2.06.2022

Üç müharibə iştirakçısına 9 aydır pensiya verilmir - Səxavət Məmməd Tərlan Eyvazovdan yazır

Bunları yazdığıma görə, bəlkə də, hərbi ekspert, üç müharibə iştirakçısı olmuş Tərlan Eyvazov məndən inciyəcək…

İncisə də, inciməsə də, bunları yazmağı özümə borc bilirəm.

Öncədən bildirim ki, Tərlan Eyvazov həm də rəssamdır. O, bir neçə gün əvvəl “Yorulmuş əsgər” tablosunu sosial şəbəkədə paylaşmışdı.

Tərlan Eyvazov tablosunun üzərinə həm də gözəl bir yazı həkk etmişdi. O yazıya əl gəzdirmək günahdır, ona görə öz yazdığı kimi də təqdim edirəm:

“Dincəl əsgər, döyüşlər yordu səni…

Belə bir deyim var: müharibə başlananda ağıllı gülümsəyər, bic pul qazanar, axmaq isə bəs deyincə döyüşər. Bilmirəm, nə qədər uyğundur, amma döyüşənlər məndən inciməsin, çünki arxada qalan altı onilliyimə üç müharibə gördüm, iştirak elədim. Deməzdim ki, bu həqiqəti anlamıram, bir döyüşənə on havayı yeyənin olduğunu bilmirəm. Bilirdim, təbii, amma hər dəfə düşünürdüm, yəqin, sonra yaxşı olacaq, lakin olmadı. Heç bu gün də olmadı və ola da bilməzdi. Çünki bu, tarixi qanunauyğunluqdur, onu pozmaq olmaz ki…

Bəh-bəhlə yola salarlar, geri dönə bilsən, üz çevirərlər. Çünki sən artıq problemsən. Sənə qayğı gərək, müalicə gərək, pensiya gərək. Bunu vermək isə büdcəyə ağırlıq salır. Sırada qalsan, “döyüşlər bitdi” deyib maaşını kəsəcəklər. Ölsən, öldüyün təsdiq olunsa, ailənin pensiya almaq şansı yaranır. Yox, əlil qayıtsan, aylarla, illərlə Sahillərdə sürünüb haqqını tələb edəcəksən ki, vallah, yaralarım işləməyə imkan vermir, rəhm edin. Amma qərar qəbul edənlərin ürəyi daş, qulağı kardı. Bəlkə, düşünürsüz, bu təkcə bizdə belədir. Xeyr, döyüşənin günü ABŞ-də də, Rusiyada da, Ukraynada da – elə hər yerdə belədir. Göndərirlər, sonra yiyə durmurlar. Azad etdiyiniz torpaqlardan bir qarış nədir, heç ora getmək üçün icazə ala bilirsiniz?

“Azovstal” kompleksinin yiyəsi dəyişdi, Rinat Əhmədov idi, indi Putin Ramzana verir ki, obyekti “krutit” eləsin.

Dincəl əsgər, nəfəsini dər, siqarını çək ciyərinə, əlindəki termosundan bir qurtum iç, kaşadırsa ye, dur get evinə. Qənşərdə sənə qarşı döyüşənə də hay elə, çünki o da sənin günündə olan bədbəxtdir, yazıqdır. Deginən, “beri şinel”, “poşli domoy”…

Əgər bəxtin gətirib evin bombadan dağılmayıbsa, ailən sağdırsa, görəcək günlərin qabaqdadır, ay anası ölmüş. Sən sən olduğunu ixtiyar sahiblərinə sübut edənəcən səninki sənə dəyəcək. Aldığın yaralar, sarsıntılar səni o hala salacaq ki, ta qeyriləri kimi həyat yaşaya bilməyəcəksən. Ya özünə qapanacaqsan, ya alkol, ya da ki bir işlə məşğul olub içindəki acılarla baş-başa qalacaqsan, uzaqbaşı hərdən döyüş yoldaşlarınla, səni anlaya bilənlərlə dərdləşəcəksən.

Belə işlərimə baxan dostlar yazırlar ki, heç olmasa sən başını qata bilirsən rəssamlıqla. Ta ona da imkan qalmadı, əsgər qardaş. 9 aydır pensiya kəsilib, bu ən ucuz keyfiyyətli kətanı da borca götürdüm, mövzunu çəkdim ki, ürəyimdə qalmasın… Deyəcəksən, sat, pulunu çıxart. Amma sənin özün kimi, çəkdiyin tablo da, mövzu da heç kəsə gərək deyil axı, anla bunu”.

Bu yazını oxuyandan sonra Tərlan Eyvazovun açıq şəkildə 9 aydır pensiya almadığını yazması mənə güc verdi ki, adam özü yazıb, mən niyə yazmayım. Yəni inciməyə yeri yoxdur…

Tərlan Eyvazovu uzun zamandır tanıyıram. 10 ilə yaxındır ki, həm də əməkdaşlıq edirik. Hərbi və hərbi-siyasi mövzuları birgə işləyirik. Bilmirəm, niyə, elə uşaqlıqdan özümdən yaşca böyüklərlə dostluğum tutub. İşlədiyimiz mövzular dostluğa qədər gedib çıxdı. Əminliklə deyə bilərəm ki, onu tanıyıram, həm də problemlərinə yaxından bələdəm.

Ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı Eyvazov Tərlan Baba oğlu 1991-ci ildən könüllü olaraq yazıldığı Milli Ordudan 1997-ci ildə ailə vəziyyəti və sağlamlığı ilə əlaqədar öz xahişilə çıxıb. O vaxtdan etibaran 12 il neft sənayesinin müxtəlif müəssisələrində sıravi işçi olaraq ən ağır işlərdə çalışıb. 2009-cu ildən etibarən sağlamlığı əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermədiyi üçün ümumi xəstəlik diaqnozu ilə ikinci dərəcəli əlillik statusu alıb. O dövrdən etibarən mütamadi olaraq səhiyyə müəssisələrində, məruz qaldığı xəstəliklərlə bağlı müalicələr keçib, tibbi epikrizləri aidiyyatı orqanlara təqdim edib.

Ötən ilin avqust ayından etibarən pensiya təminatı dayandırılıb. Qeydiyyatda olduğu 32 saylı poliklinakanın ƏƏSMN-in TSEK-na göndərdiyi elektron göndərişə müalicəsini davam etdirmək tövsiyəsi cavabı verilib. Onun isə dolanışığı və ehtiyacı olduğu müalicələr üçün heç bir mailiyyə vəsaiti yoxdur.

Bütün bunları bildiyim üçün susmamağa qərar verdim. Onun pensiya təminatı dayandırılandan sonra maddi vəziyyətinin necə ağırlaşmasının şahidiyəm. Hər dəfə pensiyanın üstünə düşməsini deyəndə, bildirirdi ki, gözləyək, bəlkə. düzələr. Adam Əfqanıstandan gələndən sonra üç il müalicə alıb, daha sonra Birinci Qarabağ müharibəsində iştirak edib. Dəfələrlə hospitallarda yatıb.

Pensiyaya çıxdıqdan sonra isə hər il müalicə alıb. Onun müalicə aldığı yer məhz pensiyasını kəsən qurumun (2011-ci ildən etibarən) TSEK-nın nəzdnində olan reabilitasiya mərkəzi idi. Bir neçə dəfə də onun yanına getmişəm. Pandemiyaya qədər hər il orada müalicə alıb. 2021-ci ildə isə Respublika Klinik Xəstəxanasında müalicə alıb. Kardiologiya İnstitutunda təsdiq olunma tələbi qoyulduğu üçün orada da müalicə olunub.

Bütün bunları nəzərə alsaq, sual yaranır ki, bu şəxsə nə üçün pensiya verilmir? Dövlətdən heç nə almayıb və tanıdığım qədər də heç bir tələbi yoxdur. Belə bir şəxsin pensiyası niyə əsassız yerə kəsilməlidir?

Pensiyanın vaxtı çatanda pensiya saxlanılır və araşdırma aparılır. Araşdırma müddətində isə həmin şəxslər nə əlil sayılır, nə də sağlam. Bir neçə gün əvvəl Tərlan Eyvazovla görüşəndə dedi ki, pensiya verilmir, yaşamaq üçün mütləq işləməlidir. İş üçün hara baş vurubsa, hamısı birinci sağlamlıq haqqında arayış istəyib. Qeydiyyatda olduğu poliklinikaya gedib. Poliklinikadan deyiblər ki, ona əlilliklə bağlı arayış veriblər, sağlam olmadığı üçün sağlamlıq haqqında arayış verə bilməzlər.

Sual yaranır. Araşdırma gedən 6 ay müddətində nə əlil, nə də sağlam olan insanlar necə və nə ilə yaşamalıdırlar? ƏƏSMN və onun rəhbəri Sahil Babayev düşünürmü, görəsən, bu vəziyyətə saldıqları insanlar necə yaşayırlar, nə yeyirlər, nə içirlər? Qürurlu, abırlı insanlar susur, gözləyir, ancaq bu müddətdə o insan məhv olur. Məqsəd nədir?

Kifayət qədər insanlar tanıyırıq ki, onların nəinki əlilliyi, həyatları belə saxtadır. O adamlar hay-küy saldığı üçün dövlətdən bir neçə ev, maşın alıblar. Mütləq abırlı adamlar da bu yolu tutmalıdırlar? Nazirlik kimi abırsızlıq etməlidir?

Çox maraqlı bir məsələ də var ki, nazirlik rəsmi cavab da vermir. Rəsmi cavab verilsə, o sənədə istinadən məhkəməyə müraciət etmək mümkündür. Ancaq nə “hə”cavabı verilir, nə də “yox”. Elə bu yazını yazarkən 44 günlük müharibənin iştirakçıları ƏƏSMN binasının qarşısında aksiya keçirdi, nazirliyin qapısını belə qırdılar. Nazirlik bunu istəyir? Mütləq qapısı təpiklə açılmalıdır? Nazirlik insanları necə sakitləşdirməyin yolunu tapmır. Bir neçə yerə minnətçi düşüblər. Əslində, dəli vəziyyətinə gətirilmiş qazilərin qarşısına Tərlan Eyvazov kimi adamlar çıxarılmalı, onlar həmin qaziləri sakitləşdirməli idilər. Pensiyası əsassız yerə kəsilmiş, yaşamaq üçün yol axataran şəxs o qazilərin yanında olar, yoxsa qarşılarına çıxar? Tanıdığım Tərlan Eyvazov yanlarında olacaq. Buradan da itirdilər…

Müstəqil Dövlət Birliyi Hökumət Başçıları Şurası var. Azərbaycan 1997-ci ildən ora qoşulub. Həmin təşkilatın qəbul etdiyi “Böyük Vətən müharibəsi iştirakçılarına, digər ölkələrin ərazisində gedən müharibələrdə iştirak edənlərə, həlak olanların ailələrinə güzəştlərin verilməsinin qarşılıqlı tanınması” razılaşmasına (Azərbaycan Respublikası 13 fevral 1997-ci ildə bu razılaşmanı imzalayıb) əməl olunmur. 8 il bundan əvvəl Əfqanıstan Veteranlıq İttifaqından Rusiya Prezidenti Vladimir Putinə müraciət etmişdilər və onlara şəhərin mərkəzi hissəsində yer ayırmışdılar. Həmin veteranlar o vaxt ölkədən səslərinə “hay” verənin olmadığını görəndə çarəni xaricdə tapmışdılar. İstədiklərinə də nail oldular. Daha sonra aldıqları yeri yaxşı qiymətə satdılar da. Yaxşı, Qarabağa görə saymırlar, Əfqanıstana görə öhdəliyi niyə saya almırlar? İndi Tərlan Eyvazov da Putinə müraciət etsin? Bilirəm ki, etməyəcək. Hər gün efirlərdən, saytlardan, qəzetlərdən Rusiyanı tənqid edir. Hesab edək ki, etdi. Onda nə olacaq? Bu ayıbı kim təmizləyəcək? Sahil Babayev istəyir ki, hamı öz ölkəsindən üz döndərsin? Atalar yaxşı deyib, mərdi qova-qova namərd edirlər.

Bir müəllim, bir rəssəam, bir əlil, mətbuatın ən çox müraciət etdiyi ekspertlərdən biri evinə bazarlıq edə bilmirsə, hansı inkişafdan, hansı sosial təminatdan söhbət gedə bilər?

Tərlan Eyvazovun başına gətirilənlərə görə utanıram və gələcəyə ümidimi itirirəm. Sonra insanların niyə xaricə getdiyini soruşurlar. İnsanlar milyonçu olmaq üçün yox, insan kimi, adam kimi yaşamaq üçün xaricə üz tuturlar.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics