28.11.2021

Hərbçilərin tükənməyən PROBLEMLƏRİ: "Məmurlar sanki atom parçalayır" - Səxavət Məmməd yazır

Müharibə, qələbə ölkədə çox şeyin dəyişəcəyini deyirdisə də, hər keçən gün bunun əksini müşahidə etməkdə, yaşamaqdayıq.

Müharibənin bitişi ilə hərbçilərin maaş problemi yaşandı. Hərbçilərin maaşı gözlənilmədən bir qata endirildi. Bu çox ciddi gərginliyə səbəb oldu. İstər hərbçilər, istər ictimayət bu qərarın doğru olmadığını vurğuladı və nəticədə yalnız işğaldan azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin vəzifə maaşında artım oldu. Təbii ki, bu əvvəlki maaş demək deyildi…

Maaşların bir qata endirildiyi zaman çox sayda hərbçinin ordu sıralarından getmək üçün müraciət etdiyi hər kəsə bəlli idi. Maaş artımı bunun qarşısını bir qədər alsa da, narazılıq, gərginlik qalmaqdadır.

Qarabağdan kənarda hərbçilərin maaşı demək olar ki, 500-600 manat civarındadır. Bu isə o çətinliyə dözmək üçün cəlbedici deyil. Bu səbəbdən də, xüsusən çox sayda MAXE ordu sıralarından çıxmaq üçün müraciət edir. Döyüş görmüş, peşəkarlaşmış hərbçilərin ordu sıralarından getmək istəməsi çox acı nəticələr doğura bilər…

Hərbçilərin problemi tək maaş deyil. Qarabağda xidmət edən hərbçilərin problemi saysız-hesabsızdır. Məişət şəraitinin pisliyi, çətin şəraitdə xidmət heç problem də sayılmır. Psixoloji cəhətdən o qədər insanların beyninə hərbçi həyatı ağır, çətin, keçməkeşlidir fikrini yeridiblər ki, buna normal yanaşırlar. Normal olmasa da, qəbul edək.

Bəs yol? Yol məsələsi son dərəcə ciddi, tez bir zamanda aradan qaldırılmalı məsələdir.

Təsəvvür edin, xidmətdə olan hərbçi məzuniyyətə, naryatdan çıxdıqdan sonra istirahət üçün evinə getmək istədikdə, qalır yolda. Hərbçinin evə gəlməsi üçün ya hansısa bölmənin avtomobilinin getməsi, ya da hansısa şirkət maşınının keçməsi lazımdır.

Hərbçilərlə söhbət zamanı bildirirlər ki, elə zaman olur 40-50 km məsafəni piyada getməli olurlar. Məzuniyyətə gedən hərbçi yolda ən az iki gününü itirir.

Yaxın zamanda baş vermiş hadisəni sizə nəql edim. Hərbi hissə növbətçisi olan zabitin gecə evdə tək olan həyat yoldaşının böyrəyindən ağrı tutur.

Hərbçi lap icazə aldı. Necə gedəcək? Məsafə nə piyada gediləcək qədərdir, nə də ərazidə maşın var. Müdafiə nazirliyinin, ordu birləşmələrinin avtobusları var. Niyə, hansı səbəbə görə hərbçilərin daşınması həyata keçirilmir?

Bu məsələni lap asan da həll etmək olar. Hər rayonun nəqliyyat idarəsi var. Həmin idarədən avtobuslar ayrılır, gündəlik müyyən saatlar təyin edilir və hərbçilərin lap pullu daşınması həyata keçirilir. Ola bilsin hansısa qurum deyəcək ki, təhlükəlidir, avtobuslarda əraziyə başqa insanlar keçə bilər. Adama sual verərlər ki, bu qədər minaya düşən mülki şəxslər həmin əraziyə göydən düşmüşdülər?

Bir-birimizi aldatmağın mənası yoxdur. Hər kəs, məsələlərin necə getdiyini yaxşı bilir. Ola bilsin düşünəcəklər ki, ərazidən nəsə keçirmək istəyərlər. Yenə sual yaranır. Müharibədən sonra minlərlə mal-qara çıxarılanda niyə görülmürdü? Yüz minlərlə ton taxıl çıxarılanda hara baxılırdı? Meyvə satışını hələ demirəm. Necə olur ki, məmurlar üçün göz yumulur. Hərbçinin tək dərdi isə evə gəlməkdir, buna çarə tapılmır?

İrad tutula bilər ki, hərbçilərin avtomobilləri var, onunla keçib gəlinsin. Bu məsələni də araşdırmışam. Məsələ belədir, hərbçilərin avtomobilləri nədənsə portalda qeydiyyata alınmır. Aprel ayına qədər çox az sayda qeydiyyata alınan maşınlardan başqa heç bir hərbçinin şəxsi avtomobili qeydiyyata alınmır.

Hesab edək ki, qarətdən şübhələnirsiniz. Hər rayonun giriş-çıxışındakı postda üç qurumu təmsil edən əməkdaşlar dayanır. Yoxlasınlar! Hər halda onlara gələnin önüncə, gedənin arxasınca baxmaq üçün dövlət büdcəsindən maaş verilmir.

Bu problem hell edilməyəcək məsələ deyil.

Məmurlara bu barədə müraciət edəndə, beynəlxalq vəziyyətdən, gərginlikdən, Rusiyadan, siyasətdən elə danşırlar ki, sanki hər gün Şuşaya şəkil çəkdirməyə, diplomatları yavan çörək yedirtməyə aparan yadplanetlilərdir. Diplomata yavan çörək yedirtmək asan olur, hərbçinin evinə, ailəsinin yanına gəlməsinə şərait yaratmaq çətin? Məmurlar elə davranır ki, sanki hər birinin stolunun üstündəki vazkeçilməz alətə çevrilmiş kalkulyatorla atom parçalayırlar.

Müharibə hələ bitməyib. Müharibədən sonrakı gərginlikləri saymağa həvəs yoxdur. Hər birimizin məlumatı var. Hər gün anti-terror əməliyyatının keçiriləcəyi barədə informasiyalar dolaşır. Belə olan halda, onsuzda müharibədə psixoloji zərbə almış hərbçini bezdirmək heç kimə lazım deyil. Onlar o şəxslərdir ki, müharibə vaxtı hər o formada olan birini görəndə qarşılarında baş əyib, əllərini sıxmağı özünüzə şərəf bilirdiniz.

Nə? Bağda ərik var idi,

Salam-əleyk var idi,

Bağda ərik qurtardı,

Salam-əleyk qurtardı?

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics