29.11.2021

Real müharibənin GERÇƏK ÜZÜ: 30 illik səksəkədə yaşayışın BİTİŞİ - Səxavət Məmməd yazır

…Kino başa çatdı, onu real müharibə əvəz etdi.

Bir anlıq qayıdaq aprel döyüşlərinə. Döyüşlər başlar-başlamaz sabiq cəbhəyanı kənd və rayonlarda panika hökm sürürdü. İnsanlar nə edəcəyini bilmirdi. Ən çox da benzindoldurma məntəqələrində uzun növbələr vardı. Tərtər, Ağdam, Beyləqan və Füzuli istiqamətində bu, açıq şəkildə görünürdü. Bu dəfə isə insanlar sanki müharibənin gələcəyini hiss edərək, gedən proseslərin son nəticəsinin müharibə olduğunu bilərək öncədən tədarüklərini görmüşdülər. Açığı, 44 günlük müharibədə belə bir halla rastlaşmadım.

Aprel döyüşləri zamanı insanlar, xüsusilə qadınlar bir araya yığılaraq Xocalı faciəsinin gününə salınmaqdan qorxurduqlarını açıq şəkildə deyirdilər.

Açığı, aprel döyüşlərində insanlar psixoloji olaraq müharibəyə hazır deyildilər. Bu dəfə isə Xocalı adını çəkən görmədim. Sanki hər kəs inanırdı. Bəlkə də həddindən artıq texnikanın yığılması insanları ürəkləndirmişdi. Ola bilsin, kimsə gələcəkdə yazacaq, yaltaqlanmaq üçün deyəcək ki, dövlət insanları hazırlamışdı. Ancaq realda bununla bağlı heç bir iş aparılmamışdı. Hətta bomba sığınacaq məntəqələri məcburi şəkildə qazılırdı. Əhali ilə heç bir maarifləndirici söhbət aparılmamışdı. Əksinə, məcburiyyət müxtəlif şaiələrin yayılmasına yol açmışdı. Cəbhəyə çox yaxın kəndlərdən əhalinin çıxarılması belə vecsizcəsinə baş tutmuşdu. Buna görə də “Kəndlər boşaldılır”, “Kəndlər təhvil verilir” xəbərləri durmadan yayılırdı.

Düşünürəm ki, insanların 30 il səksəkədə yaşaması, bezməsi, qaçqın damğasından qurtulmaq arzusu onları birləşdirən əsas məsələlərdən biri oldu.

Tərtər istiqamətində “Kukuruznik” vurulandan sonra sanki əvvəlcədən məşq edilmiş kimi hər kəs öz öhdəsinə düşən işə baxmağa başladı.

Uzun illər idi ki, gecə döyüşlərinə, gecələr atəkəsin pozulmasına öyrəşən insanlar ilk dəfə idi ki, gündüz gözü ilə əsl savaş filmi izləyirmiş kimi prosesləri izləyirdilər. İlk gün sözün əsl mənasında, artileriya döyüşü gedirdi. Hər iki tərəf mövqeləri hədəf alır, zərbələr endirirdi, yerdəyişmələr edirdi. Təsadüfi deyildi ki, Ağdam istiqamətində ilk şəhidlər artilleristlər oldu. Artilleriya savaşı elə bir həddə çatmışdı ki, ilk günlər bəzi istiqamətlərdə ümumiyyətlə kiçik çaplı silahlardan istifadə edilmirdi, səslərinin eşidilməsi isə mümkünsüz idi.

Azərbaycan tərəfi aviasiya üçün də çox ciddi hazırlıq görmüşdü. İlk müharibədə aviasiyanın aşağıdan uçub zərbə endirməsinə öyrəşən camaat bu dəfə yalnız düşən bombaların səsini eşidirdi. Ancaq Azərbaycan aviasiyası gün ərzində təkcə bir bazadan ən azı 200-ə yaxın uçuş həyata keçirirdi. Bir neçə saat sonra insanlar top, qrad, raket səsi eşidəndə sevinirdilər. Erməni tərəfinin artilleriya savaşı zamanı bir üstünlüyü var idi: Azərbaycan tərəfi yalnız hədəfləri vurmaq məcburiyyətində idisə, erməni tərəfinin hərbi hədəfə dəymədiyi zərbələr də effekt verirdi. Evlər dağılır, mülki əhali zərər çəkirdi. Açığı, ilk gün artileriya savaşı başabaş gedirdi. Erməni tərəfinin, xüsusilə minaatanları son dərəcə dəqiq işləyirdi. Azərbaycan tərəfinin isə raket zərbələri, PUA və aviasiyası son dərəcə mükəmməl işlər görürdü. Təsadüfi deyildi ki, ilk iki gün ərzində qarşı tərəfin, demək olar ki, hava hücumundan müdafiə sistemləri məhv edilmişdi. Buna görə də aviasiya və PUA-lar rahat işlərini görürdü.

Müharibədən əvvəl hər zaman düşünür və müzakirələrdə deyirdim ki, ilk üç gün piyada qoşunları hərəkət etməməlidir. Artilleriya öz işini görəndən sonra piyada qoşunları hərəkətə keçə bilərdi. Təbii ki, xüsusi təyinatlıların və kəşfiyyat bölmələrinin fəaliyyəti buna aid deyildi. Nədənsə, bir gün keçməmiş artilleriya savaşı, sözün əsl mənasında, bütün qoşun növlərinin müharibəsinə dönüşdü. Bu özünü şəhid sayında göstərməyə başladı. İlk günlər daha çox tankçıların şəhid olmasının şahidi olduq. Müharibə vaxtı və sonra qarşı tərəfin səngərlərindən çıxan mərmilərin tamamına yaxını müdafiə xarakterli idi. Erməni tərəfi “Faqot”lardan (“Faqot” tank əleyhinə idarəolunan raket komplekslərinin təyinatı düşmənin zirehli texnikalarını və mühəndis qurğularını 2 km-ə qədər məsafədə məhv etməkdən ibarətdir) istifadə edərək Azərbaycan tanklarını sıradan çıxarırdı.

Maraqlıdır ki, “Faqot” bombalarının sayı o qədər çox idi ki, onları bəzən hücuma keçən manqalara, üzbəüz mövqelərə belə atırdılar. Nəticədə çoxlu sayda yanıb şəhid olanlar və yanıq yaraları ilə hospitallara gətirilənlər var idi. İlk üç gün bomba səsləri qədər təcili tibbi yardım maşınlarının səsi də qulaq batırırdı.

Bəli, şəhidlik, yaralanmaq, dağınıtı, göz yaşları müharibənin ayrılmaz parçasıdır. Ancaq Azərbaycan cəmiyyəti duyğusal, hər şeyi dramatikləşdirməyi sevdiyi üçün düşünürəm, internetin kəsilməsi ən doğru qərarlardan biri idi.

Qızğın döyüşlər gedir, zəng edənlərin böyük hissəsinin verdiyi sual bu idi: Deyirlər, çoxlu şəhidlərimiz var, düzdür? Şəhidsiz müharibə olar? İndi bir anlıq düşünürəm, internet olsa və təcili yardım maşınlarının hərəkəti internetə qoyulsa, nələr baş verərdi?

İnternetin olmamasından gileylənirdim. Demək olar, bütün jurnalistlər bundan narazı idi. Ancaq əraziyə gələn jurnalistlərin axı hamısı müharibə jurnalisti deyildi. Böyük hissəsi sosialdan yazan, duyğu sömürüsündən qidalanan şəxslər idi. “Şad xəbər var, dəqiqləşsin yazacam”, – deyənlər, düşünün, necə duyğu sömürüsü edəcəkdilər…

Müharibə soyuqqanlılığı sevir. Bilirəm, yazacaqlarım heç də yaxşı bir şey deyil. Son dərəcə ciddi travmadır. Ancaq cəbhəyanı ərazidə yaşayan insanlar şəhid xəbərlərinə o qədər öyrəşmişdilər ki, daha çox “Hara işğaldan azad edilib?”, “Filan yeri götürə biliblər?” tipli suallar verirdi.

İlk 2-3 gün cəbhəyanı ərazidə çörək qıtlığı yarandı. Bu, normal bir hal idi. Çünki bütün sexlər qazla işləyirdi, təhlükəsizlik tədbiri üçün qaz verilişi dayandırılmışdı. Sex sahibləri, təəssüf ki, bunu düşünməmişdilər. Cəbhəyə ilk yardım əsgərlərə yerli əhalinin yemək aparması və çörək qıtlığından xəbər tutan qonşu rayonlardan çörək daşınması ilə başladı. Bütün proses xaotik davam edirdi. Kənarda baş verən xaotik prosesin fonunda tək planlı, proqramlı görünən ordu idi.

İlk iki gün həm də safların seçildiyi gün oldu. Kimlərin cəbhə bölgəsində qalacağı, gələcəyi, kimlərin kənara gedəciyi bəlli oldu. Artıq müharibə gedə-gedə hər gün kimlərlə üz-üzə gələcəyimiz adamlar seçilmiş oldu.

İlk gün Tərtər istiqamətində oldum. Artıq yarım, bir saat sonra qulağımız mərmi səsinə tam alışır. Əvvəl ancaq gurultu eşidirdiksə, artıq gələn səsə görə silahın növünü dəqiq müəyyən edə bilirdik. Bir qədər sonra isə mərminin haradan atıldığını, hansı istiqamətə düşəcəyini belə bilirdik. Uzun illər idi ki, yalnız qışda (o da bəzən) su gələn Tərtər çayına su gəlmişdi. Suqovuşanın işğaldan azad edilməsinin ilk xəbərçisi elə o Tərtər çayına gələn su olmuşdu. Tərtər çayının üzərindəki körpünün üstündə dayanıb dostlarla artilleriya rəisinə zəng edib vəziyyətlərini soruşduq. Cavab əvəzinə belə bir sual gəldi: “Ürəyiniz haranı istəyir, oranı vurum?” Güldük. Daha sonra dedi ki, diqqətli olun, gələn bərk səs (Pion) sizin şərəfinizə cəmləşmə rayonlarına gedir.

Tərtərdə müharibə daha dəhşətli görünürdü. Atəş səsi bir birinə qarışır, qarşı tərəfdən qara tüstülər çıxır, Tərtərdə isə evlər dağılır. “Tərtərdə hara təhlükəsiz idi?” sualı verilsə, buna veriləcək cavablar, təbii ki, yalan olacaq. Elə ilk gün bir neçə dəfə getdiyimiz yol, durduğumuz mövqe bir neçə dəqiqə sonra ya vurulmuşdu, ya da yaxınlığına mərmi düşmüşdü. Bəziləri kimi boşboğazlıq edib, “Bizi (məni) hədəf alırdılar”, – deməyəcəm, çünki lap əvvəldə qeyd etmişdim. Qarşı tərəfin atdığı mərmi hərbi hədəfə dəyməsə belə, mülki hədəflərə dəyirdi və başımıza gələnlər də yanlışlıqlar idi…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics