkarlara verilən vəsaitlərin şəffaf olmasna ehtiyac var. Etiraf edək ki, subsidiya mexanizmi son 2 ildə xeyli şəffaflaşıb. Apardığımız monitorinqlər bunu deməyə əsas verir. Subsidiyaların verilməsi ilə bağlı təxminən 6 il əvvəl və ötən il monitorinqlər apardıq. 6 il əvvəl monitorinq zamanı bəlli oldu ki, subsidiyaların köçürüldüyü kartlar rayon icra başçıları tərəfindən fermerlərdən yığılırdı. Yığılan kartlardakı pulları çıxarmaq lazımdır. Bəlli oldu ki, həmin pullar bankomatlardan gecə saat 3-də, 4-də çıxarılıb. Sual olunur ki, fermer gecə saat 3-də 4-də bankomatdan niyə pul çıxarsın? Belə hallar kütləvi idi. Bunu belə edirdilər ki, başqa insanlar həmin plastik kartlarda olan pulların nağdlaşdırıldığını görməsin. 1 il apardığımız monitorinq fərqli nəticələr ortaya qoydu. Artıq fermer subsidiyaları ala bilir. 6 il əvvəl yaxşı rayonları tapmaq çətin idi, ancaq indi problemli rayonları tapmaq çətindir. Artıq subsidiyalar fermerlərə çatır.
Fermerlərə subsidiyaların verilməsi şəffaflaşıb, ancaq kreditlərin verilməsi şəffaf deyil. Biz yeni monitorinqlər aparırıq, monitorinqin nəticəsində görünən odur ki, Sahibkarlara Kömək Fondu tərəfindən verilən kreditlərin şəffaflaşmasına ehtiyac var. Sahibkarlara Kömək Fondu 6%-lə güzəştli kreditlər verir, ancaq sahibkarların fonda çıxış imkanları yoxdur. Verilən kreditlər şəffaf deyil, tam şəffaflıq yoxdur.
- Yəqin, göstərişlə verilir.
- Bəli, göstərişlə də verilir. Sahibkarlardan girov istəyirlər. Maraqlısı ondadır ki, girov Bakıda olmalıdır. Fermerin Bakıda əmlakı yoxdursa, güzəştli kredit ala bilmir. Dövlət bəzi hallarda və bəzi məhsullara zəmanət verməlidir ki, fermer vəsaiti götürüb iş görə bilsin.
Sizin sualınız tamamilə aktual sualdır. Fermer təsərrüfatında problemləri qiymətləndirəndə torpaq, maliyyə, kadr, torpaqdan istifadə məsələləri qarşımıza çıxır. Bunlar əsas problemlərdir. Torpaq çatışmazlığı var, olan torpaqların əhəmiyyətli hissəsi şorandır. Drenaj sistemi zəif inkişaf edib. Torpaqların istifadə səviyyəsi aşağıdır.
Siz qeyd etdiniz maliyyə bu gün aqrar sektorun əsas problemlərindən biridir. Aqrar sektora maliyyə cəlb etmək lazımdır və buna ehtiyac var. Avropa İttifaqı büdcəsinin 55%-i birbaşa fermerlərə subsidiya formasında verilir.
Avropada belə bir deyim var, Avropada bir inək büdcədən Avropa vətəndaşına nisbətən 4 dəfə artıq pul alır. Avropada aqrar sektora o dərəcə önəm verilir. ABŞ-da yalnız pampıq sektoruna il ərzində 2,5 milyard dollar subsidiya verilir. Praktiki olaraq aqrar sektor vəsait, subsidiya və güzəştli kredit almalıdır. Anti-böhranla bağlı təkliflər paketi hazırlayanda bildirmişdim ki, aqrar sektora isti pulların daxil olması vacibdir. Mərkəzi Bankın manitar siyasəti aqrar sektora isti pulların daxil olmasına mane olur. Manat bazası məhdudlaşıb, kiçilib, fermerin manata ehtiyacı var. Fermerə pul verməlisən ki, o fəaliyyətini genişləndirsin. Manat bazası nə qədər məhdudlaşırsa, manata çıxış imkanı o qədər məhdudlaşır. Mərkəzi Bank dolların məzənnəsinə təsir etmək istəyir. Mərkəzi Bankın yanaşması ondan ibarətdir ki, az manat, dollara az tələbdir. Bu nəticədə ona gətirib çıxardır ki, aqrar sektor da daxil olmaqla real sektorda artıq yeni dəyəri formalaşdırmaq mümkün deyil. Çünki fermer pul istəyir, iş görmək istəyir, buna görə də, dövlət fermerə pul verməlidir. Ancaq Mərkəzi Bank interversiya edib, rezervlərinin 75%-ni satıb manata çevirib. O manat da Mərkəzi Bankda ehtiyat formasında qalır, real sektora daxil olmur. Təklif edirəm ki, rezervlərin bir qismi manata çevrilərək həm dollara olan tələb ödənilsin, bazarda məzənnə tamamilə stabilləşsin, digər tərəfdən isə həmin vəsait birbaşa layihələrə yönləndirilsin. Misal üçün, bir fermerin layihəsi var, biznes planı var. Ona pul lazımdır, fermerin alacağı pulu dollara çevirməməsi üçün ona lazm olan 5 baş malı dövlət alıb verməlidir. Fermerin başqa hansısa avadanlığa ehtiyacı varsa dövlət onu özü alıb fermeri təmin etməlidir. Bu zaman da dövlət fermerə çox az pul verir. Nəticədə isə həmin fermer götürdüyü pulu dollara çevirmir. Fermer qurduğu işdən gəlir əldə etdikdən sonra həmin vəsaiti hiss-hissə dövlətə qaytarır.
- Subsidiyaların verilməsi zamanı fermerlərin ucuz yanacaqla təmin olunması da nəzərdə tutulur. Biz bilirik ki, bunda da problemlər var.
- Subsidiya verilən zaman, həm də yanacaq xərcinin azaldılması da nəzərdə tutulur. Bizdə subsidiyaların məbləği azdır. Məbləğ fermerlərdə stimul yaratmır. Məbləğin artırılmasına da ehtiyac var. Post-neft dövründə fərqli strategiyanın həyata keçirilməsi mümkündür. Məsələn, dövlət müəyyənləşdirməlidir ki, fermerlərin nə qədər yanacağa ehtiyacı var. Dövlət, fermerin yanacağa xərcələyəcəyi pulu fermerlərə deyil, yanacaq satışı ilə məşğul olan şirkətlərə ödəməlidir. Fermerlərə kart verilməlidir, həmin kartda pul yox, yanacağın litri olmalıdır. Həmin fermerlər kartdan istifadə etməklə yanacağı alırlar. Bu ən gözəl üsuldur.
Dövlət aqrar sektora daim dəstək olmalıdır. Əks halda, xaricdən gələn məhsullarla rəqabət aparmaq mümkün olmayacaq.
- Son zamanlar Azərbaycanda pambıqçılıq və baramaçılığın üzərinə düşüblər. Bunun üçün, maliyyə, texnika, satış bazarı lazımdır. Maraqlısı bundadır ki, dövlət bu iki sahənin inkişafını yerli icra hakimiyyətlərinə tapşırıb. Bunu fermerlər vasitəsi ilə inkişaf etdirmək olmazdı? İcra hakimiyyətləri isə fermerlərdən fərqli olaraq yalançı statistikalarla dövləti aldadır. Bir çox rayonlarda kağız üzərində yazılan torpaq sahəsinin yarısı qədər iş görülmür.
- Pambığın seçilməsinin əsas səbəblərindən biri ölkəyə valyuta gətirməsidir. Azərbaycan ən çox pambığı 1981-ci ildə (831 min ton) istehsal edib. Müstəqillik illərində, 1991-ci ildə 530 min ton pambıq yetişdirilib. Sonradan bu rəqəm azalmağa doğru getdi. 2014-cü ildə Azərbaycanda 40 min ton, 2015-ci ildə 35 min ton pambıq yetişdirilib. Müstəqillik əldə etdiyimiz ildə 530 min ton pambıq istehsal etmişdiksə, 2015-ci ildə bu rəqəm 35 min tona düşdü. Bunun belə olmasına səbəb pambıqçılıq kimi digər prioritet sahələrin diqqətdən kənarda qalması idi. Pambıq sahələri ləğv olundu, pambıq alan zavodlar inhisarlaşdı. İnhisarlaşma ona gətirib çıxardı ki, pambıq zavodlarının təklif etdiyi qiymət, pambıq yetişdirən fermerlər üçün cəlbedici olmadı. Həmin qiymətlər dünya bazarındakı qiymətlərdən tamamilə fərqli qiymətlər idi. Pambıq zavodları fermerlərə çox aşağı qiymətlər təklif edirdi, buna görə də, fermerlər pambıq yetişdirməkdə maraqlı olmadılar. Neft bumu dövründə pambıq sektoru tənəzzül etdi. Pambıqçılığa diqqət lazımdır. Digər sahələrdən fərqli olaraq pambıqçılıq qısa zamanda gəlir gətirmək imkanlarına malikdir. Pambıqçılıq ixrac imkanı verir, bizim qiymətləndirməmiz göstərir ki, əgər Azərbaycan planlaşdırdığı həcmdə pambıq istehsal edərsə il ərzində ixracdan 200 milyon dollar gəlir əldə edə bilər. Bu il 100 min ton pambıq istehsalı gözlənilir. Bunun dayanıqlı olmasına ehtiyac var. Pambığın yetişdirilməsində ağırlıq fermerə verilməlidir. Bu sahəni inzibati yolla deyil, stimullaşdırma yolu ilə inkişaf etdirmək olar. Təxminən 10 il əvvəl kənd təsərrüfatı nazirliyinə təklif etmişdim ki, subsidiyanı hektara görə deyil, məhsulun həcminə görə müəyyənləşdirin. Bizdə adi məhsul istehsal edirsənsə hektara görə 40 manat, strarteji məhsul istehsal edirsənsə bundan 2 dəfə çox subsidiya alırsan. 10 il əvvəl təklif etdiyimizi yalnız bu il pambıqda tətbiq edəcəklər.
Fermeri stimullaşdırmaq lazımdır. Fermer təsərrüfatlarına birbaşa subsidiyalar verilməlidir. Əgər fermer və ya kəndli pambıq yetişdirib gəlir əldə edəcəksə, bunu davamlı olaraq edəcək. Çünki pambıq ona gəlir gətirəcək. Pambığn özəlliyi ondan ibarətdir ki, ixrac imkanları var. Dünya bazarında satılır. Pambıq strateji məhsuldur. Pambığa daxildə də ehtiyac var. Trikotaj və yüngül sənayenin inkişafı prioritetdir, onun da xammalı pambıqdır. Ona görə də, pambıqçlığı inkişaf etdirmək doğru qərardır, sadəcə bu dayanıqlı olmalıdır. İcra hakimiyyətləri torpaq və su məsələsində yardım edə bilər. Ancaq işi fermer görməlidir və stimullaşmalıdır.
- Neft bumu dövründə pambıqçılıq, taxılçılıq üçün istifadə edilən torpaqların böyük hissəsi yoncaçılığa çevrildi. Məlum olur ki, aran zonasında şoranlaşma gedir. Sovetdən qalma drenaj sistemləri məhv olub. Drenaj sistemini qurmadan istehsala başlamaq nə qədər effektli olacaq?
- İnsanlar ona görə yonca əkməyə başladı ki, bu, əziyyət tələb etmirdi. Pambıq və digərləri zəhmət tələb edir. Fermerə daha az zəhmət tələb edən və daha çox gəlir gətirən sahə hansıdırsa, onunla məşğul olacaq. Aqrar sektorun problemləri içərisində torpaq əkini birincidir. Torpaq fondumuz azdır, mövcud torpaq fondunun 60%-dən çoxu şorandır, drenaj sistemi inkişaf etməyib. Baxmayaraq ki, drenaj sisteminin inkişafı üçün dövlət büdcəsindən xeyli vəsait ayrılırdı. Rayonlarda şoranlaşma problemi var. Torpaqla bağlı digər problem isə, əkin üçün yararlı torpaqların bir hissəsinin zəbt edilməsidir. Bu çox ciddi problemdir. Rayonlara gedəndə görürük ki, zəbt olunmuş torpaqlar var ki, istifadə olunmur. Azərbaycanda həmin torpaqlar üçün vergilər artırıldı. Bu, Rusiya praktikasıdır. Ancaq bu da yetərli deyil. Bəzən belə torpaqları elə hündür hasarlayırlar ki, bilmək mümkün deyil, bu torpaqlar istifadə olunur, ya olunmur. Həmin torpaqların əkin fonduna qaytarılması çox vacibdir.
Zəbt olunmuş torpaqlar fermerlərə paylanılmalıdır və dəstək verilməlidir ki, fermerlər o torpaqlardan səmərəli istifadə edə bilsinlər.
Hollandiyada tamamilə şoran olan torpaqlar var idi. Hollandiya dövləti həmin şoranlığı aradan qaldırıb, həmin torpaqları yararlı hala gətirib və fermerlər arasında bölüşdürüb.
Azərbaycan qanunvericiliyi əkin üçün yararlı torpaqlarda fermanın tikintisini belə qadağan edir. Qanunvericilikdə qeyd olunur ki, müvəqəti tikililərə icazə verilir. Ferma tikilirsə bu müvəqqəti deyil, daimidir və ondan istifadə ediləcək. Fermer torpağı alır, gedib orada ferma tikmək istəyir. Bu zaman 3-4 qurumdan gəlirlər ki, bizim torpaq məcəlləmizdə var ki, müvvəqəti tikinti olmalıdır. Bu müvvəqəti deyil. Deməli qanunvericilik də dəyişilməlidir.
Dövlət infrastrukturu qurub, sonra fermerə verməlidir. Aran zonasında 100 hektarı fermerə verib, ondan iş tələb etmək olmaz. Drenaj sistemi, yol, su hamısı qurulmalıdır.
- Xaricdən gələn bəzi məhsullara ağır vergilər qoyuldu. Buna səbəb kimi yerli məhsulların inkişaf etməsini gətirdilər. İnzibati iqtisadiyyat nə qədər effekt verə bilər?
- Ağır vergi qoyulan məhsulların siyahısına baxdıqda görürük ki, həmin məhsulların ya tamamı, ya da böyük hissəsi Azərbaycanda istehsal olunur. Toyuq ətinə ağır vergi qoyulub. Oxucularımız və ya biz çətin xatırlayarıq ki, nə vaxtsa xarici istehsal olan toyuq əti almışıq. Adətən yerli toyuq, yumurta alırıq. Bu məhsullara yüksək rüsumun tətbiq edilməsi normaldır. Burada bir məsələ var ki, bu yalnız xarici məhsullara təsir etməlidir, yerli məhsullara təsir etməməlidir. Biz məhsulları bahalaşdırırıq, ancaq bizim əsas hədəfimiz o olmalıdır ki, yerli məhsullar ucuzlaşsın. Siz bu məsələni həmişə qaldırırsınız, son müşavirədə də bu məsələ barədə danışdılar. Rayonlarda yerli məhsullar Bakıya nisbətən 2-3 dəfə ucuzdur. Azərbaycan balaca ölkədir. Bakıdan 1 saatlıq yol qət etdikdən sonra tərəvəzin qiyməti 2-3 dəfə aşağı düşürsə, bunu iqtisadi qanunlar izah edə bilmir. Səbəb odur ki, rayonlarda istehsal etdiyi məhsulu çuvalla satan fermer, onu gətirib Bakıda kiloqramla sata bilmir. Ona görə ki, həmin fermerə heç kim icazə vermir ki, gəlib paytaxt bazarına girsin. Paytaxt bazarlarına girmək üçün çoxsaylı süni baryerlər var. Fermer istehsal etdiyi məhsulunu paytaxt bazarına gətirir, onu bazarın qarşısında qarşılayırlar, məhsulu fermerdən topdan satış qiymətinə ucuz alırlar və 2-3 dəfə baha qiymətə vətəndaşlara təklif edirlər. Bu gün paytaxt bazrlarında meyvə, tərəvəz satanların əksəriyyətinin rayonlarla heç bir əlaqəsi yoxdur. Onlar sadəcə rayondan gələn malı alıb baha qiymətə satırlar. Süni baryer aradan qaldırılmalıdır. Bazar özəlləşib, bazar sahibləri qanuna zidd olaraq fermerə icazə vermir ki, gəlib orada satış etsin. Buna qarşılıq olaraq dövlət alternativ bazar yarada bilər. Dünyanın hər bir ölkəsində fermer bazarları var. Həmin yerə görə də, dövlət fermerlərdən rüsum, yer haqqı almır. Nəticədə fermerlər gəlir şəhərdə, dövlətin ayırdığı yerdə öz malını satır. Bizdə yarmarkalar var, ancaq onlar da effektli deyil.
- Bizdə yarmarkalar daha çox bayramlar ərəfəsində fəalliyət göstərir.
- Bəli, bizdə yarmarkalar daimi deyil, dövridir. Digər problem isə ondan ibarətdir ki, yarmarkaların özündə də satıcıların çoxu alverçidir. Gedib bazardan malı topdansatış qiymətinə alıb yarmarkada yer pulu olmadığı üçün ucuz qiymətə satır. Bakının hər bir rayonunda dövlət yer ayırıb adını "fermer bazarı" qoysun, fermerlər də istehsal etdiyi məhsulunu yer pulu ödəmədən, heç bir bürokratik baryer keçmədən gətirib orada satsın. Onda biz yerli məhsulun qiymətini aşağı salacağıq. Nə qədər ki, paytaxt bazarlarına fermer girə bilmir, gəlib yoldan qayıdır, onun gətirdiyi məhsulu daha ucuz alıb, daha baha qiymətə satırlar, biz o dərəcədə də yerli məhsulların qiymətinin aşağı düşəcəyini görməyəcəyik.
- Prezidentin qərarı ilə artıq dövlət orqanları xaricdən mal və material sifariş etməyəcək. Bu nə dərəcədə iqtisadiyyatımıza təsir edəcək?
- Hesablamalarımıza görə, söhbət bu qərar nəticəsində təxminən 900 milyon dollara yaxın vəsaitin ölkədə qalmasından gedir. Göstəriş var ki, dövlət qurumları, hərbi hissələr, həbsxanalar, xəstəxanalar kənd təsərrüfatı məhsullarına ehtiyaclarını yerli məhsullarla ödəsinlər. Əslində daha məqsədə uyğundur ki, dövlət fermerlərin istehsal etdiyi məhsulun bir qismini alsın. Fermer üçün əsas problemlərdən biri satışdır. İranda bu praktika tətbiq olundu, dövlət fermerə avans verir, fermer məhsul istehsal edir və istehsal etdiyi məhsulu dövlətə satır. Bu ona görə vacibdir ki, fermer istehsal etdiyi məsulu sata biləcəyindən əmin olur.
Bu gün torpaq, su, maliyyə, infrastruktur fermer təsərrüfatı qurmaq üçün əsas problemlərdir. Ancaq bunları həll edib, məhsul istehsal edən fermer üçün isə ən böyük problem bazardır, satışdır. Fermerlərin çoxu əmin deyil ki, istehsal etdiyi məhsul çürüməyəcək.
- Sovet dövründə tədarük məntəqələri var idi, bu məntəqələr indiki dövr üçün keçərli ola bilər?
- Bu işlə məşğul olan agentlik var. Əslində dövlət orqanlarının əlindən bu səlahiyyət alınıb agentliyə verilməlidir. Kənd təsərrüfatı təkcə ixrac baxımından deyil, həm ərzaq təhlükəsizliyi baxımından, həm də məşğulluq baxımından vacibdir. Söhbət əmək qabiliyyətli əhalinin 36,7%-nin işlədiyi bir sektordan gedir. Bu o deməkdir ki, ölkədə əmək qabiliyyəti olan hər 100 nəfərin təxminən 37 nəfəri kənd təsərrüfatı ilə məşğuldur, onlar kənd təsərrüfatıyla dolanır, gəlir əldə edir. Buna görə də, həmin sektor dəstəklənməlidir.
- Azərbaycanda daxili bazarı ərzaqla təmin edən Azərsun, Veysəloğlu və digər şirkətlər var. Onlar neft bumu dövründə bildirirdilər ki, mağazalara payladıqları məhsulların böyük əksəriyyətini özləri istehsal edir. Neft bumu dövrü bittikdən sonra isə həmin şirkətlər bildirdi ki, biz məhsullarımızın böyük əksəriyyətini xaricdən alırdıq.
- Biz bir qədər əvvəl toyuq əti ilə bağlı danışdıq. Toyuq əti yerli şirkətin məhsuludur, ancaq toyuğun xərcləri, yemi, yumurtası xaricdən gəlir. Yerli xərclər işçi və kammunal xərcləridir.
- Bir də hava, su.
- Demək, əslində bizim yerli kimi bazara çıxardığımız toyuq əti yerli deyil. Misal üçün çayı, çayın qabını, yarpağını da xaricdən sifariş verirlər, özünü burada qablaşdırırlar. Yenə də hava, su və insanlar yerlidir. Əslində, yerli məhsulların strukturu xaricidir. Neft bumu dövründə buna yerli məhsul deyirdilər, çünki manat baha idi, xammal ucuz idi. Heç kim ucuz xammalı reklam etməkdə maraqlı deyildi, çünki deyə bilərdilər ki, qiyməti aşağı salın. İndi manat ucuzdur, daxili xammal bahadır, artıq malların böyük hissəsini xaricdən aldıqlarını deyirlər. Bunu ona görə deyirlər ki, qiymətləri qaldırmaq üçün əllərində əsas olsun.
- Son olaraq, neçə müddətə Azərbaycan neft asılılığından qurtara bilər?
- Neftin qiyməti çox önəmlidir. Neftdən qurtulmaq da neftin qiymətindən asılıdır. Neftin qiyməti artacaqsa ölkəyə yenə böyük həcmə valyuta gələcək.
- Yenə qeyri-neft sektoru unudulacaq.
- Yox. Əgər islahatlar davam edəcəksə, bu ona imkan verəcək ki, islahatlar üçün maliyyə olsun. Düşünmürəm ki, neftin qiyməti bizi arxayın salacaq qədər yüksəlsin. Azərbaycan neft sektoru ilə bağlı iki məsələ var. Birincisi, hasilat azalır, 2017-ci ildə OPEK-in məlumatına görə Azərbaycanda gündəlik olaraq hasilat 40 min barel azalacaq. İkincisi, neft xərci artıb. Neft bumu dövründə 1 barel neftin xərci təxminən 8 dollar idi. 2 il əvvəl SOCAR bunu 15 dollara, bir neçə ay əvvəl isə 20 dollara qaldırdı. SOCAR 1 barel nefti 20 dollara istehsal edir, ancaq Səudiyyə Ərəbistanındakı şirkət 2 dollara. Xərcdə 10 dəfə fərq var. Neft əvvəlki gəliri artıq bizə verməyəcək. Ona görə yox ki, əvvəlki qiymətə qalxmayacaq. Ona görə ki, hasilatımız azalıb, xərcimiz artıb.
Qeyri-neft sektorunun inkişafı prioritetdir və qaçınılmazdır. Bunun alternativi yoxdur. Bu gün aqrar sahəyə dəstək olduq, metallurgiyaya dəstək olduq, sabah ölkəyə valyuta daxil olacaq bu heç bir ölkədə mümkün olmayıb. İqtisadi möcüzələrdə belə bir şey yoxdur. Ona görə də, neftdən asılılığın aradan qaldırılması zaman alacaq. Sırf neftsiz iqtisadiyyatı 10 il müddətində qura bilərik. Qeyri-neft sektorunun payının görsənməsini isə 4 il sonra hiss edə biləcəyik.
- Ancaq islahatlar düzgün keçirilərsə.
- Bəli, islahatlar davam etdirilərsə.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics