7.06.2022

Azərbaycan ordusu üçün ağrılı PROSES: Türkiyə modelinə keçid nə üçün bu qədər sancılı olur? - Səxavət Məmməd yazır

Bütün keçidlərin sancılı olduğu deyilir.

Müharibədən sonra Azərbaycan ordusu yeni modelə – Türkiyə modelinə keçidə start verdi. Əslində, bu keçidin əsası rəsmi elandan çox əvvəl qoyulmuşdu. Azərbaycan ordu mənsublarını yetişdirmək üçün Türkiyə ilə sıx əlaqə qururdu. Bu əlaqənin tarixi 1992-ci ildən başlayır. Azərbaycanda kadr yetişdirmək üçün tədrisdə Türkiyə ədəbiyyatına daha çox xitab olunurdu. Türkiyənin hərbi nəşrləri tərcümə olunurdu. Yəni Azərbaycan ordusu mənsublarının böyük hissəsi Türkiyə təhsillilər sayıla bilər. Uzun illər davam edən əməkdaşlıq fonunda keçid bu qədər sancılı olmamalı idi.

Azərbaycan ordusunda rus təhsillilər, demək olar ki, yalnız operativ-strateji postlarda qalıb. Ümumi mənəzərəyə baxanda açıq şəkildə hiss olunur ki, məsələ rus-türk təhsili məsələsi deyil. Problem pis qoyulmuş ənənəyə bağlıdır.

Azərbaycanda ordudan əlavə digər sahələrdə də kadr islahatları aparıldı, bəzi yüksək postlara gənclər gətirildi. İnsanlar, məncə, siyasi hakimiyyət də bunun effektli olacağını düşünürdü. Nəticəyə baxanda uğurlu olduğunu deyə bilmərik.

Azərbaycan ordusu Türkiyə modelinə keçidi həyata keçirmək üçün qardaş ölkədən mütəxəssislər də cəlb edib. Türk Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlıq yaradılıb. Bu komandanlıqda təmsil olunan 4 türk general – Bəxtiyar Ərsay, Abdullah Qatırcı, Endər Günər və Zəkəriyyə Yalçın Azərbaycan ordusuna yad deyil. Onlar 44 günlük müharibədə məsləhətləri ilə dəstək veriblər.

Modelə keçid üçün struktur və ştat qurulmalı idi. Təbii ki, bu özü də vaxt aparan məsələdir, ancaq indiyə qədər nəticə verməli idi. Əslində, bu model Azərbaycan ordusuna yad deyil. Səfər Əbiyevin zamanında Azərbaycan ordusu bu dəyişimə getmişdi. Nəticələr də əldə olunurdu. Səfər Əbiyev nazir vəzifəsindən gedəndən sonra sistem yenidən köhnəyə doğru dəyişdi. Azərbaycan müstəqil olandan bu yana 3 dəfə dəyişikliyə gedilib, lakin proses hər dəfə yarımçıq saxlanılıb.

Bəzən sual verilir ki, Türkiyə modelinə keçid niyə baş tutmur? Yeni ordu modelinə keçid üçün kadr potensialımız var? Düşünürəm ki, yoxdur. Modelə keçid üçün ən gözəl üsul köklü islahat olardı. Yəni əli çirkaba batmışların hamısı ordu sıralarından uzaqlaşdırılmalı idi. Ancaq onların yerini dolduracaq nə qədər kadr var? Yeni kadrların bir hissəsi də köhnələrin xasiyyətini götürür.

Əli çirkaba batmış zabitlərlə yeni modelə keçid sadəcə sənəd üzərində baş tuta bilərdi.

Bir neçə il idi ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əməlləri barədə yazırdım. Onun sadiq adamları barədə də kifayət qədər faktları ortaya qoymuşdum. Orduda maliyyə yeyintiləri, korrupsiyanın hansı səviyyədə olması artıq heç kimə sirr deyil. Çünki hüquq-mühafizə orqanlarının əməliyyatları hər şeyi deyir.

Bəzi araşdırmalar keçmişə dayanır. Yəni sabiqlər həbs olunur. İndi vəziyyət güllük-gülüstanlıqdır? Qətiyyən! İndi bəzi hərbi məmurlar sabiqlərin ölənlərinə rəhmət oxutdurur. Yəni ordudakı rüşvət, korrupsiya və yeyinti ənənəsinin kökünü qazımadan hansısa model yaratmaq mümkün olmayacaq. Mümkün olsa da, istənilən effekti verməyəcək.

Hazırda işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin, şəhərciklərin tikintisi sürətlə gedir. Məsələ ondadır ki, bu yöndə çox ciddi yeyintilərin olması barədə informasiyalar var. Dəyərindən qat-qat artıq qiymətə tikintilər, Nazirlikdə yüksək post tutmuş şəxslərin yaxınlarına aid şirkətlərin tenderlərdə qalib gəlməsi, tikintidə isə işçi kimi hərbçilərin işlədilməsi kimi hallar mövcuddur. Bir neçə gün əvvəl əsgərin həlak olması faktı da məhz bununla bağlı idi.

Tikintilər Müdafiə Nazirliyindəki generallar arasında bölünüb. Hətta bəzi hərbi hissələri Hərbi Dəniz Qüvvələrinin tabeçiliyində olan zavodun işçiləri tikir. Onlara ezam pulunun verilməməsi, işlərə dəyərindən aşağı pul verilməsi barədə isə şikayətlər mövcuddur.

Ən böyük problemlərdən biri isə orduda çoxlu sayda hərbçinin tərxisə raport yazmasıdır. Əgər hər şey yaxşıdırsa, niyə bu qədər tərxisə raport yazılır? Hərbçilərin ailələrinin yanında gəlib-gedə bilməməsi, onlar üçün marşrutun ayrılmaması var olan problemlərdə əlavə bir yükdür.

Ən böyük problem isə yerdəyişmələrlə bağlıdır. Türkiyə modeli rotasiya tələb edir. Məsələ ondadır ki, hazırda rotasiyaya əməl edilmir. Hər şey köhnə qaydada və daha yüksək məbləğə həll olunur.

Görünən odur ki, hər şey azərbaycansayağıdır. Sistemin dəyişməsi yalnız yazı-pozu işlərini artırıb.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics