28.11.2021

Ermənistanı xarici media ilə nokauta salmaq cəhdi… - Səxavət Məmməd yazır

Dünəndən izləyirəm. Rəsmi şəxslər, deputatlar deyirlər ki, xarici media Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olması hadisəsini qabartmalı, Ermənistanın üzərinə getməlidir. Xarici media bizim qara qaşımıza, qara gözümüzə vurulub? Haqq? Kimdir haqqın yanında olan? Sən haqqını özün almalısan. Azərbaycan kimi dövlətlər buna məcburdur, alın yazısıdır. Dünyada çox sayda hərbi cinayətlər, soyqırımılar olub. Bunlara görə kimlər mühakimə edilib? Kimlər ki güclüdür, onlar da haqqını alıblar.

İkinci Dünya Müharibəsində yəhudilərə qarşı törədilən soyqırıma görə İsrail haqqını aldı, Almaniya məcbur olub təzminat ödədi. Əlcazair niyə haqqını ala bilmir? Fransa Əlcazir xalqına Almaniyanın yəhudilərə yaşatdıqlarından azmı şey edib ? Yox! Sadəcə olaraq İsrail güclü dövlətdir, Əlcazair isə yox! Erməni lobbisi olmayan soyqırımına görə Türkiyənin, loru dildə desək, ömrünə-gününə oturub. Türkiyə zəif olsa, elə bilirsiniz, ermənilər istədiklərinə çatmazdılar? Çoxdan.

Xarici media deyirlər. Aqil Abbasın bir sözü vardı. Deyirdi, apar 100 min dollar ver CNN-ə Amerikada Trampın (Oxu: Baydenin) dədəsinin goruna söy. Xarici media dediyiniz ancaq haqdan, ədalətdən danışan demək deyil. Heç sənin yerli median haqqı yazır? Haqdan yazanı da həyatdan iyrəndirirlər.

Gəlin görək Azərbaycanda Qarabağdan, Qarabağ mövzusundan nə qədər adam yazırdı? Qarabağ mövzusu hər zaman “əl altında olan” (dejurnıy) mövzu olmayıb bəlkə? Birinci müharibə tarixini yazanda, araşdırmalar edəndə dəfələrlə, “Başqa işin gücün yoxdur”, – deyiblər. Hətta Qarabağ mövzusunun qadağan olunduğu vaxtlar da olub. İndi ünvan göstərməyim, TV-də işləyənlər nə dediyimi yaxşı bilir. Qarabağ və müharibə mövzusuna görə bu günə qədər bir manat da olsun qonorar almamışam. Ancaq bu mövzuda qrantlar alıb, layihələr edib, ortaya heç nə qoymadan minlər, milyonlar qatlayanlar olub.

Məşhur bir mərkəz müdafiəçisi oynayan futbolçunun müsahibəsində oxumuşdum. Deyir, hücumçular qarşılarına çıxan 10 fürsətdən birini qola çevirsələr və klub qol buraxmasa, qəhrəman olurlar. Müdafiəçilərinsə səhv etmək şansları yoxdur. 90 dəqiqə yaxşı oynayıb bir səhvindən qol buraxılsa, uğursuz olur, tərəfdarları onu düşmən elan edir. İnformasiya müharibəsi də budur. Hücumda oynamalısan. Qorxaq davrandığın, müdafiəyə qapandığın müddətcə səhv edəcəksən. Qarşı tərəf hədəfə çata bilməsə də, səni səhv etməyə məcbur edəcək.

Ermənistan dövlətinə çağırışla, xarici mediaya sözlü müraciətlə heç nə əldə etmək mümkün deyil. Mina xəritələrini gündəmə gətirirlər, bəlkə erməni tərəfi özü də buna gülür. Əllərinə fürsət verdiyimiz üçün Azərbaycan tərəfinə təşəkkür edir.

Şəhid olan həmkarlarımızın minaya düşdüyü anın videosu yayılıb. Videoya baxanda açıq şəkildə görmək olur ki, ərazi yeni qazılıb. Axşam basdırılan minanın xəritəsini istəyirsiniz?

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics