29.11.2021

Tural Gəncəliyevin ermənilərə erməni dilini öyrətmə arzusu və ya dil bəlası - Səxavət Məmməd yazır

“Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyasına töhvə vermək üçün” erməni dili kursları təşkil edilir. İnteqrasiyaya baxın da. Bunu kim edir? “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev.

Azərbaycan vətəndaşı olaraq bunu oxuyanda bir anlıq insanın beynində sual yaranır ki, Azərbaycanın dövlət dili erməni dilidir? Necə yəni, erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün erməni dili öyrədilməlidir? Azərbaycan cəmiyyətində erməni dilini bilən nə qədər insan var? Erməni erməni dilini öyrənib Azərbaycanda nə edəcək?

Tural Gəncəliyev deyir ki, biz erməni dilində danışırıq. Biz deyəndə kimi nəzərdə tutur? Azərbaycanda küçədə kimsə erməni dilində danışsa, camaat onun başına oyun açmasa da, ən azı polis və DTX-ya məlumat verəcək. Bu erməni dili harada danışılır? Tural Gəncəliyev cəmiyyət deyəndə hansı cəmiyyəti nəzərdə tutur? Özünün sədr olduğu cəmiyyəti? Daha da irəli gedib öz ətrafı da deyə bilərdim.

Erməni əsilli Azərbaycan vətəndaşları Azərbaycan cəmiyyətinə inteqrasiya etməsi üçün Azərbaycan dilini bilməli deyil? Bunun üçün kurslar açmaq daha məqsədə müvafiq olmazdı?

Əsas sual: Erməni əsilli Azərbaycan vətəndaşları deyəndə deputat nəyi nəzərdə tutur? Qarabağdakı erməniləri, yoxsa ad və soyadlarını dəyişib, içimizdə yaşayan erməniləri? Əgər Qarabağda yaşayan erməniləri nəzərdə tutursa, onlar onsuz da erməni dilini bilir. Erməni dilində danışır, təhsil alır. Onlara erməni dili öyrətmək hansı məntiqə sığır?

Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Hər bir kəsin, milliyətindən aslı olmayaraq hər kəsin bu dili bilmək borcudur. Kimsə milli kimliyini qoruyub saxlamaq istəyirsə, öz dilini bilmək haqqıdır. Azərbaycanda talışlar, ləzgilər, avarlar və digər millətlər öz dilini bilir və eləcə də dövlətin rəsmi dilini də. Onlara kimsə öz dilində danışmasına da qadağa qoymur. Yox əgər cəmiyyətimizdə ad-soyadını dəyişib yaşayan erməni əsilliləri deyirsə, onlar onsuz da inteqrasiya ediblər. Tural Gəncəliyev, yəqin, mətbuatdan və ictimai həyatdan xəbərsizdir. Neçə məmurun nənəsinin, həyat yoldaşının erməni olması üzə çıxıb. Vəzifədə, elə özünün də oturduğu Milli Məcisdə qohum-əqrabası erməni olan neçə deputat post tutub. Bundan güclü inteqrasiya?

Tural Gəncəliyevin bu mənasız və məntiqsiz təşəbbüsü sabah başqa millətlər üçün də bir analogiya olacaq. Sabah talış, ləzgi, avar və digər xalqların nümayəndələri çıxıb desələr ki, Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün öz dilimizdə kursların açılmasını istəyirik, Tural Gəncəliyev bunun qarşısını necə ala biləcək, hansı cavab verəcək?

Azərbaycan dünyada tək-tük ölkələrdəndir ki, ərazisində milli münaqişə yoxdur. Ancaq erməni əsilli Azərbaycan vətəndaşlarına Azərbaycan cəmiyyətinə inteqrasiya etmələri üçün erməni dilini öyrətmək ən yüngül halda ayrıseçkilikdir. Sual yaranacaq, erməni yaxşıdır, digərləri pis? Ümumiyyətlə, Tural Gəncəliyev ermənilərə erməni dilini öyrətmək istəyəndə neçə dəfə düşünüb?

Tural Gəncəliyevin tezislərindən biri “biz erməni dilini öyrənirik”dir. Deputat əfəndi çox gecikib, uzun illərdir ki, Azərbaycan cəmiyyətində “düşməni tanımaq üçün düşmənin dilini bilmək lazımdır” fikri dolaşıb. Hətta bunu bilən kifayət qədər insan da var. İstər ordunun içərisində, istər xüsusi xidmət orqanlarının içərisində, eləcə də, mətbuatda. Təkar olsa da, yenə eyni sualı verirəm, “biz” deyəndə kimi nəzərdə tutur? Biz niyə erməni dilini öyrənməliyik? Öz ölkəmdə niyə erməni dilini bilməliyəm? Bu mənə hansı üstünlük gətirəcək?

Tural Gəncəliyev deyir ki, biz erməni dilini öyrədirik. Əcəb edirsiniz. Düşmənin dilini öyrənmək, öyrətmək yaxşı şeydir. Tural Gəncəliyev deyəcək ki, nə, düşmən? Deputat müəllim bilməlidir ki, hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsi imzalanana qədər müharibə edən tərəflər bir-birilərinə düşməndir.

Şəhərin mərkəzində mağazalara girirsən, adamı rusca qarşılayıb, rusca yola salırlar. Hələ də rus dilində danışa bilməyənə “çuşka” deyirlər. Öz ölkəndə öz dilində danışdığın üçün aşağılanırsan. Bir də bunun üzərinə erməni dili gələcək?

Sonda Tural Gəncəliyevə bir sual vermək istəyirəm: Soruşmaq ayıb olmasın, Xankəndidə ofis yeri axtarırdınız, tapa bildiniz, cənab “diputat”?

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics