Belarusdakı daxili vəziyyət, əslində, partlamağa hazır bomba kimidir. Stabillik var, ancaq hər an bu dəyişə bilər. Belarusdakı daxili vəziyyətə baxanda tərəddüdsüz demək olar ki, xalq hökumətdən qorxmur. Açıq şəkildə hökumətin atdığı addımlara qarşı çıxa bilir. Misal üçün, Ukraynada müharibə başlayarkən çoxlu sayda Belarus zabiti istefa verdi. Ordunun əsas gücü sayılan Xüsusi Təyinatlı Qüvvələri isə uniformalarını zibil qablarına ataraq, yandıraraq ordu sıralarından getdi. Bütün bunların fonunda Lukaşenko Putinin direktivlərini tam şəkildə həyata keçirə bilmir.
2020-ci ilin avqust ayında Belarusda keçirilən seçkilər ölkədəki hakimiyyətlə xalq arasındakı uçurumu gün üzünə çıxardı. Svetlana Tixanovskayanın tərəfdarları mitinqlərə start verdi. Rusiyanın birbaşa müdaxiləsi olmasaydı, yəqin ki, Lukaşenko prezident kürsüsünü təhvil verməli olacaqdı. Belarusda mitinqlər bir neçə ay davam etdi. Sadəcə olaraq Lukaşenko polis gücünə və Rusiyanın müdaxiləsi ilə postunu qoruya bildi. Ancaq belaruslular hələ də mütəşəkkil hərəkət edirlər və vəziyyəti dəyişməkdə israrlı görünürlər.
Lukaşenkonun ölkə daxilindəki tək dayağı güc orqanlarıdır. O artıq ölkəsində çox zəifləyib. Məsələ ondadır ki, Lukaşenko Qərbin aparıcı dövlətləri tərəfindən prezident kimi qəbul olunmur. Qərb Svetlana Tixanovskayanı prezident kimi qəbul edir. Lukaşenko isə bunu düzəltmək və bütün etirazları yatırtmaq üçün gücə əl atır. Xalq və müxalif düşərgə ilə dialoqa gəlmir.
Belarus xalqının davranışı da anlaşılandır. Onlar Rusiyanın yanında yox, demokratik, inkişaf etmiş ölkələrin siyahısına qoşulmaq istəyirlər. Belarus xalqı bilir ki, Avropaya inteqrasiya onların yaşayışına ciddi təsir göstərəcək. İndiki məqamda isə onlar sovetdən çıxa bilməyiblər. Demokratik, inkişaf etmiş Qərb çox cazibədar görünür. Buna görə də onlar Avropa ilə əməkdaşlığa can atırlar. Bunu Rusiya da bilir. Ona görə də Belarusda hakimiyyət dəyişikliyində maraqlı deyil. Bilir ki, əgər Belarusda vəziyyət dəyişsə, növbə Rusiyaya da çatacaq.
Belarus müharibəyə birbaşa qatılmasa da, Rusiyanın yanında olduğunu bildirməklə sanksiyalara boğulmağa məhkumdur. Əslində, bəzi sanksiyalar Belarus üçün yenilik deyildi. Seçkilərin nəticəsi, xalqa qarşı aqressiv davranışa görə bəzi ölkələr Belarusla əlaqələrini tamamilə kəsib. Hətta buna görə müharibə həddinə gələn qonşuları da oldu. Hökumətin bu addımları, əslində, xalqın rifahına birbaşa təsir edir. Xalq hakimiyyət ilə yanaşı, rusların torpaqlarındakı mövcudluğundan beziblər. Belarus hakimiyyəti ölkə daxilində nə qədər fərqli propoqanda aparsa da, xalq Ukraynada nəyin baş verdiyini yaxşı bilir. Ona görə də xalq onlara aid olmayan müharibəyə ölkələrinin girməsini istəmir, buna qəti şəkildə etiraz edirlər. Ordu daxilində müharibəyə qatılacağı halda, çoxlu sayda hərbçinin istefa verəcəyi iddia olunur. Bundan əlavə, belaruslular Ukraynaya əsir düşmüş ruslarla yanaşı, könüllü dəstələr yaradaraq Rusiyaya qarşı vuruşurlar. Bunun özü də bəzi mətləblərdən xəbər verir.
Ukrayna-Rusiya müharibəsi gözləniləndən daha çox uzanır. Müharibənin bu qədər uzanması, dünyadakı taxıl böhranı bəzi strateji məhsulların qiymətinin artmasına gətirib çıxarıb. Bu böhran, təbii ki, qonşu Belarusdan da yan keçməyib. Belarusda yaşayan şəxslərlə söhbət zamanı açıq şəkildə bildirirlər ki, vəziyyət acınacaqlıdır. Onlar həyat səviyyəsinin aşağı düşdüyünü, yaşamağın çətinləşdiyini dilə gətirirlər. İnsanlar artıq müharibədən daha çox necə yaşayacaqlarını düşünürlər. Belə demək olarsa, belaruslular bir qığılcıma bənddir.
Dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməyən Lukaşenko vəziyyəti düzəltmək yerinə, onu hakimiyyətdə saxlayan Putin və Kremlə daha da yaxınlaşır. Bu yaxınlaşma isə Belarusu Rusiyanın vassalına çevirir. Faktiki olaraq rəsmi Moskva Belarusla arxa bağçası kimi davranır. Bu amil Belarusun dünyadakı imicinə də çox ciddi xələl gətirir. Təbii ki, bu, belarusluların diqqətindən yayınmır.
Rusiya-Ukrayna müharibəsinin nəticəsinin sosial-siyasi baxımdan Belarusa ciddi təsir edəcəyi proqnozlaşdırılır.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder